Elşad Abdullayev: “Zəhmətimizi gözdən salmasınlar” - MÜSAHİBƏ
09 noyabr 2009 10:15 (UTC +04:00)

Elşad Abdullayev: “Zəhmətimizi gözdən salmasınlar” - MÜSAHİBƏ

Azərbaycan Beynəlxalq Universiteti (ABU) ilə bağlı söz-söhbətlər səngimir. Bu il ilk dəfə olaraq, universitetə tələbə qəbulu dayandırıldı. Bunun ardınca təhsil naziri Misir Mərdanov ABU-nun fəaliyyətində ciddi qüsurların olduğunu bəyan etdi. Nazir həm də elan etdi ki, nöqsanlar aradan qaldırılmayınca universitetə tələbə qəbuluna qoyulan qadağa götürülməyəcək. Bu yaxınlarda isə ABU-nun idman meydançasının söküləcəyi, ərazinin metro tikintisi üçün Bakı Metropoliteninə qaytarılacağı xəbəri yayıldı. ABU ilə bağlı ən sonuncu xəbər isə ürəkaçandır - universitet özünün 15 illik yubileyini qeyd etdi.

Bütün bunlara universiteti rektoru, hüquq elmləri doktoru, professor Elşad Abdullayevin Lent.az-a müsahibəsində aydınlıq gətirməyə çalışdıq. Onunla söhbətə 15 yaşını geridə qoyan universitetin keçən dövrü necə qiymətləndirməsindən başladıq:

- Universiteti geridə qalan dövrü o qədər də asan olmayıb. Bu yaşa çatmaq üçün çox əziyyətlər çəkmişik, universitetin yaradıcı və pedaqoji kollektivi çox zəhmətlərə qatlaşıb. Ötən 15 ili universitetdə quruculuq dövrü kimi qiymətləndirmək olar. O dövr universitetin quruculuq, yaradıcılıq və inkişaf dövrü olub. Bizim universitet keçid dövründə yaradılmış ilk özəl ali məktəb kimi yeni təhsil sisteminə keçid mərhələsində formalaşıb. Bu, o dövr idi ki, o zaman söhbət ənənəvi təhsildən yeni tipli milli təhsilə keçiddən gedirdi. Amma indi artıq dünyada böyük dəyişikliklər olub, qloballaşma prosesi gedir və belə hesab edirəm ki, bu şəraitdə təhsil artıq həm də beynəlxalq səciyyə daşıyır.

- Universitetin adındakı “beynəlxalq” sözü 15 illik fəaliyyətdə özünü doğruldubmu?

- Bizim 15 illik fəaliyyətimizdə ən uğurlu nəticələrimizdən biri beynəlxalq əlaqələr qura bilməyimizdir. Biz həqiqətən də Azərbaycanda beynəlxalq səviyyəli ali təhsil müəssisəsi yarada bildik. Azərbaycanda hansı universitetin rəhbərini dindirirsən, deyir ki, biz beynəlxalq əlaqələri belə qururuq, elə qururuq. Amma biz beynəlxalq əlaqəyə faktiki əlaqə kimi baxırıq, bu, real olmalıdır. Həqiqətən də sən bu ölkədə təhsillə bağlı nəsə iş görmüsənmi? Təhsildə həm faktiki, həm də hüquqi fəaliyyət beynəlxalq hüquq mənasında üst-üstə düşməlidir. Əks halda, bu, beynəlxalq əlaqə deyil. İndi dünyada universitetlərin reytinqlərinin qiymətləndirilməsi dəbdədir. Bu qiymətləndirmə hər şeydən əvvəl məzunlar arasında “Nobel” mükafatçılarının, dünyada tanınmış akademiklərin olub-olmaması ilə ölçülür. Əvvəllər meyar kimi universitetlərdə professorların, elmlər namizədlərinin sayı götürülürdü. İndi isə dövr dəyişib, tələblər də dövrün şərtlərinə uyğunlaşır. Bu baxımdan, universitetlərin də reytinqinin müəyyənləşdirmək üçün daha böyük meyarlar qoyulur.

- Yəqin həmin reytinqli universitetlərin arasında Azərbaycanın ali məktəblərindən heç birinin adı yoxdur...

- Azərbaycan müharibə vəziyyətindədir. Bizdə Boloniya prosesinə qoşulma hələ indi başlayır. Bu il “Təhsil haqqında” yeni qanun qüvvəyə minəndən sonra Azərbaycanın Boloniya prosesinə qoşulması hüquqi status aldı. Amma mən dünyanın hansı ölkəsinə gedirəmsə, orada universitetimizin məzunlarını görürəm. Bizim universitetin Moskva filialı var. Bu yaxınlarda Birləşmiş Ərəb Əmirliyində də filialımız fəaliyyətə başlayıb. Artıq bunun üçün Dubaydan lisenziya da almışıq. Biz üç il orada konsaltinq qaydasında fəaliyyət göstərmişik. İndi isə bizə Əmirlikdən rəsmi olaraq lisenziya və sertifikat verilib. Sankt-Peterburq Dövlət Universiteti və Moskva Dövlət Tibb Universiteti Əmirlikdə 10 il idi ki, işləyirdi. Amma nə sertifikatları var, nə də lisenziyaları. Bu kvotanı yalnız Azərbaycan Beynəlxalq Universiteti qazandı. Təkcə Təhsil Nazirliyinin 18 milyard dollarlıq büdcəsi olan bir ölkədə bu üstünlüyü qazanmaq asan məsələ deyil.

- Bu uğurlar baxmayaraq, Təhsil Nazirliyi universitetinizdə qüsurların olduğunu elan edir. Bu il universitetə tələbə qəbulu da dayandırıldı. Nə baş verir?

- Bizim 15 illik fəaliyyətimizin nəticəsizi özünü həm də tələbə qəbulunda göstərir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası hər il qəbul imtahanlarından sonra elmi-statistik təhlillər əsasında universitetlərin reytinq cədvəlini hazırlayır. Hansı universitetin rektorundan soruşsanız, deyəcək ki, bu sırada birinci yerdə biz dayanırıq. Amma “Abituriyent” jurnalının həmin cədvəllərin dərc olunduğu nömrələrinə baxsanız, hər şeyi özünüz görəcəksiniz. Məsələn, 1998-ci ildə reytinq cədvəlində ABU dövlət və özəl ali məktəblər arasında 11-ci, 1999-cu ildə 19-cu, 2007-ci ildə 22-ci yerdə olub. Heç həmin reytinq cədvəlində həmişə axırıncı yerdə olanlara söz deyən yoxdur. Futbol meydançasında top hansı oyunçunun ayağındadırsa, hamı onun üzərinə yüyürür. Amma bir məsələni heç vaxt yaddan çıxarmaq olmaz. İndi dünyada problemlər top-tüfənglə, süngü ilə yox, elmin və qələmin gücü ilə həll olunur. Kimin elmi güclüdürsə, söz sahibi odur. Ona görə də elmə, təhsilə dəstək verilməlidir. Bir neçə gün əvvəl dövlət başçısı Bakı Dövlət Universitetindəki çıxışında dedi ki, Azərbaycan müharibə vəziyyətindədir, büdcənin əsas hissəsi hərbi sahəyə yönəldilir, ikinci prioritet sahə isə təhsildir. Prezident bu sözü təsadüfən demir, bu, o deməkdir ki, biz elmlə, təhsillə qabağa getməliyik. Biz də bunun üçün çalışırıq. Bir professorumuz gedib Moskvada tələbələrə mədəniyyətimiz, tariximiz barədə danışırsa, bunun nəyi pisdir? Yaxud yaxın vaxtlarda ABU-nun nümayəndə heyəti Əmirliyə gedəcək, orada da eyni şeylər auditoriyalarda söyləniləcək. Bu əlaqələr özü də inkişaf deyilmi?

- Bəs, onda Təhsil Nazirliyi sizdən niyə narazıdır?

- İş olan yerdə hansısa çatışmazlıqlar olar. Amma elə universitetlər var ki, onların göstəriciləri ilə bizimkindən qat-qat aşağıdır. Lakin orada hansısa nöqsanların olduğu söylənilmir. Bir neçə gün əvvəl bizim universitetin yubileyinə Rusiya hökumətindən, Moskvadakı universitetlərdən təbriklər, ordenlər, fəxri fərmanlar göndərilib. Bu, Azərbaycan Beynəlxalq Universitetinə diqqət, hörmətdir. Amma universitetimizin 15 illik yubileyində buradakılardan mənə gətirib bir stəkan su verən oldumu? Yox! Bizdə Almaniyanın, Amerikanın, Rusiyanın, Türkiyənin, başqa xarici ölkələrinin məşhur universitetlərinin professorları, akademikləri tələbələrimizə mühazirələr oxuyur, dərs keçirlər. Azərbaycanda ilk dəfə distant təhsil də Azərbaycan Beynəlxalq Universitetində tətbiq olunub. Dünyanın ən tanınmış akademiklərindən biri, Rusiya Dövlət Təhsil Akademiyasının prezidenti Nikandov bizim tələbələrimiz üçün distant təhsil verir. Halbuki, onun mühazirələrinin çox baha olduğunun hamı bilir.

- Belə çıxır ki, sizin universitetin uğurlarına qısqananlar var?

- Vallah, qısqanclıqdır. Mən demirəm ki, problemlərimiz yoxdur, əlbəttə, müəyyən nöqsanlar var. Amma nəzərə almaq lazımdır ki, özəl universitet təcrübəsi Azərbaycanda yenidir. Cəmiyyətə dövlətə yararlılıq baxımından Azərbaycan Beynəlxalq Universiteti pis olsaydı, Birləşmiş Ərəb Əmirliyinin Təhsil Nazirliyi kvotasını bizə yox, Sankt-Peterburq Dövlət Universitetinə verərdi. Əmirliyin təhsil naziri Bakıya gəlmişdi, üç gün bizim universitetdə oturub, fəaliyyətimizlə maraqlandı. Sonra getdi Moskvadakı filialımıza da baxdı. O, Sankt-Peterburq Dövlət Universitetində və Moskva Tibb Universitetində də olmuşdu. Amma ABU-dakı vəziyyəti görəndən sonra dedi ki, kvotanı sizə verirəm. Hazırda Birləşmiş Ərəb Əmirliyində 58 universitet var, onlardan cəmi 11-i dövlətin idi. Orada bir universitetin illik büdcəsi 18-20 milyard dollardır. Hətta 50 milyard dollar büdcəsi olan universitetlər də var. Amma 11 dövlət universitetini özəlləşdirdilər ki, iqtisadi böhran şəraitində dövlətin vəsaitlərinə qənaət olunsun.

- Təhsil naziri deyib ki, Azərbaycan Beynəlxalq Universiteti nöqsanları adan qaldıracağı təqdirdə, gələn il onlara tələbə qəbuluna icazə veriləcək. Nədir o nöqsanlar? Onları aradan qaldıra bilmisinizmi?

- Mən neçə illərdir təhsillə məşğulam. Təkcə 30 ildir Bakı Dövlət Universitetinin professoruyam və bilirəm ki, tədris həmişə təkmilləşməlidir. Təkcə ABU-da yox, digər universitetlərdə də təkmilləşmə getməlidir. Hamı çalışmalıdır ki, bizim universitetlər də Almaniyadakı, digər ölkələrdəki kimi olsun. Bizdə uzun müddət inkişaf etməyə imkan verməyiblər. Amma dövr dəyişib, şərait yaranıb və biz dünya universitetlərinə inteqrasiya etməliyik. Təbii ki, bu yolda nöqsanlar, problemlər ortaya çıxır, cəmiyyətin müqaviməti ilə rastlaşırıq. Amma bu müqavimət qərəzli olmamalıdır. Mən bircə şey istəyirəm: zəhmətimizin üzərindən xətt çəkməsinlər, haqqımızı düzgün görsünlər. Mənim universitetim reytinq cədvəlində özəl universitetlər arasında birinci yerdə olub. İlk dəfə özəl universitetlər içərisində dövlət akkreditasiya qeydiyyatını da Azərbaycan Beynəlxalq Universiteti alıb. Bilirsiniz, dövlət akkreditasiyası nə deməkdir? Təhsilin keyfiyyətinə verilən ali dövlət sənədidir. Bunun mənası təhsildə keyfiyyət deməkdir. Həmçinin 2007-ci ildə “Təhsil üzrə Avropa keyfiyyət nişanını” da biz almışıq. Elə bunun ardınca da dövlət akkreditasiyasından keçdik. Akkreditasiyadan bir il yarım keçməmiş deyirlər ki, universitetdə təhsilin keyfiyyəti aşağıdır. Adam özü özünü təkzib edir.

- Hazırda diplom problemi ilə üzləşən məzunlarınızın sayı nə qədərdir?

- Bəli, bizim diplom almayan məzunlarımız var. Amma onların ümumi sayı heç də danışıldığı kimi yüzlərlə deyil. Olsa-olsa, 30-40 nəfər ola bilər. Ümumiyyətlə, bu problem bütün universitetlərdə var. Şəxsən mənim 5-6 qohumum var, nüfuzlu universitetlərin məzunlarıdır, amma hələ diplom almayıblar. Üç ildir gedib-gəlirlər, hələ bir şey yoxdur. Bizdə isə dövlət imtahanlarından bir ay sonra üstümüzü kəsirlər ki, tez bizə diplom ver. Hətta bəziləri dövlət imtahanına girməmiş diplom istəyir. Təbii ki, mən ona diplom verə bilmərəm. Dövlət imtahanında iştirak etməyən, təhsil haqqını ödəməyən tələbəyə mən necə diplom verim? Tələbə var ki, oxuduğu müddətdə təhsil haqqı ödəməyib, müəyyən sosial imtiyazlarını nəzərə alıb, möhlət vermişik. İndi görürük ki, səhv özümüzdədir. Çünki tələbə qəbulu qaydalarının 12-ci maddəsində var ki, ali məktəbə daxil olmuş abituriyent sentyabrın 1-dək təhsil haqqını ödəmədikdə onun nəticələri ləğv olunur. Amma biz buraxırıq, nəticədə belə vəziyyət yaranır. Lakin bizim diplom problemimiz artıq həll olunub. Kim vaxtında dövlət imtahanında iştirak edibsə, onların diplom problemi yoxdur. Dövlət imtahanını verməyənlərin isə problemi çox çətindir. Çünki dövlət imtahan komissiyasının sədrini təhsil naziri özü təyin edir. Məsələn, hüquq fakültəsi üzrə dövlət imtahanını Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov aparır. İmtahan vaxtı kim imtahanda iştirak edibsə, qiymətini alıb, gedib. İmtahan verməyənlər isə gəlib may ayında qeydiyyata düşəcək və imtahanı verib, diplomunu alacaq.

- Bu yaxınlarda universitetin ərazisinin bir hissəsinin Bakı Metropoliteninə məxsus olduğu barədə məlumat yayıldı. Universitetə torpaq sahəsi ayrılan zaman siz bunu bilirdinizmi?

- Əlbəttə, xəbərimiz olub. Həmin ərazi universitetin tədris korpuslarından xeyli kənarda yerləşir və idman meydançasının bir hissəsini tutur. O vaxt Bakı Metropoliteninin qanuni ərazisi olan bu sahə zibillikdən ibarət idi. Biz oranı tələbələrin və müəllimlərin köməyi ilə zibillikdən təmizlədik və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik ki, idman meydançası yaratmaq üçün oranı bizə versinlər. Razılıq verildi və biz orada müasir tipli idman meydançası tikdik. Biz bu stadionu tikəndə nəinki universitetlərin, heç Bakının özündə də Tofiq Bəhramov adına stadiondan başqa belə müasir və geniş idman meydançası yox idi. Ona görə də hər gün burada müxtəlif yarışlar, hətta əksər universitetlərin komandalarının oyunları keçirilirdi. Bununla belə, biz ərazini məmnuniyyətlə Bakı Metropoliteninə verməyə hazırıq. Çünki ərazi qanuni şəkildə bu idarənindir və burada yeni metro stansiyasının tikilməsi müəllimlərimizin, tələbələrimizin ürəyindəndir. Biz dövlətimizin Azərbaycan Beynəlxalq Universitetinin yaxınlığında metro tikmək istəyini alqışlayırıq və bu işə lazımi köməklikləri göstərməyə hazırıq.

- Bəs, universitetin idman meydançası necə olacaq?

- Bizim universitetin ərazisi genişdir, idman meydançasını başqa yerə köçürmək imkanımız var. İdman meydançasından başqa universitetin idman-sağlamlıq mərkəzi də var, yeri gəlsə, ondan da istifadə edəcəyik. Təki metro tikilsin və nə vaxt istəsələr, biz həmin ərazisini Bakı Metropoliteninə təhvil verəcəyik.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1465

Oxşar yazılar