Burda bir səhv ölüm deməkdir... - REPORTAJ
24 iyun 2009 10:15 (UTC +04:00)

Burda bir səhv ölüm deməkdir... - REPORTAJ

Lent.az-ın əməkdaşı minaaxtaranlarla bir gün keçirdi

Müharibənin doğurduğu ən dəhşətli problemlərdən olan mina və partlamamış hərbi sursatlar Azərbaycanın min kilometrdən artıq bir hissəsində hər il onlarla insanın həyatına son qoyur, ən yaxşı halda əlilə çevirir. Minalara cəbhəyanı kəndlərdə demək olar ki hər addımda rastlaşılır.

Cəmi 22 yaşayış məntəqəsi Azərbaycan hökumətinin nəzarətində olan Füzuli rayonu mina və sursatların ən çox rast gəlindiyi ərazilər sırasında ilk yerdə dayanır. 1993-1994-cü illərin müdafiə və hücum əməliyyatları zamanı rayonun bir sıra ərazilərində minalardan istifadə olunub. Xəritəsiz, harda necə gəldi basdılırlmış bu minalar atəşkəsdən 15 il ötməsinə baxmayaraq, bu gün də aşkarlanır və ya qəfil partlayışlarla insanların həyatına son qoyur.

Doqquz il əvvəl isə rayonda Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən humanitar minatəmizləmə işlərinə başlanıb.

Mərmidən zibil qabı

ANAMA-nın Horadiz Regional Bazasına gələndə səhər saat 07 idi. Artıq minaaxtaranlar əməliyyat sahəsinə çıxmağa hazırlaşırdılar. Yeri gəlmişkən, xatırladım ki, həyatda “yalnız bir dəfə səhv edən” minaaxtaranlarla bir gün bir yerdə olub gördüklərimizi qələmə almaq məqsədi ilə bazaya gəlmişdik. Buradan sapyorlarla birlikdə əməliyyat ərazisinə çıxmalı idik.

Bazanın həyətində ilk olaraq hərbi sursatların dekorasiya məqsədi ilə istifadəsi diqqəti çəkir. Ətrafda qoyulmuş top mərmisinin gilizləri zibil qabını əvəz edib. İşıqlar isə minaatan mərmisinin gilizləri üzərində qurulub. Artıq öz təhlükəliliyini itirmiş, “ram edilmiş” bu sursatlar indi adi bəzək əşyasıdır.

Fürsətdən istifadə edərək əməliyyata hazırlaşan minaaxtaranlarla həmsöhbət oluruq. Çünki sahəyə çıxdılar, onlarla söhbətimiz alınmayacaq. Bütün diqqətini əməliyyata cəlb edən sapyoru söhbətə tutub fikrini yayındırmaq olmaz. Hər hansı səhv nəinki minaaxtaranın, elə özümüzün də həyatımızın sonu ola bilər. Allah uzaq eləsin, Bakıdan gedib Haramı düzündə mina partlayışından ölməyi heç kim istəməz.

Səhər işə başlamazdan əvvəl minaaxtaranların psixoloji durumu və işə hazırlığı qrup rəhbərləri tərəfindən yoxlanılır. Sapyorlardan biri kefsiz və yorğun göründüyü üçün qrup rəhbərinin göstərişi ilə bu günlük əməliyyatdan azad edilmişdi. Sapyorların qoruyucu geyimlərini və avadanlıqlarını yoxlayan qrup rəhbəri Habil Babayev bildirdi ki, səhər işə çıxan sapyorlar öncə təlimatlandırılır və onların psixoloji durumu qiymətləndirilir. Fikirdə olan, işə könülsüz gələn, kefsiz sapyorlar əməliyyat sahəsinə buraxılmır. Bunun da öz səbəbi var. Belə vəziyyətdə sapyor əməliyyat zamanı səhvə yol verə bilər.

Regional bazanın baş meneceri Tariyel Qəhrəmanov isə deyir ki, minaaxtaranların həyatlarında “cəmi bir dəfə səhv etmə” şansı nəzərə alınaraq işlər əvvəlcədən ehtiyatlı tutulur. “Təkrar biliyin anasıdır” prinsipini əsas götürən sahə və qrup rəhbərləri hər gün işə başlamazdan öncə ərazi barədə brifinq keçirir, sapyorlara təhlükəsizlik qaydalarını başa salırlar. Odur ki, biz də təhlükəsizliyimiz naminə sapyorlara qoşulub gedəcəyimiz sahə barədə məlumat alırıq.

On dəqiqəlik planlaşdırmanın ardınca əlüstü olsa da baza ilə tanış olmağa çalışırıq. Bazanın rəhbəri bildirir ki, minaaxtaranlar ən müasir avadanlıqlar, radiolokasiya qurğuları, detektorlar, “Bozena” markalı mexaniki minatəmizləyən maşınlar və minaaxtaran itlərlə təchiz olunublar. Sapyor heyətin bir qismi Füzulidən, qalanları isə müxtəlif regionlardandır. Yay vaxtları iş səhər saat 07:00-dan axşam saat 18:00-dəkdir. Yağmurlu, pis hava şəraitində isə minaaxtaranlar cəbhəyanı kəndlərlə mülki sakinlər arasında mina təhlükəsi ilə bağlı maarifləndirmə işləri həyata keçirir. Bazanın minaaxtaran və supervayzerlərinin əksəriyyətinin 9 illik iş təcrübəsi var və onlar müxtəlif əməliyyatlarda iştirak ediblər. Öyrəndiyimiz qədəri, bu günədək regional bazanın sapyorları öhdələrinə düşən işi tam təhlükəsiz və itkisiz yerinə yetiriblər.

“Sürpriz”li çöllər

Sapyorlarla birgə avtomobilə əyləşib, minalı sahələrə qalxırıq. Yol boyu söhbət etdiyimiz minaaxtaran Habil Babayev deyir ki, hərbi xidməti bitirəndən sonra iş axtara-axtara ANAMA-ya gəlib çıxıb. Düz 9 ildir sapyorluq edən Habil artıq peşəsinə bağlandığını və təhlükələrin onun üçün adiləşdiyini deyir: “Hər bir sahədə təhlükə var. Tikintidə də, hərbidə də, sürücülükldə də... Sapyor peşəsinin də öz marağı var. Bu təmizlədiyimiz ərazilərdə öz insanlarımız yaşayır. Bu günkü hər hansı diqqətçizlik beş-on il sonra öz övladlarımızın həyatına son qoya bilər”.

Sapyorlardan öyrənirik ki, işğaldan azad olunmuş ərazilərdə bütün növ hərbi sursatlara, tank və piyada əleyhinə minalar, OZM, müxtəlif çaplı artilleriya mərmiləri, qumbaralar, partladıcılar və güllələrə rast gəlinir. Ən çox rastlaşılan isə tank əleyhinə minalardır. Ötən həftə Alxanlı kəndində şum aparan traktor tank əleyhinə minaya düşüb. Odur ki, sapyorlar mənə də xəbərdarlıq edirlər: “Əraziyə nabələdsən. Ehtiyatlı ol!”

Sapyorların təmizləməyə başladığı sahə bir neçə kilometr enində üzü yoxuşa bir ərazidir. Ərazidə səyyar çadır qurulur, ambulans hazır vəziyyətdədir. Heç 10 dəqiqə keçməmiş sahələr bölünərək təmizlənməsi üçün sapyorlara verilir və iş başlayır.

Qeyd edim ki, sapyorların işi həddən artıq dəqiqlik tələb edir. Bir neçə saat tədbirdə qərar tuta bilməyən, xəbər ardınca qaçan jurnalistlər üçün bəzən kilometrlərlə ərazinin santimetr-santimetr yoxlanışı, sursat olmaması çox cansıxıcı görünə bilər. Bəzən də yoxlama zamanı 1 kvadratmetr ərazidə bir neçə mina və sursat da üzə çıxır ki, bu da jurnalistlərin dili ilə desək “sensasiyadır”.

Kənardan baxanda sapyorları arxeoloqlara da bənzətmək olar. Sapyor çox dəqiqliklə, diqqəti heç bir yerə yönəltmədən detektor və millə ərazini yoxlayır, bir partlayıcı aşkar etmədikdə irəliləyir. Mina və ya partlayıcı aşkarladıqda isə dərhal iş dayanır. Ərazini xüsusi işarələrlə əhatələnərək supervayzerlər çağrırlır. Minaların üzəri torpaqdan təmizlənir, daha sonra götürülərək kənarda, bəziləri isə elə yerindəcə zərərsizləşdirilir.
ANAMA-nın xüsusi tədqiqat qrupunun rəhbəri Fehruz Mahmudov deyir ki, sapyorlar tez-tez “sürpriz”lərlə qarşılaşırlar. Yəni mina basdırılarkən onun altında başqa bir mina və ya qumbara açıq vəziyyətdə qoyulur. Üstdəki mina yoxlanılmadan götürüldükdə altdakı “sürpriz” partlayır. Ona görə də hansı minanın altında “sürpriz” olduğu aşkarlanırsa, elə yerindəcə partladılır. Sapyorun yalnız mina və ya PHS-in yerini aşkarladığını deyən F.Mahmudovun sözlərinə görə, minaaxtaranlara minanı götürmək və zərərsizləşdirmək icazəsi verilmir. Təhlükəsizlik nöqteyi nəzərindən bu işlərlə yalnız ayrı qrup məşğul olur.

Bir dəfə səhv etmə şansı

Sahədə bizə tez-tez təhlükəsizlik qaydalarını xatırladırlar ki, xəbər dalınca qaçıb bu ərazidəki minaları unutmayaq. Şübhəli, işarələnmiş əraziyə daxil olmağım isə qəti qadağan olunub. Regional bazanın meneceri T.Qəhrəmanovun sözlərinə görə, minaaxtaranlar üçün təhlükəsizliyin təmin olunması “hər şey” deməkdir. Əksəriyyətinin 9 ildir əməliyyatlarda iştirakına baxmayaraq, sapyorların təhlükəsizlik qaydalarına riayət etmələrinə bütün əməliyyat prosesi ərəfəsində nəzarət olunur.

“Bunun nəticəsidir ki, 9 ildə heç bir xoşagəlməz hadisə baş verməyib”, - deyən T.Qəhrəmanov yalnız 2001-ci ildə, yeni işə başlayan bir sapyorun mina partladıcısını icazəsiz götürməsi nəticəsində əlil olduğunu bildirir. Partladıcının (zapal) partlayışı nəticəsində sapyor əl barmaqlarını itirib.

Mina partladıcısına diqqətlə baxdığımı görən sapyorlardan biri zarafatla “ehtiyatlı olun. Klaviatura ilə işləmək üçün barmaq lazımdır”, - deyir.

Etiraf etməliyəm ki, bir yandan Haramı düzündə adamı yandıran günəşin istisi, digər tərəfdən indiyədək heç harda rastlaşmadığımız xırdaçıl iş, dinib-danışmadan işləyən sapyorlar, tez-tez yeri silkələyən mina partlayışları məni sıxmağa başladı. Arabir fasiləyə çıxan sapyorlar iş qaydalarından da danışırdılar. Kəşfiyyat qrupunun rəhbəri Rafiq Əsədovun sözlərinə görə, təmizlənmiş on hektarlarla sahədə kiçik bir dəmir parçasına da rast gəlmək mümkün deyil. Dəmir hissəciklər yoxlama zamanı dərhal detektorlar tərəfindən təyin edilir. Bu da öz növbəsində işi xeyli ləngidir. Odur ki, iş prosesi ərəfəsində aşkarlanan dəmir hissəciklər toplanaraq ərazidən kənara daşınır. Həmsöhbətimiz deyir ki, sapyor sahəyə daxil oldusa, işindən savayı heç nə düşünmədən işinə başlayır. “Qəfil mina partlayacağı”, və yaxud “partlayış nəticəsində ölə biləcəyi” barədə düşünmək olmaz. Yoxsa, sapyor belə fikirlə düz minanın üstünə çıxa bilər.
Sapyorlardan biri deyir ki, çörəyi bu minadan çıxdığından minanı sevir: “Başqa tərəfdən hər mina bir insanın həyatıdır. Bir minanı çıxaranda sevinirəm ki, bir insanın həyatını xilas etmişəm”.

Sapyorlar arasında vaxtı ilə döyüşlərdə iştirak etmiş, yaxud orduda istehkamçı olmuş insanlar da var. T.Qəhrəmanov deyir ki, hərbi sapyorlarla ANAMA minaaxtaranları arasında müəyyən fərqlər var. Belə ki, döyüşlərdə iştirak etmiş insanlar təcrübəli olsalar da, təhlükəsizlik qaydalarını riayət baxımdan onlarda problemlər olur.

Dördayaqlı minaaxtaranlar

Ərazidə minaların axtarışı işlərinə 30-dək itin cəlb olunması da diqqəti çəkir. Müxtəlif cinslərdən olan bu itlər ayrıca bir qrupun nəzarəti altında minaların yerini aşkarlamaqla məşğuldur. Minanı və sursatları iyinə əsasən tapan bu itlər əsasən Bosniya, Danimarka, Hollandiya və ABŞ-dan alınıb. Ən müasir detektorlarla eyni dəqiqliklə işləyən bu canlılar bazada xüsusi şəraitli “domik”lərdə saxlanılır. Minaaxtaran itlərlə işləyən qrupunun rəhbəri Ramazan Heydərov deyir ki, itlərin sahənin çirklənmə dərəcəsindən asılı olaraq axtarış əməliyyatlarında payı 80%-ə yaxındır. Təxminən 6 il əməliyyatlarda iştirakdan sonra itlər “təqaüdə” göndərilir.

“Aparılan əməliyyatlar göstərdi ki, itlərin minatəmizləmədə böyük rolu var”, - deyən R.Heydərov itlərin təhlükəsizlik qaydalarına “riayət etdiklərini” də vurğulayır: “Bu itlər kiçik vaxtlarından TNT-yə öyrədilir. Sahəyə buraxıldıqda onlar partlayıcını iyi ilə tapırlar. Hələ ki, bu günədək minaya düşüb partlayan itlərimiz olmayıb”.

Minadan da təhlükəli ilanlar

Arada sapyorların darıxdırıcı və bizim o qədər də yaxşı anlamadığımız işlərini seyr etməkdən yayınıb, səhər sapyorlarla bir yerlə sahəyə çıxan ambulansa yaxınlaşırıq. Ambulansda ilkin tibbi yardım üçün hər şey var: xüsusi qabda qanı laxtalatmaq üçün buz, yaranı sıxmaq üçün rezin, ağrıkəsici iynələr və s. Bir qabda isə zərdab saxlanılır. Regional bazanın həkimi Azər Məmmədovun sözlərinə görə, əməliyyat sahələrinin bir hissəsi Haramı düzündə olduğundan ərazidə sapyorlar tez-tez əqrəb sancmaları ilə üzləşirlər. Ərazidə ilan, xüsusilə də zəhərli gürzələr də çoxdur. Həkim deyir ki, bu ərazilərdəki gürzələr və əqrəblər elə minanın özü qədər təhlükəlidir: “İlan və əqrəb hücumları minadan daha təhlükəlidir. Odur ki, işimizi ehtiyatlı tuturuq. Bəzən sapyor sursatı qaldıranda onun altından ilan çıxır. Hər şey ola bilər”.

Yenidən baza

Bəxtimiz gətirib deyəsən. Yarım iş günü olduğundan sapyorlar işlərini günorta saat 14:00-da başa çatdırıb, bazaya qayıdacaqlar. İşin başa çatmasına bir saat qalmış sapyorlar yoxlanışı dayandırıb, ərazini işarələyir, gün ərzində təmizlədikləri sahəni təkrar yoxlamağa başlayırlar. T.Qəhramanov deyir ki, hər gün sapyor bu qaydada, işin qurtarmasına 1 saat qalmış təmizlədiyi ərazini təkrar yoxlayır. Bundan sonra həmin ərazi qrup rəhbəri, daha sonra ANAMA-nın monitorinq qrupu tərəfindən ümumilikdə 4 dəfə yoxlanıldıqdan sonra təhlükəsiz olması barədə rəy verilir.

Bosniya və Hersoqovinada təlimlərdə iştirak etmiş Ramazan Heydərov isə bu Azərbaycan və Bosniyanın minatəmizləmə təcrübəsini müqayisə edir. Ramazanın sözlərinə görə, Bosniyada ərazi sahibinin sifarişi əsasında minaaxtaran təşkilat tərəfindən təmizlənilir. Sahə təmizlənəndən sonra sapyorlar həmin ərazidə maşınla bir neçə ziqzaq gediş edir. Bununla da işlər bitmiş sayılır. Əgər kim yerinin tam təhlükəsizliyinə əmin olmaq istəyirsə, ödəniş əsasında xüsusi monitorinq qrupunu çağıraraq təkrar yoxlatdıra bilər.

Günün sonu. Axtarış işləri başa çatır və biz də sapyorlara qoşulub geri qayıdırıq. Avadanlıqlarını toplayıb maşına yığan sapyorlar Allaha şükr edib bazaya dönürlər. Bu günü də belə, səhvsiz yola verdiyimizə sevinirik. Amma geridə hələ minadan təmizlənməmiş böyük sahələr qalır.

Rəşad Süleymanov
Bakı-Horadiz-Bakı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2005

Oxşar yazılar