Ağlınıza sağlıq!
Əziz oxucu!
Son günlərin əsas müzakirə predmeti, sözsüz ki, “donuz qripi” mövzusu olub. Daha doğrusu, donuz və ya qrip yox, bu iki məfhumun birlikdə Azərbaycana gəlməsi gündəmin ən aktual məsələsinə çevrilib. Əhalinin söhbətinə daha çox fikir verdikcə anlayıram ki, qorxu və ehtiyat hisləri artıq yavaş-yavaş kulminasiyaya doğru irəliləyir. Lakin hələ buna çox var (Allah qorusun!).
Amma maraqlısı odur ki, Azərbaycanda hələ də “donuz qripi” təhlükəsinin epidemiya həddinə çatması ehtimalına bir çoxları barmaqarası baxır (ümumiyyətlə, baxırsa). Günü-gündən Bakıda maskalı adamların sayı artır. Bunların arasında Qərb texnologiyasına əsaslanan ehtiyatı əldən verməyən və həddindən artıq pandemiyadan qorxan vətəndaşlarımız var. Lakin üzü maskalıları küçələrdə görüb gülüşənlər də az deyil.
Sözün düzü, mən özüm də maskası olmayanlardanam, amma ehtiyatla davranan insanlara həmişə “tolerantlıqla” yanaşmışam. Ən azı geyim seçimində hamı sərbəstdir, söhbət sağlamlığa gəlib çatanda – ümumiyyətlə, müdaxilə etməyə heç kəsin haqqı yoxdur. Unutmayaq ki, maskanın (qoruyucu) bir ucu gedib etikaya çıxır.
Amma məsələni uzatmaq istəmirəm. Dərd ondadır ki, mənim kimi minlərlə maskasız insan qalıb, amma könüllü deyil, həmin parça cunanın apteklərdə tapılmaması səbəbindən. Qəribədir, bu maskanı əvvəllər yalnız “medsestraların” üzündə görürdük və tələbat yüksək olmadığına görə, satış qiyməti də təxminən 10-20 qəpik olub. Lakin son günlər ərzində əhalinin apteklərə kütləvi axını əməlli-başlı maska qıtlığı yaradıb ölkədə. Apteklərin bəzisi maskaların depolarda qalmadığını deyir, digərləri isə fürsətdən istifadə edib qiymətləri 5-10 qat artıraraq, maskanın birini hətta 1 manata satmağa müvəffəq olurlar. Afərin bu millətin sahibkarlıq bacarığına!
Yaxşı, bəs onda, kinomuzda deyildiyi kimi, bu “Allahın xoşuna gəlməyən heyvan”ın adını daşıyan bədnam xəstəlikdən özünü qorumaq istəyən insanlar neyləsin?! Səhiyyə Nazirliyinin apteklər idarəsi süni qiymət artımına müdaxilə etmək fikrində deyil. Deyir ki, bazar iqtisadiyyatı və azad rəqabət şəraitində apteklərin sahiblərinə vahid qiymət diktə edə bilmərik, şikayətinizi ünvanlayın İqtisadi İnkişaf Nazirliyinə, daha doğrusu, Dövlət Antiinhisar Xidmətinə. Antiinhisarçılar isə bu vəziyyətin inhisarçılıq faktı olmadığını vurğulayır və yenidən şikayətçiləri göndərir Səhiyyə Nazirliyinə. Sözə bax e, inhisarçılıq! Səhiyyə Nazirliyinə demək lazımdır ki, bəhanə axtarmaqdansa Ümumdünya Səhiyyə Təşkilatına müraciət edib, vaksina əvəzinə Azərbaycana maska göndərsin. Çünki bu minvalla, iki nazirlik arasında get-gəl çox davam edərsə, nəinki “donuz qripinə” yoluxmaq, hətta virusu bu qurumların məmurlarına da ötürmək mümkündür. Qoy maska qıtlığı ümumi problem olsun!
Bəzən oturub düşünürəm ki, görəsən biz nədən bu dərəcədə problemlərə laqeyd yanaşan millətik?! Heç nəyə reaksiya vermirik. Deyəsən, həm məmurlar, həm də aptek sahibləri düşünürlər ki, virus onlara dəyməz. Heç inanmağım gəlmir ki, donuza aid virus ayrı-seçkilik etsin.
Allah rəhmət eləsin Hacı Baba Pünhana. Məclislərin birində o, üzünü tutub məclis iştirakçılarına bir sual verdi: “Reaksiya sözünün Azərbaycan dilinə tərcüməsi nədir?” Cavab verən olmadı. Hacı da hamını sakitləşdirdi: “Axtarmayın, onun tərcüməsi yoxdur, çünki bizim millətin ümumiyyətlə reaksiyası yoxdur!”
Hər bir məmura və aptek sahibinə sağlam düşüncə, millətə isə ani reaksiya arzusu ilə
Vüqar M.Mustafayev

586