“Gənclər şəhərciyi” niyə tikiləsi olmadı? – ARAŞDIRMA
11 noyabr 2009 12:30 (UTC +04:00)

“Gənclər şəhərciyi” niyə tikiləsi olmadı? – ARAŞDIRMA

Tikinti şirkətləri Gənclər və İdman Nazirliyindən layihə almadığını bildirir


“Gənclər şəhərciyi”nin yaradılması ilə bağlı layihə həyata keçirilməyəcək. Gənclər və idman naziri bu yaxınlarda mətbuata açıqlamasında gənclərin mənzil probleminin həllinə yönəldilmiş bu layihənin reallaşdırılması üçün vəsait tapmadıqlarını söyləyib. Daha doğrusu, tikinti şirkətləri nazirliyin hazırladığı gənclər şəhərciyi layihəsinin reallaşmasına razılıq verməyib: “Bizə lazım idi ki, tikilən evlərin 30 faizə qədəri gənclərə verilsin. Təəssüf ki, bir şirkət belə bizim təklifləri qəbul etmədi”.

Bəs, görəsən, bu təklif nədən ibarət idi? Layihədə tikinti şirkətlərini qane etməyən prinsipial məqamlar nədir?

Lent.az bu layihənin tikinti şirkətləri tərəfindən məqbul hesab edilməməsini aydınlaşdırmaq məqsədilə kiçik araşdırma aparıb. Bəri başdan deyək ki, indiyədək özəl tikinti şirkətləri dövlət orqanlarını sifarişi ilə güzəştli şərtlərlə yüksək mərtəbəli yaşayış binaları tikintini həyata keçirib. Bakı Dövlət Universitetinin müəllimləri, səhiyyə işçiləri, müharibə əlilləri və şəhid ailələri üçün tikilən yaşayış binaları, Milli Məclisin yeni binası ilə bağlı layihələrin reallaşdırılması məhz bu qəbildəndir. Yaxın keçmişdə reallaşdırılan bu tikinti layihələrinə sponsor axtarışlarının o qədər də çətin başa gəlmədiyini nəzərə alsaq, “Gənclər şəhərciyi”nin hansı səbəbdən reallaşmaması maraq doğurur.

İlkin ödənişsiz, aşağı faizli, uzun müddətli kredit

Gənclər və İdman Nazirliyində deyirlər ki, bu layihə 2007-ci ildə hazırlanıb. Elə həmin vaxt Bakı şəhər İcra Hakimiyyətinin qərarı ilə “Gənclər şəhərciyi” layihəsinin reallaşdırılması üçün Hövsan qəsəbəsində 3 hektar pulsuz torpaq sahəsi ayrılıb. Bundan sonra nazirliyin hazırladığı layihə icra olunmaq üçün eyni vaxtda bir neçə tikinti şirkətinə təqdim olunub. Layihəyə əsasən, ərazidə tikiləcək çoxmərtəbəli yaşayış binalarına qaz, işıq və su xəttini çəkilişini dövlət öz üzərinə götürür. Əvəzində binanı tikən şirkət oradakı mənzillərin 30 faizini Gənclər və İdman Nazirliyinə verməlidir. Yerdə qalan mənzilləri isə tikinti şirkətləri özləri müqavilə əsasında gənc ailələrə sata bilər. Bu zaman həmin şirkətə satış qiymətlərini müəyyənləşdirməkdə və alıcılarla digər şərtlərdə sərbəstlik verilir.

Nazirlikdə deyirlər ki, tikinti şirkətləri bu təklifləri qəbul edəcəyi təqdirdə orada inşa olunacaq evlərin 30 faizə qədəri bazar qiymətlərindən aşağı qiymətə gənc ailələrə satmalı idi. Üstəlik həmin evlərin güzəştli şərtlər əsasında, yəni aşağı faizlərlə uzun müddətə kreditə verilməsi də nəzərdə tutulurdu. Layihədə üstün şərtlərdən biri isə “Gənclər şəhərciyi”ndən kreditlə mənzil alan şəxslərdən ilkin ödənişin tələb olunmamasından ibarətdir.

Gənclərə 15-20 min manata mənzil
Nazirliyin hesablamalarına görə, tikinti şirkətləri layihəni qəbul etsəydi, bazar qiyməti ilə 50 min manatlıq mənzil gənclərə 15-20 min manata başa gələcəkdi. Həmçinin gənclər üçün şəhərcik tikən şirkətin də bu layihədən qazanmaq şansları yüksəkdir. Layihə müəlliflərinin fikrincə, layihəni reallaşdıracaq tikinti şirkətlərinin şəhərcik üçün torpaq sahəsinə, qaz, işıq və su xəttinin çəkilməsinə tələb olunan xərclərdən azad edilməsi onların maliyyə məsrəflərini əhəmiyyətli şəkildə azaldır.

Buna baxmayaraq, tikinti şirkətlərindən heç biri bu layihəni reallaşdırmağa razı olmayıb. Maraqlıdır ki, Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclər şəhərciyi” layihəsinin hansı şirkətlərə təqdim edildiyi açıqlanmır. Yalnız ümumi şəkildə bu layihənin reallaşdırılması üçün 2 il ərzində sərasər aparılan çalışmaların, sponsor axtarışlarının nəticə vermədiyi bildirilir.

Tikinti şirkətləri nazirliyi təkzib edir

Məsələ ilə bağlı ölkənin ən tanınmış tikinti şirkətlərinin bir neçəsi ilə əlaqə saxladıq. Məlum oldu ki, gənclər və İdman Nazirliyi tərəfindən “Gənclər şəhərciyi” layihəsi ilə bağlı onlara heç bir təklif olunmayıb. Rəyini öyrəndiyimiz şirkətlərdən ikisi “Şəfəq” MTK və ANT İnşaat şirkətində bildiriblər ki, gənclər və İdman Nazirliyi “Gənclər şəhərciyi” layihəsini onlara təqdim etsəydi, onun həyata keçirilməsində iştirak edə bilərdi.

“Akkord” Şirkətlər Qrupunun mətbuat xidmətinin rəhbəri Afaq Quliyeva isə Gənclər və İdman Nazirliyinin bu layihəsindən yalnız şifahi şəkildə xəbərdar olduqlarını bildirib: “O vaxt bu barədə müəyyən söhbətlər vardı. Amma sonradan proses dayandı, bu istiqamətdə konkret bir söz deyilmədi. Gənclər və İdman Nazirliyindən demişdilər ki, layihə guya, “Akkord” Şirkətlər Qrupuna da təklif olunub, bəyənilməyib. Amma bunların hamısı yalandır, belə şey olmayıb, bizə bu barədə heç bir rəsmi müraciət edilməyib”.

Afaq Quliyeva deyir ki, belə layihələrin özəl tikinti şirkətlərinə təqdim olunmasının qaydası var və həmin qaydalara əsasən, sifarişçi tərəf layihəni rəsmi qaydada şirkətə təqdim etməlidir: “Amma bizə rəsmən nə belə müraciət daxil olub, nə də layihə təqdim edilib”.

O ki qaldı “Akkord”un bu layihəni həyata keçirməkdə maraqlı olub-olmamasına, şirkətin nümayəndəsi bunun layihədə nəzərdə tutulan şərtlərdən asılı olduğunu deyib. Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyi “Gənclər şəhərciyi” layihəsini rəsmi şəkildə onlara təqdim etsə, şirkət şərtlərlə tanış olduqdan sonra mövqeyini bildirər: ”Əvvəlcə layihə təqdim olunmalı və şərtlərin nədən ibarət olduğunu bilməliyik. Bundan sonra şərtlər müzakirə olunmalıdır, bundan biləcəyik ki, layihə üçün maliyyə yetərlidir, yoxsa yox. Ola bilər ki, bizim özümüzün də hansısa təkliflərimiz var. Hər halda biz imkan daxilində belə layihələrin həyata keçirilməsində köməyimizi əsirgəmərik”.

“Zəmanət verilsə, layihə reallaşar”
“Dəbdəbə” MTK-nın sədri Eldəniz Əzizov da Gənclər və İdman Nazirliyinin “Gənclər şəhərciyi” layihəsindən xəbərsiz olduğunu deyir. Onun sözlərinə görə, indiki şəraitdə bu layihənin reallaşdırılması yalnız bir halda mümkündür gərək dövlət özü orada tikiləcək mənzillərin yüz faiz satılacağına təminat versin. Çünki tikinti şirkətinin marağı yalnız ona qalan 70 faiz mənzilin satılması məsələsidir. Dövlət buna zəmanət verərsə, şirkətlərin çoxu həmin şərtlər daxilində bu layihəni reallaşdırar.

Şirkət rəhbəri bildirib ki, layihənin müəllifi öz təkliflərini reallaşdırmaq üçün daha ciddi addımlar atarsa, gələn il “Gənclər şəhərciyi” nin inşasına başlamaq olar: “Amma bunun üçün ortada konkret təkliflər olmalıdır. Bu təklifləri dəyərləndirdikdən sonra tərəflərin öhdəlikləri rəsmiləşdirilməli və iş də əsasında aparılmalıdır”.


Eldəniz Əzizov tikinti şirkətlərinin “Gənclər şəhərciyi” layihəsinə maraq göstərməməsinin bir səbəbini də ayrılmış torpaq sahəsinin uzaqda yerləşməsi ilə əlaqələndirir. Onun sözlərinə görə, şəhərin mərkəzində tikilən binaların boş qaldı indiki dövrdə gənclər üçün Hövsanda tikiləcək mənzillərin məskunlaşdırılması xeyli çətin olacaq: “İndi şəhərin mərkəzində mənzilin kvadratmetrini 500 manata sata bilməyən tikinti şirkətləri Hövsandakı evləri neçəyə satacaq?”

Sahibkar hesab edir ki, hökumət tikinti şirkətləri üçün bəzi yumşaldıcı tədbirlər görsə, “Gənclər şəhərciyi” layihəsinə maraq bir qədər arta bilər. O, yumşaldıcı tədbirlərdən biri kimi tikinti şirkətləri üçün vergi dərəcələrinin aşağı salınmasını daha məqsədəuyğun sayır.

Son söz yerinə

Beləliklə, bir neçə tikinti şirkətinin nümayəndələri ilə söhbətdən məlum olur ki, Gənclər və İdman Nazirliyi “Gənclər şəhərciyi”nin reallaşması istiqamətində real iş görməyib. Hətta bu layihənin tikinti şirkətlərinə təqdim edildiyi barədə rəsmi açıqlamalar da təsdiqini tapmır.

Belə olan halda maraqlı sual ortaya çıxır: Gənclər və İdman Nazirliyi özünün hazırladığı “Gənclər şəhərciyi” layihəsinin reallaşmasında nə dərəcədə maraqlıdır? Bu məsələdə tikinti şirkətlərinin günahlandırılması yeganə çıxış yoludurmu? Müəllimlər, həkimlər, hətta Milli Məclis üçün dəbdəbəli, füsunkar binalar ucaldan tikinti şirkətləri kasıb və imkansız gənclərə münasibətdə niyə fərqli davranır? Ümumiyyətlə, bu davranış ümumiyyətlə, tikinti şirkətlərindənmi gəlir?

Cavabı bəlli bu sualları ətraflı izahat vermək həvəsində olanlara öz sözünü demək üçün əlavə imkan yaratmağa hazırıq.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1397

Oxşar yazılar