Həkimlər imtahan olunacaq
07 dekabr 2010 17:09 (UTC +04:00)

Həkimlər imtahan olunacaq

Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikatlaşdırılması işinə başlayıb.

Lent.az-ın məlumatına görə, nazirliyin aparat rəhbəri, Səhiyyə Mütəxəssislərinin Sertifikasiya Şurasının sədri Zəkiyyə Mustafayeva nazirliyin internet saytına müsahibəsində belə deyib. Onun sözlərinə görə, əvvəlcə sertifikasiyaya cəlb olunan səhiyyə mütəxəssislərinin sənədləri qəbul olunacaq. İlk imtahanlar gələn ilin yanvarında keçiriləcək. Dekabr ayı ərzində isə praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssisləri üçün 8 ixtisas üzrə sınaq test imtahanları təşkil ediləcək.

Zəkiyyə Mustafayeva bildirib ki, sertifikasiyası prosesinin təşkili məqsədilə nazirlik tərəfindən Səhiyyə Mütəxəssislərinin Sertifikasiyası Şurası yaradılıb və onun Əsasnaməsi təsdiq edilib. 11 üzvdən ibarət Şuranın tərkibində Səhiyyə Nazirliyinin, sahə həmkarlar ittifaqının nümayəndələri, habelə tibb və əczaçılıq sahəsində görkəmli alimlər və aparıcı mütəxəssislər fəaliyyət göstərir. Onun sözlərinə görə, sertifikasiyaya cəlb ediləcək səhiyyə mütəxəssislərinin müəyyən edilməsi məqsədilə nazirlik Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrinin məlumatlarını öyrənir, onların siyahısını müəyyən edir. Artıq Səhiyyə Nazirliyində Sertifikasiya Şurasının ilk iclası keçirilib və sertifikasiya prosesinin qaydaları müzakirə olunub.

Xatırladaq ki, sertifikasiya tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan, eləcə də özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərini əhatə edir. Ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri beş ildə bir dəfə sertifikasiya prosesinə cəlb edilirlər. Zəkiyyə Mustafayev bildirib ki, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (həmçinin uşağını təkbaşına böyüdən kişilər) sertifikasiyaya cəlb edilmirlər. Həmçinin ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər təhsilini təsdiq edən sənədin verildiyi gündən, habelə ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən 5 il müddətində sertifikasiyadan keçmirlər.

Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiyası ödənişsiz həyata keçiriləcək. Səhiyyə mütəxəssislərinin sertifikasiyası şəffaflıq, aşkarlıq şəraitində 2 mərhələdə - test və müsahibə yolu ilə, nazirlik tərəfindən müəyyən edilmiş tibb və əczaçılıq ixtisasları üzrə təşkil ediləcək.

Test imtahanı 100 sualdan ibarətdir və 3 saat ərzində fasiləsiz davam edir. Test imtahanının yekununa görə 60 və ya daha çox bal toplamış şəxslər müsahibəyə buraxılırlar. Test imtahanının keçirilməsinə 30 gün qalmış imtahana cəlb olunan hər bir şəxs bilavasitə, yaxud işlədiyi səhiyyə müəssisəsinin rəhbərliyi tərəfindən məlumatlandırılır. Test imtahanının və müsahibənin nəticələri əsasında sertifikasiyadan keçən şəxslərə sertifikasiya şəhadətnaməsi verilir və onlar 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 912

Oxşar yazılar