Günay Kılıç: “Türk toplumlarında qadın hər zaman söz sahibidir” - MÜSAHİBƏ
05 may 2010 13:30 (UTC +04:00)

Günay Kılıç: “Türk toplumlarında qadın hər zaman söz sahibidir” - MÜSAHİBƏ

Türkiyənin Azərbaycandakı səfirinin xanımı: “Azərbaycan toylarında, qonaqlıqlarda yemək israfçılığının qarşısı alınmalıdır”

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın xanımı Günay Kılıçın APA-ya müsahibəsi

Qeyd: Fransız dili müəlliməsi olan Günay xanım əslən Türkiyənin Qaziantep vilayətindəndir. Ankaradakı Hacəttəpə Universitetinin fransız dili fakültəsindən məzun olan Günay Kılıc həyat yoldaşı Hulusi Kılıçla tələbə yoldaşı olub. Məzun olduqdan dərhal sonra müəllimliyə başlayıb, təqaüdə çıxmadan 3 il əvvələdək müəllimlik edib. Son 3 il isə tərcüməçi işləyib və təqaüdə çıxıb. Hulusi və Günay Kılıç cütlüyünün iki övladı var. İlk övladları Mustafa İlkər 1976-cı il təvəllüdlüdür, diplomatdır, hazırda Türkiyə Prezident Aparatında işləyir. Bu yaxınlarda yeni təyinat alıb, Romaya gedəcək. Qızları Zeynəb isə dizaynerdir, ali məktəbi bitirdikdən sonra iki il çalışıb, indi magistraturaya hazırlaşır.

Fransız dili ilə yanaşı, ingilis dilində də danışan Günay xanım Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Qadınlar Klubunun fəaliyyətinə könüllü dəstək verir. Bundan başqa, Azərbaycandakı səfirlərin xanımlarının yaratdığı HOMS klubunun aktivlərindəndir, orada xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur.

Günay Kılıçla müsahibə Türkiyədə geniş qeyd olunan Analar Gününə həsr olunub.


- Hər il may ayının ikinci bazar günü Türkiyədə Analar Günü kimi qeyd edilir. Belə bir günün qeyd edilməsi nə ilə bağlıdır?


- Türk toplumlarında ananın yeri hər zaman ən yüksəkdədir. Bir evi, hətta balaca bir çadırı belə yuva halına gətirən anadır. Dinimizdə də eyni şəkildədir - cənnət anaların ayağının altına sərilir. Yəni biz türk toplumu olaraq analarımıza verdiyimiz dəyəri Analar Günü ilə sadəcə, qanuniləşdirmişik. Yoxsa, bizdə olmayan bir şeyi Amerikadan almadıq ki. Doğrudur, Analar Günü amerikan mənşəlidir. Amma yuxarıda dediyim kimi, biz hər zaman analarımıza dəyər vermişik. Verdiyimiz bu dəyəri 1955-ci ildən etibarən qanuniləşdirdik. O vaxtdan rəsmi olaraq qeyd edirik. Amma analarımız bizim üçün hər zaman dəyərlidir, onlara olan sevgimiz, hörmətimiz bir günə sığmaz. Yunus Əmrənin dediyi kimi,

Ana başda tac imiş
Hər dərdə əlac imiş
Bir övlad pir olsa da,
Anaya möhtac imiş.

Bu misralar analara olan sevgimizi, sayğımızı ifadə edən ən gözəl örnəkdir.


- Bu günlə bağlı Türkiyədə nələr edilir, hansı tədbirlər keçirilir?

- Xüsusilə ailələrdə qeyd edilir. Modern toplumda uşaqlarımız artıq xeyli yüklənib. Bu yükün altında bəlkə də anaları üçün çox vaxt ayıra, zaman tapa bilmirlər. Bu günü qeyd etmək bəlkə uşaqların işini də asanlaşdırır. Bunu bir bayram kimi təsəvvür edin. Bayramlarda qonşularla, qohumlarla bir araya gəlirik, bayramlaşırıq. Çünki bayramın məqsədi bir araya gəlmələri, sosial həyatı qanuni hala gətirməkdir. Analar Günü də belədir. Bu gündə analara hədiyyələr, çiçəklər alınır, övlad uzaqdadırsa təbrik kartı yazılır və telefon açılır. Əgər ana evdədirsə, uşaqlarına gözəl yeməklər hazırlayar və ya ailə bərabər restorana gedir. Ölkə miqyasında məktəblərdə qeyd edilir, mərasimlər keçirilir. Dövlət səviyyəsində “İlin anası” seçilir.

- Övladlar analarına öz əlləri ilə hazırladıqları hədiyyələr verirmi?

- Bəli, belə hədiyyələr də olur. Xüsusilə, ibtidai sinif şagirdləri, bağça uşaqları belə hədiyyələr hazırlayırlar. Mən övladlarımın o cür hədiyyələrini hələ də saxlayıram. Məsələn, sinifdə müəllim ona boyamaq üçün kart verir, onunla anasına bir çiçək çəkir və ya boyayıb altına təbrik üçün 1-2 cümlə yazır. Amma son zamanlarda bu məsələ bir az da ticari xarakter alıb. Bundan gəlir əldə edən insanlar var. Məsələn, digər bayramlardakı kimi, bu gündə də bütün mağazalar insanlarla dolub daşar.

- Türkiyədə 8 Mart – Beynəlxalq Qadınlar Günü o qədər də təmtəraqla qeyd edilmir. Bunun səbəbi nədir?

- Əslində Qadınlar Günü də qeyd edilir, amma Azərbaycandakı kimi rəsmi tətil günü deyil. Qadınlar Günü ilə bağlı bəzi tədbirlər keçirilir. Belə tədbirlər ailə daxilində yox, rəsmi səviyyədə olur. Bizdə ailə daxilində Qadınlar Günündən daha çox Analar Günü qeyd olunur.

- Amma hər qadın ana deyil...

- Təbii ki, bunu nəzərə alırıq. Bunun üçün də Analar Günündə yalnız anaları, Atalar Günündə yalnız ataları təbrik etmirik. Ailə böyükləri də ana yerindədir. Məsələn, Analar Günündə burdan böyük bacıma, xalama da zəng edirəm. Dolayısı ilə bu, özlüyündə bir Qadınlar Gününə çevrilir.

- Türkiyədə Qadınlar Gününün qeyd olunmaması bir az da siyasi hadisələrlə bağlı deyilmi?

- Bəli, Qadınlar Gününün haradan gəldiyini bilirik. Rəsmi tətil günü olmasa da, biz də Qadınlar Gününü qeyd edirik. Çünki bu gün işləyən, mübarizə aparan qadınlara həsr edilib. Bizim qadınımız hər zaman çalışır və mübarizə aparır.

- Yeri gəlmişkən, Azərbaycanda Qadınlar Günü qeyd edilir. Amma indi Analar Gününün də qeyd olunması barədə təkliflər var. Buna necə baxırsınız?

- Siz Qadınlar Gününü daha geniş qeyd edirsiniz. Keçmişdən gələn bir vərdiş də var. Təbii ki, hər qadın ana deyil, əlində olmayan səbəblərdən ana ola bilməyib. O qadınımızı Qadınlar Günündə anmaq çox gözəldir. Analar Günü də qeyd edilsin, niyə də olmasın? İçimizdəki sevgini iki dəfə çatdırmağın heç bir zərəri yoxdur.

- Azərbaycan müstəqilliyini əldə etdikdən sonra türkiyəli oğlanlarla ailə quran azərbaycanlı qızların sayı xeyli artıb. Türkiyəli kişilərin bizim qızlarımızla ailə qurmağa həvəs göstərməsinin səbəbi nədir?

- Əvvəla, onu deyim ki, bizim qan birliyimiz var, eyni millətik. Bu millət uzun müddət bir-birindən ayrı qalıb. Necə deyərlər, gözdən iraq olmuşuq, könüldən də uzaq. Artıq boşluq doldurulub, qan birliyimiz var, milli birliyimiz var, indi də canları birləşdiririk. Azərbaycandan Türkiyəyə gəlin gedən qızların sayının çox olmasına gəlincə, məntiqli olaraq belə cavab verə bilərəm - qız da alırıq, qız da veririk. Amma bir şey də var, bura gələn türk iş adamlarının, iş qurmaq məqsədilə gələn gənclərin sayı Azərbaycandan Türkiyəyə gedənlərdən daha çoxdur. Təbii ki, bu da nəticəyə təsir edir. Amma Türkiyədən gəlin gələnlərin sayı da az deyil. Məsələn, iki həftə əvvəl Türkiyəyə gəlin gedənin toyuna qatıldıq, sonrakı həftə Türkiyədən qız alanın toyuna. Bu da çox gözəldir, bir-birimizlə olan yaxınlığımızı evliliklərlə möhkəmləndiririk.

- Azərbaycan qadınlarının təhsilini, mədəniyyətini necə qiymətləndirirsiniz?

- Mənim gördüyüm qədər təhsilin səviyyəsi yüksəkdir. İnsanlar idarə olunduqları sistemə görə formalaşırlar. İllərlə müəyyən bir rejim altında bezi şeylər kəm verilmiş olsa da, insanların çoxu ali təhsil alıb. Bununla əlaqədar təhsil səviyyəsi yüksəkdir. Təbii ki, təhsil daha geniş anlayışı əhatə edir. Elə insanlar var ki, ibtidai sinifdən məzun olub, amma diplomu olmasa da, özünü yetişdirib. Ya da tərsinə, ali məktəb diplomu var, amma təhsili sıfırdır. Ümumi olaraq, Azərbaycanda təhsil səviyyəsi yüksəkdir, belə davam etməsini də arzulayırıq.

- Bizim ailələrlə bağlı nə deyə bilərsiniz, Türkiyə ailələrindən fərqlənirmi?

- Ümumi olaraq ailə forması bizdəki kimidir. Böyüyə sayğı, kiçiyə sevgi göstərilir, güclü bir ailə bağı mövcuddur. Amma təbii ki, bəzi fərqliliklər də var. Mənfi gördüyüm tək bir şeyi dilə gətirmək istəyirəm. Hər ölkədə və Türkiyədə olduğu kimi, burada da boşanan ailələr var. Amma azərbaycanlı xanım dostlarımdan eşitdiklərimə görə, boşanmalar nəticəsində ataların böyük bir hissəsi uşaqlarını analarının öhdəsinə verir və maraqlanmır. “Boşandım, amma bu, mənim də övladımdır” demirlər. Halbuki Türkiyədə ayrılıqlardan sonra da, ata övladının hər zaman atasıdır. Mənfi gördüyüm tək budur.

- Bizim yeməkləri bəyənirsinizmi?

- Yeməklərlə aram yaxşıdır, sevdiyim dadlar var; Plov, qutab və kabab növləri, yarpaq dolması. Yemək məsələsində məni narahat edən sadəcə, bir məsələ var. O da israfçılıqdır. Toylarda, qonaqlıqlarda, restoranlarda masalara düzülən yeməkləri düşünün. Əgər biz saat 8-də masaya otururuqsa, yəqin ki, ondan 1-2 saat əvvəl yeməklər düzülür. 3-5 saat tədbirdə otururuq, yeməklər hələ də ordadır. Balıq, ət, toyuq, hamısı tez xarab olan qidalardır. Mərasimlərdən sonra o qidaları neyləyirlər? Hamısı atılırmı? Bunun qarşısı alınmalıdır. Çünki bu, milli sərvətdir. Təbii ki, toylarda hamımız qonaqlarımıza qulluq edirik, yeməklər ikram edirik. Amma insanın mədəsinin bir ölçüsü var. Bir masada 15 nəfər varsa, oraya da 50 nəfərlik yemək qoyulubsa, bu israfdır. Heyf olur o qədər yemək.

Bir bacınız kimi mənfi gördüyüm bezi şeyləri diqqətinizə çatdırdım. Qalan məsələlərdə narahatlığımız yoxdur. Özümüzü ölkəmizdəki kimi hiss edirik. Təbii ki, Türkiyədə də tənqid etdiyimiz məsələlər var. Buranı da öz ölkəmiz saydığımız üçün narahatlığımızı dilə gətirirəm. Niyə buradakı bir qardaşımızın pulu havayı yerə getsin. Bir toyda yeməklərə pul verib, sonra atmaqdansa, yeni evlənənlərin cibinə qoyulsun. Nə qədər problemlərini həll edərlər...

- Sizin mətbəx işləri ilə aranız necədir?

- Mətbəxlə aram yaxşıdır, çox yaxşı yeməklər bişirirəm. Amma burada yemək bişirmirəm, sadəcə, gözəl menyular hazırlayıram. Çünki Türkiyədən gələn aşpazımız çox gözəl yeməklər bişirir. Bizim aşpaz Türkiyədə məşhur aşpazların vətəni sayılan Bolu vilayətinin Mengen rayonundandır.

- Keçək Türkiyədə qadınların təhsil səviyyəsinə. Ölkənizdə çalışan qadınların sayı azlıq təşkil edir. Bu da qadınlar arasında təhsil səviyyəsinin aşağı olması ilə bağlıdır. Bu problemin aradan qaldırılması üçün hansı işlər görülür?

- Əvvəlcə onu deyim ki, bütün qadınlar çalışır. Çalışmayan qadın varmı ki? Əvvəlcə bu suala cavab tapaq. Qadın həmişə çalışır, onun yalnız evdən kənarda işləməsi sayılmır ki... Məncə, “işləyən qadın” ifadəsinin yerinə “evdən kənarda işləyən” qadın ifadəsi daha doğrudur. Biz bu gün pul verib xadimə, dayə axtarırıq, amma anamız bizə pulsuz baxırdı, yəni çalışırdı. Paltarı maşına qoymaq üçün pul verib qadın gətiririk, amma anamız onu əlində yuyurdu, yəni anamız çalışırdı. Kəndləri düşünün, qadınlar bütün gün kişilərdən çox işləyirlər. Evin içindəki işlərdən başqa, həyətdə, tarlada, təsərrüfatda çalışırlar. Mən işləməyən qadın ifadəsini qətiyyən qəbul etmirəm. Mən həm evdə, həm də evdən kənarda işləyən bir qadın olmuşam. Evdəki qadın da bütün gün çalışır, amma onun nə təqaüdü var, nə sığortası, nə istirahət günü. Hətta onun xəstə olmağa da haqqı yoxdur. Dediyim odur ki, işləməyən qadın yoxdur. Evdən kənarda işləyən qadınlara gəlincə... Bu, çox gözəldir, bu yolla qadınlar toplumun inkişafında rol oynayırlar. Türkiyədə bu faiz o qədər də az deyil. Qadınlar hər yerdə söz sahibidir. Təsəvvür edin, artıq ikinci dəfədir Türkiyə Sənayeçi və İş Adamları Dərnəyinin (TÜSİAD) başqanı qadın seçilir, iş adamlarının başçısı qadın olur. Dünyada əvvəllər necə idi? Qadının ictimaiyyətdə söz sahibi olması, özünə yer tapması 100-150 il əvvələdək yox idi. Bu günün inkişaf etmiş ölkələrində də qadının yeri yox idi. Türkiyədə qadınlar seçmək və seçilmək haqqını Fransadan, İsveçrədən çox əvvəl əldə edib. Ona görə qadının durumunu bütün dünya miqyasında düşünmək lazımdır. Mən Türkiyədəki bir statistikanı diqqətinizə çatdırım. Türkiyə Təhsil Nazirliyinin saytından götürülmüş rəqəmlərə əsasən hazırda ibtidai siniflərdə (8 illik təhsil) oxuyanların 5 milyon 600 mini oğlan, 5 milyon 300 mini qızdır. Arada böyük fərq yoxdur. Orta məktəbdə (ibtidai məktəbdən sonra, ali məktəbdən əvvəl) 2 milyon 300 min oğlan, 2 milyon qız təhsil alır. Ali məktəblərdə isə qız və oğlan sayı demək olar ki, eynidir. 2 milyon tələbənin yarısı oğlan, yarısı qızdır. Amma deyə bilərsiniz ki, Türkiyənin şərqində vəziyyət necədir? Şərqdə də kampaniyalar həyata keçirilir, dövlət nə mümkünsə edir. Bu məsələdə bir az da ailələr addım atmalıdır. Öz uşaqlarını evə həbs edib, “sən qızsan, oxuya bilməzsən” deyəndə dövlət nə edə bilər ki? Hər şeyə rəğmən dövlət bir çox çatışmazlığın öhdəsindən təhsillə gəlməyin mümkünlüyünün fərqində olduğu üçün özəlliklə qız uşaqlarının maarifləndirilməsinə çox böyük önəm verməkdədir.

- Bir az da qadının ailədə söz haqqının olmaması problem yaradır.

- Belə deyilir, amma qadın hər zaman söz haqqını arxa planda əlində tutar, ön planda kişi olsa da. Gerçəkdə söz qadınındır. Bütün türk toplumlarında qadın hər zaman güclüdür, hər zaman söz sahibidir.

- Qızların kiçik yaşlarında evləndirilməsi problemi də mövcuddur. Bu da özlüyündə başqa problemlər ortaya çıxarır.

- Bu məsələdə də mən yenə “təhsil, təhsil, təhsil” deyirəm. Əgər bir ailədə ana-ata təhsilsizdirsə, dövlətin gücü bəzi yerlərə çatmır, əngəllərlə qarşılaşır. Əslində bu əngəlləri dövlət yaratmır. Ölkənin təhsilli insanları olaraq biz yenə əlimizdən gələni edəcəyik. Türkiyədə təhsil üçün kampaniyalar keçiririk, keçirməyə də davam edəcəyik. İnşallah, hər şey arzu etdiyimiz səviyyəyə çıxacaq.

- Özəl qurumların, tanınmış şəxslərin, sənətçilərin səyləri kifayət edirmi?

- Əslində özəl qurumların bu istiqamətdə ciddi fəaliyyətləri var. Xüsusilə qız uşaqlarının oxumasına səy göstərilir. Çünki bir qız uşağını oxutmaq onun övladlarının da təhsilli olması deməkdir. Ölkədəki özəl qurumlar, QHT-lər, sənətçilər, həmçinin rəsmi qurumların qadınlarla bağlı şöbələri bu barədə xeyli iş görür. Türk xalqı “təhsil” sözünü eşidən kimi, heç düşünmədən yardım edir. Türk xalqı bu məsələdə çox həssasdır və əliaçıqdır. Bununla da qürur duyuruq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 989

Oxşar yazılar