Xoruzun qurban kəsildiyi, 1 Mayı qeyd edən yeganə Azərbaycan kəndi - REPORTAJ
05 aprel 2011 11:04 (UTC +04:00)

Xoruzun qurban kəsildiyi, 1 Mayı qeyd edən yeganə Azərbaycan kəndi - REPORTAJ

Dünyada görəsən, elə bir xalq varmı ki, yalnız bir kənddə məskunlaşmış olsun? İnternetdə də axtarış verdim; heç nə tapa bilmədim.

Qəbələdən təxminən 20 kilometr aralıda yerləşir bu kənd. Şəki yolunun üstündə. Tarixçilərin dediyinə görə, bir vaxtlar Qədim Albaniyada 26 tayfa yaşayıb. Bu kənddə isə həmin 26 tayfadan varlığını qoruyub saxlamış yeganə tayfanın yadigarları yaşayır. Əcdadlarının utilər olduğunu bildirən udinlər. Bu kəndin adı Nic. Azərbaycan içində tamam başqa Azərbaycan. Reportajımız da bu kənddəndir.

Nicin bayraq meydanı

Qəbələdə jurnalist həmkarımız Nazlı Ağayevanın bələdçiliyi ilə Nicə üz tuturuq. “Orda çoxlu dostlarım var. Sadə insanlardır hamısı. Çox qonaqpərvərdilər həm də. Evinə getdinsə, əl çəkməyəcəklər. Bilsələr ki, Bakıdan gələn də var, deyəcəklər nə var, hara gedirsiz, o tozlu-torpaqlı Bakıya? İki-üç gün qalın burda” - deyir Nazlı xanım.

Təbii ki, belə bir fikrimiz yoxdu, zatən. Sürücü Bəhrəmin “çatırıq, hara sürüm?” sualına həmkarımız cavabında “meydana” deyir.

Günorta saatlarıdır. Meydan bomboş. Kənddəki kafe-barın qarşısında düzülmüş stollarda da gözə dəyən yoxdu. Yox, lənət şeytana, nazik dirəyə də olsa bərkidilmiş bayrağımız dalğalanır burda. Necə deyərlər, artıq neçə vaxtdır, Nicin bayraq meydanı var. Hələ Böyük Vətən Müharibəsi veteranlarının şərəfinə ucaldılmış abidəsi də. Üstəlik, unikal kilsəsi də. Amma küçədə adam gözə dəymir. Yaxınlıqda dayanmış birisinə yaxınlaşırıq. Tərslikdən o da azərbaycanlı çıxır. Qonaq olduğumuzu bilib, bizi çaya dəvət edir. Məlum olur ki, çayçı udin də evinə gedib: “Bunlar illərdir belədir. Günorta düşməmiş evə gedər, bir də axşama yaxın qayıdarlar”. Qərara alırıq ki, Nazlı xanımın tanışlarından birinin evinə gedək. Söhbətin bu yerində isə yerli icra nümayəndəsi Vidadi Mahmudov gəlib çıxır. Elə kəndlə bağlı ilk söhbətə də onunla başlayırıq. Amma əvvəlcə keçmişə qayıdaq.

Herodot, Ptolemey və Strabonun belə tanıdığı udinlər
Udinlərin ulu babaları Qafqaz Albaniyası tayfalarından biri olan utilər olub. Onlara aid ilk məlumat hələ 2500 il bundan əvvəl verilib. Eramızdan əvvəl V əsrdə yunan Herodot “Tarix” əsərində yazır ki, Marafon döyüşündə fars ordusunun tərkibində uti əsgərlər də vuruşurdular. E.ə. l əsrdə yaşamış Strabon “Coğrafiya” əsərində Xəzər dənizi və Qafqaz Albaniyası haqqında məlumatında utilərdən danışır. Ptolomeyin (ll əsr) “Coğrafiya” əsərində, Xəzər dənizinin ətrafında müxtəlif tayfaların, o cümlədən – utilərin yaşadığı göstərilir. Və bildirilir ki, utilər Alban çarlığının yaranmasında mühüm rolu olan 26 alban tayfasından biridir.
Daha sonra VIII əsrdə yaşamış Musa Kalankatuklunun “Alban tarixi” əsərində onlardan bəhs edib. Hətta özünü uti tayfalarına aid edib.

Dünyanın ən beynəlmiləl bələdiyyəsi Azərbaycanda?

Vidadi müəllim deyir ki, (yeri gəlmişkən, onun anası mərhumə Marqo xanım da udin olub) Nicdə 14 məhəllə var. Onların 12-də udinlər, 2-də azərbaycanlılar yaşayır. Bundan başqa, kənddə ləzgilər və yəhudilər də yaşayır. Elə kəndin bələdiyyəsi də kəndin özü kimi “beynəlmiləl tərkibdə” formalaşıb.

11 bələdiyyə üzvündən beşi azərbaycanlı, dördü udin, biri ləzgi, biri də yəhudidir. Bələdiyyə sədri isə udin Romik Dallaridir. (Sədrin, ümumiyyətlə, udinlərin soyadının sonluğu barədə isə az sonra)

Vidadi müəllim deyir ki, Nic bələdiyyəsi bəlkə də dünyanın ən beynəlmiləl bələdiyyəsidir.
İcra nümayəndəsinin bildirdiyinə görə, ümumiyyətlə, bütün dünyada 10 minə yaxın udin yaşayır. Nicdə təxminən 4 minə yaxın. Təkcə Rusiyada keçirilən son siyahıyaalmada 2700 nəfərdən çox adam özünü udin kimi təqdim edib. Rusiyada udinlərin ən çox qeydə alındığı region Rostov vilayətidir.

Tur Heyerdal da bu kənddə olub

Nicdə udinlərin məşğuliyyəti il maraqlanırıq.

Vidadi müəllim deyir ki, kənddə əsas məşğuliyyət fındıqçılıq və heyvandarlıqdır. Elə ailə var, 50 sot, eləsi var 1 hektar fındıq sahəsi var. Dolanışıq da elə bundan çıxır.

İcra nümayəndəsi onu da deyir ki, udin uşaqlar ibtidai siniflərdə öz dillərində təhsil ala bilirlər. Elə udin əlifbası da bu siniflərdə tədris olunur: “Ondan sonra dərslər rus dilində keçirilir. Həftədə iki saat isə Azərbaycan dili öyrədilir. Amma 50-ci illərədək dərslər Azərbaycan dilində keçirilərmiş. Hər il ali məktəbə girənlərimiz də var. Məsələn, keçən il 7-8 nəfər ali məktəbə girib. BDU-ya, Slavyan Universitetinə, özəl ali məktəblərə”. (Bu yerdə bir məqama toxunaq. Sonradan söhbətləşdiyimiz udin Vaçik dayı deyilənləri təkzib edəcək. Və bildircək ki, nə keçən, nə də inişil il orta məktəbi bitirənlərdən BDU və ya Slavyan Universitetinə bircə nəfər də daxil olmayıb - S.M)
Hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə Nicdə 420 yerlik yeni məktəb tikilir. İndiki məktəbin yerində isə əvvəllər kilsə olub. 20-ci illərdə kilsənin söküb, bu məktəbi tikiblər”.

Yeri gəlmişkən, Nicdə möhtəşəm bir kilsə var.

İllər öncə dünyaca məşhur norveçli alim Tur Heyerdal Nicdə olubmuş. “Vətəninə qayıdan alim öz hökumətinə müraciət edir və məhz bundan sonra Norveç hökuməti Nicdə kilsə tikir. Amma nə faydası, keşiş ki yoxdur. Keşiş axtarırıq, tapa bilmirik. İcmamız müəyyən qurumlara müraciət edib, bəlkə kimisə göndərdilər”. Bunu isə Vaçik dayı deyir.

Çox maraqlı adamdır Vaçik dayı. Təsəvvür edin, soyadının sonluğu “yan”la qurtarsın, özün də 80-ci illərin sonlarında. Qəbələdə xalq hərəkatının öncüllərindən olasan.

Bir zəruri qeyd

Bu yerdə “yan”la bağlı məqama aydınlıq gətirək. 90-ların əvvəllərində udinlər soyadlarındakı “yan” sonluğunu “ari” və “ov”, “yev”lə əvəz etməli oldu. “Yan” sonluqları udin gənclərin hərbi xidmətə getməsində də çətinlik yaradırmış. Udin icmasının ölkə rəhbərliyinə müraciəti tezliklə müsbət həllini tapır. Onlar “yan”dan imtina edib, yuxarıda qeyd etdiyimiz soyad sonluqlarını qəbul edirlər. İndi udinlər də mili orduda xidmət edirlər. Və indiyəcən bircə dəfə də hərbi xidmətdən yayınma halı yoxdur. Hə, 10 aprel 2003-cü ildə Azərbaycanda Alban-udin İcması da qeydə alınıb. Udinlərin Mədəniyyət Mərkəzləri də var. Mərkəz udinlərin qədim adət-ənənələrinin inkişafı və mühafizəsi ilə məşğuldur. Mərkəzin rəhbəri udin məktəbinin müəllimi, tarixçi Qeorgi Koçaaridir. O, udin dilinə aid dərs vəsaitləri, Azərbaycan və dünya klassiklərinin əsərlərinin udin dilinə tərcüməsi ilə məşğuldur. Yeri gəlmişkən, başqa xalqlar kimi, xristianlığı qəbul etdikdən sonra, udinlər yeni xristian ayinləri ilə bərabər köhnə adət və ənənələri də qoruyub saxlayıblar. Məsələn, evlərdə sönməz ocaq saxlamaq atəşpərəstlikdən qalmış ənənədir. Udinlər indi də tez-tez dualarını Aya göndərirlər.

“Keçmiş raykomun mənə borcu var”

Qayıdaq Vaçik dayının yanına. Keçmişdə fotoqraf olub. Zarafatla deyir ki, keçmiş raykom Bullayevin ona borcu var. Xeyli şəkil çəkdirib, pulunu verməyib. Deyir, bütün günü işləyirəm. “Hökumətdən də razıyam. Torpaq verib, ək, biç, nə mane olur ki? Hollandiyada bir hektar torpaq 80 nəfəri dolandırır. Bizdə isə maşallah, hektarla torpaq veriblər camaata. Amma heç kim işləmək istəmir. Həmişə, hər yerdə deyirəm, tutaq ki, neft yoxdu, bəs nə ilə dolanacaqdıq?”

Vaçik dayının dediyinə görə, Nic Azərbaycanda yeganə kənddir ki, hələ də 1 Mayı bayram kimi qeyd edir. Özü də iki gün. “1 May yaxşı bayram idi. Nahaq ləğv olundu. Ayın 1-də yığışırıq meydana. Hamı təzə paltarda. Danışırıq, deyib-gülürük. Sonra gedirik piknikə. Amma mayın 2-də bayramı evlərimizdə qeyd edirik. Mütləqdir, Nicin yazılmamış qanunudur. Biz Novruzu da qeyd edirik. Özü də lap təntənəli. Amma 1 May bir özgə aləmdir. Sən çalış 1 May günü bura gəl. Rəhmətlik SSRİ yadına düşəcək” - deyə gülür.
Vaçik dayının bir ləqəbi də var: “Qraf”. Deyir Fransada yüz meyvə ağacı olana “qraf” deyirlər. “Məndə isə eeee, nə qədərdir”. “Onda sənə qraflar qrafı deyilməlidir” - sözlərim ürəyinə yağ kimi yayılır.

Hə, Vaçik dayı oğluna maraqlı bir ad qoyub: Orxay. Amma nədənsə Orxay bizimlə söhbət etməyə həvəsli olmadı...

Udinlərin yas mərasimi, alça arağı və 10 manat

Udinlərin maraqlı adət-ənənələri var. Nicdə yaşayan udinlər və azərbaycanlılar bir-birinin toyundan, yasından qalmazlar. Onlar da bizim kimi 3, 7, 40 mərasimi keçirirlər. Amma yaslarında spirtli içkilər verilir. Əsasən alça arağı və çaxır. Bizdəki “dəftər”dən fərqli, hüzr pulunu isə maraqlıdır ki, belə yığırlar; yas mağarının başında stolun üstündə iri sini qoyulur. Sininin içində isə ölən adamın şəkli. Hüzrə pul yazdıranlar pulu sininin altına qoyurlar. Jora deyir ki, bu onunla bağlıdır ki, imkansız adam utanmasın, nəyə imkanı varsa, o qədər pulu da sininin altına qoysun.
Azərbaycanlı İlham isə deyir ki, bizlər toy edəndə hər şeyi dükan-bazardan alırıq. “Onlar isə heç nəyə pul verməzlər. Araq-çaxırlarını əvvəldən çəkib hazır edib, yerə basdırırlar. Turşu-filan da eləcə. Ət də qapıdakı mal-qaradan. Toy pulu isə kənddə standartdır: 10 manat”.

Həmsöhbətlərimiz deyir ki, keçmişdə udin ailələri çoxuşaqlı olub. Udinlər əsasən yaxın qohumları ilə nikaha giriblər. Uşaqların tərbiyəsi ilə 14-15 yaşa qədər məşğul olublar, sonra onlar sərbəst buraxırlar. Oğlanlar 16, qızlar isə 13 yaşında evlənirmişlər. Təbii ki, bu, çox əvvəllər olub.

Onların da pirləri var

Udinlərin həyatından bir maraqlı məqam da onların da bizim kimi niyyət edib qurban kəsmələridir. Amma bizlərdən fərqli, onlar qurban kimi xoruz, hinduşka da kəsirlər. Onların da öz pirləri var. Məsələn, Vaçik dayının dediyinə görə, Nic və ətrafında onlarla pir mövcuddur.

Ət, süd və düyüdən ibarət yemək həvəsindəsinizsə, Nicə gedin. Buranın kulinariyası da bir özgə aləm. “Fırrama” (təndirdə qızardılmış hinduşka), “şıftılıq” (şabalıd və qozdan hazırlanmış sous), “çilov” (paxla aşı) is ə dadmasaq da, deyilənə görə, bir özgə aləmdir.

Məşhur Nic bazarı

Nicdən danışıb, Nic bazarından bəhs etməmək mümkünsüz. Hər bazar günləri yerli bazarda xalq sənəti nümunələrindən ibarət yarmarka keçirilir. Yarmarkada udin sənətkarlarının hazırladığı suvenirlər, metaldan, göndən, yundan, ağacdan hazırlanmış əşyalar və s. satılır. Bu bazara nəinki qonşu rayonlardan və Bakıdan, hətta Gürcüstandan, Rusiyadan adamlar gəlir. Hə, Gürcüstan demişkən, bu ölkənin Oktamberi rayonunda da onlarla udin ailəsi yaşayır. Bazar isə elə doğrudan da bazar günü fəaliyyət
göstərir. Və deyilənə görə, gur olur. Niclilərin ən böyük arzusu da elə şəkillərdə gördüyünüz bu primitiv bazarın abadlaşdırılması ilə bağlıdır.

****

Nicdən ayrılırıq. Bizi Vaçik dayı yola salır. Deyir, müxbir qardaş, səni 1 mayda gözləyəcəm. “Bir də bayaq soruşdun ki, udin uşaqlar cəbhə bölgəsində də xidmət edirlər? Yadımdan çıxdı cavab verim. Niyə xidmət etmirlər ki? Vətən deyil?”

Hə, vətəndir, Vaçik dayı, əlbəttə vətəndir!

Səbuhi Məmmədli
Bakı-Nic-Bakı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1499

Oxşar yazılar