Ölü paltarı, ayıb iş, yoxsa zövqlə geyinməyin ucuz yolu? – REPORTAJ -
10 dekabr 2010 12:32 (UTC +04:00)

Ölü paltarı, ayıb iş, yoxsa zövqlə geyinməyin ucuz yolu? – REPORTAJ -

Aylıq gəlirləri sadə azərbaycanlının gəlirindən iki-üç dəfə artıq olan bir neçə rəfiqəmin olduqca zövqlə, bahalı brendlərin məhsullarını geyinmələrinə təəccüb eləyirdim. Bu qızların maaşları, gəlirləri nə qədər çox olsa da, əyinlərindəki paltarların dəyərini ödəməyə çatmazdı. Üstəlik, qızlar qarderoblarını az qala kosmos sürəti ilə dəyişirdilər ki, bu xərc-xəsarətin də qarşısında maaş nədi, heç xəzinə dayanmazdı.

Axır ki, bir gün dilə gəlib, onlardan bu qırğın-qiyamatın mənbəyin soruşanda qızlardan biri sakitcə, bircə kəlmə ilə cavab verdi:

- Sekond Hənd...

Aha. El dilində desək, bu “köhnə paltar alveri”ndən xəbərim vardı. Şəhərin istənilən küçəsində yarımca saat addımlamaq kifayətdi ki, “avropadan paltarlar” yazısına və paltarların əcərli olmadığını bildirən şirin “Memi” adına rast gələsən. Üstəlik, mətbuatı daim izləyən adam kimi, az qala hər ay belə paltarların insan orqanizminə ziyanından, başqasının paltarını insanlara təklif etməyin qeyri-etikliyindən, burdakı malların dezinfeksiya məqsədilə məruz qaldığı prosedurların zərərli olmasından bəhs edən yazılar oxuyuram.

Amma “Second Hand”dən geyinən üç zövqlü qızın əyin-başı və bu paltarlara münasibəti mövzuya baxışımı dəyişdi. İnternetdə bir az qurdalanandan sonra məlum oldu ki, ikinci əl paltarlara rəğbət bəsləyən təkcə üç nəfər azərbaycanlı qız deyilmiş. Dünyaca məşhur mügənnilər, aktrisalar, modellər bəzən sol görüşləri, bəzən hansısa xeyriyyə aksiyaları məqsədilə bu mağazalardan paltarlar alıb, geyinirlər. Hətta adı dillərdə dastan Madonna “Second Hand” tipli mağazaların daimi müştərisidir. Deyəsən, çox uzaqdan başladım...

Əvvəl belə mağazaların satdığı paltarlardan danışaq. “Second Hand” şərqdəki “bit bazarı”nın, yəni köhnə əşyalar, paltarların əsl qiymətindən dəfələrcə ucuz satıldığı alver növünün sistemləşmiş, şəbəkələşmiş qərb variantıdır. Olduqca bahalı brendlərin qiymətləri alışıb-yanan məhsullarını alan insanlar, bu paltarı bir neçə dəfə geyinib, gözünün qurdunu öldürəndən sonra “Second Hand” sisteminə dəfələrlə aşağı qiymətə satır. Sistem isə öz növbəsində malı dezinfeksiyadan keçirib, zövqlə, brend paltarlar geyinmək istəyən insanlara təklif edir. İnsanlara ikinci əl paltarlar təklif olunan ölkələr siyahısında biz də varıq...

Lent.az üçün reportajım Bakıdakı “Second Hand” mağazalarındandır...

Üz tutduğum birinci mağaza şəhərin mərkəzində idi. Mən içəri girəndə dükanın ortayaşlı, sarışın, müştərilərlə olduqca nəzakətlə danışsa da, əsəbiliyindən tir-tir titrəyən satıcısı yanında oturmuş qadınla qızğın söhbətdə idi. Mağazadakı alıcılar bölmələrdə üst-üstə qalaqlanmış paltarları o üz-bu üzünə çevirib, ölçülərinə, zövqlərinə uyğun nəsə axtara-axtara bir-biri ilə məsləhətləşmələrindən də qalmırdılar. Sonradan dükanların bir neçəsini gəzəndə fərqinə vardım ki, belə mağazalara adətən rusdilli qadınlar, kişilər, kiçik məmurlar, müəllimlər, hətta məşhurluqları hələ o qədər də bahalı olmayan müğənnilər gəlir.
Müğənni demişkən, birinci mağazadakı əsəbi satıcı radioda Zeynəb Xanlarovanın ifasına qulaq asa-asa, zövqsüz mahnılar oxuduğuna görə Nadir Qafarzadənin qabırğasına döşəyirdi.

Bizim camaata hələ də başa salmaq olmur ki, jurnalist işverən deyil. İşinin adını deyəndən sonra, heç kim səninlə danışmaq istəmir. Odur ki, üzüm ayağınızın altında, bu dəfə də özümü alıcı kimi qələmə verməli oldum. Bir-iki əşya alınca satıcının canından bezdirən boşboğaz, zəhlətökən qadın cildinə girmək də ki, elə çətin məsələ deyil.

Satıcı ilə alış veriş eləyə-eləyə apardığım söhbətdən bir-iki maraqlı məqam da ortaya çıxdı. Belə tipli mağazaların müştəriləri az qala hamısı uzun illər alıcılıq “stajı” olan adamlardır. Satıcılar onların hamısını tanıyır, adlarını, iş yerlərini, telefon nömrələrini bilirlər. İki-üç gündən bir təzələnən mallar mağazaya çatan kimi, satıcılar müştərilərini bircə telefon zəngi ilə bura tökürlər. Çox vaxt ehtiyac da olmur – daimi müştəri təzə malın “proqramını” az qala satıcıdan da yaxşı bilir. Müştərilər pullarının çatıb-çatmayacağından narahat olmadan, istədikləri qədər paltar seçə bilərlər. Yaxından tanıdıqları üçün satıcılar az qala bütün müştərilərinə nisyə mal verirlər. Hətta məxsusi müştərilər var ki, satıcılar onların lap zövqlərini də dəqiq bilirlər, sevimli müştəriyə uyğun bir şey gələndə, ayırıb, onun üçün saxlayırlar. Bir sözlə, “Second Hand”də mehribançılıq baş alıb gedir.

İkinci dükan mərkəzdən xeyli uzaqda, daha sadə və daha zəhmətkeş adamların yaşadığı yerdə idi. Bu dükana girəndə, vəziyyət birinci dükandakı qədər rahat olmadı. Nədən ki, dükanın satıcısı isterika içində idi və müştəri-zad saymayıb, qışqırıb-bağırmağında, ağzına gələn söyüşləri söyməyindəydi. Yaxınlıqdakı qadınlar – onların arasında həm müştərilər həm də satıcının həmkarları vardı – onu sakitləşdirməyə cəhd etsələr də, deyəsən bu cəhd elə də uğurlu alınmırdı.

Mağazada bir neçə dəqiqə qalmaq kifayət elədi ki, satıcı qadının isterikasının səbəbini anlayasan – qadının halal-hümmət əri qız qaçırmışdı! Qəzəbindən yeri-göyü titrədən qadın ərini, qaçırdığı qızı, qızın bütün qohum əqrəbasını yeddimərtəbəli söyüşlərə tutmuşdu. Amma bütün bu səs-küy, ailə faciəsi dükandakı müştərilərə təsir eləmirdi – bəziləri qadını sakitləşdirməyə kömək eləyir, bəziləri isə rahat-rahat mallara baxırdı. Bir gəlin iri yeşiyin içinə yığılmış alt paltarlarının arasından rəngli bir aksessuar seçib, diqqətlə mala tamaşa eləyirdi – yeri gəlmişkən, “Second Hand” mağazalarında alt paltarları o biri şeylərə nisbətən bahadır. Səbəbini isə satıcılar bununla izah edir ki, onlar ancaq ən bahalı brendlərin alt paltarlarının “ikinci əl”ini qəbul eləyirlər. Yəni burada 3-4 manata satılan alt paltarının normalda azı 200-300 dollar qiyməti var.

Dığırlana-dığırlana üçüncü mağazaya getdim. Burada yerindən güclə tərpənən cavan satıcı qadın üç kişi ilə çənə döyür, mağazada yeganə müştəri olan boz paltarlı qarı tum çırtlaya-çırtlaya arın-arxayın mallara baxırdı. Buradakı yiyəsizlikdən istifadə eləyib, mən də paltarlara – qiymətinə, təyinatına görə ayrı-ayrı yığılmış ətəklərə, köynəklərə, döşəkağılara, pərdələrə, şərflərə, qiyməti normaldan bir az baha olduğu üçün nazlı-nazlı asılqanlara keçirilib, asılmış gödəkçələrə, paltolara baxıram. Burada elə şeylər var ki, şəhərin mərkəzindəki dükanlardan tapmaq mümkün deyil. Həm ölçü, həm də zövq baxımından. İllərdir “Second Hand”dən geyinən rəfiqələrimdən birinin sözü yadıma düşür: “Bu mağazalardan tapdığım paltarı heç yerdən tapa bilmirəm. Zövqümə uyğun şeylər ancaq “Second Hand”də olur”. Razılaşmamaq olmur.

Satıcı qadınla kişilərin söhbətinə qulaq verəndə isə başqa bir məsələ üzə çıxdı. Kişilər qadına danışırdılar ki, uzun illərdir ki, tanıdıqları və daim mal aldıqları bir alverçi sən demə, neçə ildi ki, “Second Hand” mallarını onlara onqat baha qiymətə, təzə mal adıyla satırmış... Sirrin üstü təzəcə açılıb. Bir gün paltardan istifadə qaydaları yazılan xırdaca yarlığına baxanda, möhürlə vurulmuş və “Second Hand” mağazalarına xas olan spesifik qiymətləndirməni görüb, məsələni başa düşüblər. Yeri gəlmişkən, “Second hand” deyəndə adamın ağlına birinci gələn paltar dəlisi qadınlar gəlsə də, belə mağazaların müştəriləri arasında kişilər də kifayət qədərdir.

Müşahidələrmi davam etdirə bilərdim, amma öyrənə bildiklərimdən daha çox nəsə əldə eləyəcəyimə inanmadım. İndi mənim üçün maraqlı olan bir məsələ də vardı. Tanıdığımız adamların “Second Hand” sisteminə münasibəti. Birinci yaxın dostlarımdan, şair Sevinc Pərvanədən və kinoşünas Aygün Aslanlıdan soruşdum. Aygün “Second Hand”ə normal, hətta yaxşı münasibət bəslədiyini dedi:

- Culiya Roberts, Madonna kimi varlı qadınlar belə bu sistemdən istifadə edirlər. Mən də “Second Hand”dən paltar almışam, amma bu çoxdan olub. Məsələ burasındadı ki, Avropada belə paltarlar adətən bir-iki dəfə geyinilmiş, çox yaxşı vəziyyətdə olur. Buna görə də, o paltarı alıb, geyinməyə dəyər. Amma bizdəki mağazalarda çox vaxt olduqca nimdaş paltarlar, əşyalar satılır. Yəni o paltarlara lap az pul xərcləsən belə, pulu israf eləmiş hesab olunursan. Yeri gəlmişkən, çoxdandı “Second Hand” mağazalarına baş çəkmirəm. Zövqümü bilirsən, mənə uyğun bir şey olsa, alarsan...

Sevinc Pərvanə isə dedi ki, bu məsələyə yaxşı baxır, amma özü “Second Hand”in mallarından istifadə eləmir:

- Demirəm ki, mən bu malları bəyənmirəm. Sadəcə, rastıma çıxmır. Kiminsə geyindiyi paltarı bir az ucuz alıb geyinməkdə və ya bunu başqalarına təklif etməkdə nə pis şey var ki? Niyə insan mütləq təzə paltar geyinməlidir? Amma istəyərdim ki, belə paltarların dezinfeksiyasına və saxlanma şəraitinə diqqət edilsin.

İlahiyyatçı Hacı İlqar İbrahimoğlu isə işin dini tərəflərini açıqladı:

- İslam dininin paltarla bağlı əsas tələblərindən biri budur ki, paltar qəsb, soyğun nəticəsində əldə edilməsin. Yəni kiminsə paltarı zorla əlindən alınmasın. İkinci əl paltar, təxminən ikinci əl maşın kimi bir şeydir. Mənim bu sistemdən ətraflı xəbərim yoxdur, həmin malları necə əldə etdiklərini bilmirəm, amma geyinilmiş paltarların insanlara aşağı qiymətlə təklif olunmasında heç bir qəbahət yoxdur. Mən “Second Hand” paltarlarından istifadə etməmişəm, amma burada mənfi heç nə görmürəm – kimsə ikinci əl paltar alırsa, mən də məsələn, ikinci əl kitab alıram.

Məni ən çox təəccübləndirən isə bu məsələyə müğənni Elza Seyidcahanın münasibəti oldu:

- “Second Hand” dünyada qəbul olunmuş sistemdi. İlkin qiyməti od tutub yanan və ya başqa ölkəyə aparılanda on qat, on beş qat artığına satılan paltarları alıb geyinməkdənsə, elə “Second Hand”dən geyinmək yaxşıdı. Başqasının paltarı olanda nə olar? Bəyəm biz uşaq vaxtı qonşu, qohumların uşağının paltarlarını geyinməmişik? Və ya əynimizə olmayan, bir-iki dəfə geyindiyimiz paltarları yaxınlarımıza verməmişik? “Second Hand” də bunun biznes variantıdı. Bəzi biznesmenlərin bazarını öldürdüyünə görə, bu şəbəkənin əleyhinə danışırlar. Guya ölü paltarlarıdı, çirklidi, nə bilim, nədi. Mən bu sistemi dəstəkləyirəm. Vaxtım olmadığından, həmin mağazalara gedə bilmirəm, amma mən də təzəsini çox baha almaqdansa, bir dəfə, iki dəfə geyinilmiş paltarı normal qiymətə alıb, geyinərdim.

İkinci əl məsələsini də belə razılaşdıq. Bizə normal qiymətlərə bahalı brendlərin malları təklif olunur. Alıb-almamaq, istifadə edib-etməmək bizim öz işimizdi. Heç kim bizi buna görə qınamır və ya məcbur etmir.

İcazə verin, sonda işin ekoloji və mənəvi tərəfini də yazarınız qeyd eləsin. Biz – sağa-sola, ağına-bozuna baxmadan təbii resurslarımızı xərcləməkdə olan insanlar, bəlkə də nəvə-nəticələrimizin də payına düşəcək şeyləri tükədirik. İkinci əl paltar az israfdı, insan əməyinə, vaxtına daha çox qənaətdi.

Mübahisəli istedadına, parlaq gözəlliyinə görə deyil, uşaqlara, ətraf mühitə, insanlara göstərdiyi qayğıya görə rəğbət qazanan aktrisa Ancelina Coli çox ucuz paltarlar geyinir. O, bu hərəkətini solçuluqla da izah eləmir. Məsələyə aktrisasayağı yanaşır: “İndi dəb bahalı brendlərdən paltar geyinmək deyil. Bu günün dəbi – xeyriyyəçilikdi!”

İki sətir də redaktor üçün:

Paltarlarla yormayın özünüzü
Əgər içində insan yoxdusa...

Günel
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9520

Oxşar yazılar