Bakının “Kimsəsizlər qəbiristanlığı”ndakı vahiməli boş qəbirlər - REPORTAJ
19 may 2009 16:00 (UTC +04:00)

Bakının “Kimsəsizlər qəbiristanlığı”ndakı vahiməli boş qəbirlər - REPORTAJ

“17 yaşlı qızı basdırdıq, sonradan məlum oldu ki, imkanlı ailənin övladıdır”

...Bu qəbiristanlığın rəsmi idarəsi də var. Bu hüznlü yerin inzibati mərkəzi sayılan idarənin əməkdaşları ilə qısa sorğu-sualdan sonra “Kimsəsizlər qəbiristanlığı” adlanan, rəsmi adı isə “Ümumvətəndaşlıq qəbiristanlığı” olan yerin idarəsindən uzaqlaşırıq. Ancaq geriyə yox, irəliyə – kimsəsizlərin qəbirlərinə tərəf. Qaradağ rayonu ərazisində yerləşən, əhali arasında “Volçyi vorota” qəbiristanlığı“ (“Qurd qapısı”) adlanan bu böyük qəbiristanlıqda dəfn olunanların əksəriyyəti sahibi olan qəbirlərdir. Ancaq çox nəhəng sayılan qəbiristanlığın bir tərəfində kimsəsiz, sahibsiz qəbirlər üçün yer nəzərdə tutulub. Bura “Kİmsəsizlər qəbiristanlığı” adlanır. Bunlar Bakıdakı “morq”lardan göndərilən, dövlət tərəfindən dəfn olunanların qəbirləridir.

“Rauf, Uşaq”, “Ayaq, baş”, “Kulikova 785”...

Adi qəbiristanlıq belə vahimə yarada biləcək yerdi, gör indi “Kimsəsizlər qəbiristanlığı” necə olar? Xüsusən də burada gəzərkən ayağına bir şey ilişirsə... Kimsəsizlərin qəbirlərin işarə olaraq başdaşı əvəzinə üzərinə kiçik dəmir parçası vurulmuş taxta parçası basdırılıb. Ancaq gəzərkən bir də görürsən ayağına otların arasında nə isə ilişdi. Məlum olur ki, qəbirlərin üstündə gəzməyinə baxmayaraq bundan xəbərsizsən. Ayaq altında qalan isə yıxılmış taxta parçasından qopan dəmirdir. Ümumiyyətlə, taxtası-dəmiri yerində olan qəbirlərin də çoxunun kimə məxsus olduğunu müəyyənləşdirmək çətindir. Belə ki, illərlə qar-yağış altında qalan bu dəmirlərin yalnız “skelet”i qalıb. Yazısı olan qəbirlərin bir qisminin üzərində isə nömrələr, hərflər yazılıb. Ad və soyad yazılanlar da var. Bəzi qəbirlərin üzərinə isə dəhşət qoxuyan sözlər yazılıb: “Rauf, Uşaq”, “Ayaq, baş”, “Kulikova 785”... Yəni, Rauf adlı, heç soyadı da məlum olmayan kimsəsiz uşaq, yalnız baş və ayaqdan ibarət meyit və s.

Qəbirlərin bir neçəsi, özü də cəsədin orta tərəfindən diametri 10-15 santimetr olan deşiklər də insanı dəhşətə gətirən mənzərələrdəndir. Qəbirlərdən biri hətta o qədər deşilib ki, içəridəki insan sümükləri də görünür.

Boş qəbirlərin sirri

Yaxınlıqda bir neçə boş qəbirin olması da təəccübümüzə səbəb oldu. Bir az gəzdikcə isə məlum oldu ki, boş qəbirlərin sayı bir neçə deyil, təxminən 40 olar. Boş qəbirlər ayrı-ayrı yerlərdə 4 ədəd, 5 ədəd olmaqla qazılıb. Özü də bütün yeni qəbirlər az qala bir-birinə “girib”: onlar arasında təxminən 20-30 santimetr məsafə ola, ya olmaya. Bütün qəbirlər eyni ölçülü, eyni dərinlikdədir. Boş qəbirdən birinin üzərində rus qadının adı yazılmış dəmir parçası var. Ancaq qəbir boşdur... Bəzi yerlərdə isə kiçik qazıntı işləri aparılmışdı; sanki burada kimsə qəbir qazmaq istəsə də sonradan fikrindən daşınıb.

Qəbiristanlıq işçiləri ilə söhbətimizdə daha çox boş - hazır qazılmış qəbirlər barədə soruşduq. Cavabı olduğu kimi çatdırırıq: “Boş vaxtımız olanda qəbirləri qazırıq ki, hazır qalsın. Bura tez-tez – 3-4 gündən bir meyit gətirilir. Bir də görürsən, 4-5 meyiti eyni vaxtda gətirdilər. Biz də həmin vaxt daha əl-ayağa düşüb qəbir qazmırıq. Gələn meyitləri əvvəlcədən hazır olan qəbirlərə qoyub üstünü torpaqlayırıq...”

Üstü açıq cəsəd!

Yeni qəbirlərdən birinin isə yalnız bir tərəfi torpaqlanıb. Yaxınlaşdıqda torpaqlanan hissədən qırmızı rəngli selofan torbanın uc hissəsinin göründüyünün şahidi olduq. Mənə yol yoldaşı olmuş taksi sürücüsü torbanı çıxarıb içərisinə baxmağı təklif etdi. O, torbanın çölə çıxan tərəfində ağzını azca açdı: bintlə sarınmış nə isə göründü. İnsan kəlləsinə bənzətdik, bəlkə də elə bu səbəbdən orada çox qalmadıq; digər sahibsiz qəbirlərə tərəf getdik (əgər selofan torbanın içindəki uşaq meyiti, yaxud böyük adamın hansısa əzaları idisə də, dövlət tərəfindən yerinə yetirilmiş dəfnə oxşamırdı. Bu, hansısa bir cinayətkarın işi ola bilərdi. Yeri gəlmişkən, bu barədə qəbiristanlığın işçilərinə qısa məlumat verdik. Ancaq deyəsən onlar buna o qədər də əhəmiyyət vermədi...)

Xristianlarla müsəlmanlar “qardaşlaşıblar”

Başqa qəbiristanlıqlardan fərqli olaraq burada xristianlarla müsəlmanlar “qardaşlaşıblar”. Yanaşı qəbirlərin bəzilərinin üzərində başdaşı, bəzilərində isə xaç işarəsi var. Sonradan öyrəndik ki, bunlar sahibi tapılmış qəbirlərdir. Yəni basdırılmış adamın qohumu sonradan onun yerini dəqiqləşdirərək gəlib başdaşı, yaxud xaç ucaldıb, ad və soyadını yazıb. Hətta İran vətəndaşı olan Əl-Həşimi Səid İbrahim (1960-2008) də burada sahibsiz meyit kimi basdırılıbmış. Sonradan onun qohumları gələrək qəbrin üzərində şəkilli başdaşı ucaldıblar.
Ancaq şəxsiyyətini yalnız Allahın bildiyi meyitlərə məxsus qəbirlər də var. Onların üzərinə “NKM” (naməlum kişi meyiti), yaxud “NQM” (naməlum qadın meyiti) və qəbrin nömrəsi yazılıb.

“Bir dəfə 17 yaşlı qızın meyiti gəlmişdi...”

Qəbiristanlıqda işləyən şəxslərdən öyrəndik ki, bura hətta imkansızlıqdan meyit göndərənlər də olur: “Görəndə ki, bu meyiti basdırmağa ən azı 1000 manat çıxacaq, götürüb verir “morq”a. Morqdan da gətirib burada basdırırlar. Ancaq çoxu sahibsiz meyitlər olur. O kriminal verilişlər var ha, deyirlər sahibsiz meyit tapılıb. Bax o meyitlərin əksəriyyətini burada basdırırlar, ya da Hövsandakı “Şəhər qəbiristanlığı”na aparırlar. Bir də görürsən meyitin sahibi aylar, ya da illər sonra gəlib çıxdı. Belə meyit sahiblərinin dərdi ikiqat olur, onlar elə bil ki, ikiqat ağlaşırlar. Gəlib meyitini çıxarıb aparan da olur. Elə adam da var başdaşı düzəltdirir, meyit də burda qalır. Bir dəfə 17 yaşlı qızın meyiti gəlmişdi. Sonradan məlum oldu ki, bu qız imkanlı ailənin övladıdır. Onun meyitini gəlib tapanda elə ağlaşırdılar ki...”

Ərazidə çalışan (başqa nə yazacağımı bilmədim) mollanın dediyinə görə, burada basdırılan müsəlmanlar başı qibləyə tərəf, xristianlar isə qibləyə əks istiqamətdə dəfn olunublar: “Sahibsizləri basdıranda nəinki “Quran”, heç “Yasin” də oxunmur. Kiminsə qohumu tapılıb gəlsə, onda gedib “Yasin” oxutdurur”.

İşçilərdən biri havalar isti olanda elə buradaca yatıb dincəldiyini, özü də heç nədən qorxmadığından danışırdı: “Ölülərin nəyindən qorxum? Ölülərdən yox, dirilərdən qorxmaq lazımdı...”

Nəhayət, qapısı ağzına yüzlərlə qutu mərmər lövhələr düzülmüş qəbiristanlıqdan uzaqlaşırıq. Bu mərmərlər başdaşılar üçün istifadə olunacaq xammaldır.

Molla elanı və araq şüşəsi

Mayın 19-da yollandığımız Hövsandakı “Şəhər qəbiristanlığı” adlanan qəbiristanlığın da bir tərəfində sahibsiz meyitlər dəfn olunub. Qəbiristanlığın girişində buranın rəsmi idarəsi var. İdarədə bildirdilər ki, bu qəbiristanlıqda sahibsiz meyit sonuncu dəfə mayın 2-də dəfn olunub. Lakin bu, rus milliyyətinə məxsus qadın meyiti olub.

“Şəhər qəbiristanlığı”nın giriş qapısının yaxınlığında idarədən başqa kiçik bir tikli də var. Buranın mollalara məxsus “ofis-idarə” olmasını isə divarına iri hərflərlə iki yerdə “MOLLA” yazılması sübut edir. Mollalardan biri bu sözün altından mobil telefon nömrəsini də yazıbmış, ancaq sonradan nömrəni silib.

Burada gördüklərimiz də “Qurd qapısı”ndakı ilə təxminən eynidir: kiçik ağaca bərkidilmiş dəmir parçaları, sahibi tapılan bəzi qəbirlərin üstünə başdaşı və boş qəbirlər. Buradakı boş qəbirlərin fərqi onların daha çox olması və... əllə deyil, traktor “çalov”u ilə qazılmasıdır. Bir sırada qazılmış təxminən 100 hazır boş qəbir var. Daha bir fərq isə buradakı qəbirlərin sıra nömrəsinin aydın görünməsidir

Rus milliyyətinə məxsus qəbirlərdən birinin üzərində isə araq şüşəsi vardı...

Pərvin ABBASOV

P.S “Volçyi vorota” qəbiristanlığı”ndakı boş – sahibini gözləyən yeni qazılmış boş qəbirlərdən birindən kimsə tualet kimi istifadə edib. Nə deyəcəyimi belə bilmədim...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1841

Oxşar yazılar