Ali məktəblərimizə MDB-dən qanunsuz yolla 10 minə yaxın tələbə köçürülüb – ARAŞDIRMA
26 aprel 2011 14:09 (UTC +04:00)

Ali məktəblərimizə MDB-dən qanunsuz yolla 10 minə yaxın tələbə köçürülüb – ARAŞDIRMA

Əvvəllər xarici ölkələrin ali məktəblərində təhsil almaq həsəd doğuracaq qədər əlçatmaz hesab olunurdu. Xaricdə təhsil yenə də nüfuzlu sayılsa da, amma artıq o qədər də əlçatmaz deyil. İndi əldə edilmiş sərbəstlik azərbaycanlıların bu imkanlarını da genişləndirib. Artıq hər kəs öz övladını xarici ölkənin ali məktəbində oxutdura bilər. Təbii ki, dövlət xətti ilə xarici ölkədə təhsil almağa getmək elə də asan başa gəlmir, çünki bu zaman tələbələrdən yüksək biliyin olması, xarici dili yüksək səviyyədə bilmək tələb edilir. Amma bu tələblər heç də bütün xarici məktəblər üçün əhəmiyyətli sayılmır. Bəzi məktəblər Azərbaycanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarında aşağı bal toplayan, bilik göstəriciləri zəif olan uşaqları da fərdi yolla qəbul edir. Burda isə abituriyentdən tələb olunan əsas şərt yüksək təhsil haqqının ödənməsidir. Təbii ki, uşağını oxutdurmaq üçün hər şeyə razı olan azərbaycanlılar üçün də “pulunu ödə, oxu” prinsipi çox gözəl fürsətdir.

Xaricdən gətirilmiş 66 diplom tanınmayıb

Təhsil Nazirliyinin təhsil sənədlərinin tanınması işi üzrə sektorundan APA-ya verilən məlumata görə, ötən il ərzində ali təhsil sahəsi üzrə diplomların tanınması ilə bağlı 1066 müraciət daxil olub. Onların 776-a müsbət rəy verilib, 66 sənədin tanınmaması barədə qərar qəbul edilib. Qalan sənədlər isə hələ də araşdırılır. Ötən il ərzində diplomu tanınan ölkələr arasında Rusiya (257) və Türkiyə (199) üstünlük təşkil edib. Mənfi rəy verilmiş diplom sahiblərinin 37-si Rusiya, 23-ü Gürcüstan, 3-ü Ukrayna, 2-si ABŞ, 1-i isə Qazaxıstanda təhsil alıb. Diplomu tanınmayan 66 şəxsin 8-nin diplomu saxta olub. Saxta diplomları verən ölkələr arasında Rusiya, ABŞ, Qazaxıstan və Ukraynanı göstərmək olar.
Saxta diplomlar Dağıstan Dövlət Universiteti, İngiltərənin Aberdin Beynəlxalq Universiteti, Rusiyanın Buryatiya Meşə Sənayesi Kolleci, Rusiyanın Sankt-Peterburq Mülki Aviasiya Dövlət Universiteti, Cənubi Rusiya Humanitar İnstitutu tərəfindən verilib.

Savadsız abituriyentlər üçün asan şərtlər

Adının çəkilməsini istəməyən müsahiblərimizdən biri bildirib ki, Azərbaycanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarında çox aşağı bal topladığı üçün məktəbə daxil ola bilməyib. Amma sonra Ukraynanın Odessa Dövlət Dənizçilər İnstitutuna çox asan şərtlərlə qəbul olub. Həmyerlimiz bu məktəbdə təhsil almaq üçün ildə 2200 manat təhsil haqqı ödəyir. Araşdırmalarımız nəticəsində o da məlum olub ki, Türkiyə universitetlərinə qəbul qaydaları çox sərt olduğu üçün zəif abituriyentlərimiz həmin ölkənin məktəblərinə daxil ola bilmirlər. Amma Kipr universitetləri Türkiyə universitetləri ilə müqayisədə azərbaycanlı abituriyentlərə daha asan qəbul şərtləri açıqlayır. Məsələn, Şimali Kipr Türk Respublikasının Yakın Doğu Universiteti (YDÜ) Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi imtahanlarda istənilən minimum balı toplayan abituriyentə stomatologiya, əczaçılıq və müalicə işi istisna olmaqla, digər ixtisaslar üzrə ödənişli əsaslarla təhsil almaq imkanı yaradır. Bu məktəbin qəbul şərtlərindən belə aydın olur ki, TQDK-nın imtahan nəticələrini göstərən arayışın təqdim edilməsi də o qədər vacib deyil. Universitetə ərizə qəbulu ilə bağlı elanda yalnız aşağıdakı sənədlər tələb edilir:
1. Attestatın sürəti
2. Şəxsiyyət vəsiqəsinin (və ya Pasport) sürəti,
3. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası imtahan nəticələrini göstərən arayışın sürəti (əgər varsa)
4. vahid ərizə forması

Sənədlər universitetdə araşdırıldıqdan sonra 5 gün ərzində abituriyentə “Qəbul yazısı” (Acceptance Letter) göndərilir.

Zəif abituriyentlər daha çox Amerika məktəblərində oxumaq istəyirlər

Valideynlərə övladlarını xarici ölkədə oxutmağa yardımçı olan “Oskar” Xaricdə Təhsil Mərkəzinin xaricdə təhsil şöbəsinin müdiri Asim Dünyamalıyev APA-ya bildirib ki, onların keçirdikləri qəbul zamanı abituriyentin dil sertifikatının olması vacibdir. Amma əgər dil sertifikatı yoxdursa, abituriyentə ali məktəbə şərti qəbul olunma imkanı verilir: “Universitetlə danışıb onlardan qəbul yeri alırıq, amma universitet həmin yeri şərtli edir. Şərti də odur ki, əgər tələbə dil sertifikatını gətirsə, onu sərtsiz ali məktəbə qəbul edəcək. Bu da imkan verir ki, sertifikatsız tələbələri də xaricə göndərək. Bu halda tələbələr getdikləri ölkədə dil kurslarına gedib sertifikatı oradan da ala bilərlər”.
A. Dünyamalıyev deyir ki, xarici ölkələrin ali məktəblərinə qəbul zamanı abituriyentlərin Azərbaycanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarında topladıqları ballar nəzərə alınmır. Qəbul üçün müraciət edən abituriyentlər arasında Azərbaycanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarında aşağı bal toplayanlar da olur: “Onlar Azərbaycanın ali məktəblərinə qəbul ola bilmədikləri halda xaricdə oxumaq üçün bizə müraciət edirlər. Belə tələbələr daha çox Amerika, bəziləri isə Avropanın məktəblərini seçir”.
Mərkəz nümayəndəsi bildirir ki, belə tələbələrdən onların xətti ilə xaricə oxumaq üçün göndərilənlər var və hazırda onlar təhsil alırlar: “Belə tələbələr üçün hansı ali məktəbdə oxumağın da əhəmiyyəti olmur. Onlar oxumaq üçün əsasən, qiymət baxımından daha münasib olan kollecləri seçirlər. Bu kollecləri bitirdikdən sonra birbaşa ali məktəblərin 3-4 kursuna qəbul olunurlar”. Azərbaycanda özünü doğrulda bilməyən belə zəif abituriyentlərin xarici ölkələrin məktəblərində necə oxuya bilməsinə gəldikdə, A. Dünyamalıyevin sözlərinə görə, adətən, belə tələbələr orada pis nəticələr əldə etmirlər. Hətta onlar arasında artıq özlərinə iş tapanlar da var. O, belə tələbələrin xarici ölkələrin ali məktəblərində yaxşı oxuya bilməsinin səbəblərini həmin ölkələrin təhsil sistemlərinin daha sərbəst olması ilə izah edir.

Diplomun Azərbaycanda tanınıb-tanınmayacağı savadsız abituriyentlər üçün önəmli deyil

A. Dünyamalıyevin sözlərinə görə, seçim zamanı qəbul imtahanlarında aşağı bal toplayanlar diplomu tanınmayan məktəbə daha çox üstünlük verirlər. Yüksək səviyyəli tələbələr isə universitetlərin dünya üzrə reytinqini nəzərə alır, alacaqları diplomun dövlət tərəfindən tanınmasını əsas şərt kimi irəli sürürlər. Mərkəz rəsmisi deyir ki, zəif abituriyentlər üçün təhsil alacaqları məktəbin diplomunun tanınıb-tanınmasının o qədər də əhəmiyyəti olmur: “Bizim qəbul apardığımız ali məktəblərin bəzilərinin diplomu Azərbaycanda tanınsa da, bəziləri tanınmır. Adətən, İngiltərədəki məktəblərin çoxunun diplomu Azərbaycanda tanınır. Amma Amerikadakı məktəblərin diplomları Azərbaycanda o qədər tanınmır. Tələbələr üçün də təhsil aldıqları məktəbin diplomunun tanınıb-tanınmasının o qədər əhəmiyyəti deyil. Belə tələbələrin də çoxu Amerikada diplomu tanınmayan universitetlərdə təhsil alırlar”. Azərbaycanlıların diplomu tanınmayan məktəblərdə təhsil almasına göstərdikləri marağın səbəbinə gəldikdə, A. Dünyamalıyev deyir ki, tələbə məktəbi özü seçir: “Bizə gələn tələblər deyirlər ki, universitet olsun, diplomun tanınıb-tanınmasının fərqi yoxdur. Əgər həmin məktəbin diplomu Amerika və Avropada tanınırsa, bu kifayətdir. Düzdür, tələbəyə də demək lazımdır ki, həmin məktəbin diplomu Azərbaycanda tanınmır. Amma tələbələrin özləri də bunu o qədər nəzərə almırlar. Çünki həmin vaxt tələbələr stress vəziyyətində olurlar. Onlar üçün əsas odur ki, burada qəbul oluna bilməyiblərsə, onda xarici ölkələrin ali məktəblərinə daxil olsunlar. Onun üçün fərqi yoxdur ki, nəyə və haraya qəbul olunur”. A. Dünyamalıyev Azərbaycanda diplomu tanınan və tanınmayan xarici ölkə ali məktəblərinin illik təhsil haqları arasında elə ciddi fərqin olmadığını da söyləyir. O deyir ki, həm diplomu tanınan, həm də tanınmayan məktəblərin illik təhsil haqları 10-20 min dollar arasındadır.

Qəbul imtahanlarında aşağı bal toplayan abituriyentlərin MDB ölkələrinin ali məktəblərinə kütləvi axını başlayıb

“21-ci əsr” Təhsil Mərkəzinin sədri Etibar Əliyev isə APA-ya bildirib ki, bizdə ali təhsil almaq dəbdə olduğu üçün Azərbaycan ailəsi hansı yolla olursa-olsun, övladına ali təhsil vermək istəyir. Övladının orta ixtisas, texniki peşə təhsili haqqında diplomu olduqda isə valideyn sanki narahat olur. E. Əliyevin sözlərinə görə, əvvəllər valideynlər Rusiyanın müxtəlif ali məktəblərinin Azərbaycandakı filialları vasitəsilə zəif oxuyan uşaqlarına ali təhsil haqqında diplom verə bilirdilər. Amma artıq bu filiallar bağlandığı, ölkənin özəl ali məktəblərinə qəbul üçün TQDK müəyyən keçid balları müəyyənləşdirdiyi üçün aşağı bal toplayan abituriyentlərin ali məktəbə qəbulu çətinləşib. Nəticədə də belə abituriyentlərin MDB məkanındakı ali məktəblərə kütləvi axını başlayıb. Belə abituriyentlər ümid edirlər ki, nə vaxtsa Azərbaycanın özəl və ya dövlət ali məktəblərinə köçürüləcəklər: “Aşağı bal toplayanların Avropa ölkələrinə getmək imkanı çox azdır. Amma MDB ölkələrində keçmiş sovet qəbul sistemi olduğu üçün azərbaycanlı abituriyentlər müxtəlif kanallarla oraya gedirlər. Əsasən, Mahaçqala, Rostov, Kiyev şəhərlərinə üz tuturlar. Burada qəbul çox sadədir, əcnəbi vətəndaşlar imtahansız qəbul edilirlər, dil baryeri ilə bağlı güzəştlər olunur. Amma orada təhsil haqqı yüksəkdir. Bu vəsaiti hər ailə ödəyə bilmir”. E. Əliyev əlavə edir ki, Azərbaycanda əhalinin hər 1000 nəfərə düşən tələbənin sayı dünya, eləcə də MDB ölkələri ilə müqayisədə azdır. Buna görə də ali məktəblərə plan yerləri artırıla bilər, aşağı bal toplayan abituriyentlərin də ali məktəbə qəbul olmaq şansı çoxalar. Maraqlıdır, mərkəz sədri belə hesab edir ki, bu variant Azərbaycan vətəndaşlarının xaricdə müxtəlif yollarla təhsil almasından daha sərfəlidir. E. Əliyev hesab edir ki, bir çox dövlətdə abituriyentlərin 50%-i elə ölkə daxilində ali təhsilə cəlb edildiyi üçün gənclərin az hissəsi oxumaq üçün xaricə gedir. Zəif abituriyentlərin xarici ölkələrin ali məktəblərə qəbulunun qarşısının alınması üçün E. Əliyevin digər təklifi budur ki, Moskva Dövlət Universitetinin Bakı filialı kimi digər xarici ölkə ali məktəblərinin də Azərbaycanda sahə filialı yaradılsın və onlara qəbulu TQDK aparsın. Üçüncü təklif isə odur ki, ali təhsildən aşağı olan təhsil pillələri inkişaf etdirilsin. Bunun üçün ölkənin təhsil sistemində çox ciddi islahatlar aparılmalıdır. Ekspert deyir ki, zəif abituriyentləri daha çox qəbul edən Azərbaycan Beynəlxalq Universitetində 30-50-100 bal toplayan 20 mindən çox tələbə təhsil alıb: “Artıq onlar Azərbaycan cəmiyyətinə hopublar. Onların müəyyən qismi artıq işləyir, bir qismi isə işləməyə hazırlaşır. Belə tələbələr ölkənin əmək bazarının tələblərinə cavab verə bilməz”.

Xaricdə təhsil almaq üçün bir ildə 1300-ə yaxın müraciət...

Təhsil Nazirliyinin (TN) İcra Aparatının rəhbəri İlham Pirməmmədov isə aşağı bal toplayan abituriyentlərin xarici ölkələrin ali məktəblərinə daxil olmasını problem kimi qəbul etmir. O, APA-ya deyib ki, orta məktəbi bitirdikdən sonra xaricdə təhsil almaq abituriyentin öz hüququdur. Abituriyent xarici məktəbə daxil olmaq üçün tələb olunan dil üzrə müvafiq balı toplayır və CV-sini göndərir. Məktəblər də bunun əsasında tələbəni qəbul edirlər. Əgər tələbənin qəbul olunduğu məktəb və ixtisas dövlətin qəbul etdiyi prioritet ixtisasdırsa, məsələn, tibb, mühəndislik, kompyuter elmləri, neft mühəndisliyi, genetika, biologiyadırsa, onda həmin tələbə TN-in universitetin reytinqi ilə bağlı apardığı müvafiq araşdırmalarından sonra dövlət xətti ilə ali təhsil almaq üçün xaricə gedə bilər. Əks halda, qəbul olan şəxs ailəsinin büdcəsi, yaxud hansısa sponsor hesabına ölkədə təhsil alır: “Tələbə oxuya bilsə, diplomunu alacaq. Qayıdıb gələndən sonra isə onların Azərbaycanda diplomu tanınır. Yəni burada heç bur məhdudiyyət yoxdur”. İ. Pirməmmədov bildirir ki, ötən il 1300-ə yaxın tələbə xarici ölkədə təhsil almaq məqsədilə TN-ə sənəd təqdim edib. Bu sənədlərin 650-700-ü İngiltərə məktəblərinə qəbulla bağlı olub. Həmin tələbələrin qəbul olduqları əsas ixtisaslar iqtisadiyyat yönümlü olub: “Onlardan 200-ə yaxını dövlət üçün prioritet ixtisasdır. Ona görə də həmin gənclər dövlət xətti ilə xaricə göndərildi. Qalan 700-800 nəfər bəlkə də öz xətti ilə hazırda xaricdə oxuyur, amma bizdə bu barədə heç bir məlumat yoxdur. Sonradan biləcəyik ki, kimlər xaricdə oxuyub”.

Məktəb öz ölkəsində akkreditə olunubsa, onun zəifliyinə, reytinqinin necə olmasına baxmayaraq, diplomu tanınır

TN-in xarici əlaqələr şöbəsinin müdiri Qulu Novruzov APA-ya açıqlamasında deyib ki, qəbul imtahanlarında aşağı bal toplayan abituriyentlər Türkiyənin, eləcə də Çexiya, və digər Avropa ölkələrinin universitetlərinə qəbul oluna bilməzlər. Çünki Avropa ölkələrinin ali məktəblərinə daxil olmaq üçün dil sertifikatı tələb edilir ki, bu sənədi də qazanmaq asan deyil. Nazirlik rəsmisinin sözlərinə görə, zəif uşaqlar daha çox Rusiya, Ukrayna və Gürcüstanın ali məktəblərinə qəbul olunurlar. İ. Pirməmmədov da bu fikirdədir ki, dil bilmək tələb edildiyi üçün Avropa ölkələrinin universitetlərinin qəbul elə də asan deyil. Amma Şimali Kiprin bəzi universitetlərinə qəbul zamanı dil sertifikatları tələb olunmadığı üçün Azərbaycanın dil bilməyən abituriyentləri həmin məktəblərə qəbul oluna bilirlər: “Uşaqlar Şimali Kiprin universitetlərdə müəyyən müddət ərzində dil kurslarını öyrənirlər, daha sonra isə birinci kursa qəbul olunurlar. Tamamilə düzdür ki, bizim nazirliyin təsdiqlədiyi siyahıda həmin məktəblərin çoxunun adı yoxdur. Amma həmin məktəb öz ölkəsində akkreditasiyadan keçdiyi üçün sabah tələbə Azərbaycana qayıdanda onun diplomu tanınacaq. Əgər məktəb öz ölkəsində akkreditə olunubsa, biz onun zəifliyinə, reytinqinin necə olmasına baxmayaraq, diplomunu tanıyırıq. Ötən il iki şəxs İngiltərə universitetlərindən birinin ABŞ-dakı filialında oxumuşdu. Sonra bizə həmin məktəbin bitirməsi haqında sənəd gətirmişdi, gördük ki, həmin filial akkreditasiyadan keçməyib. Ona görə də biz həmin diplomları tanımadıq”.

Azərbaycandan kənarda qanunsuz yolla təhsil almalar əsasən, Rusiya və Gürcüstanın ali məktəbləri ilə bağlı olub

TN-in aparat rəhbərinin sözlərinə görə, Azərbaycandan kənarda qanunsuz yolla təhsil alan çoxlu sayda insan olub. Bu faktlar əsasən, Rusiya və Gürcüstanın ali məktəbləri ilə bağlı olub: “Çoxlu sayda insan bu ölkələrin məktəblərinə adını yazdırıb. Qalan ölkələrdə bizim belə faktımız yoxdur. Elə adam olub ki, 5 il oxuduğunu deyib. Biz Dövlət Sərhəd Xidmətinə sorğu göndərdikdən sonra məlum olub ki, həmin şəxs 5 il ərzində bir dəfə də xarici ölkədə olmayıb, amma diplom alıb. Belə faktlar indi də mövcuddur. Təhsil Nazirliyinə təqdim olunmuş son sənədlərdə də belə halların olduğunu göstərən faktlar var. Məsələn, ötən il Rusiyanın 37 diplomu bu səbəbə görə tanınmayıb. Rusiyanın ali məktəblərindən alınan bəlkə də yüzlərlə diplom var ki, sahiblərinin əlindədir, Təhsil Nazirliyinə tanınma üçün hələ verilməyib”.

İ. Pirməmmədov deyib ki, azərbaycanlılara saxta diplomlar yalnız özəl deyil, elə dövlət məktəbləri tərəfindən də verilir. Müəyyən işbaz belə şəxslərin məktəbə qəbulunu təşkil edərək onların qiymətlərini də yazdırıblar.

Nazirlik rəsmisinin bildirdiyinə görə, əyani təhsil alan tələbələrin diplomları ilə bağlı adətən, problemlər yaranmır. Diplomların tanınmaması ilə bağlı problem qiyabi oxuyan, sessiyalarda iştirak etməyən tələbələrlə bağlıdır.

Azərbaycanlı tələbələrin qanunsuz köçürüldüyü məktəblər...

Azərbaycanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarında aşağı nəticə göstərmiş abituriyentlər bir çox halda digər ölkələrin ali məktəblərinə müxtəlif yollarla daxil olur,
daha sonra isə Azərbaycanın ali məktəblərinə qanunsuz köçürmələr vasitəsilə təhsillərini davam etdirirlər. TQDK-nın rəhbərliyi müntəzəm olaraq, bu faktları açıqlasa da, bu proses hələ də davam edir.

APA-nın araşdırmaları nəticəsində məlum olub ki, qəbul imtahanlarında aşağı nəticə göstərərək Azərbaycanın ali məktəblərinə TQDK-nın xətti ilə daxil ola bilməyən gənclər son illərdə, əsasən, MDB ölkələrinin 15 ali məktəbinə daxil olub və daha sonra Azərbaycanın məktəblərinə qanunsuz yolla köçürülüblər. Son 10 ildə 10 minə yaxın tələbənin köçürüldüyü məlum olub. Həmin tələbələrin çoxu, əsasən, 7 ali məktəbdən köçürülüb. Həmin məktəblər bunlardır:

1. Cənubi Rusiya Humanitar İnstitutu
2. Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr İnstitutu
3. Moskva Dövlət Hüquq və İdarəçilik İnstitutu
4. Moskva Dövlət Açıq Universiteti
5. Mahaçqala Maliyyə və Hüquq İnstitutu
6. Dərbənd Humanitar İnstitutu
7. Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı

Bu siyahıda Ukraynanın Beynəlxalq İdarəetmə İnstitutu, Kiyev Regionlararası Kadrların İdarə Olunması Akademiyası, Gürcüstan Beynəlxalq Akademiyası, Gürcüstan Dövlət Keyfiyyətin İdarə Olunması Universiteti, Gürcüstan Dövlət Kənd Təsərrüfatı Universiteti də var. Adları sadalanan məktəblərdən ən çox köçürmələr isə Azərbaycan Dövlət İqtisad və Azərbaycan Korporasiya universitetlərinə edilib.

İ. Pirməmmədov son vaxtlar xarici ölkə məktəblərindən Azərbaycanın məktəblərinə qanunsuz köçürmələrin edilmədiyini deyib: “Yalnız Azərbaycan Beynəlxalq Universiteti Təhsil Nazirliyinin razılığı olmadan köçürmələr aparıb. Onun da fəaliyyətini dayandırılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6578

Oxşar yazılar