Cərimə batalyonunda bitən qəhrəman ömrü
22 iyun 2009 18:00 (UTC +04:00)

Cərimə batalyonunda bitən qəhrəman ömrü

İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun anadan olmasından 90 il, onun qəhrəman olduğu müharibənin başlamasından 68 il ötür
1941-ci ilin dekabrında Novqorod yaxınlığında misilsiz şücaət göstərliyinə görə, azərbaycanlılardan ilk dəfə olaraq Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş İsrafil Məmmədovun anadan olmasından 90 il ötür. İkinci dünya müharibəsinin başlanmasının ildönümü günündə həmin müharibənin qələbəylə bitməsində xüsusi xidməti olmuş Azərbaycan övladını bir daha xatırlamaq və xatırlatmaq istədik.
İ.Məmmədovun 27 illik həyatı Azərbaycanın unikal şəxsiyyətlər beşiyi olmasının daha bir əyani sübutudur. Azərbaycanlıların “etibarsız millətlər” siyahısına salındığı illərdə Sovet İttifaqı Qəhrəmanı adını qazanan, sonra bu uca titulu belə öz vicdan borcu uğrunda qurban verməyə hazır olduğunu sübut edən, cərimə batalyonuna düşməyi öz həyat dəyərlərinə xəyanət etməkdən ustün tutan bu qeyrətli Azərbaycan OĞLUnun haqqında məlum və gizli həqiqətlərin bir qismini bu yazıya toplamaq üçün qəhrəmanın Gəncədəki ev muzeyində olduq, onu yaxından tanıyanlarla görüşdük.
Qəhrəmanlığın ilkin təzahürləri
İsrafi Məmmədov 30 may 1919-cu ildə, Şəmkirin qapanlı kəndində anadan olub və kiçik yaşlarından Gəncə (o zamankı Kirovabad) şəhərində yaşayıb. Gəncə 1 saylı orta məktəbini, sonra Sənaye Texnikumunu bitirib. 1939-cu ilin mayında könüllü olaraq hərbi xidmətə gedib. Xidmət etdiyi hərbi hissə faşistlərin Moskva istiqamətində hücumunu Novqorod vilayəti ərazisində qarşılayıb. Döyüşün ilk günlərindən komandirləri İsrafilin qəhrəman xislətindən yəqin ki, xəbər tutmamış deyildilər. Amma o illərdə bir çox millətlər kimi azərbaycanlılara da Sovet Ordusunda etibar etmir, onları xüsusi əhəmiyyətli əməliyyatlardan kənar edir, hər birinin üzərinə slavyan mənşəlilərdən nəzarətçı qoyurdular. Bu inamsızlıq buzunu ilk dəfə sındıran məhz İsrafil Məmmədov olub. 1941-ci ilin soyuq payızında Leninqrad Dövlət Ermitajının zirzəmisində Nizami Gəncəvinin 800 illik yubiley mərasimini qeyd etməyə toplaşan sovet şair və yazıçılarının mühafizəsinə cəlb edilən əsgərlər arasında İ.Məmmədovun olması faktı da bunu göstərir.

Qəhrəmana meydan verən ölkə onun vətənidir
(Qəhrəman Virvar, “Kəlilə və Dimnə” personajı)
İsrafil əsl qəhrəmanlığı Novqorod vilayətinin Pustinko kəndinin müdafiəsi zamanı göstərib. 1941-ci ilin oktyabrında kəndi mühasirəyə alan almanlar buradakı sovet qüvvələrini dinc əhali ilə birlikdə güllə sərf etmədən, aclıqla məhv etmək planı qurub. İsrafilin aid olduğu hərbi hissənin komandirləri kəndin bir tərəfindəki bataqlığın bir qədər donmasını gözləyib və dekabrın əvvəlində buradan hücuma keçərək mühasirəni yarmaq istəyiblər. Amma faşıstlər bunun baş verə biləcəyini əvvəldən bildikləri üçün onları sərt qarşılayıblar. Nəticə sovet əsgərləri üçün ağır olub. İsrafil komandirlərin əksəriyyətinin həlak olduğunu, tezliklə bütün hərbi hissənin məhv olacağını duyaraq, komandanlığı ələ alıb. O, sağ qalan əsgərlərə bütün ölənlərin patronlarının onun yanına toplanması əmrini verib, özü isə fağıstlərlə təkbaşına döyüşə girib. İsrafilin sərrast atıcı olduğunu bilən, onsuz da ayrı çarələrinin olmadığını görən əsgər yoldaşları onun əmrlərini dərhal yerinə yetirməyə başlayıblar. Hətta az-çox imkanı olan yaralılar da onun patron və silahla təchiz olunmasına kömək etməyə çalışıb. 24 saatdan sonra onun köməyinə gələn qonşu alayın komandirləri əldən düşmüş, saysız itki vermiş almanları asanlıqla geri oturda biliblər. Meydanda qalan faşıst meyitlərindən 73-nün məhz İsrafilin gülləsindən öldüyünü, bu döyüşdən məhz onun sayəsində qalib çıxmalarını etiraf etməli olan komandanlıq azərbaycanlılar arasından ilk dəfə olaraq onu 11 dekabr 1941-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüb. Bundan sonra azərbaycanlıların adı etibarsız millətlər siyahısından silinib.
Rus gözəli Evdokiya
1942-ci ildə yenə Novqorod vilayəti ərazisindəki ağır döyüşlərdən birində yaralanan İsrafilin həyatını yerli sakinlərdən olan gənc tibb bacısı Evdokiya xilas edib. İgid Azərbaycan oğlunun qəhrəman xislətinin vurğunu olan Evdokiya onun yaralandığını görən kimi, öz həyatını təhlükə altına ataraq, güllə yağışının altına şığıyıb. O, İsrafili çox çətinliklə təhlükəsiz yerə çıxararaq, ona tibbi yardım göstərib və gecə yarıyadək yanını tərk etməyib. Sonra isə İsrafili hospitala çatdırıb. Səhərə yaxın evinə dönmək istəyərkən Evdokiya İsrafilin ağır yaralı olmasına baxmayaraq çarpayıdan qalxıb onun arxasınca gəlməyə cəhd etdiyini görüb. O, geri qayıdaraq İsrafilin yenidən çarpayıya uzanmasını təkid edib. Bu zaman onların arasında maraqlı bir dialoq olub.
İsrafil ona:
- Bizdə kişilər sizin kimi zərif xanımları gecə tək yola salmırlar, sizi otağınızadək ötürmək istərdim, - deyib.
Evdokiya:
- Mən hər yerə sizin müşaiyətinizlə getmək istərdim. Amma öncə siz sağalmalısız – deyə, ona olan münasibətini gizlətməyib.
Bu sözdən sonra İsrafil Evdokiyaya sağ qalacağı halda onunla evlənəcəyini vəd edib.
1942-ci ildə İsrafil 3-cü dəfə yaralanıb və bundan sonra komandnlıq onun tərxis olunması barədə əmr imzalayıb. Israfil sağaldıqdan sonra Evdokiyaya verdiyi vədi gerçəkləşdirmək üçün onu arayıb. Evləniblər. Dövlətdən hədiyyə olaraq aldığı Gəncənin M.Abbaszadə küçəsindəki evdə yaşayıblar. Əkiz qızları Qalina və Svetlana atalarının üzünü çox qısa müddətdə görə biliblər.
Qəhrəman adının gerçək möhürü
İsrafilin müharibə illərindəki Gəncə həyatı buradakı hərbi rejimin yerli əhaliyə qarşı amansız münasibətiylə mübarizəyə həsr olunub. Bu mübarızə insanların qəhrəmanlıq haqqındakı təsəvvürlərində dəyişiklik etməyə qadir hadisələrlə zəngindir. İsrafil sübut etdi ki, qəhrəmanlıq dövlətin verdiyi kağız üzərindəki möhürlə yox, insanın əməlləriylə sübut olunan bir xislətdir. İ.Məmmədovun Gəncədəki ev muzeyinin müdiri Eldəniz Babayev qəhrəmanı şəxsən tanıyan və yaxşı xatırlayan qocalardan eşıtdiyi hadisələrdən bəzilərini Lent.az-a da danışdı.
Müharibə illərində bütün keçmış SSRİ şəhərləri kimi Gəncəni də hərbi komendantlıq idarə edib. Əsasən ruslardan ibarət rejim yerli əhaliyə yuxarıdan aşağı baxaraq, onları istirahət obyektlərinə buraxmırmış. Məsələn, Xan Bağına girən azərbaycanlılar oradan mütləq döyülüb qovulurmuş. İsrafil yerli əhalidən ilk dəfə olaraq oraya girməyə cəhd edib. Qarşısını kəsən 6 nəfərlik mühafizə dəstəsinin zorakılığa əl atması qəhrəmanı hövsələdən çıxarıb və onların hamısını döyərək bağa daxil olub. Bundan sonra isə bütün yerli sakinlərin məhdudiyyətsiz bağa girməsi haqqında rəsmi qərarın verilməsinə nail olub.
Şahidlərdən biri İsrafilin onun həyatını xilas etdiyini deyir. O, 12 yaşlı uşaqmış. Xan Bağına girmək qadağasının götürüldüyünü eşıdərək, sevinib və oraya daxil olmaq istəyib. Əsgərlər onu buraxmayıb və döyüblər. İsrafil hadisəni eşidən kimi özünü xan Bağına çatdırıb. Nankor əsgərlərin cavabını layiqincə verdikdən sonra uşağı qucağına alaraq xəstəxanaya çatdırıb. Bundan sonra İsrafili özlərinə düşmən görən hərbi rejimin rəhbərləri ondan şikayət etməyə başlayıblar və sonda cərimə batalyonunun tərkibində yenidən cəbhəyə göndərilməsinə nail olublar. İsrafil tərəddüd etmədən bu qərarla razılaşıb. Cəbhədə yeni qəhrəmanlıq faktlarına imza atıb. 4-cü dəfə yaralanıb. 1 may 1946-cı ildə Rusiyanın Yalta şəhərindəki hərbi hospitalda dünyasını dəyişib. Qəbri Xan Bağındadır. Onun yadigarları olan əkiz qizları Qalina və Svetlana hazırda Novqorodda yaşayırlar. Yaxın qohumlarından isə Gəncədə yaşayan bacısı qızlarından başqa heç kimi qalmayıb...
Cəmşid Bəxtiyar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 935

Oxşar yazılar

Leysan, dolu, sel   XƏBƏRDARLIĞI

Leysan, dolu, sel XƏBƏRDARLIĞI

27 iyun 2024 , 17:32
Baş Prokurorluq işəgötürənlərə  müraciət etdi

Baş Prokurorluq işəgötürənlərə müraciət etdi

27 iyun 2024 , 17:20
Natiq Qasımovun anasına Prezident təqaüdü  təyin edildi

Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi

27 iyun 2024 , 16:49
Nazirin imtahandan kəsilən müəllimləri - REPLİKA

Nazirin imtahandan kəsilən müəllimləri - REPLİKA

27 iyun 2024 , 16:47
Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

27 iyun 2024 , 16:21
Astarada müəllimlərlə bağlı BİABIRÇI NƏTİCƏ

Astarada müəllimlərlə bağlı BİABIRÇI NƏTİCƏ

27 iyun 2024 , 15:16
Azərbaycanda külək ağacları kökündən qopartdı - FƏSADLAR

Azərbaycanda külək ağacları kökündən qopartdı - FƏSADLAR

27 iyun 2024 , 13:45
Azərbaycanda küləklə bağlı SARI XƏBƏRDARLIQ

Azərbaycanda küləklə bağlı SARI XƏBƏRDARLIQ

27 iyun 2024 , 13:19