Dünyanın ən işıqlı... qaranlıq kəndi - REPORTAJ
10 iyun 2010 13:45 (UTC +04:00)

Dünyanın ən işıqlı... qaranlıq kəndi - REPORTAJ

Günel Mövlud 18 ildir elektrik işığı görməyən kənddən yazır

Evində oturub, internetlə bircə saniyəyə dünyanın o başına məktub göndərən adam ağlına sığışdıra bilməz ki, sivilizasiyanın 43 kilometrliyində elektrik işığının olmadığı kənddə insanlar yaşayır. Amma Şəkinin Cücərmiş kəndi yaranan gündən, yəni düz 18 il bundan əvvəldən bu kənddə elektrik işığı olmayıb.

Bu xəbəri eşitdiyim gündən həmin kəndə qonaq getmək istədim. Və mümkün olduğu qədər orada qalıb, 21-ci əsrdə insanların elektrik işığı olmadan, yəni televizor, radio, elektrik lampası, ütü, tozsoran, nə bilim, elektriklə çalışan məişət avadanlığı olmadan necə yaşadığını görmək…

Yay qızmarının hələ düşmədiyi, gözəl qızların gün işığında isinə-isinə saçlarını toparlayıb, sevgililərini unutduğu gözəl günlərin birində yol çantamı yığıb, heç kimi tanımadığım, gedəcək dəqiq ünvanımın olmadığı Şəkiyə yola düşdüm. Amma hara getmək qayğısı çox çəkmədi. Məlum oldu ki, avtobusda yanımda əyləşən qız Şəki televiziyasının müxbiridir və mətbuatı diqqətlə izləyir. Solçu publisist Məmməd Süleymanovun yerlisi, yəni Qax rayonundan olan İsanə imzamı və yazar dostlarımın əksəriyyətini tanıdı. Və o dəqiqə canfəşanlıq eləyərək, təkidlə dedi ki, oteldə-zadda qalmağı ağlıma gətirməyim, Cücərmişdə bir yer-yurd eləyənə qədər onun kirayə qaldığı evdə qonaq olum.
Bu arada əyalətdə yaşayan rəfiqəm Sevinc Pərvanənin həyat yoldaşı Elsevərdən zəng gəldi. Şəkiyə getdiyimi biləndə, orada yaşayan dostlarının nömrəsini verdi və dedi ki, arxayın olum, dostları məni həmin kəndə çatdıracaqlar. Elsevərin dostları məni elə Şəkidə avtobus vağzalındaca qarşıladılar. İsanə nömrəsini, ünvanını verib, məni gözlədiyini deyərək, öpüşüb-görüşüb, getdi. Mənsə oğlu ilə bərabər qonağı qarşılamağa gələn qarayanız və qaradinməz kişiyə salamlaşmaq üçün əl uzadanda, əlim havada qaldı. Əllərini belinə vurub, dayandığını zənn etdiyim kişinin qolunun heç biri yerində yox idi.

Sadəddinin (kişinin adı belə idi) oğlu yük yerini açıb, çantamı yerləşdirdi və sonra atası üçün qapını açdı. Sadəddin dedi ki, artıq gec olduğundan məni öz kəndlərinə aparır. Gecəni orada qalmalıyam. Sabah isə məni hara lazımdırsa, aparacaqlar. Və rayon mərkəzindən xeyli uzaqda qaralan dağları göstərib, dedi ki, məni həmin kəndə – Daşbulağa aparırlar. Dörd saatdan artıq idi ki, yolda idim və artıq yorğunluq partizana güc gəlirdi.

Dağlar uzaqdan qaralsa da, fikirləşirdim: görünən dağın dibi yaxın olar. Yəqin, onca dəqiqəyə kəndə çatarıq. Amma deyəsən atalar bu məsəli nəsə başqa mənada işlətmişdilər, çünki dağlar görünsə də, dibi heç də yaxın-zad deyildi - Daşbulağa çatmaqdan ötəri az qala bir saatdan artıq yol gedəsi olduq.

Bir gecə Daşbulaqda

Daşbulaq - bir qismi 1918, qalanlarısa 1968-ci illərdə Ermənistandan köçüb-gələn azərbaycanlıların yaşadığı kənddir. Gecəni evində qaldığım qadın – Səhnə xala Dərələyəz mahalından idi. Boynuna almırdı, amma kürd ləhcəsində danışırdı. Kürdlərə nə qədər rəğbətimin olduğunu desəm də, qadın “kürd dəyilıx!” deyib, durdu.

Səhnə xala altı uşağını evləndirib, yerbəyer eləyəndən sonra əri Filot (rusca “front” sözünün təhrif olunmuş şəkli – kişi 1941-ci ildə doğulub deyə, «cəbhə» ilə bağlı bir ad qoymaq istəyiblər) və nəvəsi Tünzalə ilə yaşayır. Nəvəsi doqquzuncu sinifdə oxuyur, amma artıq nişanlayıblar. Tünzalə yaxşı oxuyur. Heç olmasa, texnikuma qəbul olunmaq istəyirmiş. Arzusu ürəyində qalıb. Qız evdə elə sakit, elə qaradinməzcəsinə hərlənirdi ki, arada evdə Səhnə xala ilə özümdən başqa kiminsə olduğunu unudurdum.

O ki, qaldı Səhnə xalaya…deyib-gülən, mehriban, üzügülər qadın idi. Ömründə birinci dəfə gördüyü adama elə mehribanlıq eləyirdi, canfəşanlıq göstərirdi, “başına dönüm”ün birini bir qəpiyə elə xərcləyirdi ki, əməlli-başlı utanırdım.

Axşam Səhnə xala məni yedirib-içirib (evin kişisi köhnə kişilər sayaq yeməyini başqa otaqda, tək yedi və “arvad söhbətinə” qoşulmadan, oradaca yıxılıb yatdı), evinin ən qalın, ən təzə yorğan-döşəyini taxtın üstünə saldı. Gecə bir şey istəsəm, utanmadan onu oyatmağımı tapşırıb, özü yatmağa getdi.

Səhər mən oyanıb, əl-üzümü yuyanda Sadəddin oğlu və maşını ilə artıq Səhnə xalanın qapısının ağzında hazır idi. Səhnə xala məni yola salanda, üzümdən öpüb, bərk-bərk tapşırdı ki, kənddə gecə qalmağa yer tapmasam, mütləq onlara zəng eləyim:

- Filot dayın gəlib, səni evə gətirər, bizdə qalarsan. Qəti narahat olma ha, bax, səni gözdüyürux. İndi gələsi olmasan da, buranı evin bil. Nə vaxt Şəkiyə yolun düşsə, gəl…

“Cücərmiş” adlı kənd yoxdur!

Sadəddindən xahiş elədim ki, məni əvvəlcə Şəki Rayon İcra Hakimiyyətinə tərəf aparsınlar. Məqsədim buydu ki, orada kimdənsə xahiş eləyim, Cücərmiş kəndinin bələdiyyəsinə və ya başbilən bir adama zəng eləyib, xəbər versinlər ki, kəndə jurnalist gəlir. Kənddə qalmağın başqa yolunu ağlıma gətirə bilmirdim. Fikirləşirdim ki, gedib kimə və necə deyim ki, sizdə qalmaq istəyirəm?

Sadəddin mənə bir neçə məsləhət verdi. Oğlu isə dinmirdi. Dünəndən bəri mən bu uşaqdan səs çıxdığını görməmişdim. Oğlan atası üçün maşının qapısını açır, siqaret çıxarıb, onun damağına qoyur, yandırır, telefonuna zəng gələndə qulağına tutur, bir sözlə, atasının əllərini əvəz eləyirdi. Və mənə elə gəlirdi ki, o uşaq atasının itirdiyi bir cüt ələ görə bütün dünyaya düşmən olmuşdu…

İcra hakimiyyətində məni bir neçə müavinin üstünə göndərib, axırda mətbuatla və ictimaiyyətlə iş üzrə şöbə müdirinin qapısına yönəltdilər. Və məlum oldu ki, bunlardan mənə kar aşmaz. Yuxarıda adı çəkilən şöbənin müdiri uzun-uzadı ora-bura zəng eləyəndən sonra mənə həmin kəndə getməyi məsləhət görmədi:

- Əvvəla, Cücərmiş kəndi deyə bir şey yoxdur. Həmin kənd Aydınbulaq kəndinin ərazisidir. Bir dəstə Laçın qaçqının oranın havasından, suyundan xoşu gəlib, yığışıblar ora. Hərəsinin də min baş mal-qarası, qoyun-quzusu var. Hərəsi bir ikimərtəbəli villa tikdirib, oradan aşağı düşmək istəmirlər. Gündə də bir televiziya kanalından adam çağırtdırıb, deyirlər ki, bizə niyə işıq çəkmirlər? Sizə də o kəndə getməyi məsləhət bilmirəm. Gözəl, cavan xanımsınız, gedib o kənddə gecəni qalmaq istəyirsiniz? Məncə, siz geri qayıtsanız yaxşıdı…

Şöbə müdirinin əlini sıxıb, “köməyinizə görə sağ olun, amma hər halda, mən Cücərmişə gedəcəyəm!” dedim. Və qayıdıb, az qala bir saat məni gözləyən Sadəddini, daha doğrusu, oğlunu kəndə getmək üçün tələsdirdim. “Nə olar, olar”.

Bu da Cücərmiş!

Şöbə müdirinin dediyi Aydınbulaq kəndindən Cücərmişə ən azı 30 kilometr yol var. Kələ-kötür, torpaq yol. Biz o uzun yolu keçib, olduqca mənzərəli, səssizliyindən adamın beyni dincələn bir yaşayış məskəninə çatanda yolun babat hissəsi qurtardı. Yəni indi hansısa maşın yolundan söhbət gedə bilməzdi. Çatdığımız yaşayış yeri hərəsi bir təpənin üstündə tikilmiş 15-yə yaxın evdən ibarət idi. Nə villa, nə ikimərtəbə?! Villa adlanan şeylər palçıq kərpicdən tikilmə birgöz, ikigöz daxallar idi.

Sadəddinin oğlunun bəxtəbəxt sürdüyü yol bu hasarsız, çəpərsiz-filansız daxallardan birinə dirəndi. Yan tərəfdəki təpənin üstündən bir Laçın atı bütün əzəməti ilə bizə yuxarıdan aşağı baxıb, kişnəyirdi.

Həyətdən iki yekəpər, qəzəbli çoban iti bizə tərəf götürüldü.

Sadəddinin oğluna dedim ki, elə burada saxlasın.

Həyətdə iki uşaq və 30-35 yaşlarında bir qadın hərlənirdi. Elə o dəqiqə gözüm həyətdə tüstülənən ocağa sataşdı. Ocağın üstündə qapqara his basmış qazan vardı. Qadın əlindəki xəlbirdən umac götürüb, cücələrinə yedizdirirdi. Maşını görəndə əl saxladı. Düşüb, itlərə fikir vermədən, qadına tərəf addımladım. Əl uzatdım. Gülümsəyib, salamımı aldı. Uşaqlar tez gəlinin ətəyindən yapışıb, təəccüblə mənə baxdılar.

- Bacı, mən jurnalistəm. Televizorda sizin kənddən süjet verirdilər. Doğrudan sizin işığınız yoxdu?

- Yoxdu, a bacı, yoxdu! Bax, az qala hər ay kanallardan sənin kimi neçə qız gəlir. Heç bir xeyri yoxdu. Bacı, indi nə zamanadı ki, evdə işıq olmasın?! Bax, bu uşaqları görürsən, birinci dəfə qonşu kənddə televizor görəndə, qorxudan qışqırıb, yaxamdan yapışırdılar…
Söhbətimiz alındı. Qadın tez-bazar həyətdə oturmağa yer düzəldib, Sadəddinlə oğlunu da çağırdı. Əyləşdik. Qadına kənddə heç olmasa iki gecə qalmaq istədiyimi deyəndə, gözlədiyimin əksinə olaraq, üzü güldü:

- Bıy, bacı, o nə sözdü?! Bu ev-eşik saa qurbandı! Belə tək yox ee, başıyın dəstəsiynən gəl, qal. Özü də nə iki gün, istəyirsən, ayı diri qal elə bizdə.

İndiyə qədər kənddə doğrudan da qalacağıma inanmayan Sadəddin təəccüblə mənə baxdı. Kişi tanımadığım adamların evində qalacağıma inana bilmirdi. Birtəhər dilə tutub, onu arxayın elədim.

Onca dəqiqənin içində yaxınlıqdakı bütün qohum-əqrəba həyətə töküldü. Hamı gəlib, əl görüşdü. Həyətdə dövrə vurub, kimi yerdən, kimisi kobud ağacdan hazırlanma skamyalardan, kimi bir az uzaqda yaşıl otun üstündə oturub, maraqla baxmağa, suallar verməyə başladılar. Biləndə ki, mən bir neçə gün kənddə qalacağam, elə sevindilər ki, elə bil, Cücərmişdə qalmağımla kəndin işıq problemi həll olunacaqdı. Təbii ki, məsələ bunda deyildi. Narahat və uzaq yola, iş-gücə görə qonşu kəndlərdən, işıq ucbatından sivilizasiyadan təcrid olunmuş kənd camaatı bura bir təzə adamın gəlməyinə, burada qalmağına görə sevinirdilər.

Sadəddinlə oğlu məni burada qoyub, getməyə elə də tələsmədilər. Hiss elədim ki, kişi bir az burada oturub, yanlarında qalacağım adamların kim olduğunu öyrənmək, arxayınlamaq istəyir.

Bir azdan evin kişisi gəlib çıxdı. Adil göygöz, yumşaq sifətli, bir az da fağıryana adam idi. Adil sevincək gəlib görüşdü, arvadının yorulmadan təkrarladığı “bu ev-eşik sənə qurbandır!” təklifini bir neçə dəfə də o səsləndirdi. Arvadını samovar qoymağa, ocağın üstündəki yeməyə baxmağa tələsdirdi.

Məstan (gəlinin adı belə idi) qonşudan xəbər eşidib, gələn, altdan-altdan mənə baxan, amma hələ ki, böyüklərin yanında dillənməyən kənd qızlarının köməyi ilə tezcənə bir samovar qaynatdı. Hərəmizə bir stəkan çay verəndən sonra dedi ki, evə keçib, yemək yeyək. Sadəddingil biznən çay içsələr də, yeməyə qalmadılar. Arxayınlayıb, çıxıb getdilər və tapşırdılar ki, qayıtmaq istəyəndə zəng eləyib, xəbər verim, arxamca gəlsinlər.
Həyətə yığışan kəndlilərlə söhbət elə maraqlı idi ki, mən də günorta yeməyini təxirə saldım.

Həyəcanlar səngiyəndən sonra, kənd camaatı rahat, sakit söhbət eləməyə başladı. Aralarında ən çox və ən çılğınca danışanı Laçının Yolabağırlı kəndindən Maya adlı qarayanız dul qadın (əri müharibədə həlak olub) və hündür, yaraşıqlı, ağsaçlı, həlim səsli kişi – Saybalı idi. Saybalı kişi adamı təəccübləndirəcək qədər savadla və nəzakətlə danışır, kəndin tarixini, bura necə köçdüklərini, nə zülmlərlə daxal tikmələrini, əllərinə qoyun-quzu damazlığı salmalarını, bu kəndin yerindəki cəngəlliyi necə qırıb, yaşanacaq hala gətirdiklərini nağıl eləyirdi. Mənə də “siz” deyə müraciət eləyirdi…

Maya deyirdi ki, bura təzə köçəndə uşaqları çox balaca imiş. Kənd camaatı hələ daxallarda yox, tələm-tələsik düzəltdikləri qazma alaçıqlarda yaşayırmışlar. Deyir, yayda başı həyət-bacadakı işə qarşında neçə dəfə alaçığa girib, bələkdəki uşağın yanında bir neçə ilanın qıvrılıb, yatdığını görüb:

- Yaz e, yaz, bunların hamısını yaz! İlanların içində uşaq böyütmüşük. Uşaq birinci dəfə televizor görəndə qorxusundan üstümüzə atılırdı. 18 ildi işıq üzünə həsrətik. Hər yerə demişik, hamıya yazmışıq, səsimizə səs verən yoxdu! Sən bunu yaz, Qənirə Paşayevaya çatdır, bilirəm, o bizə kömək eləyəcək. Bizim deputat heç, ondan bizə kar aşmır…

Bir azdan kənd camaatı məni sorğu-suala tutmağa başladı. Qarabağlı, üstəlik qaçqın olduğumu deyəndə, hiss elədim ki, mənə daha çox qanları qaynadı. Mayanın hətta gözləri yaşardı:

- Hə, bax, sən yalan yazmazsan! Sənin qadan alım, sənin qanın mənim qanımnandı eee…

Qaş qaraldığından, bir azdan qonşular mal-qaralarını yerbəyer eləməkdən ötəri öz evlərinə dağılışdılar. Məstanla mən bir-birimizə qoşulub, daxaldan xeyli aralıda yerləşən bostan yerinə, cücələrə yedizdirmək üçün gicitkən yığmağa getdik. Məstan gicitkən yığa-yığa öz ailəsindən, qardaşından, ata-anasından, ərindən, ərə gəlməyindən danışdı. Vaxt tapıb, mənə də xeyli sual verdi.

Biz həyətə qayıdanda Məstanın bayaqdan sanki varlığını gizləmək istəyirmiş kimi orda-burda büzüşüb oturan, olduqca yaşlı, qocalıqdan və ağır həyat tərzindən beli bükülmüş qaynanası qəfil söhbətə qarışdı. Yalvardı ki, söhbəti sonraya saxlayaq:

- Saa qurban olum, ac qalma, keç evə, bir loxma çörək ye…

Məstanın uşaqları 5-6 yaşlı oğlanla, 4-cü sinifdə oxuyan qızı, bir-birini itələyə-itələyə əlimə su tökdülər, dəsmal gətirdilər. Məstan həyətdə kişilərlə söhbət eləyən Saybalı əmini, onun zarafatcıl qardaşı Adəm kişini və buralara qonaq qismində gəlib, özünün arıçılıq təsərrüfatına göz-qulaq olan Səməd müəllimi də yeməyə dəvət elədi.

Evə keçdik. Dəhlizə içində yanı cücəli kürd toyuğun məskən saldığı yeşik qoyulmuşdu.
Məstan bayaqdan ocağın qırağında əlləşib-vuruşub, bişirdiyi yeməklə bərabər, məxsusi Səməd müəllimin xahişi ilə bişirdiyi ayranlı aşı da gətirib, ortaya qoydu. Masada kişilərlə bərabər yeməyə oturduğumdan, özümü bir az naqolay hiss eləyirdim. Amma Saybalı əmi masadakı əsl sivil centlmen davranışı, qulluğu ilə məni ürəkləndirdi.

Yeməyə başladıq və qəfil fərqinə vardım ki, bu, mənim 28 il ərzində halallığına zərrəcə şübhə eləmədən yediyim birinci çörək tikəsidi…

Hava daha da qaraldıqca, kənddə işığın yoxluğunun doğrudan da zarafat olmadığına inanmağa başlayırdım. Məstan çırağın şüşəsini silib-təmizlədi və yandırıb, evin bir küncündəki masanın üstünə qoydu. Döşəkcələri, mütəkkələri evin ortasına dövrələmə düzdü. Araya süfrə salıb, qaynatdığı ikinci samovarı gətirdi. Hamımız yerdən oturduq. Maya da oğlunu, qızını götürüb, gəlmişdi. Saybalı kişi qəzetdə oxuduqlarından, kənddə baş verənlərdən danışır, hamı da diqqətlə ona qulaq asırdı. Adilin qoca anası hamıdan aralıda oturub, boş kürsülərdən birinə söykənmişdi. Arabir yuxulasa da, yatmağa getmək istəmirdi.

Kəndin demək olar ki, bütün evlərində gecələr belə keçir. Bir neçə qonşu birinin evinə yığışıb, yuxuları gələnə qədər söhbət eləyirlər. Kiminsə evində motor varsa, benzin töküb, bir neçə saatlığa işıq yandırır. Və həmin bir neçə saat ərzində televizora baxa bilir, mobil telefonlarını “zaryadka”ya qoyurlar. Yeri gəlmişkən, adətən kənddən bir nəfər həftədə bir, ya iki dəfə bir neçə qonşunun mobil telefonlarını yığır, atı minib, qonşu kəndə “zaryadka”ya aparır. Kənd camaatı ütüdən istifadə eləmir. Qadınlar saç fenini, uşaqlar bizim avaragor, bayağı müğənnilərimizi tanımırlar (bu, məni sevindirən yeganə şey oldu). Məstanın 4-cü sinifdə oxuyan qızının kitab oxumaqdan başqa heç bir əyləncəsi yoxdu.

Gecə yatmaq vaxtı gələndə Maya məni evlərinə aparacağını dedi. Dedi ki, “Bizdə daha rahat olarsan. Mənim evim daha genişdi”.

Dedim ki, bunu Məstana de, mən onların qonağıyam, ev sahibi icazə verirsə, gedərəm. Belə cavab verməyim Adilin də, Məstanın da, hətta Saybalı əminin də çox xoşuna gəldi.
Gecəni Mayagildə, məxmər üzlü, qalın, rahat yorğan-döşəkdə yatdım. Yorğan-döşək komfortu yeganə rahatlıqdı ki, qarabağlılar hətta dörd kvadratmetrlik alaçıqda belə bundan vaz keçə bilməzlər.

Səhər oyananda həyətdəki ocağa tərsinə qoyulmuş sacın içində pıqqıldayan çaydan-çaynik məni gözləyirdi. Həyətdə əlüzyuyan-zad olmadığından, Mayanın sarışın, mavigözlü (bu kənddə az qala hamının gözləri mavi rəngdə idi) qızı yuyunmağıma kömək elədi. Səhər yeməyini yeyib, tezcə Məstangilə qayıtdım.

Məstan sac qoymuşdu. Yuxa, fətir bişirirdi. Yaxınlaşıb, bir az kömək elədim. Və bura jurnalist kimi gəldiyimi artıq unudaraq, qadına irad tutmağa başladım:

- Bacı, sən nətəhər qarabağlısan? Bu nə yuxadı, yayırsan? Hanı bunun nazikliyi, iriliyi?

Doğrudan da, məlum oldu ki, mən yuxanı daha iri və incə yayırmışam. Məstan biləklərimin nazikliyinə baxıb, güldü:

- Yaxşı, axşam mallar qapıya gələndə, mən inək sağmaqda sənin dizini yerə gətirərəm, sən də görərsən!

Həyətin bir tərəfində quruca torpağın üstündə oturub, cücələrə yarma qarışdıran nənə bizə tərəf baxıb, dinməzcə güldü. Məstanın qızı balaca üzünü ovuclarının arasına alıb, sac altı qalamağıma, yuxa yayıb, çevirməyimə təəccüblə baxırdı.

Məstan sacın ardınca ocağa yekə bir qazan qoydu. Ocaq işi ilə belə rahat davranmağımdan ürəklənib, yeməyə atılacaq kartof-soğanı, əti-filanı mənə tapşırıb, ev işləriylə məşğul olmağa başladı. Dünəndən dinməzcə fırlanan qızcığaz aradabir mənə yaxınlaşıb, sual verirdi. Sonra məktəblərindən, dərslərindən danışdı. Mən yaxınlıqdakı evləri göstərib, soruşduqca bir-bir səlis məlumat verdi.

Adil rayon mərkəzinə getməli idi. Səməd müəllimin köhnə, güclə sürünən “Niva”sına minib, bir az aralaşmışdı ki, qız da, 4 yaşlı oğlan da maşının arxasınca götürüldülər. Maşın dayandı. Uşaqlar qışqırışdı ki, ata, benzin kanistrini götürmək yadından çıxıb. (Evdə benzin olanda motoru işlətmək, yəni dolayısıyla, hər axşam bircə saat televizora baxmaq olur).

Məstan həyətdəki cücələrə gicitkən doğraya-doğraya dedi ki:

- Biz görmüşük, ata bazara-zada gedəndə, uşaq şirniyyat istəyər, oyuncaq istəyər. Bizimkilər yalvarır ki, benzin al, televizora baxaq. Biləndə ki, Adil sabah rayona gedəcək, gecə sevindiklərindən uşaqların gözünə yuxu getmir.

Günortaya yaxın Saybalı əmi gəlib çıxdı. Mayanın oğlu ilə qızı da buralardaydı. Mayanın oğlu 23-25 yaşlı, mavigöz, sarışın, şüvərək oğlan idi. Adı da Ələsgər. Saybalı əmi həyətdə oturub, Umberto Ekodan, Elçin Əfəndiyevin mətbuata verdiyi sonuncu müsahibədən, Avstraliyada qoyunçuluq təsərrüfatının özünü doğrultmağının səbəblərindən danışa-danışa arada vaxt tapıb, Ələsgərə də ilişirdi:

- Ələsgəəər! Sənin də evlənmək işin daş altından çıxır haa… Ələsgərin xətti çıxdı çal indi!

Saybalı əmi ilə bir az söhbət eləyəndən sonra beyqəfil məlum oldu ki, kişi ixtisasca baytar həkimi olan atamın dost-doğmaca qrup yoldaşıymış. Qonum-qonşu mənimlə bir daha salamlaşıb-görüşdü. Bu dəfə jurnalist kimi yox, bir doğma adam kimi. Və bundan sonra mənimlə kənddə qalan jurnalist kimi deyil, qohum kimi davranmağa başladılar. Saybalı əmi atamla zəngləşdi. Və mənə “qardaşqızı” deməyə başladı.

Günəşin qızmarı sovuşandan sonra Saybalı əmi məni yaxınlıqdakı təpənin başında yerləşən Cücərmiş əsas məktəbinə baxmağa apardı. Məktəb deyəndə ki, Laçın camaatının birləşib tikdiyi, çəpərə alınmış dördgöz daxal. Palçıq kərpicdən divarlar, kobud meşə odunundan oturacaqlar, köhnə lövhələr. Məktəbi birtəhər Təhsil Nazirliyində qeydiyyatdan keçiriblər. Müəllimlər də elə bu 19 ailədən ibarət kəndin öz adamlarındandı. Uzun-uzadı məktəbə, otaqlara, oturacaqlara baxdım… Mənim yaşadığım çadır şəhərciyindəki alaçıq məktəblər belə, bundan daha abad idi. Amma məsələ bu deyil. Əsas odu ki, bu məktəbin məzunu olan şagirdlərdən ildə 7-8 nəfəri ali məktəbə qəbul olur. Saybalı əmi fəxrlə dedi ki, Laçınlılar oxuyan olur. Dedi ki, bir qardaşının 6 oğlu var, altısı da ali məktəb qurtarıb. Amma bu il məktəbin axırıncı ilidi. Guya fəaliyyəti zəif olduğundan, məktəbi Aydınbulaq kənd orta məktəbinin filialı elan ediblər. Bax, belə…

Həmin axşam Adilgilin Ağgül adlı inəklərini Məstanla bir yerdə sağdıq. İnək sağmaqda Məstan doğrudan da “dizimi yerə gətirdi”. Özü də “qələbəsindən” bərk məmnun qaldı. Sonra Adillə Məstan köməkləşib, çöl ocağında qəşəngcə bir hinduşka kababı çəkdilər. Və həmin axşam daha masada oturmaq istəmədim. Hamılıqla yerdən – qırağı döşəkcəli, mütəkkəli kənd süfrəsində oturub, deyə-gülə kababımızı yedik. Adil benzin almışdı deyə, bir saatlıq işıq da vardı. Uşaqlar televizoru qoşub, bir dəqiqəni belə itkiyə verməmək üçün gözlərini ekrana zillədilər. Bayaqdan iştahla gözlədikləri kababa isə gözlərinin ucu ilə də baxmadılar – bu dəqiqə onlar üçün ən vacib şey televizora baxmaq idi (orada nə göstərilməyinin isə heç bir fərqi yox idi).

Maya köksünü ötürdü:

- 54 yaşım var, bundan sonra istəyim təkcə odu ki, heç olmasa dalbadal iki gün gözüm bu Allahın işığına baxsın… Qızım, səni bizə Allah göndərib. Sən yalan yazmazsan e, sənin qanın mənim qanımnandı! O deputatlara çatdır bizim dərdimizi, gerisiynən işin yoxdu.

Üçüncü gün Saybalı əmi məni evinə qonaq apardı. Arvadı, qızı, oğulları (hamısı da mavigözlü) gəlib görüşdülər. Burada da bütün həyətlərdə olduğu kimi, ocaq yanır, samovar tüstülənirdi. Saybalı əmi həyətində nəyi var, nəyi yox – qoyunlarını, toyuq-cücələrini, bostanını - hamısını göstərdi. İcra nümayəndəsinin “hərəsinin min baş mal-qoyunu var” sözünə münasibətini dedi:

- Buranın “mülkədar”ı mənəmsə, cəmi əlli baş qoyunum var. Axı bu qoyundan başqa heç nəyim də yoxdu. Neçə ildi bu çölçülükdə canımız çıxır, ta o qoyun da olmasın?

Saybalı əminin arvadı və qızı əməlli-başlı qonaqlıq düzəltmişdilər. Səməd müəllim, Saybalı əminin qardaşı Adəm kişi də gəlib çıxdılar. Süfrə üstündə söhbət Emin Milli ilə Adnan Hacızadədən düşdü. İki qardaş “Azadlıq” qəzetində hər nömrə yayımlanan “gənc bloqqerlərə azadlıq” şüarındakı “bloqqer” sözünün mənasını anlaya bilmirdilər. Adəm kişi öz ehtimalını irəli sürdü:

- Həlbət, restoranda yeyib-içib, dava salan adamlara “bloqqer” deyirlər…

Dördüncü gün artıq

sağollaşmaq vaxtı

idi. Amma qayıtmaq istəmirdim. Dörd gün ərzində bu kəndə, bu təmiz, saf adamlara, ibtidai həyata elə öyrəşmişdim ki… Bu çoban itlərindən, toyuq-cücədən, həyətdə tüstülənən ocaqdan, təpənin başında Laçın əzəməti ilə dayanmış atdan, həyətdə dinməzcə fırlanan nənədən, bütün günü toyuq-cücə ilə, mal-qoyunla, həyət-baca ilə əlləşən Məstandan ayrılmaq istəmirdim.

Uşaqlar evdən çantamı gətirdilər. Qonşular həyətə yığışdı. Hamısı mənimlə öpüşüb-görüşdü. Kənddə yazılacaq yazı, elektrik işığının çəkilməyi artıq ikinci plana keçmişdi – hamısı bir neçə ay sonra, bal vaxtı, bağ-bostanın axar-baxarlı vaxtına qonaq gözləyirdilər məni. Onların ləhcəsində danışan, qaynayıb-qarışa bilən doğma adam – belə biri onların həyatına elektrik işığından daha çox işıq gətirə bilərdi.

Nənə yarma qarışdırdığı əlləri ilə məni qucaqlayıb, bir neçə dəfə üzümdən öpdü. Nəvələrindən biri onun yarmalı əli ilə üst-başımı bulamağından alınıb, tez gödəkcəmi çırpmağa başladı.

Adil çantamı maşına qoydu.

- Bacı, bu ev sənindi. Nə vaxt istəsən, gəl. Gəl, nə qədər istəyirsən, qal. Allah haqqı ürəkdən deyirəm, istəyirsən, lap ilnən qal. Bura bir təzə adam gələndə bizim də üzümüz gülür.

Cücərmişdən oraya bir daha mütləq qayıdacağım arzusu ilə çıxdım. Qayıdıb, kəndə tərəf baxdım: təbiətlə əlləşə-əlləşə yaşayan, hər tikələrini əllərinin qabarı, üzlərinin gündə yanan qabığı ilə qazanan, palçıq daxmalarda yaşasalar da, bu boyda dövlətdən bir generator və elektrik dirəklərindən başqa heç nə istəməyən zəhmətkeş, təmiz, qürurlu adamlar…

Bəlkə də siz bu saflığınızı ona görə qoruya bilirsiniz ki, hər gün televizorda silikon mənəviyyatlı, silikon ruhlu müğənniləri, məmur əxlaqlı “yaradıcı adamları” və daha kimləri görmürsünüz. Buna görə kəndinizdə əhalinin 90 faizi ali təhsillidir, buna görə öz əlinizlə məktəb tikə bilmisiniz, buna görə gözünüz toxdur.

Amma məndən olsa, elə də çox arzusunda olmayın o elektrik işığının, o televizorun, o saç fenlərinin, o ütülərin, tozsoranların…

Məstan bacı, kəndinizə işıq çəkilsə, sənin utandığımdan adını soruşmadığım qızının kitab oxumaqdan başqa da əyləncələri olacaq. Kitabı atıb, Rəqsanəyə, Aygün Kazımovaya, Ayana baxacaq, saçını onlar kimi fenləyəcək, işi-gücü üz-gözünü boyamaq, əyin-başını təzə-təmiz saxlamaq olacaq. Sənə, sağdığın inəyə, əllərinlə balaların kimi yemlədiyin toyuq-cücəyə, bu gün üstündə hisli qazan qaynayan ocağa üstdən aşağı baxacaq, yaşı çatanda ali məktəb imtahanlarına yox, “Yeni Ulduz”, “Azəri-star” seçimlərinə qaçacaq. Mübariz tağıyevlərin, oqtay əliyevlərin, faiq ağayevlərin qarşısında əzilib-büzüləcək…

Sizin kəndinizdə işıq yoxdu, amma mən ömrümün ən işıqlı dörd gününü sizin aranızda yaşadım…

Günel Mövlud
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1332

Oxşar yazılar