Attestatsız on birincilərin “9 problemi” – ARAŞDIRMA
11 il oxuyub attestat ala bilməyənlərin ixtisas təhsilinə yolunun bağlanması əmək bazarını da qarışdıracaq
Orta məktəblərdə 11 il oxuyub attestat ala bilməyən abituriyentlər əsas təhsil bazasından (9 illik) orta ixtisas məktəblərinə sənəd qəbulunda iştirak edə bilməz. Onlar 11 il oxuyub attestat ala bilmirlərsə, bir ildən sonra yenidən imtahan verib attestat almalıdırlar.
XI sinfi bitirib attestat ala bilməyən şagirdlərin əsas (9-cu sinif) təhsil bazasından şəhadətnamə ilə texnikumlara sənəd qəbulunda iştirak etməsini mövcud normativ aktlar yasaqlayır. Bu, o deməkdir ki, indiki qaydalara əsasən, 11 il oxuyub attestat ala bilməyənlərin 9-cu sinifdən texnikumlara sənəd vermək hüququ yoxdur. Çünki onlar dövlətin müəyyən etdiyi 11 illik icbari təhsil kursunu tam şəkildə başa vurub.
Lent.az bu problemin necə həll oluna biləcəyini araşdırarkən xeyli maraqlı məqamlar ortaya çıxıb. Bəri başdan deyək ki, Azərbaycanda tam orta təhsil səviyyəsini hər tədris ilində təxminən 110-120 min şagird bitirir. Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş test imtahanına keçidə qədər, demək olar ki, həmin şagirdlərin hamısı attestat alırdılar. Hazırda isə məzunların təxminən 10-15 faizi tam orta təhsil səviyyəsini lazımi nailiyyətlərlə başa vura bilmədiklərinə görə attestat ala bilmirlər. 2006-2007-ci illərdə belə məzunların sayı 1881 nəfər olub. 2008-ci ildə 22 min, ötən il isə 19 min 720 nəfər attestat ala bilməyib. Bu isə o deməkdir ki, son iki ildə 40 mindən artıq məzun attestatsız qalıb. Amma bunların arasında müxtəlif səbəblər üzündən buraxılış imtahanlarında iştirak etməyənlər də var. Həmçinin attestat almayanların bir qismi növbəti dərs ilində təkrar imtahana cəlb edilməklə orta təhsil haqqında sənəd ala bilir.
2 ildə 40 min məzuna attestat verilməyib
Təhsil Nazirliyində bildirirlər ki, 2009-cu ildə XI sinfi bitirmiş 99 min 630 məzundan 96 min 595-i imtahanlarda iştirak edib, onlardan 76 825 nəfəri müsbət qiymətlər alıb. Qalan 19 min 720 nəfər attestat olmayıb və bu il həmin məzunlara öz biliyini yenidən sınamaq və attestat almaq imkanı verilir. Ötən il illik göstəricilərin qeyri-kafi olması səbəbindən imtahanlara buraxılmayan şagirdlərin sayı isə 5 min 67 olub.
Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi 2009-cu ilin hesabatında qeyd olunur ki, ötən il ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdlərindən 96 646 nəfəri (97 faiz) mərkəzləşdirilmiş buraxılış imtahanlarında iştirak edib. Onlardan yalnız 78 min 321 nəfəri imtahanları müvəffəqiyyətlə verərək orta təhsil haqqında attestat alıb. Hesabatda o da bildirilir ki, bütün ümumtəhsil məktəblərində buraxılış imtahanları "Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Komissiyası"nın rəyinə əsasən, tətbiq edilən bal sistemindən asılı olmayaraq, qiymətləndirmənin inkişafetdirici, stimullaşdırıcı, tərbiyəedici xarakteri, keyfiyyətin yüksəldilməsində aparıcı rolu təqdim edilməklə mərkəzləşdirilmiş qaydada aparılıb.
Yeri gəlmişkən, araşdırmalar göstərir ki, hər il ümumi təhsil pilləsini bitirənlərin 20 faizi ali təhsil müəssisələrinə, 10 faizi orta ixtisas məktəblərinə, 11 faizi texniki peşə məktəblərinə qəbul olunur. Məzunların təxminən 60 faizi, yəni 60 min nəfər heç bir peşəyə yiyələnmədən əmək bazarına qədəm qoyur. Nəzərə alsaq ki, orta məktəblərdə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada tətbiqindən sonra heç bir peşəyə yiyələnmədən əmək bazarına daxil olanların sayı əhəmiyyətli şəkildə artıb, onda bu məsələnin Azərbaycan cəmiyyəti üçün hansı problemlər yaradacağını təsəvvür etmək çətin deyil.
Gənclərin ixtisas təhsilinə gedən yolu bağlanır
Binəqədi rayonundakı 297 saylı məktəbin direktoru Fazil Məmmədov hesab edir ki, XI sinfi bitirib attestat ala bilməyən şagirdlərin şəhadətnamə ilə texnikumlara sənəd qəbulunda iştirakına qadağa qoyulması ədalətsiz qərardır. Onun sözlərinə görə, buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçirilənədək attestat ala bilməyən məzunların sayı barmaqla sayıla biləcək qədər az olub. İndi isə belə şagirdlərin sayı birdən-birə 20 min nəfər artır və bu, o deməkdir ki, hər il 20 min gəncin təhsilin növbəti pillələrinə gedən yolu bağlanır.
Həm də ali məktəblərə sənəd qəbulu komissiyalarından birinə rəhbərlik edən direktor bu məsələdə başqa bir problemin də olduğunu deyir. Fazil Məmmədov bildirir ki, mövcud qaydalara əsasən, ötən il və ondan əvvəlki illərdə attestat ala bilməyən məzunlara ali məktəblərə sənəd qəbulu prosesində iştirak etmək imkanı verilir. Onun sözlərinə görə, qəbul imtahanlarınadək həmin məzunların Təhsil Nazirliyinin xətti ilə təkrar imtahan verib attestat ala biləcəkləri nəzərə alınaraq onlara belə bir imkan yaradılır.
“Attestat almayan şagirdin bu gün ali məktəbə sənəd vermək hüququ nə dərəcədə düzgündür? Özü də söhbət attestatsız qalan və bu gün ali məktəblərə sənəd qəbulunda iştirak edən 22 min abituriyentdən gedir. Hər kəsin attestat alandan sonra təhsilin növbəti pilləsinə qəbul üçün sənəd vermək hüququ var. Amma yaxşı olar ki, onlara bu imkan yalnız attestat aldıqdan sonra verilsin” - deyə, məktəb direktoru bildirib.
Fazil Məmmədov əlavə edir ki, hələ attestat almayanların ali məktəblərə sənəd qəbulu prosesində iştirakı Sənəd Qəbulu Komissiyalarının da işini çətinləşdirir. Belə ki, əvvəlki illərin attestatsız məzunları sayəsində sənəd qəbulunda iştirak edən abituriyentlərin sayı əhəmiyyətli şəkildə artmış olur: “Halbuki, nə ötən ildən qalanların, nə də orta məktəbləri bu il başa vuranların hamısının attestat alıb-almayacağı hələ məlum deyil. Amma hətta attestat ala bilməyəcəyini əmin olan məzunlar da ali məktəblərə sənəd verir və güman edir ki, ən pis halda 9-cu sinifdən texnikumlara imtahan verə biləcək. Amma onların bu yolu da bağlıdır”.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin isə məsələyə münasibəti fərqlidir. Komissiya sədri deyir ki, abituriyentlərin attestat almadan ali məktəblərə sənəd qəbulunda iştirak etməsinə hüquqi cəhətdən heç bir qadağa yoxdur. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə şagirdlər attestat almazdan əvvəl, hətta bir il əvvəl sənədlərini ali məktəblərə qəbul üçün təqdim edirlər. Lakin onlar yalnız attestat aldıqdan sonra imtahana buraxılırlar: “Bütün dünyada ali məktəblərə sənəd qəbulu prosesi bir il ərzində gedir. Abituriyentlər bu müddət ərzində hansı ixtisaslarda təhsil ala biləcəklərini fikirləşirlər və yekunda qərarlarını düşünülmüş şəkildə qəbul edirlər”.
Məleykə Abbaszadə bildirib ki, bu il ali məktəblərə qəbul planı TQDK-ya çox gec göndərilib. Halbuki, prezidentin məlum fərmanına əsasən, ali və orta ixtisaslara tələbə qəbulu planı imtahanları təşkil edən quruma hər il sentyabrın 15-dək təqdim olunmalıdır: “Qəbul planı sentyabrda bizə veriləndən sonra sənəd qəbulunu oktyabr ayında da başlaya bilərik. Bizim buna hüququmuz var və bu məsələdə hüquqi cəhətdən heç bir problemimiz yoxdur”.
Attestatsız abituriyent problemi
Bununla belə, TQDK sədri vurğulayıb ki, ali məktəblərə sənəd qəbulunda iştirak edən abituriyentlərin öz ərizəsini təsdiqləməsi yalnız attestat aldıqdan sonra mümkündür. Çünki abituriyent attestatın nömrəsini sənədlərinə daxil etməlidir: “Təhsil Nazirliyindən attestat alan məzunların bazası bizə veriləcək, avtomatik olaraq bu baza yoxlanılacaq. Hansı abituriyentin orta təhsil haqqında attestatı yoxdursa, imtahana gələ bilməyəcək və ona “imtahana buraxılış vərəqəsi” verilməyəcək. Bu məsələdə heç bir problem yoxdur. Bu insanların sənəd vermək problemi nədən ibarətdir? – onlar sənəd verəndə yalnız 3 manat dövlət rüsumu ödəyir. Dövlət rüsumundan başqa həmin uşaqlardan heç kim nəsə tələb etməsə, burada bir problem yoxdur. Orta məktəbdə yaxşı oxuyan uşaq niyə attestat almasın?! Əksinə, belə uşaqlar ümidvardır ki, o buraxılış imtahanlarını müvəffəqiyyətlə verib attestat alacaq. Bu ümidlə də o, ali məktəblərə sənəd qəbuluna qatılır”.
TQDK sədri attestatsız abituriyentlərin hesabına ali məktəblərə sənəd qəbulunda sıxlığın yaradılmasına da münasibət bildirib. O qeyd edib ki, TQDK 100 mindən artıq abituriyenti qısa vaxt ərzində bir yerə yığıb Sənəd Qəbulu Komissiyalarında uzun növbələr və bu növbələrdə hansısa xoşagəlməz hallara şərait yaratmaq təcrübəsindən uzaqlaşmağa çalışır: “Biz istəyirik ki, abituriyentlər istədikləri zaman internet vasitəsilə elektron ərizələri sakit şəraitdə yazıb yoxlasınlar, tələsmədən və növbə gözləmədən sərbəst şəkildə Sənəd Qəbulu Komissiyalarına müraciət edib ərizələrini təsdiqlətsinlər. Nə növbə olsun, nə də kimsə deməsin ki, vaxt azlığından filan sənədi hazırlaya bilmədim”.
Məleykə Abbaszadə bir neçə il əvvəl ali məktəblərə sənəd qəbulu zamanı abituriyentlərin Sənəd qəbulu Komissiyalarında növbəyə durduqlarını da xatırladır. Onun sözlərinə görə, TQDK sənəd qəbulu prosesini mövcud qaydalar çərçivəsində aparmaqla, geniş vaxt müəyyən etməklə növbələrin yaranmasının qarşısını alır: “Biz insanlara elektron xidmətlər göstəririk, sənəd qəbulu zamanı abituriyentlər heç bir məmurla təmasda olmasın. Bu, həm də “Elektron hökumət”ə keçid deməkdir və ali məktəblərə sənəd qəbulu proses qanunauyğun şəkildə bir il əvvəl də başlaya bilər”.
TQDK sədri bu məsələdə Təhsil Nazirliyinin və orta məktəb rəhbərlərinin də üzərinə böyük məsuliyyət düşdüyünü deyir. Onun sözlərinə görə, nazirlik və məktəb direktorları attestatı vaxtında yazıb məzunlara çatdırılmasını təmin etməlidir: “Bu proses vaxtında yerinə yetirilsə, attestat almış heç bir abituriyent ali məktəblərə qəbul imtahanlarından kənarda qala bilməz”.
Kimdir günahkar?
O ki qaldı XI sinfi bitirib attestat ala bilməyən şagirdlərin şəhadətnamə əsasında əsas təhsil bazasından texnikumlara sənəd qəbulunda iştirak edə bilməməsinə, TQDK sədri bu məsələdə onların günahkar olmadığını deyir. Onun sözlərinə görə, bu, hüquqi-normativ aktların tələblərindən irəli gələn məsələdir və TQDK heç bir halda prosesə qarışa bilməz. Bu səbəbdən 11 il oxuyub attestat ala bilməyən orta məktəb məzunlarının şəhadətnamə ilə IX sinifdən texnikumlara sənəd qəbulunda iştirak edə bilməsi üçün hökumətin müvafiq qərarı olmalıdır.
Məleykə Abbaszadə bildirib ki, bu normativ sənədlər Təhsil Nazirliyi tərəfindən hazırlanmalı və Nazirlər Kabinetində təsdiq olunmalıdır. Onun sözlərinə görə, hökumət belə bir qərar verəcəyi təqdirdə TQDK attestat almayan orta məktəb məzunlarının IX sinifdən texnikumlara sənəd qəbulunda iştirakına şərait yarada bilər.
Təhsil naziri Misir Mərdanov isə deyib ki, bu məsələ onları da ciddi düşündürür. Ancaq nazirin fikrincə, yeni qəbul olunmuş “Təhsil haqqında” qanunda müvafiq dəyişikliklərin edilməsi o qədər də sadə məsələ deyil. Onun sözlərinə görə, buraxılış imtahanlarında müvəffəqiyyət qazanmayan şagirdlərə bir neçə dəfə şərait yaradılır ki, yenidən imtahan verib attestat ala bilsin.
Milli Məclisin elm və təhsil komitəsinin üzvü Astan Şahverdiyev deyir ki, yeni qəbul olunmuş “Təhsil haqqında” qanun yalnız ana qanun olduğundan orada tam orta təhsili bitirib attestat almayanların IX sinifdən texnikumlara qəbul imtahanlarında iştirak edib-etməməsi kimi incəliklər əksini tapmayıb. Çünki bu, çərçivə qanunudur. Ancaq onun sözlərinə görə, gələcəkdə “Orta təhsil haqqında”, “Ali təhsil haqqında” qanunlar qəbul olunanda bu tir məsələlərin hüquqi yolları daha konkret göstərilə bilər.
“Bu gün əsas qanunda o barədə heç nə yazılmayıb. Amma hökm deyil ki, bu tir məsələlər Milli Məclis tərəfindən qanun şəklində hazırlansın. Təhsilin müxtəlif məsələləri barədə hüquqi-normativ aktları Təhsil Nazirliyi və Nazirlər Kabineti özü də hazırlana bilər” – deyə, Astan Şahverdiyev bildirib.
Bununla belə, millət vəkili hesab edir ki, 11 il oxuyub attestat ala bilməyən şagirdin orta ixtisas təhsili almasına da lüzum yoxdur. Onun fikrincə, cəmiyyət başa düşməlidir ki, tapşırıqla, hansısa sənəd almaq xatirinə təhsil almağın mənası yoxdur: “İndi işə qəbul da imtahan vasitəsilə aparılır. Xahiş-minnətlə, başqa yollarla təhsil haqqında sənəd alan uşaqlar praktiki olaraq, kimliyindən asılı olmayaraq, ali məktəblərə qəbul ola bilmir. Ona görə də təhsil almaq lazımdır, attestat yox. Məncə, Azərbaycan cəmiyyəti bu islahatlara tədricən adaptasiya olunacaq və valideynlər də başa düşəcək ki, uşağı uğur əldə etmək istəyirsə yüksək səviyyəli təhsil almalıdır. Əgər təhsildəki çatışmazlıqların səbəbkarının 50 faizi müəllimlərdirsə, 50 faizi də valideynlərdir. Biz dünyada yeganə millətik ki, savadsızlığını pulla almaq istəyir”.
Attestatsızların yeganə yolu - peşə məktəbləri
Milli Məclisin Elm və təhsil Komitəsinin sədr müavini Asəf Hacıyev isə deyir ki, 11 il oxuyub attestat ala bilməyən məzunların yeganə yolu orta peşə məktəblərinə daxil olmaqdır. Onun sözlərinə görə, attestat ala bilməyən şagirdlərə 3 dəfə özünü yenidən sınamaq imkanı verilməlidir. Amma bu 3 cəhddən yararlana bilməyən məzunlar yenə də attestat ala bilməyəcək və belədə onların orta ixtisas məktəbində oxumaq şansları itirilir.
Yeri gəlmişkən, sovet dövründə imtahanlardan uğur qazana bilməyən şagirdlər növbəti sinfə keçirilmədən tədris proqramını təkrar bir il də oxumaq məcburiyyətində qalırdı. Asəf Hacıyev deyir ki, belə hal indiki vəziyyətdə də mümkündür. Amma sinifdə qalmaqdansa, XI sinfi bitirib attestat ala bilməyən məzun növbəti il, yaxud da qış aylarında təkrar imtahan verməsi daha yaxşıdır: “Bu, Təhsil Nazirliyinin sərəncamında olan məsələdir və nazirlik onu ya müstəqil, ya da Nazirlər Kabinetinin qərarı əsasında müvafiq qaydada həll edə bilər. Artıq “Təhsil haqqında” qanun da qəbul olunub və bu, yeni hüquqi-normativ aktlar üçün baza rolunu oynayır”.
Problemin necə həll edilə biləcəyinə gəlincə, millət vəkili bildirir ki, buraxılış imtahanlarını müvəffəqiyyətlə verə bilməyən XI sini şagirdləri qışda təkrar imtahan versin. Təkrar imtahanda da uğur attestat ala bilməyənlərə daha 2 dəfə belə şans verilə bilər: “Üç dəfə təkrar imtahandan uğur qazana bilməyənləri daha bir neçə il gözləməyə lüzum yoxdur. Həm də hamının orta məktəbi bitirib attestat alması vacib deyil. Kimlərin ki, biliyi, savadı attestat almağa kifayət etmir, getsin peşə təhsilinə yiyələnsin. Bütün dünyada da belədir. Artıq Azərbaycanda peşə ixtisaslarına da tələbat yaranır. Biz artıq sovet psixologiyasından əl çəkməliyik və bilməliyik ki, hamının tam orta təhsil, yaxud da ali təhsil alması vacib şərt deyil”.
Beləliklə, apardığımız araşdırmalardan belə nəticə çıxır ki, 11 il oxuyub attestat ala bilməyənlərin 9-cu sinifdən texnikumlara sənəd qəbulunda iştirakına yalnız Nazirlər Kabinetinin müvafiq qərarı ilə şərait yaradıla bilər. Bunun üçün isə Təhsil Nazirliyi müvafiq qaydaları hazırlayıb hökumətə təqdim etməlidir. Nəhayət Təhsil Nazirliyi 11 il oxuyub attestat ala bilməyən məzunların neçə dəfə təkrar imtahan verməli olduğunu da müəyyənləşdirməlidir. Belə məzunlara isə 3 il təkrar imtahandan keçmək hüququnun verilməsi daha münasib hesab olunur. Amma hər halda, son sözü yenə də təhsil Nazirliyi deməli olacaq.
Elxan SALAHOV

2969