Xəstə, mömin, şikəst, “ödənişli arvad”...
24 aprel 2009 12:00 (UTC +04:00)

Xəstə, mömin, şikəst, “ödənişli arvad”...

Dünya orduları və fərariliyin ən qəribə üsulları

Hərbi xidmətin çətinliyi, müəyyən məhdudiyyətlərin mövcudluğu, hərbi əməliyyatlarda iştirak bu gün dünyada yüz minlərlə insanın orduda xidmətdən imtinasına, fərariliyin artmasına səbəb olub. Dünyada antimilitarist meyllərin güclənməsi, eləcə də üzvlərinə silah götürməyi qadağan edən bəzi dini sektaların aktivləşməsi də bu problemi ciddiləşdirməkdədir.

Lent.az-ın məlumatına görə, orduda xidmətdən imtinanın qarşısının alınması istiqamətində qanunvericiliklər nə qədər sərtləşdirilsə də, ordudan yayınmanın yeni-yeni metodları tapılır, qanunvericilikdəki müəyyən məqamlardan istifadə edən “bacarıqlılar” hərbi xidmətdən azad olunurlar.

Məcburi həqiqi hərbi xidmət hələ eramızdan əvvəl mövcud olub. Qədim Misirdə ölkənin kişi əhalisi müəyyən dövr üçün orduda xidmət edir, daha sonra gələcəkdə ölkənin müdafiəsinə cəlb olunma şərti ilə ehtiyata buraxılırdılar. Babilistanda isə çar Hammurapinin dövründə vətəndaşlar hərbi xidmət üçün qeydiyyata alınıb və bu dövlətdə indiki hərbi komissarlığa bənzər qurumlar olub. İstər Misirdə, istərsə də Babildə orduda xidmətdən yayınanlar ciddi şəkildə cəzalandırılıb. Xidmətdən yayınanları insanların gözləri önündə çaya atmaqla və ya şəhərin giriş-çıxış qapılarından asmaqla edam edirmişlər.

Müasir dövrdə Avropa ölkələrinin bir çoxu “insan haqları və vicdan azadlığı”ndan istifadə edərək hərbi xidmətdən yayınmanı leqallaşdırıb. Bəzi ölkələrin müqaviləli orduya keçidi ordudan kütləvi yayınma hallarının qarşısını almağa yardımçı olub. Avropa Şurasının üzvü olan, eyni zamanda mükəlləfiyyətli orduya malik ölkələr dini etiqadına və vicdani azadlıqlarına görə, silah götürmək istəməyən insanların hərbi xidmətini tənzimləyən alternativ xidməti tətbiq edirlər.

Alternativ xidmət, yoxsa alternativ hərbi xidmət

Azərbaycanın Avropa Şurası qarşısında alternativ xidmət haqqında qanunun qəbuluna dair öhdəçilik götürməyinə baxmayaraq, 7 ildir bu qanun “layihə olaraq” qalıb. Müşahidələr göstərir ki, bu gün Azərbaycanda alternativ xidmət və alternativ hərbi xidmət anlayışı arasında fərq çox zaman ayırd edilmir. Hətta bəzi millət vəkilləri “alternativ xidməti” “alternativ hərbi xidmət” kimi ifadə edirlər.

Alternativ xidməti tətbiq edən dövlətlərdə bu xidmət növü dini baxışları, etiqad etdikləri din silah götürməyi qadağan etmiş şəxslərə şamil olunur. Belə ki, adi vətəndaşlar kimi orduya çağırılmış həmin şəxslər alternativ xidmət keçmək üçün müvafiq strukturlardan sənəd təqdim etməlidirlər. Bu məlumatlar dəqiqləşdiriləndən sonra çağırışçı silahsız, döyüş tapşırığı yerinə yetirməyən hissələrə, hospitallara, tikinti taborlarına və s. bu kimi hərbi hissələrə göndərilir. Bir sıra ölkələrdə alternativ xidmət müddəti həqiqi hərbi xidmət müddətindən çoxdur.

Alternativ hərbi xidmət isə tam fərqli bir hərbi xidmət növüdür. Bir sıra ölkələr, o cümlədən Ermənistan bu xidmət növünün tətbiqini həyata keçirir. İşi, təhsili və s. bağlı xidmət etmək istəməyən şəxs dövlətə müəyyən olunmuş rüsum ödəməklə hərbi xidmətini keçmiş sayılır və ona hərbi bilet təqdim olunur. Alternativ hərbi xidmət keçmək istəyənlər bu xidməti nə üçün seçdiklərini faktlarla əsaslandırmalıdırlar. Yəni hər bir vətəndaş bu xidmətdən yararlana bilməz. Bir sıra ölkələrdə alternativ hərbi xidmətdən müğənnilər, idmançılar, elmi tədqiqatlarla məşğul olan şəxslər, biznesmenlər istifadə edirlər. Alternativ hərbi xidmətə müəyyənləşdirilmiş rüsum dövlətin hərbi xidmət dövründə bir əsgərin saxlanılmasına çəkdiyi xərcdən ən azı 2-4 dəfə çox olur. Bu vəsait ordunun təchizatının, maddi-texniki bazasının təkmilləşdirilməsinə sərf olunur.

Ordudan yayınmanın populyar üsulları

Dünya ölkələrində ordudan yayınmanın müxtəlif üsulları var. Məsələn, Ermənistanda imkanı olan vətəndaşlar pul ödəyərək alternativ hərbi xidmət keçməyə çalışırlar. İmkansızlar isə maksimum şəkildə ölkəni tərk edərək xaricə qaçmağa və ya hərbi komissarlıqlarda “niqodnı” almaqla buna nail olurlar. Mətbuatın yazdığına və Azərbaycan tərəfə keçmiş erməni əsgərlərinin dediklərinə görə, hərbi komissarlıqlarda “yararsız” olmaq üçün də xeyli vəsait – təxminən 10 min ABŞ dollarınadək pul lazımdır. Bu zaman çağırışçını “yararsız etmək” üçün ona müxtəlif diaqnozlar qoyulur. Ermənistanda hərbi komissarlıqların ən çox yayılmış diaqnozu əqli pozuntular (dəlilik, ağıldan kəmlik), qara ciyər, böyrək xəstəlikləri, karlıq və homoseksuallıqdır.

Qadınlı-kişili bütün vətəndaşların hərbi xidmətə məhkum olunduğu İsraildə gənclərin 25%-nin müxtəlif bəhanələrlə silahlı qüvvələrdə xidmətdən yayındığı bildirilir. Bu hətta Müdafiə Nazirliyinin hökumətə təqdim etdiyi məruzəsində də qeyd olunub. “The Jerusalem Post” qəzetinin yazdığına görə, oğlanların 11%-i dini, 7%-i tibbi əsaslarla orduya getmir. Hərbi xidmətdən yayınanlardan 4%-nin kriminal keçmişi olduğundan onlara orduda xidmət qadağandır. Çağırışçıların 3%-i isə xaricdə yaşayır. Problemi minimuma endirmək üçün kriminal keçmişi olanların orduya, özü də döyüşən hissələrə götürülməsi planlaşdırılır.

İsrail qadınları isə ordudan yayınmada dini amili götürürlər. Özlərini dindar kimi təqdim edən qadınları İsrail ordusuna almırlar. Son məlumatlara görə, bu ölkədə dini inanclarına görə hərbi xidmətdən imtina edən qadınların sayı 40%-ə çatıb. Bundan əndişələnən SAXAL rəhbərliyi məsələni araşdırmağa detektivləri cəlb etməyə məcbur olub.

Cənubi-Şərqi Asiyada, Vyetnam və Tailandda hərbi xidmətdən yayınmada vətəndaşlar daha sərt bir vasitədən istifadə edirlər. Onlar sağ əlin şəhadət barmağına donuz tükü sancıb bir müddət orada saxlayırlar. Nəticədə barmaqda infeksiya nəticəsində şişmə və çürümə baş verir və həmin barmaq kəsilir. Silahın tətiyini çəkmək üçün lazım olan sağ əlin şəhadət barmağı sıradan çıxdığından həmin vətəndaşlar orduya alınmır. Çox zaman infeksiya dərinləşir və bu insanların ölümü ilə nəticələnir. Artıq Tailand və Vyetnam hökumətləri problemin qarşısını almaq üçün inzibati tədbirləri gücləndirməyə çalışırlar.

Analoji vəziyyət Pakistan, Yəmən, hətta Türkiyədə də mövcuddur. Bu ölkələrdə donuz tükündən istifadəyə deyil, barmağın iynələr vasitəsi ilə keyidilərək kəsilməsinə üstünlük verilir.

Böyük rus ordusunun “gücü”

Dünyada ən qəribə ordudan yayınma metodları Rusiyada mövcuddur. “Mir Kriminal” jurnalının yazdığına görə, Rusiyada “ağ bilet” alan vətəndaşların sayı minlərlədir. Dövlətin orduda xidmətdən kütləvi yayınmanın qarşısını almaq üçün gördüyü tədbirlər də nəticə vermir. “Dedovşina” və digər neqativ halların tüğyan etdiyi rus ordusunda xidmət etmək istəməyən gənclərin yararlandığı fırıldaqlar hərbi strukturlar belə çaş-baş qoyub.

Rusiyada hərbi xidmətdən yayınmada ən geniş yayılmış vasitələrdən biri çağırışçının evli və öhdəsində uşağının olmasıdır. Jurnalın yazdığına görə, hərbi xidmət keçmək istəməyən çağırışçılar “evlənməyə” üstünlük verirlər. Bunun üçün Rusiyanın iri şəhər və vilayətlərində “ödənişli arvadlar” fəaliyyət göstərir. İş o yerə çatıb ki, hərbi komissarlıqların əməkdaşları müəyyən haqq müqabilində çağırışçıları “ödənişli arvadlar”la əlaqələndirir. Əvvəlki ərlərindən 3, 4 övladı olan bu qadınlar müəyyən ödəniş müqabilində çağırışçı ilə “ailəliyini rəsmiləşdirir”. Burada arvad “ərindən” pul, gənc çağırışçı isə “ailə” və “öhdəsində uşaq olması” səbəbi ilə hərbi xidmətdən azad olma hüququ qazanır. “Mir Kriminal”ın yazdığına görə, “ödənişli arvadlar”ın əksəriyyətinin yaşı 30-40 arasındadır. Çox zaman onların “ərləri” övladları ilə yaşıd olur. Amma nə etmək olar. Xidmət etmək istəmirsə, taleyi ilə razılaşmalıdır...

Rusiyada geniş yayılmış metodlardan biri də müəyyən əqli xəstəlik diaqnozlarının qoyulmasıdır. Bu diaqnozun qiyməti aşağı olsa da onu almış çağırışçılar bir qədər çətinliklərlə üzləşməli olurlar. Müəyyən məbləğdə pul vermələrinə baxmayaraq, hüquq-mühafizə orqanlarının diqqətindən yayınmaq üçün bir neçə həftəni psixiatrik xəstəxanada keçirməlidirlər.

Araşdırmalar zamanı məlum olub ki, Rusiyada hərbi xidmətdən yayınanların təxminən 45%-i özlərinə müxtəlif daxili xəstəliklər diaqnozunu qoydururlar. Bu xəstəliklər sırasında qaraciyər xəstəlikləri, vərəm və s. var.

Korrupsiyanın daha geniş yayıldığı və mərkəzdən uzaq, diqqətdən kənar ərazilərdə isə Hərbi Həkim Komissiyalarından əlillik, fiziki qüsurların olması, çolaqlıq, korluq və ya karlıq diaqnozu da almaq mümkündür. Bunun üçün də çağırışçı bir neçə il əvvəlcədən maliyyə ehtiyatını görməlidir.

Rusiya KİV-nin yazdığına görə, 2003-cü ildən etibarən ordudan yayınanlar arasında “homoseksuallar”ın sayı artmaqdadır. Özünü bu kateqoriyaya aid edən yüzlərlə çağırışçı hərbi xidmətdən yayına bilib. Rusiyada həkim komissiyalarından, eləcə də müvafiq mərkəzlərdən bu xəstəlik diaqnozunun alınması digərlərindən çox ucuz başa gəlir.

Rəşad Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1723

Oxşar yazılar