Məcburi köçkünlüyün 18-ci baharı... - TƏƏSSÜRAT
03 mart 2011 19:46 (UTC +04:00)

Məcburi köçkünlüyün 18-ci baharı... - TƏƏSSÜRAT

Axşamın ala-qaranlığında avtobusdan düşüb 18 il əvvəl məskunlaşdığımız tələbə yataqxanasının həyətinə girirəm. Binaların arasında – məcburi köçkünlüyün əlamətlərini özündə saxlayan və 18 ildir, bir dəfə də yerindən tərpənməyən, üstü göy sellofan çadırlı köhnə “QAZ-53”ün çürümüş təkərlərinin dibində qalaqlanmış taxta qırıntıları gözümdən yayınmadı. Yataqxanada doğulub böyüyən 12-13 yaşlı uşaqlar qəribə bir sevinc və həvəslə taxta qırıntılarını daşıyıb bir neçə metrlikdəki dar meydanın ortasında üçbucaq formasında səliqə ilə bir-birinin üstünə düzür. Dövlət Neft Akademiyasının yeddi korpusdan ibarət tələbə şəhərciyinin içərilərinə doğru irəlilədikcə orda-burda tonqalların alovu görünür. Bayaq taxta qırıntılarını yolun ortasına toplayan uşaqların niyyətini anlayıram: axı, bu gün Od çərşənbəsidir…


Düz 18 ildir, Novruz bayramının gəlişindən beləcə xəbər tuturuq. 1993-cü ilin aprelindən – ana yurdum Kəlbəcərin erməni işğalından bəri milli-mənəvi dəyərimiz olan, ata-babalarımızın bizə miras qoyduğu barlı-bərəkətli bahar bayramını Oğuz yurdunda yurdsuz-yuvasız, nisgilli, bəzən də xəbərsiz qarşılayırıq. Artıq 18-ci bahardır ki, Novruz bayramını, onun gəlişini və təravətini, o ovqatı duymadan el-obamızdan kənarda, tələbə yataqxanalarında sadəcə, yola veririk. Eyni həyatı Xocalı, Şuşa, Laçın, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl və ermənilərin işğal etdiyi digər Oğuz yurdlarından olan həmvətənlərimiz də yaşayır.

Nağıllara dönən Novruz

Ümumi qayəsi və fəlsəfəsi ruzi-bərəkət, dirilik, təmizlik və saflıq rəmzi, gecə ilə gündüzün bərabərləşdiyinin, təbiətin oyanmasının, bahar gəlişinin müjdəçisi olan bu bayram yerli xüsusiyyətlərinə və adətlərinə görə fərqlənir. Çoxəsrlik tarixi olan və Azərbaycanın ən qədim milli bayramlarından saylan Novruz ölkənin ayrı-ayrı bölgələrində, hətta rayonlarında müxtəlif ənənələrlə qeyd olunur. Kəlbəcərin Novruz ənənələri başqa bir aləmiydi. O axşam – Od çərşənbəsi günü işdən çıxıb yataqxanadakı birotaqlı “evimizə” qayıdanda həyətdə qarşılaşdığım mənzərə, köçkün uşaqların taxta qırıntılarından tonqal yandırmağa hazırlaşmaları məni 18 il əvvələ – Kəlbəcərdə Novruz ənənələrinə qaytardı…

Ömrümün bahar çağını yaşadığım Kəlbəcərdə Novruza bayramaqədərki 4 çərşənbənin birincisindən - su çərşənbəsindən hazırlaşardıq. Təbiətin nadir sərvətləri ilə zəngin rayonumuzda, lap dəqiq desəm, doğulduğum Başlıbel kəndində çərşənbələrin hər birində bütün həyətlərdə ardıc ağacından və gəvən kolundan (bildiyimə görə, yastığabənzər iynəyarpaqlı gəvən kolu yalnız Kiçik Qafqazın bəzi ərazilərində bitir – E.S.) tonqal qalanardı. Bunun üçün elə ilk çərşənbədən bir neçə gün əvvəl kəndin yaxınlığındakı meşədən ardıc gətirməyə gedərdik. Novruzaqədərki dörd həftə ərzində ən azı bir neçə dəfəyə gətirdiyimiz ardıclardan kimsəsizlərə, cavan oğlan uşaqları olmayan qonşu ailələrə də paylayardıq.

Novruz çərşənbələri üçün meşədən, kəndimizlə qabaq-qənşər güneydən ardıc gətirməyin özü də bir bayrama çevrilərdi. Dərsdən sonra həmyaşıd dostlarla kiçik komanda düzəldib yollanardıq “Aralığın boynu” deyilən qarlı-buzlu dağa. Yolboyu qarın altından baş qaldıran danaqırandan gül dəstəsi yığa-yığa bir də başımızı qaldırardıq ki, ardıc kollarının arasındayıq. Təxminən 2 saat ərzində balta ilə kəsdiyimiz ardıc və gəvən kollarını qarlı yamacdan üzüaşağı tullayıb, dərənin içərisində bir yerə toplayardıq. Sonra aramızda bölüşdürüb özümüzlə gətirdiyimiz kəndirlə hərə öz payına düşən ardıc və gəvənləri biri-birinə bağlayıb qarın, dərələrin içərisindəki buzlu cığırların üzərində sürüyə-sürüyə gətirib çıxarardıq kəndə. Bu, o vaxtlar idi ki, həmyaşıd yeniyetmələr İlaxır çərşənbəyə daha çox ardıc və gəvən kolu gətirmək üçün biri-biri ilə yarışırdı (bununla təbiətə nə qədər ziyan vurduğumuzu da böyüyəndən sonra anladım – E.S.). Axır çərşənbə axşamı ardıc tonqalının qaranlıqları yaran göyümsov alovun hansı hündürlüyə qalxa biləcəyi məhz bu bəhsə-bəhsdən asılı idi.

Köhnə xatirələr...

Kəlbəcərin, xüsusən də Başlıbelin özünəməxsus Novruz ənənələrindən biri də qonşu həyətlərdə tonqalların növbə ilə yandırılmasıydı. Tonqalyandırma mərasiminin bu cür təşkili həm həmrəyliyin, həm də insanların bir-biri ilə bayramlaşmasının bir rəmzi idi. Hər il ilaxır çərşənbədə yaxın qohum və qonşu olan 7-8 həyətdə tonqalları məhz bu cür qalayardıq. Yadımdadır, bir dəfə qonşular arasında sonuncu tonqalı bizim həyətimizdə yandırırdıq. Tonqalın alovu çox hündürə qalxdığından heç kəs onun üzərindən tullanmağa cəsarət etmirdi. Hərbi xidmətini Rusiyanın Sibir vilayətində başa vurub yenicə kəndimizə qayıdan əmim oğlu 7-8 yaşlı bacımı qucağına alıb tonqalın üzərindən tullana biləcəyini söylədi. Əsgərlikdən yenicə qayıtmış cavan və cüssəli oğlan olasan, o biri tərəfdə qız-gəlinlərin də tamaşasına yığışdığı tonqalyandırma mərasimində fərasətini göstərməyəsən... Əmim oğlu böyüklərin etirazına baxmayaraq, dediyindən dönmədi, uşaq qucağında tonqalın üzərindən tullandı. Bir də onda gördük ki, əmioğlu özü alovun o üzündədir, qucağındakı uşaq isə çırtaçırt yanan tonqalının üzərinə düşüb. Həmin axşam bacım alın nahiyəsindən yanıq xəsarəti aldığından evimizdə kiçik bir qanqaraçılıq vardı. Amma zarafatından qalmayan əmim oğlu bu hadisənin də İlaxır çərşənbənin bir nişanəsi və xatirəsi olaraq, uzun müddət xatırlanacağını deyib bu sönüklüyü aradan qaldırmağa çalışırdı. Hər il olduğu kimi, o axşam da İlaxır çərşənbənin süddaşını yeyəndən sonra gündəlik libasımızı dəyişib tay-tuşlarla birgə çıxdıq torba atmağa. Kənddə qarşımıza çıxanlar tanımasın deyə, üst geyimlərimizi, hətta papağı da tərs üzünə çevirib geyinməyimiz, üz-gözümüzü kömürlə boyamağımız, keçi dərisindən özümüzə bığ-saqqal qoymağımız, top kimi yumrulayıb bağladığımız neftli parçanı alovlandırıb məftillə kəndin hündür yerlərində başımızın üzərində yelləməyimiz elə bil dünən olub.

Bizim Novruz ənənələrinin bir özəlliyi də İlaxır çərşənbə gecəsinin səhəri dan yeri sökülərkən, dan ulduzu batmamış çaydan keçmə mərasimi idi. Mənbəyini Dəlidağdan götürən Barutlu və Şırran çayları kəndimizin ortasında qovuşduqdan sonra, aşağı hissədə doğma Başlıbeli yenidən iki hissəyə ayırırdı. Bu, İlaxır çərşənbənin kənddə çaydan keçmə mərasimini bir az da zənginləşdirirdi. Səhər tezdən yenə də qonşularla birgə çayda əl-üzümüzü yuyar, çaydan keçəndən sonrada qıraqda tonqal yandırıb üzərindən tullanardıq. Qayıdanda üzü sırsıra bağlamış çayın suyundan evə də götürüb həyətdə növbəti tonqal yandırardıq. Bununla da Novruz çərşənbəsi başa çatmış sayılırdı.

İlaxır çərşənbədən sonra yazın gəlişini martın 21-də və 22-də qeyd edərdik. İlk çərşənbədən başlayan yumurta döyüşü isə məhz martın 22-də kulminasiya nöqtəsinə çatırdı. Həmin gün səhər tezdən yumurta boyayıb əvvəlcə qonşuların payını çatdırardıq. Xəstələrə baş çəkər, kimsəsizlərə müxtəlif şirniyyat, inək yağı, xəmirdən hazırlanaraq qovurulmuş əriştədən ibarət bayram sovqatı aparar, qonaq gedər, qonaq çağırardıq. Təzə gəlin köçənləri məhz bayram günü qonaq çağırmaq Başlıbeldə bir adət idi. Günortaya yaxın isə təxminən 800 evdən ibarət kəndimizin mərkəzində minlərlə adam toplaşırdı. Cavan və yeniyetmələr yumurta döyüşdürər, müxtəlif oyunlar (dirədöymə, kosa-kosa və sair), açıq havada səhnəciklər qurar, orta və yaşlı kişilər Savalan dayının (indi o da haqq dünyasına qovuşub) hasarının dibinə, adına “ortalıq” dediyimiz meydana toplaşıb özlərini günə verər, heyvandarlıqdan tutmuş siyasətə qədər müxtəlif mövzularda fikir mübadiləsi aparardılar…

...Təzə dərd olub

Bu da axırı. Ömrümün 21 ilini keçirdiyim Kəlbəcərdə Novruz ənənələrinin təəssüratlarından ayrılıb yenidən bu günə qayıdıram. İtkilərimizə baxmayaraq, dünyanın ən qədim xalqlarından biri kimi zəngin ənənə və dəyərlərimizi, ritual və mərasimlərimizi, milli bayramlarımızı yaşadaraq, bu günə daşıya bildiyimizə görə yenə də şükranlıq edirəm. Həm də Novruzun artıq türk dünyasının sərhədlərini aşıb beynəlxalq bayram statusu qazanmasından, onun UNESCO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsindən qurur duyuram. Amma...

İçimdəki qürur hissinin dərinliklərində bir nisgil və nigaranlıq da var. Bu nisgil və nigaranlıq qədim Oğuz yurdunun bir hissəsi, həm də böyük mədəni irsə malik Qarabağımızın, Zəngəzurumuzun yad tapdağında olmasının, doğulub boya-başa çatdığım, milli-mədəni dəyərləri və ənənələri ilə qidalandığım torpağıma gedə bilməməyimin ağrısıdır. 18 ildir, Kəlbəcərsiz bayram əhval-ruhiyyəsini Kəlbəcərdəki kimi yaşamaq, hiss etmək imkanından məhrumam. Eynilə işğal altından olan digər torpaqlarımızdan məcburi köçkün vəziyyətinə salınmış 1 milyona yaxın həmvətənimiz kimi.

…Bizdə bir adət də vardı: cavanlar İlaxır çərşənbə gecəsi yatmayıb kəndimizin ortasından keçən çayın qırağındakı söyüd ağaclarının altında oturub niyyət tutardılar. İnanca görə, səhər dan yeri sökülənə yaxın söyüd ağacının budağı əyilib çaya baş vurardısa, niyyət tutanın arzusu növbəti Novruzadək yerinə yetərdi. İndi o çay da yoxdur, niyyətimiz isə Azərbaycanımızı sevən hər kəsin arzusudur: torpağı, suyu, havanı var edən ilahi qüvvə erməni işğalındakı əzəli torpaqlarımızı növbəti Novruzadək özümüzə qismət eləsin. Allah biz kəlbəcərlilərə 19-cu baharı öz yurdumuzda qarşılamaq şansı qazandırsın.

Gec-tez o torpaqlara bir də qayıdacağımıza, doğma yurdumuzda Novruz tonqalı yandıra biləcəyimizə əminəm. Amma Kəlbəcər işğaldan azad olunandan sonra əvvəlki adət-ənənələri yaşada bilməyəcəyimiz qorxudur məni. Şair Məmməd Aslanın da belə bir sözü var:

Qayıtsa da Kəlbəcər,
Qayıtmaz o Kəlbəcər…

Sınanmış bir həqiqət də var ki, Novruz neçə minilliklərdir, insanlara xeyir-bərəkət, bolluq, xoş həyat, firavanlıq gətirir, məşəqqətli günlərə, sıxıntılı həyata son qoyub tükənən gücləri bərpa edir. İnsanların gözlərinə işıq, qollarına qüvvət, ayaqlarına güc verib, qəlblərini ümid və inamla doldurur.

Bu güc və qüvvətin, ümid və inamın Azərbaycanımızdan əskik olmaması diləyi ilə.

Elxan SALAHOV

P.S. Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1372

Oxşar yazılar