“Atamın əllərini mina apardı, mən də əlsiz doğuldum”
27 may 2009 12:30 (UTC +04:00)

“Atamın əllərini mina apardı, mən də əlsiz doğuldum”

Barmaqsız doğulan Bəxtiyar əlliliyinə görə heç bir müavinat, pensiya almır

“Mayk Taysonun 4 yaşlı övladı öldü” - acı xəbərdi. Dünyanın diqqət mərkəzində olan informasiyadı. Niyə? Ona görə ki, dünyasını dəyişən uşaq Tayson ailəsinin üzvü idi...
İndi haqqında danışacağımız uşaq isə az qala hər gün ölür-dirilir. Nəinki Tayson kimi adlı-sanlı birinin ailəsində, ən azından, bir azacıq imkanı olan fermer süfrəsinin qırağında böyümədiyi üçün heç kim onunla maraqlanmır, başını sığallamır, halına yanmır, dərdini düyaya car çəkmir…

Xeyli müddət əvvəl onun haqqında yazmışdım. Adı Bəxtiyar olsa da, özünün bəxtiyarlıqdan xəbəri belə olmadığını qələmə almışdım. Heç cəmiyyətin tükü də tərpənmədi. Elə bil, dünyaya hər iki əli barmaqsız gələn bu balaca oğlan bu cür yaşamağa məhkumdur və buna görə də əhəmiyyət verən yoxdur…

Əslində isə, biz hamımız bir nəfər kimi onun dərdinə yanmalı, qayğısını çəkməyə hazır olmalı idik… Bu oğlan Əliyev Bəxtiyar Maarif oğludur. O Bəxtiyar ki, hələ anasının bətninə düşdüyü iki ay tamam olmamış atasının əlində partlayıcı qurğu açılıb, hər iki əlinin barmaqlarını qoparmışdı. Öz dünyasından bizim dünyamıza anasının gözləri ilə baxan körpə atasının qanlı görkəmini öz canına hopdurub, sanki talenin acığına dünyaya barmaqsız gəlib.

O, Qarabağ müharibəsində atəşkəsin əldə olunduğu gündən tam yeddi il sonra dünyaya gəlsə də, müharibənin qurbanı olub. Nə qədər çətin olsa da, o, böyüyür, yaşayır və ürəyinə hakim kəsilən arzulara doğru can atır… Öz tarixçəsi haqda isə çox az bilir-bircə kəlmə: “Atamın əlin mina apardı, ona görə də əlim belə oldu…”

Bəxtiyar 2001-ci ildə Tərtər rayonunun Hüsənli kəndində anadan olub. Əl barmaqlarını itirən və oğlunun dünyaya şikəst gəlişinə dözə bilməyən atası ürək çatışmazlığından vəfat edib. Kimsəsiz qalan ana və körpəsi Bərdənin Qaradəmirçi kəndinə köçüb. Özünün çətinlikləri ilə birgə boy atan Bəxtiyar anasının gözünə çıraq olmağa çalışır…

“Boş vaxtlarımda iş görürəm, anama kömək eləyirəm, toyuqlara dən verirəm… yumurtaların götürürəm toyuqların, anama verirəm… kartof əkirəm, keşniş əkirəm, gül əkirəm…”

Varlığıyla yoxluğu suala bükülü əlləri onu çox incitsə də, həmyaşıdlarından geri qalmamağa çalışır, işləyir, qaçır-tutur, oynayır… arzularına yol açır: “uşaqlarla futbol oynayıram, eşşəkbeli, “zapas”tutma, xoruzbaba… Böyüyəndə həkim olacam, uşaqlara iynə vuracam, azarlayanda qızdırmaların ölçəcəm… həkim olmaq istəyirəm…” - deyir.

Çöhrəsindəki bəxtiyarlığın arxasında gizlənən ağrı-acılarını anasına dərd eləyən Bəxtiyarın çətinliklərinə dözmək çox ağırdır… Onun qayğıları da çoxdur.
Maraqlıdır ki, Bəxtiyar əlliliyinə görə heç bir müavinat, pensiya almır. Ona heç bir sosial yardım olunmur. İndiyədək hansısa səhiyyə, təhsil, uşaq təşkilatı bir dəfə də olsun Bəxtiyarla maraqlanmayıb. İndi ana və övlad baş-başa verib müvəqqəti olaraq başqasının evinə sığınıb damın altında günlərini sayırlar-Bəxtiyarın yekəlib, yekə kişi olacağı vaxta qədər uzanan günlərini…

Teymur Zahidoğlu,
Bərdə

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1171

Oxşar yazılar