Şəkər kimi xəstəlik
14 noyabr 2009 18:00 (UTC +04:00)

Şəkər kimi xəstəlik

100 minimiz şəkərli diabetdən əziyyət çəkir

14 noyabr - Ümumdünya Diabet Günüdür. Hazırda dünyada 240 milyondan çox insan, yəni dünya əhalisinin 5 faizə qədəri şəkərli diabet xəstəliyinin əsirinə çevrilib. 2025-ci ilə qədər isə bu rəqəmin 380 milyona çatacağı gözlənilir. Qadınların 5,75, kişilərin 3,42 faizində bu xəstəlik aşkarlanır. Hər il vəfat edən insanların 5%-i məhz diabet nəticəsində öz dünyasını dəyişir. Təxirəsalınmaz addımlar atılmasa, bu, qarşıdakı 10 ildə 50%-ə qədər arta bilər. Şəkərli diabet xəstəliyi xalq arasında qısa formada “şəkər xəstəliyi” kimi daha çox tanınır.

Dünyanı silkələyir

Respublika Endokrinoloji Mərkəzinin həkim-endokrinoloqu, Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova Lent.az-a açıqlamasında bildirdi ki, bu xəstəliyin iki tipi var. Birinci şəkərli diabet zamanı orqanizmdə mədəaltı vəzin “beta” hüceyrələri lazım olan miqdarda və ya tamamilə insulin hasil etmir, nəticədə insulin çatışmazlığı yaranır. 1-ci tip şəkərli diabetin yeganə müalicə üsulu gündəlik insulin inyeksiyası və əlbəttə, onunla birlikdə ciddi pəhriz və düzgün qidalanma rejimidir. İkinci tip şəkərli diabet isə geniş yayılanıdır. Qanda şəkərin yüksəlməsi iri arteriyalarda xolesterin yumaqcıqlarını yaradır, bu da damarların keçiriciliyinin pozulmasına səbəb olur. Nəticədə qanın axını zəifləyir, toxumalarda qan dövranı çətinləşir.
Bu gün diabet uşaqlar arasında ən geniş yayılmış xroniki xəstəliklərdən biridir. Bu xəstəliyə istənilən yaş qrupuna aid uşaqlar, məktəb yaşına çatmamış və yenicə yeriməyə başlayan körpələr də daxil olmaqla yoluxa bilər. Birinci tip diabet xəstəliyi mədəaltı vəzin lazımı qədər insulin "hazırlaya" bilmədiyi vaxt yaranır. Birinci tip diabet bədənə insulin vurulmaqla müalicə olunur. İkinci tip şəkərli diabet isə yaşlı və kök adamların xəstəliyi sayılır. Bu xəstəlik insulinin bədəndə lazımi qədər olduğu, amma hüceyrə reseptorlarına daxil ola bilmədiyi vaxtda yaranır. İkinci tip diabet xəstəliyi bədəndə şəkəri azaldan həblərlə müalicə olunur.
Məlumat üçün deyək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, birinci növ diabet uşaqlar və yeniyetmələr arasında ildə 3% və məktəb yaşına çatmamış uşaqlar arasında isə təhlükəli şəkildə ildə 5% artmaqdadır. Hər il 15 yaşına çatmamış 70 000 uşaqda birinci növ diabet xəstəliyi yayılır (təxminən gündə 200 uşaq). İkinci növ diabet isə əvvəllər yetkinlik yaşına çatmış insanlar arasında müşahidə edilirdi. Hazırda diabetin bu növü uşaqlar və yeniyetmələr arasında təhlükəli dərəcədə artmaqdadır.

Sağlam insandan da çox yaşaya bilərlər...

Diabet elə bir xəstəlikdir ki, o, insan bədənində özünə yer edəndən sonra meydana çıxır. Bəzən də uşaqlara səhv diaqnoz - məsələn, qrip - qoyulur. Buna görə də hamı diabetin xəbərdaredici əlamətlərini bilməlidir: tezləşmiş sidik ifrazı, azalmayan susuzluq hissiyyatı, artan aclıq hissiyyatı, bədən çəkisinin itirilməsi, yorğunluq, marağın və diqqətin zəifləməsi, görmənin tutqunlaşması, ürəkbulanma və mədə ağrısı. Qeyd edək ki, 2-ci tip diabeti olan uşaqlarda bu simptomlar ya çox zəif müşahidə olunur və yaxud da heç rast gəlinmir.

Əslində diabet, xəstəlikdən daha çox bir həyat tərzidir. “Əgər şəkər xəstəsidirsə, 5-10 il ömrü var” kimi yanaşmalar da əsassızdır. Yeganə Sultanova deyir ki, bu həyat tərzinin bütün şərtlərinə əməl edənlər, pəhriz saxlayanlar, lazımi vaxt lazımi dərmanlardan və preparatlardan istifadə edən şəxslərdə güclü fəsadlar olmur və onlar uzun ömür sürürlər. Hətta onlar sağlam insanlardan da uzun ömür yaşayırlar, çünki daim həkim nəzarətində olur, qidalanmalarına diqqət yetirirlər: “Bu sahədə Azərbaycanda statistika aparılmır. Rusiyada belə statistika aparılıb. Özünün həyat tərzinə, qidalanmasına diqqət yetirən insanların ömrü sağlam insanların ömründən uzun olur”.
Diabet xəstəliyi eyni zamanda böyrək, göz, ayaq və ürək xəstəliyidir. Xüsusən böyrəkləri qeyd etmək lazımdır. Çünki böyrək zərərli maddələrin bədəndən atıldığı orqandır. Şəkər xəstəliyi tez aşkarlanarsa, müalicyə başlanarsa, böyrəklərin sıradan çıxmasının qarşısını almaq mümkündür. Böyrək pozuntuları artan zaman qan təzyiqi yüksəlir, ayaqda şişlər yaranır, zərərli maddələrin bədəndən xaric olunması prosesi zəifləyir.

Nədənləri

Azərbaycan Diabet Liqasının sədri deyir ki, bu xəstəliyin yaranmasında bir çox amillər rol oynayır. Ümumiyyətlə, bu xəstəliyə tutulmamaq üçün sağlam həyat tərzi keçirmək, idmanla məşğul olmaq, sağlam qida qəbul etmək lazımdır, bədənin çəkisini normada saxlamaq, stress, əsəbdən uzaq olmaq lazımdır. Çünki bu xəstəlik, genetik olmaqla yanaşı, stressdən, qorxudan və qeyri-sağlam həyat tərzindən də yaranır. Bundan başqa, hər ikisi şəkərli diabet xəstəsi olan şəxslərə evlənmək məsləhət deyil. Onların doğulacaq uşaqlarının şəkərli diabet xəstəsi olacağı ailə planlaşdırması zamanı nəzərə alınmalıdır. Şişmanlıqdan qorunmaq üçün uşaqları şəkərdən də istifadə edilməklə hazırlanan yeməklərlə qidalandırmaqdan çəkinmək tövsiyə olunur. Çünki şəkərlə qidalanma özü də şişmanlığa aparır. Virus infeksiyası da xəstəliyin səbəblərindən biridir.
Onu da qeyd edək ki, insanın bir dəfəyə qəbul etdiyi 100 qram şəkərin mənfi təsiri yarım saatdan sonra özünü göstərməyə başlayır. Bu mənfi təsir 5 saat davam edir. Həmin müddətdə qandakı leykositlərin bədənə daxil olan yad hissəcikləri - virus və bakteriyaları parçalamaq, məhv etmək qabiliyyəti 50 faiz azalır. Şəkərdən qida kimi çox istifadə etmək bədəni C vitaminindən istifadə edə bilməyəcəyi bir duruma salır. Bütün bunların da sonucunda mədəaltı vəzinin işi, insulinin hüceyrələrə şəkər çatdırmaqla bağlı funksiyası pozulur.

Başqa sözlə, bədənimizi xəstəliklərə qarşı qoruyan müdafiə sistemi bu halda normal hüceyrələri tanımır və virus və bakteriyalar kimi onlara da hücum çəkir. Qohumlarında I tip şəkər xəstəliyinə rast gəlinənlərdə bu hal daha tez-tez ortaya çıxır. Yəni şəkər həm də bir irsi xəstəlik xüsusiyyəti daşıyır. Həkimlər bildirirlər ki, 40 yaşından sonra kimdəsə şəkər xəstəliyi üzə çıxırsa, buna səbəb irsiyyət, bəzi hallarda şişmanlıqdır. Yeganə Sultanova da bunu xüsusi vurğulayır.
Ona görə də məsləhətdir ki, insan şəkərdən istifadə edilməklə hazırlanmış məhsullardan uzaq dursun, qısa müddətli oruc tutsun. Bu halda, qanda şəkərin miqdarı normallaşır.

Bu xəstəliyin düşmənləri

Yeri gəlmişkən, Prinston Universitetinin araşdırmalarında üzə çıxıb ki, beyində kokain və heroin kimi, şəkərə də bağlılıq yaranır. Buna görə də xüsusən səhərlər şəkərdən istifadə olunmaqla hazırlanmış yemək yeməmək lazımdır. Səhərlər belə yemək yeməyə vərdiş edənlərin xəstəliyə tutulan zaman müalicəsi də çətin olur.
Şəkər və şəkərdən hazırlanmış qidalar həm də bədxassəli şiş xəstəliklərinə zəmin yaradır və şiş hüceyrələrini qidalandırır. Xüsusən döş xərçənginə tutulmaq riski artır. Aparılan tədqiqatlar göstərir ki, yaşıl çay bu riski azaldır, çünki tərkibində polifenollar var. Limon da insanları döş xərçəngindən qoruyur. Bu, amerikalı alimlərin bəzi heyvan növləri üzərində apardığı tədqiqatlar zamanı təsdiqini tapıb.

Bəs Azərbaycanda vəziyyət necədir?

Azərbaycan reallığı

Səhiyyə Nazirliyindən rəsmi statistika barədə məlumat almaq cəhdlərimiz səmərə vermədi. Nazirliyin rəsmi saytında apardığımız araşdırma zamanı isə bəzi məlumatlar əldə etdik. Səhiyyə naziri Oqtay Şirəliyevin 2008-ci ilin iyunundakı çıxışında qeyd olunub ki, həmin vaxta qədər Azərbaycanda qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 70 minə çatır. 2009-cu il statistikası barədə nazirliyin rəsmi saytında hər hansı məlumat yerləşdirilməyib, baxmayaraq ki, bu gün Ümumdünya Diabet Günüdür.

Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova bildirdi ki, Azərbaycanda diabet xəstələrinin sayı təxminən 100 minə çatıb. Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin rəsmiləri də bununla bağlı hələ ki, dəqiq rəqəm söyləyə bilmirlər. Nazirlik gələn ilin əvvəlində 2009-cu ildə Azərbaycanda hansı sayda belə xəstələrin olduğunu dəqiqliklə müəyyənləşdirəcək.

Yeganə Sultanova onu da nəzərə çatdırdı ki, dünya üzrə orta səviyyə ilə müqayisə olunsa, Azərbaycanda şəkərli diabet xəstələrinin sayı elə də çox deyil, elə dünyadakı orta səviyyəyə uyğundur. Bu gün dünyada bu xəstəliyə daha çox ABŞ-da hindu tayfalarında rast gəlinir. Finlandiyada isə birinci tip diabet xəstələri çoxdur.
İnsulinlə tələbata gəlincə, Azərbaycan Diabet Liqasının sədri nəzərə çatdırdı ki, Azərbaycanda şəkərli diabet xəstələrinin 85-90 faizini ikinci tip şəkərli diabet xəstələri təşkil edir. Bu xəstələrin insulinə ehtiyacı olmur. 10-15 faiz birinci tip, yəni insulindən asılı olan xəstələrdir. Amma buna baxmayaraq, insulindən asılı olmasa da, ikinci tip şəkərli diabetlərə də insulin təyinatı verilir və onlar da həkim göstərişiylə müəyyən dərəcədə insulin qəbul edirlər: “Azərbaycanda 2001-2009-cu illəri əhatə edən Dövlət Proqramı var. Dövlət Proqramı belə xəstələrin istər insulin, istərsə də həb şəklində preparatlarla tam təminatından söhbət gedir. Bu da real həyatda öz əksini müəyyən dərəcədə tapır. Son illər belə xəstələrin statistikasının sürətli artımı da bununla bağlıdır. 2008-ci ilin sonunda 70 min şəkərli diabet xəstəsi vardı. İndi bu sayın 100 min olması belə xəstələrin təminat məsələsinə görə qeydiyyatdan keçmələri ilə bağlıdır. Bu, təminatın yaxşılaşmasının göstəricisidir. Amma buna baxmayaraq, bir çox regionlarda, rayonlarda insulinlə, dərmanlarla təminat məsələsi problem olaraq qalır. Bu da yerli icra hakimiyyətinin işi düzgün təşkil etməməsi ilə bağlıdır. Rayonlarda bu dərmanlar icra hakimiyyətinin maliyyə şöbəsinə verilir. İcra hakimiyyətlərinin maliyyə şöbələri bu dərmanları səhiyyə şöbələrinə verirlər. Bu da bir sıra problemlər yaradır, xəstələr dərmanlarla tam təmin oluna bilmirlər”.


Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2031

Oxşar yazılar