“Donuz qripi” kolbasa və sosiskanın satışını xeyli azaldıb – ARAŞDIRMA
12 may 2009 15:45 (UTC +04:00)

“Donuz qripi” kolbasa və sosiskanın satışını xeyli azaldıb – ARAŞDIRMA

Həkimlər H1N1 virusuna yoluxmanın qarşısını almaq üçün ilk növbədə donuz ətindən hazırlanmış kolbasa və sosiskalardan imtina etməyi tövsiyə edirlər

Artıq bir neçə ölkədə aşkarlanan H1N1 virusuna (“donuz qripi”) yoluxmanın qarşısını almaq üçün həkimlər ilk növbədə donuz ətindən hazırlanmış kolbasa və sosiskalardan imtina etməyi tövsiyə edirlər.

Səhiyyə Nazirliyinin rəsmi məlumatına görə, indiyədək Azərbaycanda bu virusa yoluxma hadisəsi qeydə alınmasa da, kolbasa və sosiska bazarında alıcılıq qabiliyyətinin zəifləməsi müşahidə olunur.

APA-nın apardığı qısa monitorinq nəticəsində “donuz qripi” xəstəliyinin aşkarlanmasından sonra Azərbaycanın kolbasa-sosiska bazarında satışın 35-40 faiz zəifləməsi qeydə alınıb. “Halal” adı altında buraxılan məhsullara tələbatda isə nisbətən az - 15-20 faiz zəifləmə baş verib. Qiymətlərdə isə elə də ciddi dəyişiklik olmayıb.

Kolbasa istehsalı ilə məşğul olan müəssisənin nümayəndəsi Anar Rzayev də APA-ya açıqlamasında “donuz qripi” xəstəliyinin meydana çıxmasının Azərbaycanın kolbasa-sosiska bazarına mənfi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, əhali donuz ətindən hazırlanan məhsulları almağa çəkindiyindən bu ətdən istifadə edən müəssisələrin məhsullarının satışı 50 faiz zəifləyib. Qiymətlərə gəldiksə, “donuz qripi” kolbasa və sosiskanın qiymətinin düşməsinə təsir göstərməyib. Müşahidə olunan cüzi ucuzlaşma isə iqtisadi böhranla əlaqələndirilir.

“Donuz qripi”nin meydana çıxmasından sonra əhalinin “Halal” məhsullarına daha da üstünlük verməyə başladığını deyən A. Rzayevin sözlərinə görə, azərbaycanlı istehsalçılar bu tip kolbasalar istehsal etmək üçün xarici ölkələrdən donmuş halal ətlər gətirirlər: “Kolbasa və sosiska istehsalında istifadə olunan donmuş qoyun və ya mal ətlərinin halal olub-olmamasının məsuliyyəti isə sahibkarların üzərinə düşür. Belə ətlər Azərbaycana, əsasən, Dubay və Türkiyədən gətirilir. Həmin ətlərin istehsalçıları onların İslam dəyərləri əsasında kəsildiyini iddia edirlər”. A. Rzayevin fikrincə, halal məhsul istehsal edən müəssisələrin belə donmuş ətlərdən istifadə etməsi düzgündür və bu, məhsulun halallığına xələl gətirmir. Azərbaycanda təmiz halal məhsullar istehsal edən müəssisələrin olduğunu söyləyən A. Rzayevin sözlərinə görə, həmin müəssisələr istehsal zamanı yalnız mal və qoyun ətindən istifadə edir.

Kolbasa-sosiska istehsalı müəssisəsi olan “Orxan SS” İstehsalat Kommersiya Firmasının səlahiyyətli nümayəndəsi Fariz Qurbanov isə APA-ya deyib ki, “donuz qripi” xəstəliyi Azərbaycanda aşkarlanmadığı üçün hələlik onun yerli kolbasa-sosiska bazarına elə də ciddi təsiri olmayıb. Onun sözlərinə görə, “donuz qripi” “Orxan SS”-in “Halal” markası adı altında buraxdığı malın nə satış qiymətinə, nə də istehsal həcminə təsir göstərib.

F. Qurbanovun sözlərinə görə, əvvəllər istehsal zamanı donuz ətindən istifadə etsələr də, son zamanlar bu ətdən məhsulların tərkibinə əlavə etmirlər. Firma nümayəndəsi bunu “donuz qripi” xəstəliyinin aşkarlanması ilə deyil, sadəcə, məhsulların halallığı üçün etdiklərini söyləyib. O, donuz ətindən “donuz qripi” xəstəliyindən əvvəl imtina etdiklərini deyib: “Hazırda müəssisəmiz istehsal üçün yalnız xarici ölkələrdən dövlət xətti ilə gətirilən ətlərdən istifadə edir”.

Azad İstehlakçılar Birliyinin eksperti Fərrux Əsgərov isə APA-ya Azərbaycanın kolbasa və sosiska bazarında keyfiyyətsiz məhsulların üstünlük təşkil etdiyini deyib. Bazarın 60 faizini keyfiyyətsiz kolbasalar tutduğunu qeyd edən ekspertin fikrincə, belə məhsulların üzərində nə etiket, nə də istehsal tarixi barədə məlumatlar qeyd edilir: “Ölkədə istehsal olunan kolbasa-sosiskaların hazırlanması üçün istifadə edilən ət xarici ölkələrdən idxal edilir. Onun tərkibi, ətin qoca və ya cavan olması, hansı şəraitdə kəsilməsi bilinmir. Kolbasanın 1 kq-ı təxminən 2 manat 40 qəpik, təmiz ətin 1 kq-ı isə 7-8 manatdır. Bu məhsulların qiymətləri arasında nisbi uyğunluq da düz deyil”.

F. Əsgərov deyib ki, “Halal” kolbasalarının tərkibinə donuz əti qatılmamalı olsa da, bəzi işbazlar kolbasanın donuz əti olmadan hazırlanmasının mümkünsüzlüyünü əsas gətirərək, bu ətdən istifadə edirlər. İşbazların donuz ətinə üstünlük verməsinin əsas səbəbi isə ondan istifadənin ucuz başa gəlməsi, məhsulun isə yağlı, dadlı alınmasıdır. Ekspertin sözlərinə görə, “donuz qripi” xəstəliyi yerli kolbasa bazarına nə istehsal, nə də qiymət baxımından mənfi təsir göstərib. Kolbasa və sosiskalara tələbatın azalmamasının əsas səbəblərindən biri də Ümumdünya Səhiyyə Təşkilatının “donuz qripi”nin insana donuz ətindən keçməməsi ilə bağlı yaydığı məlumatdır.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev də APA-ya açıqlamasında deyib ki, kolbasa məmulatlarının H1N1 virusunun insanlara ötürülməsində heç bir rolu yoxdur: “Mən əhalinin nəzərinə çatdırıram ki, kolbasa istehsalında donuz, eləcə də digər ətlərdən istifadə edilsə də, orada olan mikroorqanizmlərin hamısı texniki emal zamanı məhv edilir. Yəni orada sonradan xəstəliyin baş verməsi üçün qrip və digər mikroorqanizmin törədicisi sağ qalmır. Buna görə də “donuz qripi” ilə bağlı heç həyəcana əsas yoxdur. Sadəcə, “donuz qripi”ndən və digər xəstəliklərdən qorunmaq üçün donuzlar qapalı şəraitdə saxlanılmalıdır”.

İ. Abdullayev yerli kolbasa bazarındakı ümumi vəziyyəti qənaətbəxş saysa da, nöqsanların olduğunu da söyləyib. Onun sözlərinə görə, indiyə qədər texnoloji avadanlıqların gətirilməsində və tətbiqində müəyyən problemlər olsa da, bu problemlərin əksəriyyəti artıq həll edilib: “Yeni texnoloji avadanlıqların qurulması məhsulun təmiz istehsalına imkan verir. Böyük kolbasa istehsalı müəssisələrində artıq belə avadanlıqlar quraşdırılıb. Lakin kiçik sexlərdə hələ də köhnə avadanlıqlardan istifadə edilir ki, bu da məhsulun texnoloji istehsalına təsir göstərir”.

Bölmə müdiri ən ciddi problemin kolbasa sexlərində daxili laborator nəzarətinin təşkili ilə bağlı olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bütün istehsal müəssisələrində, o cümlədən kolbasa sexlərində istehsala nəzarət laboratoriyası təşkil olunmalı, bu laboratoriyalar lazımi avadanlıqlarla təchiz edilməlidir. Burada məhsulun fiziki-kimyəvi, bakterioloji və s. göstəriciləri yoxlanılmalıdır. Lakin kiçik sexlərdə belə laboratoriyalar olmadığı üçün bu göstəricilər yoxlanılmır. İ. Abdullayev deyib ki, mərkəzin nümayəndələri kolbasa və sosiskaların keyfiyyətini yoxlamaq üçün nəzarət tədbirlərini istehsal müəssisələrində deyil, satış obyektlərində həyata keçirirlər. Yoxlamaların ümumi nəticəsi onu göstərir ki, ötən illə müqayisədə bu il vəziyyət yaxşılaşıb. Ötən ilə nisbətən məhsulların göstəricilərində normadan çıxma hallarının azalmasına baxmayaraq, müəyyən problemlər hələ də var.

Yoxlamalar zamanı o da aydın olub ki, bir çox kolbasa məmulatları satış yerlərində çirklənməyə məruz qalır. Əmtəə dövriyyəsi olmayan dükanlar imkanlarından daha çox kolbasa məmulatları götürür və satışa qoyur. Bu isə sonda məhsulun istifadə müddətinin keçməsinə səbəb olur.

İ. Abdullayevin sözlərinə görə, kolbasalar satışa çıxarılan zaman da bır çox gigiyenik qaydalara əməl etmək lazımdır: “Məhsulların saxlanması üçün soyuducu avadanlıqlar lazımi effekt vermədikdə həmin məhsulların saxlanma müddəti azaldılmalıdır. Saxlanılan məhsullar satılan zaman kəsildikdə də gigiyenik qaydalara əməl edilməlidir. Məsələn, kolbasanın kəsilməsi üçün xüsusi taxtadan, bıçaqdan istifadə edilməlidir. Həmin bıçaqdan başqa ərzaqların kəsilməsində istifadə edilə bilməz. Lakin biz mağazalarda bu şərtlərə riayət edilmədiyinin şahidi oluruq. Belə şərait də məhsulların çirklənməsinə gətirib çıxarır”.

İ. Abdullayev deyib ki, kolbasa alıcıları məhsulun görünüşünə fikir verməklə yanaşı, onun üzərindəki etiketlərə də nəzər yetirməlidirlər: “Bu məhsulun hansı mağazadan alması da şərtdir. Bəzən alıcılar ucuz mal dalınca qaçırlar, amma unudurlar ki, ucuz malın hansısa problemi var ki, ucuz qiymətə satılır. Ona görə də belə malları almamaq lazımdır. Əgər məhsul əmtəə görünüşünü itiribsə, üzərində kif əmələ gəlibsə, yaxud üzəri yaşıl rəngə çalırsa, əllə basdıqda kolbasının özünü bərpa etməsi ləngiyirsə, belə hallarda həmin məmulatları almaqdan çəkinmək lazımdır”.

Kolbasanın tərkibində donuz ətinin olmasını daha məqsədəuyğun sayan bölmə müdiri onu da əlavə edib ki, kolbasanı halal və ya haram adlandırmaq düzgün deyil. Sadəcə olaraq, kolbasa qəbul edilmiş standartla hazırlanmalıdır. Bu standartlara uyğun olaraq, kolbasanın tərkibində donuz ətinin miqdarı fərqli və ya heç olmaya bilər. Kolbasa istehsalında ölmüş heyvan ətindən və kartondan istifadəyə gəldikdə, İ. Abdullayev bunu istisna etməsə də, indiyədək belə faktla rastlaşmadıqlarını da söyləyib: “Kolbasanın hazırlanması üçün heyvan kəsilməli və tam təmizlənməlidir. Ölmüş heyvanın ətindən kolbasa istehsalında istifadə etmək isə yolverilməzdir”.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi İsmayıl Həsənov də kolbasa və sosiska məhsullardan istifadədə hələlik narahatlığa əsas görmür. DBX rəisinin APA-ya bildirdiyinə görə, Azərbaycan “donuz qripi” xəstəliyinin ilk qeydə alındığı Amerika qitəsindən ölkəyə heyvan və heyvan mənşəli məhsulların gətirilməsinə aprelin 27-dən qadağa qoyub: “Bu müddətədək ölkəyə gətirilmiş məhsulların isə tərkibi yoxlanılıb, onların insan sağlamlığı üçün təhlükəsiz olduğu təsdiqlənib. Odur ki, vətəndaşlar aprelin 27-dək xarici ölkələrdən Azərbaycana gətirilən kolbasa və sosiskalardan istifadə edə bilərlər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1745

Oxşar yazılar