Məktəbli formasının tətbiqi yarımçıq qalıb - REPORTAJ
23 noyabr 2010 18:06 (UTC +04:00)

Məktəbli formasının tətbiqi yarımçıq qalıb - REPORTAJ

Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxt məktəblərində reydlərə başlayıb. Media nümayəndələrinin də iştirakı ilə keçirilən reydlərdə məktəbli formasına keçidin vəziyyəti, şagirdlərin dərsə davamiyyəti yoxlanıb. Bir neçə qrupa bölünmüş monitorinq heyəti eyni vaxtda Bakının 11 rayonunda fəaliyyət göstərən məktəblərə yollanıb.

Monitorinq qrupunun müstəqil şəkildə seçdiyi məktəblərə reydlərdə Lent.az-ın əməkdaşı da iştirak edib. Beş nəfərlik qrup monitorinqə ilk olaraq, Yasamal rayonundakı 53 saylı məktəbdən başlayıb...

Əvvəlcə məktəbin girişində bizi içəri buraxmaq istəmədilər. Kim olduğumuzu, nə məqsədlə gəldiyimizi izah edəndən sonra sənədlərimizi yoxlayıb, qeydiyyat kitabına yazdılar. Üstəlik imza da atdırdılar və bu an direktor Firəngiz Həsənova da özünü yetirdi. Məktəbin sakit və boş dəhlizi ilə irəliləyib auditoriyalardan birinin qapısını döyürük. İçəridə orta yaşlı xanım pedaqoq ingilis dili fənnindən şagirdlərlə sorğu-sual aparırdı. Məktəbə nümayəndə gələcəyini gözləmirmiş kimi, içəri daxil olan kənar şəxsləri görüb təəccübləndi. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Zəminə Əliqızı direktorla birgə dərhal gəlişimizin məqsədini söyləyir. Müəllimin “xoş gəlmisiniz” sözlərindən sonra 11-q sinfinə aid auditoriyada şagirdlərin davamiyyəti ilə maraqlanırıq. Məlum olur ki, jurnalda 25 şagirdin adı olsa da, dərsdə cəmi 11 şagird iştirak edir. Dərhal müəllimə izahat verir ki, şagirdlər ingilis dili dərsində iki qrupa bölünür.

Dərsdən sonrakı dərs

Şagirdlərin bir qisminin məktəbli formasında olmaması da diqqəti çəkir. Əynində cins şalvar olan qızlar dərs ilinin əvvəlində Bakı Tikiş Fabrikindən məktəbli forması aldıqlarını söyləsələr də soyuq olduğundan həmin geyimdə sinifdə oturmağın çətin olduğunu söyləyirlər.

Şagirdlərin məktəbdən əlavə, hazırlıq kurslarına gedib-getmədikləri ilə maraqlanırıq. Məlum olur ki, hazırda 53 saylı məktəbin 11-q sinfində yalnız iki şagirdə repetitor yanına getmir. Digər şagirdlər isə həftədə 3 dəfə dərsdən sonra, saat 16 radələrində əlavə hazırlığa gedir. 11-ci sinif şagirdi Məleykə Məmmədova məktəbdə onlara verilən biliyin səviyyəsindən razılıqla danışır. Ancaq onun fikrincə, ali məktəbə hazırlaşan hər bir şagirdin özlüyündə repetitor təhsilinə ehtiyac duyur: “Mən məktəbimizdən də, müəllimlərimizdən də çox razıyam. Ancaq özümüz istəyirik ki, dərsdən sonra əlavə müəllim yanına gedək. Bu, məktəbdə öyrəndiklərimizin təkrarı, biliyimizin möhkəmləndirilməsi üçün lazımdır”.

19 şagirdə 1 kompüter

53 saylı məktəbin İKT sistemi ilə təminatına gəlincə, direktor Firəngiz Həsənova deyir ki, hazırda bu təhsil müəssisəsində 40 kompüter var. Həmin kompüterlərdən 10-u ibtidai, 30-u isə yuxarı siniflərə aiddir. Onun sözlərinə görə, hazırda 53 saylı məktəbdə yuxarı sinif şagirdləri arasında hər 19 şagirdə 1 kompüter düşür. İbtidai siniflərdə isə bu nisbət 11/1-dir. Hazırda bu məktəblərdə kompüterlərin hamısı işlək vəziyyətdədir və daimi internetə çıxış imkanlarına malikdir.

Qiymətsiz kitabçalar

53 saylı məktəbdə bəzi fənn müəllimləri şagirdlərin “məktəbli kitabçası”nda qeydiyyat aparmağa, onların gündəlik qiymətlərini kitabçada yazmağa laqeyd yanaşır. Xüsusən yuxarı sinif şagirdlərinin “Məktəbli kitabça”larında nə müəllimlər, nə də sinif rəhbəri qeydiyyat aparmayıb. Hətta dərs ilinin ilk yarısının başa çatmasına baxmayaraq, sinif jurnalında indiyədək qiymət yazılmayan şagirdlər də var.

Xatırladaq ki, “Məktəbli kitabça”ları bir neçə il əvvəlki “Şagirdin gündəliyi”ni əvəz edir. Mövcud qaydalara əsasən, “Məktəbli kitabça”ları hər bir şagirdin özü tərəfindən doldurulur, müəllimlər tərəfindən qiymət yazılır və imzalanır. Kitabçanın tam doldurulmuş hər bir vərəqin aşağı hissəsində isə sinif rəhbəri və valideyn imza etməlidir. Ancaq 53 saylı məktəbdə müşahidə apardığımız siniflərin əksəriyyətində “Məktəbli kitabça”ları doldurulmayıb.

Direktor Firəngiz Həsənova deyir ki, “Məktəbli kitabçası”na müəllimdən və sinif rəhbərindən daha çox valideyn nəzarət etməlidir: “Siz özünüz də reydlər zamanı gördünüz ki, bir çox hallarda müəllimlər “Məktəbli kitabçası”nda şagirdlərə qiymət yazmır. Çünki uşaqlar kitabçalarını hər gün müəllimlərinə təqdim etmir. Valideynləri isə məktəblə sıx əlaqədə almadığından övladlarının hansı səviyyədə təhsil aldıqlarını ilə maraqlansınlar”.

Direktor hesab edir ki, valideyn mütəmadi olaraq, məktəblə əlaqədə olarsa, bu, təhsilin keyfiyyətinə və nizam-intizama müsbət təsir göstərər. Bununla belə, Firəngiz Həsənova deyir ki, “Məktəbli kitabçası”nda qeydiyyat aparmayan və bu işə laqeyd yanaşan müəllimlər cəzalandırılacaq.

Forma əvəzinə cins şalvar

...Monitorinq qrupunun növbəti səfəri 13 saylı məktəbədir. Əvvəlki məktəbdə rastlaşdığımız nöqsanlar bu təhsil müəssisə üçün də xarakterikdir. Belə ki, XI-a, XI-b, IV-c siniflərində müvafiq olaraq biologiya, fizika və Azərbaycan dili dərslərində şagirdlərin “Məktəbli kitabçası” tam doldurulmayıb. XI-b sinfində isə 8 şagird dərsdə iştirak etmirdi.

Ancaq 53 saylı məktəbdən fərqli olaraq, burada məktəbli formasında olmayan şagirdlərin sayı daha çoxdur. Daha doğrusu, cins şalvarda olan oğlan və qız şagirdlər məktəbli forması kimi yalnız köynək və jilet geyinirlər. Müəllimlər və şagirdlər vahid məktəbli formasının burada tam tətbiq olunmamasını siniflərdə istilik sisteminin işləməməsi ilə əlaqələndirirlər.

Direktor deyir ki, Rəfiqə Məmmədova deyir ki, məktəbin özünün istilik sistemi olsa da, işləmir. Mərkəzləşdirilmiş qazanxanaya qoşulmaq üçün isə müvafiq qurumlardan, o cümlədən Fövqəladə Hallar Nazirliyindən rəy alınmalıdır: “Bununla bağlı nazirliyə də, istilik idarəsinə də məlumat vermişik. Hətta Bakı Şəhəri üzrə Təhsil İdarəsinə də müraciət etmişik. Ancaq hələ ki, məktəbi istiliklə təmin etmək mümkün olmayıb”.

Direktor deyir ki, məktəb istilik sisteminə qoşulmadığından şagirdlər yalnız sentyabr-oktyabr aylarında vahid məktəbli forması geyinə bilir. Havalar soyuduqdan sonra onlar daha isti geyimlərdən istifadə etmək məcburiyyətində qalır. Onun sözlərinə görə, belə olan halda məktəb rəhbərliyi şagirdləri vahid məktəbli forması geyinməyə məcbur edə bilmir.

Xatırladaq ki, Bakı şəhəri üzrə təhsil İdarəsinin paytaxt məktəblərində apardığı reydlər noyabrın sonunadək davam edəcək. Monitorinqin nəticələri dekabrın ortalarında Təhsil Şurasının iclasında müzakirə ediləcək və fəaliyyətində nöqsanlar aşkarlanan məktəblərin rəhbərləri cəzalandırılacaq.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1265

Oxşar yazılar