Vurğunun kəndini Dəli Kür aparır... - ARAŞDIRMA
Qazax rayonunun Kür çayı sahilində yerləşən Yuxarı Salahlı kəndi təbii fəlakətin bir addımlığındadır.
Bu, Yuxarı Salahlı kənd sakinlərinin Lent.az-a ünvanladığı müraciətdə yer alıb.
Kənd sakinləri bildiriblər ki, Kür çayı son 5 ildə öz məcrasından çıxaraq, sağ sahildə yerləşən Yuxarı Salahlı kənd sakinlərinin 600-700 hektar əkin-biçin və örüş sahəsini aparıb.
Müraciətdə xatırladılır ki, tarixi XIII-XIV əsrlərə gedib çıxan Qıraq Salahlı kəndi tarixən 3 dəfə Kür çayının “hücum”larına məruz qalaraq öz yerini dəyişib. XIX yüzilin sonu XX yüzilin əvvəllərinədək kənd 5 məhəllədən ibarət olub - Keşəli, Saatlı, Şəmmətli, Sədəfli, Qazaxlı. Kür çayının kəndin yaşayış ərazilərini yuyub apardığına görə yerləşdiyi yerdən uzaqlaşaraq yuxarı hissəyə köçən kənd məhəlləsi Yuxarı Salahlı kəndini, orta ərazilərə köçən məhəllələr Orta Salahlı kəndini, aşağı səmtə köçən məhəllələr isə Aşağı Salahlı kəndini yaradıb. Sonuncu iki kənddən fərqli olaraq, Qara Çökək adlanan yerdə binə tutan Yuxarı Salahlı kəndi 1940-1944-cü illərdə yenidən Kür çayının şıltaqlıqlarına məruz qalaraq üçüncü - hazırda yerləşdiyi əraziyə köçüb. O zaman Kür çayı ilə kənd arasındakı məsafə 2 km-ə yaxın olub. 1970-ci illərdə Kür çayının sahillərinə dəmir-beton bəndlər vurulmağa başlayıb. Lakin bu layihə iti axarlı çaylar üçün hesablanmadığından çox qısa müddətdə Kür çayı həmin beton bəndləri darmadağın edərək, yenə öz əvvəlki axın yerinə səmt götürüb. Müraciətdə vurğulanır ki, “Çörəyi Kür çayından və Qarayazı meşəsindən çıxan” Salahlılar hazırda 4-cü köçün təhlükəsini yaşayırlar. Yuxarı Salahlı Kürün axarı istiqamətində 3 km düzənlik ərazidə planla salınmış 5 böyük küçədən ibarətdir. Sonuncu küçə ilə Kür çayını hər gün daralmaqda olan 100-150 metr məsafə ayırır. Yuxarı Salahlının böyük bir hissəsini içməli su ilə təmin edən artezian quyusunu Kür çayı tarixə qovuşdurub. Həmçinin strateji əhəmiyyətli Bakı-Tbilisi avtomobil yolunun 150 metrliyindən axan Dəli Kür yola doğru sürətlə yaxınlaşmaqdadır. Dəli Kür problemi təbii fəlakət olduğuna görə buna ancaq dövlət səviyyəsində yanaşılmalıdr: “Əgər bu yaxınlaşan fəlakətin qarşısı alınmasa Azərbaycan üçün yeni Yuxarı Salahlı problemi də qaçılmaz olacaq. Azərbaycana dühalar, rus artilleriyasının allahı sayılan Əli Ağa Şıxlinski, böyük şair Səməd Vurğun, ilk hərbi təyyarəçimiz olan Fərrux ağa Qayıbovu bəxş etmiş, Azərbaycanda ilk dünyəvi məktəbin açıldığı bir kəndin taleyinə biganə qalmaq ən azından etinasızlıqdır”.
Lent.az məsələni araşdırıb.
Kəndin yeganə su mənbəyi təhlükədədir
Yuxarı Salahlı kənd bələdiyyəsinin sədri Şahismayıl Məmmədov Lent.az-a açıqlamasında təhlükəli vəziyyətin yarandığını təsdiqləyib. O bildirib ki, yaranmış vəziyyətin qarşısı alınmazsa, bir neçə il ərzində kəndin torpaqları yuyulacaq. Onun sözlərinə görə, Kür sağ sahil boyunca sürətlə torpaqları yumaqdadır. Şahismayıl Məmmədov dövlət tərəfindən prosesin qarşısının alınması üçün layihələndirmə işlərinin aparıldığını, keçən il 1100 metr uzunluğunda möhkəm bir monolit bəndin çəkildiyini xatırladıb. Bəndqurma işlərinin davamlı olaraq bu il də aparılması gözlənilsə də, gözlənti özünü doğrultmayıb. Kənd rəhbərliyi Meliorasiya və Sü Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadəyə də müraciət edib. Bir neçə gün əvvəl Meliorasiya və Su Təsərrüfatı ASC-dən də gəlib, çəkiliş aparılıb, kasetlərə, disklərə köçürülüb.
Bələdiyyə sədri Kürün sağ sahilinin yuyulmasının iki ciddi problemə yol açdığını söyləyib. Bunlardan birincisi kəndi içməli su ilə təchiz edən yeganə su mənbəyi, çayın sahili yaxınlığında yerləşən artezian quyusu ilə bağlıdır. Meliorasiya və Su Təsərrüfatı ASC nümayəndələrindən bu artezianın yuyulub aparılmasının qarşısının alınması üçün mühafizə bəndi yaradılması xahiş olunub. İkincisi, 1970-ci illərdə qurulmuş və 240 metr sahəsi sürüşmüş bəndin bərpası istənilib. Çünki Kür çayı daşan zaman məhz bəndin bu dağılmış hissəsindən daşaraq ciddi təhlükə yaradır, sahildəki torpaqları yuyur. Şahismayıl Məmmədov deyir ki, bəndin bu dağılmış hissəsini maya qədər bərpa etmək lazımdır, çünki çayda suyun səviyyəsi qalxmaqda davam edir. Kür çayının Yuxarı Salahlıda kənd əhalisini suvarma suyu ilə təmin edən nasos stansiyasını da yuduğu da Meliorasiya və Sü Təsərrüfatı ASC-nin nümayəndələrinin diqqətinə çatdırılıb: “İlk növbədə içməli su mənbəyi olan artezianı mühafizə bəndinin yaradılmasını, ikincisi, dağılmış 240 metrlik bəndin bərpasını xahiş etdik. Dağılmış bəndlə bağlı onu da deyim ki, kəndin ərazisində daş-çınqıl var. Rayon rəhbərliyi də icazə verib ki, oradan o daş daşınsın. 3 gün əvvələ qədər bir neçə gün ərzində həmin daş daşındı, 70 metrə yaxın bənd vuruldu. O bəndi tamamlamağa 30-35 metr qalmış işi dayandırdılar ki, vəsaitimiz qurtardı. O görülən işlər də 35-40 metrə görə sabah suya qərq olub gedəcək. Bu, dövlətə xəyanət deyilmi? Vəsait yoxdur, bu işi niyə başladınız? Yox, vəsait yoxdursa, bu işi niyə davam etdirmirsiniz? Heç olmasa, içməli su mənbəyinin, artezianın mühafizəsini başa çatdıraydılar. Axı bu artezian sıradan çıxandan sonra bu kəndin 3 min 600 nəfərlik əhalisi haradan su içəcək? Kürdən də bu gün su içmək çox təhlükəlidir, tərkibi bəlli deyil. Dünən bazar günü idi, bu gün yenə də Meliorasiya və Su Təsərrüfatı ASC və onun Qazax rayonunda olan nümayəndəsi, Qazax Suvarma Sistemləri İdarəsinin rəisi ilə əlaqə saxladıq. Deyirlər ki, vəsait ayrılacaq. Bir söz deyib, telefonu qoyurlar. Biz nə edək, əlimiz hara çatır?!. Rayon rəhbərliyi də, biz də bu işə qarışmışıq. Xahiş, minnət edirik. Bu problemin həlli Meliorasiya və Su Təsərrüfatı ASC sədri Əhməd Əhmədzadədən asılıdır. O tapşırıq versə, ehtiyatdan, yaxud başqa mənbədən vəsait ayrılsa, keçən il tikilən 1100 metrlik bəndin tikintisi davam etdirilənə yuxarıda qeyd etdiyim 3 vacib sahədə qabaqlayıcı mühafizə bəndləri salınardı. Bunun üçün də kəndin ərazisindəki daş-çınqıldan istifadə olunar”.
Yuxarı Salahlıda ölü düşüb, ağlayan yoxdur...
Şahismayıl Məmmədov əhalinin torpaqları yuyulub gedəndən, Kür addım-addım kəndə yaxınlaşandan sonra görülən işlərin də elə bir əhəmiyyət daşımayacağını vurğulayır: “Axı kənd vahimə içərisindədir! Bir var ki, çay kəndi yuya, arxasınca heyfsilənəsən ki, bu kənd də belə getdi, bir də var, bu gün hökumətin bu fəlakətin qarşısını almaq üçün imkanı var. İndi hər şeyi ölkə rəhbərliyinə demək də düzgün olmazdı. Onsuz da son nəticədə bu işləri görmək Əhməd Əhmədzadəyə tapşırılır. Kürün sağ sahilini bərkidə biləcək qurum Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sabirabad Kür-Araz Bəndatma İdarəsidir. Sabirabad Kür-Araz Bəndatma İdarəsinin baş mühəndisi Rafiq Abdullayev də bir neçə gün əvvəl bura gəldi, baxıb getdi. Mən əhalinin mövqeyini də sizə çatdırdım. Bir-iki gün iş gedir və dayanır. Keçən həftənin dördüncü günü başlayan iş 2 gün sonra dayandı. İşi görürsənsə, gör, yoxsa o gördüyün işi də suya tullamış kimi olursan”.
Bələdiyyə sədri ötən illər ərzində kəndin 50-60 hektara qədər torpağının Kür çayı tərəfindən yuyularaq aparıldığını qeyd edib: Mən rayon rəhbərliyini də qınamıram, yuxarı instansiyalara məktub da yazırlar. Keçən dəfə baş nazirə yenə də məktub ünvanlandı. Bənd tikintisi ümumi planda var. Vəsaitləri ilk öncə bu dəhşətli fəlakətin qarşısının alınmasına yönəltmək lazımdır. Fikrimi əsaslandırmaq üçün bir söz deyim. Bəzən gələcəkdə xəstə olan insan üçün ağlayırlar ki, öləcək. İndi bu gün Yuxarı Salahlıda ölü düşüb, onu ağlayan yoxdur. Vəziyyətimiz budur. Bir neçə gün ərzində təcili görülməli işlər var, sonra layihəyə uyğun 1 100 metrlik bəndin tikintisi davam etdirilər. Bu torpaqlar gedən sonra bu camaat nə edəcək? Bizim çörək ağacımız o torpaqlardır...”.
Meliorasiya və Su Təsərrüfatı ASC vəsait azlığından şikayətlənir
Meliorasiya və Su Təsərrüfatı ASC-nin Elm, layihə, tikinti və xarici əlaqələr şöbəsinin müdir müavini Rəsul Paşayev isə Lent.az-a açıqlamasında bildirib ki, 12, 13 və 14 aprel tarixlərində Meliorasiya və Su Təsərrüfatı ASC-nin Layihələndirmə İnstitutunun, Suvarma Sistemləri İdarəsinin nümayəndələri həmin ərazidə olub, sel sularının qarşısının alınması üçün müvafiq tədbirlər həyata keçirilib. O, sel sularının səviyyəsinin qorxulu həddə çatmadığını, aprelin 12-dən başlayaraq ərazidə sahilbərkitmə işlərinin aparıldığını qeyd edib: “Podratçı şirkətin və Suvarma Sistemləri İdarəsinin öz qüvvəsi hesabına artezian quyusu olan ərazidə daş tökmə ilə sahilbərkitmə işləri aparılıb. Artezianla çay arasında 20 metr məsafə var. 12, 13 və 14 aprel tarixlərində gecə-gündüz iş aparılıb, selin qarşısı alınıb. Əkin sahələrinə yaxın ərazilərdə su qalxma təhlükəsi olub, onun da qarşısı alınıb”.
Kənd əhalisi və bələdiyyə sədrindən fərqli olaraq Rəsul Paşayev Meliorasiya və Su Təsərrüfatı ASC-nin göstərişi ilə Kür çayı sahillərində podratçı təşkilat tərəfindən bəndbərkitmə işlərinin davam etdirildiyini deyib. Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəsmisinin sözlərinə görə, təmsil etdiyi qurum tərəfindən ərazidə vəziyyət araşdırılıb və hələ 2006-cı ildə uzunluğu 16 kilometr olacaq bəndin tikilməsi ilə bağlı layihə hazırlanıb. Bunun 3 min 350 metri Yuxarı Salahlı kəndi ərazisinə düşür. Eyni zamanda, 16 kilometr uzunluğunda beton bənd Birinci Şıxlı, İkinci Şıxlı, Aşağı Salahlı, Orta Salahlı kəndlərini də Kürün törədəcəyi fəsadlardan qorumalıdır. Məhz bu layihə əsasında 2010-cu ildə Yuxarı Salahlı kəndi yaxınlığında 1100 metr uzunluğunda bənd tikilib və Yuxarı Salahlı kəndinin 200 hektar ərazisi mühafizə olunub: “Bu il həmin ərazilərdə sahilbərkitmə işlərinin davam etdirilməsi üçün ayrılan vəsait məhdud olduğu, az vəsait ayrıldığı üçün bu vəsaitə uyğun işlər görüləcək. Eyni zamanda öz qüvvəmizlə müvafiq tədbirlər həyata keçirilir. Ərazidə hansı işlərin görülməli olması ilə bağlı rayon İcra Hakimiyyəti və kənd bələdiyyəsi ilə birgə akt da tərtib olunub, İcra Hakimiyyətinə verilib”.
Layihə köhnəlir, çay yatağını dəyişir...
Ayrılan vəsaitə uyğun olaraq 16 kilometrlik layihə üzrə müxtəlif dövrlərdə sahilbərkitmə işlərinin görüldüyünü deyən Rəsul Paşayev qeyd edib ki, 16 kilometr üçün dövlət tərəfindən tam vəsait ayrılmalıdır ki, bənd tam qurulsun və həmin kəndlərin əkin sahələri, infrastrukturu, yolları mühafizə olunsun: “3-4 kilometrlik bəndvurma işləri görülüb, qalan hissə qalır. Bir Yuxarı Salahlı, bir də Birinci Şıxlı kəndində bir az qorxulu vəziyyətdir. Yuxarı Salahlıda 3 min 300 metrlik hissə qalır. Vəsait ayrılmalıdır ki, qalan hissələr də tikilsin, mühafizə olunsun, əkin sahələri də su altında qalmasın. Vəsait gec ayrıldıqca çayın yatağı da dəyişir. Yəni 2006-cı ildə layihə verilib, indi 2011-ci ildir. Çay 2 il əvvəl yatağının sol sahili ilə axırdısa, bu il sağ sahili ilə axır. Bənd vurulanda, biz bunu istiqamətləndirə bilirik. Biz 1,5 milyon manat vəsait təklifi veririk, o vəsait ayrılmır axı! 300-400 min manat ayrılır. Həm də bir o ərazilər deyil, respublika üzrə hər yerdə sahilbərkitmə işləri aparılmalıdır. Ona görə də bu işlərin hamısını birdən etmək olmur. Biz tədbirlər görürük ki, o ərazilər mühafizə olunsun”.
Rəsul Paşayev Kür çayının Yuxarı Salahlı istiqamətində Bakı-Tiflis magistralı üçün təhlükə törətmədiyini bildirib.
Ramiz Mikayıloğlu

1757