Ölüm labirinti: azərbaycanlı zabit Əhməd şah Məsudu necə xilas etdi...
07 oktyabr 2009 10:00 (UTC +04:00)

Ölüm labirinti: azərbaycanlı zabit Əhməd şah Məsudu necə xilas etdi...

Əfqanıstan bataqlığı SSRİ-ni yola verdi, indi NATO-nun “üzərində işləyir”

Səkkiz il öncə beynəlxalq terrorizmlə mübarizə məqsədi ilə dünyanın ən fəqir ölkəsinə – Əfqanıstana qoşun yeridən NATO və ABŞ bu gün Hindiquş dağlarında gözlənilməz çətinliklərlə üzləşiblər. Talibanın və Üsamə bin Ladenin ardınca dağlara qalxan ABŞ hərbçiləri burada Vyetnamdakından da çətin durumda qalıblar.

ABŞ-ın Əfqanıstandakı qüvvələrinin komandanı general Mak Kristal da çətin vəziyyətə düşdüklərini bəyan edir. Amerikalı generalın sözlərinə görə, ABŞ, NATO və tərəfdaş ölkələr əlavə qüvvələr göndərməzlərsə, alyans və müttəfiqləri 20 il öncə SSRİ-nin düşdüyü vəziyyətə düşəcəklər.

Asiyanın mərkəzində, dağlıq regionda yerləşən Əfqanıstan ən kasıb ölkələrdən biri olmasına baxmayaraq, dünya siyasətində əsas yeri tutur. İranla Çini, Mərkəzi Asiya ilə Hindistanı, Pakistanla Çini birləşdirən bu region artıq 40 ilə yaxındır savaşlar içində yaşayır. 1979-cu ildə başlanan SSRİ işğalı 10 il davam etdi. 2001-ci ildə başlanmış NATO müdaxiləsi isə hələ davam etməkdədir.

Dünyanın ən geridə qalmış bir ölkəsinə havadan, qurudan, kosmosdan basqı yapan super güclərin nədən qalib gələ bilməməsi hələ də müzakirə olunmaqdadır.

Əfqanıstanda sovet ordusunun tərkibində xidmət etmiş Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun fikrincə, NATO və müttəfiqlərinin bu ölkədə nailiyyət əldə edə bilməmələri onların keçmiş sovet ordusunun səhvlərini təkrarlamaları ilə bağlıdır. Ötən ilin sentyabr ayında, bu dəfə müstəqil dövlətin nazir müavini kimi Əfqanıstanda səfərdə olduğunu deyən A.Əzimovun sözlərinə görə, hələ də müttəfiq qoşunları sovet ordusu kimi dinc sakinləri, kəhrizləri, infrastrukturu bombardman edir. və s. Ötən həftə Bakıda NATO ilə birgə keçirilən tədbirdə çıxışı zamanı nazir müavini Əfqanıstandakı vəziyyətə də toxunub. A.Əzimov hesab edir ki, Əfqanıstanda asayişin təmin olunması üçün NATO siyasətini dəyişməli, hətta Talibanla danışıqlara belə getməlidir. Digər tərəfdən, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər gücləndirilməli, mülki əhalinin bombalanmasına son qoyulmalıdır.

Əfqanlar nə düşünür?

Pərviz Səidi 1993-cü ildən Azərbaycanda yaşayır və Azərbaycan vətəndaşlığını 1994-cü ildə alıb. Sovet qoşunları 1979-cu ildə Əfqanıstana daxil olarkən onu alqışlayanlardan olub. Bir müddət Əfqanıstan Xalq Demokratik Respublikasının daxili işlər orqanlarında çalışan Səidi sonradan sovet əsgərlərinin əfqan xalqına qarşı törətdiyi qırğınları görərək mücahidlərlə əlaqə yaratmağa, onlarla işləməyə başlayıb. 1984-cü ildə onun mücahidlərlə bağlılığı üzə çıxdıqda ailəsini Kabulda buraxaraq Pəncşirə gedib və orada Əhməd Şah Məsudun başçılıq etdiyi mücahidlərə qoşulub. Pəncşir və Şindanda sovet ordusuna qarşı partizan əməliyyatlarında iştirak edib. 1993-cü ildən Azərbaycana köçmüş Səidinin sözlərinə görə, əfqan xalqı ilk günlərdən həm sovetlərə, həm də NATO-ya inansalar da sonrakı addımda hər iki blokun məqsədlərinin fərqli olduğunu gördü. Bu gün Əfqanıstanda yaşayan 20 milyondan artıq əhalinin böyük hissəsinin qonşu ölkələrdə qaçqın olduğunu deyən P.Səidi bildirir ki, ölkədə qalmış əhalinin sosial şəraiti yaxşı deyil. Üstəlik də onlar həm NATO, həm də Taliban yaraqlıları tərəfindən hücumlara məruz qalırlar.

Səidinin sözlərinə görə, bu gün Əfqanıstanın yenidən qurulması adı ilə ayrılan pullar ölkəyə daxil olmur. NATO işğalından sonra nə Kabildə, nə də regionlarda elə bir əhəmiyyətli müəssisə açılmayıb. Keçirilən tenderlərdə qalib gələn qərb şirkətləri bu vəsaiti yenidən öz ölkələrinə qaytarırlar: “Əgər bir insanın övladları gözləri önündə acından, və ya asayiş adı ilə gələn qüvvələrin bombardmanından ölürsə, o adam necə olmalıdır? Şübhəsiz ki, öz yaxınlarını itirdikdə həyat onun üçün heç nəyə çevriləcək və o da bu qüvvələrlə mübarizəyə qoşulacaq”.

Azərbaycan vətəndaşlığı almış digər əfqan Sərdar Davudi isə NATO-nun hansı yeni silahları tətbiq etməsinə baxmayaraq, əhəmiyyətli qələbə əldə edə bilməyəcəyini düşünür. Əfqanıstanda yaşayan bəzi xalqların Talibana qarşı olduqlarını xatırladan Davudi taliblərin əsasən puştunlar tərəfindən dəstəkləndiyini deyir. Amma Taliban əleyhdarları olan xalqların həm də NATO-dan narazı olduqlarını deyən Davudi hesab edir ki, Əfqanıstanda ortaq məxrəcə gəlməklə stabil dövlət qurmaq olar. Kral Zahir Şahın dövründəki kimi...

P. Səidi düşünür ki, müharibələrlə əfqanları sülhə məcbur etmək mümkün deyil: “NATO təyyarələri tərəfindən kəndlər bombalanır, yüzlərlə dinc insan ölür. Sonda bir quru sözlə üzr istəyirlər. Vəssalam. Təsəvvür edin, böyük bir qəsəbənin su təchizatı üçün 5-6 ilə qazılmış bir kəhrizin bombalanıb dağıdılması yerli əhali üçün nə deməkdir”.

Tora-Bora – əfqanların sığıncağı

Lent.az-ın söhbət etdiyi əfqanlar sovet ordusu ilə mübarizədə daha çox relyef üstünlükləri və əraziyə bələdçilikdən yararlandıqlarını deyiblər. Onların sözlərinə görə, dağların zirvəsində maskalanmış əfqan mücahidlər elə bu yüksəklikdən uçuş edən sovet vertolyotlarını sadəcə qumbaraatanla, özü də asanlıqla vurub məhv edirmiş.

Davudi 1979-1989-cu illərdə əfqan mücahidlərinin əsas sığınacaqlarının dağlardakı kilometrlərlə uzanan mağaralar olduğunu deyir: “Əfqanıstan dağlıq ölkədir. Tora-Bora adlı məşhur dağların altında kilometrlərlə uzanan, labirint mağaralar var. Əfqanlar tarix boyu təhlükələrlə üzləşdikdə bu mağaralara sığınıb. Tora-Boraya sovet əsgərləri belə girə bilmədilər. O da ola bu gün amerikan əsgərinə. Əfqanlar bu mağaraları, bu dağları yaxşı tanıdıqlarından NATO-nun təyyarələri, pilotsuz aparatları, əsgərləri nəylə silahlansalar belə aciz qalacaqlar. O vaxt biz köhnə ingilis tüfəngləri, Osmanlı altıaçılanı ilə heç bir itkisiz onlarla rusu birdən öldürə bilirdik”.

Davudi deyir ki, Tora-Boranın yüzlərlə giriş-çıxışı var. Sovet-Əfqan müharibəsində mücahidlər bu mağaraların dərinliklərində yaşamaq üçün bütün şəraiti yaradıblar. Hətta bəzi yerlərdə mağaralar təbii su ehtiyatları ilə təmin olunduğundan burada aylarla daldalanmaq mümkündür.

“O zaman biz orada əsir götürdüyümüz sovet əsgərlərini də saxlayırdıq. Bizimkilər rusları və digər sarı millətlərdən olanları əsir götürməz, yerindəcə öldürürdülər. Əsasən azərbaycanlı, qazax, özbək, qırğız və türkmənlərə dəyməzdik. Bilirdik ki onları bu müharibəyə zorla gətiriblər. Kəlmeyi-şəhadəti soruşardıq. Yaxud hansısa Allah deyərdisə onu buraxardıq”, - deyə Davudi bildirib.

Davudi onu da deyib ki, vaxtı ilə Tora-Borada saxlanılmış onlarla azərbaycanlı olub. Onlar özləri də oradakı saxlanma şəraitlərinin necə olduğunu deyə bilərlər.

Əfqan psixologiyası

Sovet ordusunun tərkibində Əfqanıstanda xidmət etmiş azərbaycanlı zabitlər də hazırda bu ölkədə tətbiq edilən sülhə məcburiyyət metodologiyasının sovetlərdən qaldığını, amma heç bir nəticə vermədiyini düşünürlər. Keçmiş sovet ordusunun zabiti Çingiz Əliyevin sözlərinə görə, əfqanlarla münasibət qurmaq, orada asayişi təmin etmək üçün ilk növbədə Əfqanıstanda yaşayan yerli əhalinin, millətlərin psixologiyasını bilmək lazımdır. Əks halda, NATO-nun SSRİ-nin gününə düşməsi qaçılmaz olacaq. Pəncşir və Şindanda döyüşlərin iştirakçısı olmuş Ç.Əliyev deyir ki, bir dəfə bombardmandan sonra kəndə daxil olanda aşmış “Niva” markalı maşın görür. Maşında iki kişi, bir uşaq və bir hamilə qadın varmış. Ruslar maşındakıları güllələyib öldürməyi təklif etsələr də azərbaycanlı zabit onları xilas etmək qərarına gəlir. Aşmış “Niva”nı BTR-ə qoşaraq çıxarır və əfqanları xilas edir. Deyir ki, üstündən iki gün keçdikdən sonra bir əfqan kəndlisi onu çağırır. Qarşısındakı qoyun sürüsünü göstərərək, ona hədiyyə göndərildiyini söyləyir. Məlum olur ki, hədiyyəni ona əfqan mücahidlərinin başçısı Əhməd Şah Məsudun “sağ əli” göndərib. Azərbaycanlı zabitin bir neçə gün əvvəl xilas etdiyi şəxslər Əhməd Şah Məsudun müavini və onun ailəsi imiş...

Rəşad Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1633

Oxşar yazılar