“İslam Açıq Masada” – IV söhbət
22 aprel 2010 14:00 (UTC +04:00)

“İslam Açıq Masada” – IV söhbət

Qamət Süleyman: “İslamın intihara münasibəti birmənalıdır...”



Xatirə Səfərova: “Dini həyat tərzi intihardan qorunmağın yeganə yolu hesab olunmur”

Nahid Məmmədov: “Azərbaycanda özünəqəsd cəhdlərinin kökündə din amili yoxdur”

Niyaz Qaraöynəli: “İslam coğrafiyasında radikalizm və intihar aksiyaları təşəbbüs deyil”

Lent.az-ın “İslam Açıq Masada” layihəsi çərçivəsində “İslam və intihar” mövzusunda keçirilən IV dəyirmi masanın iştirakçıları Əbu-Bəkir məscidinin imamı Qamət Süleyman, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Nahid Məmmədov, “İnkişafa Baxış” Araşdırmalar Mərkəzinin rəhbəri, Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşı, siyasi islam məsələləri üzrə mütəxəssis Niyaz Qaraöynəli və “Regional Psixologiya” Mərkəzinin psixoloqu Xatirə Səfərovadır.

Dəyirmi Masanın moderatoru jurnalist Qurban Yaquboğludur.


ARTAN İNTİHAR STATİSTİKASI VƏ DİN

Qurban Yaquboğlu:

- Ölkədə tez-tez intiharların baş verdiyini mediada yayılan çoxsaylı məlumatlardan da bilmək olur. Eyni zamanda Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti Nadir İsmayılovun bu yaxınlarda mətbuata verdiyi bir müsahibəsində həyəcan doğuran statistika açıqlanıb. Psixiatr bildirib ki, ölkəmizdə son illər intiharlar 10-15 dəfə artıb, bu, sovet dövrü ilə müqayisədə çox böyük rəqəmdir. Bu dəfəki Masada biz “İslam və intihar” mövzusunu, eləcə də özünəqəsdin bütün aspektlərini nəzərdən keçirmək istərdik. İntiharın səbəbləri barədə nə danışmaq mümkündür?

Xatirə Səfərova:

- Azərbaycanda intihar faktlarının artımı, insanların intihara meyllənməsi təhlükəli fazadan xəbər verir. Ümumiyyətlə, statistikaya görə, psixi xəstəxanalarda qadınların sayına daha çox rast gəlinir. Buna rəğmən, yəni qadınların ağıllarını itirməsi faktının üstünlük təşkil etməsinə baxmayaraq, intihara kişilər daha tez-tez əl atırlar. Sosial fonda intiharın 3 versiyası var – eqoistik, altrustik və anomik intihar. Eqoistik intihar - öz sosial qrupu ilə vəhdət hissini itirmiş və ona görə də ailəvi, dini, ictimai nəzarətə tabe olmayan şəxslər tərəfindən törədilir. Anomik intihar – sosial və siyasi dəyişikliklər dövründə cəmiyyətlə sosial inteqrasiyası pozulmuş şəxslərdə təsadüf edilir. Alturistik intihar – öz həyatını sosial motivlər naminə qurban verən və bununla yüksək dərəcədə qrup identifikasiyasına malik şəxslərdə olur. Altrustik intiharda insanlar qrupa daha çox bağlı olduqları üçün qrup üzvlərindən kimisə, məsələn, sevdiyi şəxsi - ər arvadı, arvad əri itirdikdə intihar halı baş verir. 20 Yanvar faciəsində Fərizə həyat yoldaşı İlhamın itkisinə dözməyərək zəhər içib. Hətta Hindistanın bəzi yerlərində əri ölən qadınlar cənazə yandırılan yerdə özlərini yandıraraq ölürlər. Onu da vurğulamaq lazımdır ki, intiharın başlıca səbəblərindən biri depressiyanın həddini aşmasıdır.

Qurban Yaquboğlu:

- Nadir İsmayılov tələbələrə istinadən onu da bildirib ki, dini dünyagörüşü qəbul edəndən sonra bir çoxlarında müəyyən psixi pozuntular aşkarlanır. Öz müşahidələrinə əsaslanan psixiatr hətta rəqəm də səsləndirib: “95 faiz belədir...”

Xatirə Səfərova:

- Rəqəm barədə bir söz deyə bilmərəm. Amma insan bir mühitdən digər mühitə keçəndə onun adaptasiya prosesi çətinləşir. Tutalım, 15-18 yaşlı bir insan dini ədəbiyyat oxuyur və başa düşür ki, başqa bir aləm var. Əlbəttə, din insan ruhunun qidası deməkdir. İnsanın ruhu qidalandıqca dərk edir ki, dünyada fərqli bir forum var. O foruma sakin olmuş insanın psixologiyasında qəfil adaptasiya prosesinə start verilir. Bu zaman da müəyyən psixi problemlərlə rastlaşmaq olur.

Qurban Yaquboğlu:

- Dəfələrlə deyildiyi kimi, Azərbaycana dinə qayıdış güclənib, proses müəyyən bir dinamika ilə davam edir. Bəs bu fonda, yəni dinə qayıdanların sayının artması ilə paralel intiharların çoxalmasını necə izah etmək mümkündür?

Qamət Süleyman:

- İslam intiharı birmənalı haram buyurub. “Quran”ın “Nisa” surəsinin 29-cu ayəsində deyilir ki, öz nəslinizi, özünüzü öldürməyin, Allah rəhmlidir. Peyğəmbərimiz də deyib ki, kim özünü dəmirlə öldürsə, özünü assa, cəhənnəmdə də eyni əzabla qarşılaşacaq. Bəzi müsəlman döyüşçülər barədə peyğəmbər deyirdi ki, o, cəhənnəmə düşəcək. Hamı məəttəl qalırdı ki, niyə? Axı, o, müsəlmandır, gözəl döyüşür. Məsələ ondadır ki, həmin döyüşçü yaralanır və ağrılara dözə bilməyərək özünü öldürür və cəhənnəmə düşür. Yəni ən ağır vəziyyətdə belə, insanın özünə qəsd etməsini dinimiz birmənalı qadağan edib. Kim özünü öldürüb, peyğəmbərimiz ona cənazə namazı qılmayıb.

İntiharın səbəbləri çoxdur. Onu da deyim ki, intiharlar yaponların amerikalılarla müharibəsi zamanı məşhurlaşdı. Yaponlar öz təyyarələrini düşmən gəmisinə çırpırdılar. Ona qədər dünyada belə şey yox idi. Harada dini intiharlar baş verir? O yerlərdə ki, müharibə var. Müharibə olmayan yerlərdə intiharlar ya olmur, ya da nadir hallarda rast gəlinir. Daha doğrusu, müharibəsiz, qansız-qadasız yerlərdə dindar olmayanlar daha çox intihar edirlər. Döyüş, savaş yerlərində bəzi insanlardan psixoloji cəhətdən istifadə edirlər. İqtisadi problemlər, telekanallarda efirə verilən seriallar, kinolar da təbii ki, insanlara mənfi təsir göstərir. Adi pis xəbər də təsirsiz ötüşmür. 10-15 dəqiqəlik xəbər bülletenlərindən sonra bir neçə insan fikrini dəyişir. Bir misal çəkim. Səddam Hüseyni asandan sonra dünyada 200-ə yaxın insan özünə qəsd etdi. Hətta Azərbaycanın rayonlarında da bir neçə intihar elədi. Televiziya ekranında edam səhnəsini görən insanlardan biri yazıb qoymuşdu ki, Səddam Hüseynə görə özümü asdım. Mənə elə gəlir, mətbuat, televiziya intihar hadisələrinə az yer ayırmalıdır. Bəli, Azərbaycanda din müəyyən qədər artsa da, dinin təbliğatı aşağı səviyyədədir.

İSLAM ADINA İNTİHARLAR


Niyaz Qaraöynəli:

- Xatirə xanım intiharın strukturunu, təsnifatını verdi. Mənə elə gəlir, formal təsnifatdır. Əslində bu, sosial bir məsələdir. Antropoloji araşdırma aparmaq lazımdır - hər bir insan nümunəsində baş verən sosial və siyasi proseslərin, bunların nəticəsi olaraq iqtisadiyyatın nə dərəcədə insan psixikasında inikası var ki, bu, sonda intiharlara gətirib çıxarır... Bu gün dünyada haqqında danışdığımız bir çox intihar aksiyalarını islam adından təqdim edirlər. Bu intihar hücumlarını islam fenomeni kimi təqdim edən dairələr, o cümlədən bu istiqamətdə özü-özünü səlahiyyətli sayaraq əmrlər, göstərişlər, fətvalar verən insanlar bu fenomeni intihar, və ya kamikadze yox, fədai hücumları adlandırırlar. Belə intiharların adi özünəqəsddən fərqi odur ki, nəyəsə yönəldilib, hədəfli, məqsədlidir. Digər tərəfdən, ağır depressiyaların nəticəsi olan intiharlar tək Azərbaycan yox, Qərbdə də geniş yayılıb. Ola bilər, cəmiyyətin maddi baxımdan rifahı yüksəkdir, amma mənəvi-sosial tələbatlar ödənmir. İnsan çıxış yolu axtarır və depressiyaya düçar olur. Lakin müharibələrin getdiyi, işğalların olduğu islam coğrafiyasında intiharların kökləri müxtəlifdir. Bunun əsas kökü siyasi məsələdir. Siyasi məsələ cəmiyyətin içərisində bu cür dağınıqlığa gətirib çıxarır. Belə cəmiyyətlərdə dinin özünün də yeri çox qarışıq şəkildə interpretasiya olunur.

Qurban Yaquboğlu:

- İslamın çətin vəziyyətə düşmüş insanla bağlı konkret resepti varmı? Bir çox hallarda intihara çətin vəziyyətə düşmüş insan əl atır.

Qamət Süleyman:

- İslamın gəlişində məqsəd həyatı tənzimləməkdir. Dinimiz həmişə səbri tövsiyə edir. Namaz, oruc, həcc, zəkat kimi əməllər insanı tərbiyələndirmək üçündür. Bu əməlləri yerinə yetirən insanın baxışları dəyişir, səbirli olur. Dində də çətinə düşəndə səbr etmək tövsiyə olunub. Səbir etmək və dini düzgün başa düşmək lazımdır.

Xatirə Səfərova:

- İnsan psixologiyasına birmənalı baxmaq olmaz. Din insan həyatında mühüm yer tutur. Din varsa, o şəxs insani xüsusiyyətlərə malikdir. Bununla belə, həyatı yalnız dinlə bağlı götürmək və bu aspektdən yanaşaraq ömür sürmək insanda çox böyük psixoloji gərginliklərə gətirib çıxara bilər. Bəli, Qamət müəllimin də dediyi kimi, səbirli olmaq, əsəbiləşməmək tövsiyəsi gərəklidr. Zənnimcə, ən böyük psixoloq elə peyğəmbərimiz olub. Peyğəmbərimizin insanlara yanaşma metodu hər zaman əsəbiləşməməyi təlqin edirdi. Niyə? Əsəbiləşən insanda müxtəlif xəstəliklər yaranır. Stress zamanı hipertoniya, mədə xorası özünü büruzə verir. Hətta ingilis alimlərinin araşdırmalarına görə, insanda genetik aparat pozulur. Genetik aparatın pozulması da arzuolunmaz xəstəliklərə gətirib çıxarır. İnsan özünü tanımalıdır. Mən kiməm, nə istəyirəm, nəyə görə yaşayıram? Bizi Allah bu dünyaya gətiribsə, onun bütün nemətlərindən istifadə edə bilməliyik.

Qurban Yaquboğlu:

- Yəni dini həyat tərzi intihardan qorunmağın yeganə yolu deyil?

Xatirə Səfərova:

- Deyil.

Nahid Məmmədov:

- Səmavi dinlərin heç birinin mahiyyətində intihara təşviq yoxdur. Səmavi dinlərin inkişaf etdiyi regionlarda intihara cəhd faktları azdır. İnsafla desək – bunu statistika da göstərir – hazırda intiharlara xüsusi cəhdlərin olduğu ölkələr daha çox Avropa regionundadır, nəinki islam cəmiyyətində. İslam cəmiyyətlərində belə hallar barmaqla sayılacaq qədərdir. Azərbaycanda intihar cəhdlərinin də heç birinin kökündə islam, yaxud digər din dayanmır. Bu intiharlar psixoloji depressiya və digər məsələlərdən törəyir. Əgər islama sitayiş edənlər həqiqi müsəlman olsaydılar, heç vaxt intihar fikrini ağıllarına gətirməzdilər. Çünki onların inancı özünəqəsdin qarşısını alır.

Niyaz Qaraöynəli:

- Qamət bəy bayaq toxundu... Bəs islamda səbrin hüdudu varmı?

Qamət Süleyman:

- Yox, islamda səbrin hüdudu yoxdur.

Qurban Yaquboğlu:

- İslam adına olan intihar aksiyalarının izahı nədir?

Qamət Süleyman:

- İslam adına intiharlar müharibə baş verən yerlərdə olur. İnsan görəndə ki, ailəsini gözü qarşısında öldürdülər, artıq onda psixoloji pozuntular yaranır. Yaxud qadındır, ona qarşı nəsə edirlər, o da artıq nəsə etməyə, cavab tədbiri görməyə hazırdır. Müəyyən qüvvələr var ki, belə insanlardan istifadə edirlər. Deyirlər ki, özünü partlat, cənnətə gedəcəksən. Ancaq islamda elələri şəhid sayılmır. Xüsusən, küçədə, metroda, avtobusda özünü partladanlar... Dində elə bir fakt yoxdur ki, insanları intihara sövq etmək üçün dəlil kimi gətirilsin. Bəzi dəlilləri gətirirlər, onun da intihara dəxli, aidiyyatı yoxdur. Məsələn, deyirlər ki, döyüşlərin birində sahabələrdən biri özünü düşmənin içərisinə atdı, bu da intihara dəlildir. Bu, tamam başqa məsələdir. Səhabənin olduğu yer döyüşdür, orda yüz faiz ölüm yoxdur. Özünə bomba bağlayıb, dinc insanların ətrafında, metroda, bazarda partlatmaq və yüz faizli ölümə getmək ayrı bir hadisədir. Mənə elə gəlir, bunlar savadsızlıq, dinin düzgün təbliğ olunmamasından yaranıb. Bu aksiyaların törədilməsini dinlə bağlı mötəbər məlumat alınan yerin olmamasında görürəm.

Xatirə Səfərova:

- Əslində insan intihar edəndə də xoşbəxtlik, rahatlıq axtarır. İntiharla özünə kömək etmək istəyir ki, daxilindəki çıxılmazlıqdan qurtulsun. İntihar aksiyalarına hazırlaşdırılan insanlar üzərində isə xüsusi işləyirlər. Həmin insanlar hipnoz altında olurlar.

Qurban Yaquboğlu:

- Qamət bəy dedi ki, islam adına olan intihar aksiyaları psixikası pozulmuş insanın nəzarətdən kənar hərəkətidir. Halbuki həmin proseslərin strukturu göstərir ki, bu, sona qədər dəqiq mexanizmlə işləyən bir hərəkətdir. Psixi pozuntu olsa, o insan çox dağınıq davranar. Yeri gəlmişkən, statistikaya görə, hər adi 10 intihar cəhdindən yalnız 2-si baş tutur. Amma islam adına olan intiharların böyük əksəriyyəti məqsədə çatır.

Nahid Məmmədov:

- İntiharı islamda axtarmayaq. O başqa məsələdir ki, intiharlar niyə islam adına edilir? Axtarışı burda aparaq.

“BİZİ BAŞA SALIN”

Niyaz Qaraöynəli:

- İslam adına intiharların kökündə siyasi proseslər dayanır. Əməliyyatların baş verdiyi coğrafiyaya baxaq. Şimali Qafqazdan tutmuş Fələstinə, Pakistana, İraqa qədər uzanır. Rusiyada, Moskvada baş verən intiharlar da bilavasitə Şimali Qafqazdakı işğal prosesinin nəticəsidir. Yüz minlərlə insanın məhv edilməsi bu hadisələrin Rusiyanın ürəyinə, Moskvaya gedib çıxmasına səbəb olub.

19-cu əsrdə öz dövlətçiliyini itirmiş islam coğrafiyasında bir oyanış başladı. Bu oyanışın kökündə öz kimliyini siyasi arenada təsdiqləmək və dünyada gedən mübarizədə qüvvə mərkəzi kimi ortaya çıxmaq istəyi dayanırdı. Bir-birindən asılı olmayaraq islam dəyərlərinin siyasətdə və cəmiyyətdə təmsil olunmasının tərəfdarı olan qüvvələr ortaya çıxdı. Bunlardan biri Pakistandakı “Cəmaətül-islam” təşkilatı, digəri Misirdəki “İxvanül-müslimin” cəmiyyəti idi. Bu iki cəmiyyət bir-birlərindən avtonom inkişaf etmələrinə baxmayaraq, onların sonradan təmasları da oldu. Özünüdərk, özünütəsdiq siyasi səhnədə islam dəyərləri əsasında həyata keçirilməsinə yönəlmişdi. Qərbin islam coğrafiyasına nüfuzu sərt şəkildə etirazlara səbəb oldu. Döyüşkən, cihadçı islamçıların formalaşmasında, onların siyasi maraqlara xidmət etməsində də Qərbin ortaya qoyduğu konstruksiyalar, formullar öz rolunu oynadı. Tutaq ki, Qəzza kimi balaca, dünyada əhali sıxlığına görə ən yüksək sıxlığa malik olan bir yerdə bütün infrastruktur darmadağın olub. Qəzza hətta Misir tərəfindən mühasirəyə alınıb. Qəzzanı ayırmaq üçün daşdan hasar tikib, Misir polad divar çəkib. Bu şəraitdə yaşayan əhalinin vəziyyəti, psixoloji durumu, iqtisadi təzyiqlərə qarşı reaksiyası necə ola bilər? Həm də indiki mərhələdə klassik döyüş, cəbhə xətti yoxdur, hədəflər fərqlidir. O başqa məsələdir ki, fətvalar verməyə kimlərin səlahiyyəti var.

Qamət Süleyman:

- Duzdür, intiharların siyasi, iqtisadi, ictimai səbəbləri də var. Bu tip aksiyaların ideoloqlarının internetdəki saytlarına fikir versək görürürük ki, əsas səbəb islamın siyasiləşdirilməsidir. O vaxt ki, Misirdə “İxvanül-müslimin” ortaya çıxdı, onlar nəyəsə nail ola bilmədilər. Həm “Cihad camaatı”nın, həm də “Hizbi-t-təhrir” kimi din pərdəsi altında siyasi hərəkatların hamısının kökü “İxvanül-müslimin”, yəni “Müsəlman qardaşları” təşkilatıdır. Yenə demək istəyirəm: Müharibə olan yerlərdə bu kimi intihar hücumları baş verir. Bu da zəifliyin bir əlamətidir. Çünki açıq döyüş getmir, heç nəyə nail ola bilmirlər, nəticədə qarşı tərəfə zərbə vurmaq üçün intihar hücumlarına əl atırlar. Bu, asan əməl də deyil. Normal, dini bilən adam intihara getməz. Hər halda, bu metoda əl atanlar problemli insanlar olur. Ola bilər ki, psixoloji pozuntusu yoxdur, amma tutaq ki, həyat yoldaşını, ailəsini öldürüblər, yaxud həyatında hansısa problemləri var. Bundan da müəyyən qüvvələr istifadə edirlər. Ola bilər, bu məsələlərdə Qərbin də əli var. Çünki məlumdur ki, islam dininə sitayiş edənlərin, müsəlmanların sayı artır. Avropa özü narahatdır, 2050-ci ildə Avropanın 20 faizi müsəlman olmalıdır. Bu, qlobal məsələdir. Qərbin özünə müharibələr sərf edir. Çünki ixtira olunmuş yeni silahları yoxlamaq, köhnə silahlardan istifadə etmək, ümumən, silahları satmaq üçün müharibələr lazımdır. Bəllidir ki, islamın yayılmasında maliyyə amili böyük rol oynayır. Məsələn, islam dinində zəkat, sədəqə var. İmkanı olan hər bir müsəlman ildə bir dəfə öz gəlirindən kasıblara verməlidir. Bir dəfə bir məclisdə Misir səfiri ilə oturmuşduq. O dedi ki, biz hesablamışıq, Misir əhalisinin illik zəkatı 20 milyard dollardır. Hər bir imkanlı adamın gəlirinin 2,5 faizindən söhbət gedir. Hələ Misir elə varlı dövlət deyil. Bunun Səudiyyə Ərəbistanı, Küveyti, başqa müsəlman ölkələri də var. Müharibələr olmasa, bu pullar hara sərf olunacaq? Müsəlmanların rifahına. Məktəblər, xəstəxanalar tikiləcək, dinin təbliğatında da böyük rol oynayacaq. Ona görə də bunların qarşısını almaq üçün Qərbdəki institutlar qərara gəlirlər ki, müəyyən müharibə ocaqları yaratmaq lazımdır.

Niyaz Qaraöynəli:

- İslam coğrafiyasındakı radikalizm, intihar aksiyaları əslində təşəbbüs deyil, bu coğrafiyada həyata keçirilən planlara reaksiyadır. İkincisi, islamın təhrifi radikal islam obrazının yaranmasına xidmət edir. Dini radikalizmin inkişafında kənar qüvvələrin maraqlı olduğunu da vurğulamaq lazımdır.

Qurban Yaquboğlu:

- Bu məqamda tanınmış Amerika ərəbşünası Tomas Fridmanın “Vaşinqton Post” qəzetində dərc etdirdiyi bir məqalədən sitat gətirmək istərdim. Məqalə ötən ilin noyabrında Nidal Malik Həsən adlı bir müsəlman hərbçisinin Fort Hud hərbi bazasında 13 nəfərin ölümü, 31 nəfərin yaralanmasına gətirən terror aksiyasından sonra qələmə alınıb. Məqalədə müsəlmanlara müraciətlə deyilir: “Fort Hudda baş verən hadisə kimi bir şey baş verəndə, dərhal deyirsiniz: “Bu, islam deyil”. Mən buna inanıram. Ancaq siz həmişə islamın nə olmadığını deməklə məşğulsunuz. Gərək bizə deyəsiniz ki, islam nədir və göstərəsiniz ki, dinin qeyd etdiyiniz müsbət interpretasiyası məktəblərinizdə və məscidlərinizdə nə cür təbliğ olunur. Əgər bizim gördüklərimiz islam deyilsə, niyə görə Danimarkada Məhəmməd Peyğəmbərin karikaturası çəkiləndə milyonlarla müsəlman küçələrə tökülüb etiraz edir, amma müsəlman terrorçular başqa müsəlmanları, Allahın yaratdığı real insanları bomba partlayışları ilə öldürəndə bir nəfər də küçələrə çıxıb etiraz etmir? Siz gərək bunu bizə və həm də özünüzə başa salasınız”.

Qamət Süleyman:

- Təbi ki, bunu bəzi radikal qrupların hazırladıqları insanlar edirlər. Bunlar hamısı elə Qərbin siyasətinin nəticəsindədir. Əgər dünyada ədalətli siyasət olsa, bu cür hadisələr də olmaz. Hamısı düzgün olmayan siyasətin nəticəsində ortaya çıxmış insanlardır. ABŞ hara istəyir, girir. Özünü qorumaq adı ilə Əfqanıstanda uşaqları öldürür. Əfqanıstanda dəfələrlə belə hadisələr olub, heç kəs onlara heç nə demir. Amma hansısa avam, aldadılmış müsəlman bir yerdə özünü partladanda tez dünyanın əsas KİV-ləri yayırlar. İslamın qarşısını almaq üçün bir təbliğat aparırlar.

Qurban Yaquboğlu:

- Fridman soruşur ki, partlayışlar olanda niyə küçələrə çıxmırsınız...

Qamət Süleyman:

- Peyğəmbərə qarşı əxlaqsız hər bir müsəlmana təsir edir. İntihar məsələlərinə gəlincə, bu aksiyaları müəyyən təriqət üzvləri, radikal qruplar edir. Bu, bütünlüklə islama aid deyil. Hansısa radikal qrup bu əməli törədirsə, kütləvi şəkil almasa da etirazlar olur. Dəfələrlə konfranslar keçirilib. Ərəb ölkələrində, Qərbin özündə də müsəlmanlar belə konfranslara yığışır, bildirirlər ki, islam terrora qarşıdır, bu barədə kitablar nəşr olunur. Amma peyğəmbəri ələ salmaqla hansısa bir nəfərin özünü partlatmasını bir tərəziyə qoymaq düzgün deyil.

Qurban Yaquboğlu:

- Azərbaycan sələfilərinin də istinad etdiyi Şeyx Əlbani, Şeyx Fovzan, İbn Bazz kimi tanınmış alimlərin bu cür intihar aksiyalarını təkzib etmədikləri bildirilir.

Qamət Süleyman:

- O alimlərin hamısı intiharı haram görürlər. Həmin alimlərin fətvaları var və orada qeyd olunur ki, intihar islamla bir araya sığmır, cana qəsddir və intihar edən Allah dərgahında şəhid sayılmır. Sadəcə, radikal qruplar təbliğat aparırlar... Onların əsas məqsədlərindən biri alimləri gözdən salmaqdır. Cəmiyyətlə alimlər arasında əlaqələri qırmağa çalışırlar. Deyirlər ki, müharibə gedir, hardasa müsəlmanlara zülm olunursa, alimlər də cihadı məsləhət bilmirlərsə, deməli, onlar qorxaq və satqındırlar, hansısa dövlətin xüsusi xidmət orqanlarına işləyirlər. Belə ittihamlarla avam müsəlmanları alimlərdən ayırırlar. Məsələn, onlardan soruşulsa, Şeyx Əlbani və digər alimlərin kafir olduğunu söyləyəcəklər. Radikal qruplar ətraflarındakı insanları alimlərdən ayırandan sonra onları istədikləri istiqamətə yönəldə bilirlər. Problem budur. Böyük alimlərin heç biri bu sayaq intiharı caiz görməyib.

BƏZƏN TƏBABƏT DƏ, DİN DƏ ACİZ QALIR

Xatirə Səfərova:

- Psixologiya elmi sübut edir ki, fəlakətlə üzləşmiş insan hansısa bir mövqeyə transformasiya etməlidir. Tutalım, Moskva metrosunda hadisə törətmiş qadın kamikadze mövqeyinə transformasiya edib. Yəni situasiyanı tamamlamamış insan həyatdan əl çəkməz. Mütləq şəkildə situasiyanı tamamlamalıdır ki, psixi durumu yerinə qayıtsın. Həmin qadın situasiyasını bu formada tamamlamağa çalışıb. Psixoloji problem o demək deyil ki, insan dəli olub. Bəzən adi ev şəraitində ər-arvad dalaşırlar və bu, intihara gətirib çıxarır. Bu yaxınlarda hamilə qadın özünü asmışdı. Ərindən narazı qadın neqativləri özünə yığır, təəssüf ki, o neqativlərin qarşısını nə din, nə psixoloji yardım ala bilir.

Qurban Yaquboğlu:

- İslamda qadınla bağlı məsələlər konkretdir. Dinə görə, qadın özbaşına hərəkət edə bilməz. Bildiyimə görə, qadınların intihar aksiyalarına cəlb olunması fətvasını 2002-ci ildə ilk dəfə Əhməd İsmayıl Yasin verib.

Qamət Süleyman:

- Yenə də deyirəm, böyük alimlər insanları bu kimi hadisələrdən çəkindirməyə çalışırlar. Məsələn, Əhməd Yasin islam aləmində alim deyil. Hətta Seyid Kurtubi, Mövdudi, Həsən əl-Bənna özü, bu fikrin əsas banilərinin heç biri din alimi olmayıblar. Bunlar sadəcə, ədəbiyyatçı, siyasətçi idilər.

Qurban Yaquboğlu:

- Fətvanın verilməsi mexanizmi islamda birmənalıdırmı? Kimlər fətva verə bilərlər?

Qamət Süleyman:

- Adətən, fətvanı böyük, tanınmış alimlər verirlər. Həm də baxır məsələyə... Xırda məsələni az oxumuş adamlar da şərh edə bilərlər. Amma böyük məsələlərə böyük alimlər baxırlar. Cihad məsələsi tək bir alimlik deyil. Hakim, dövlət başçısı özü də məsələyə baxmalıdır ki, siyasi cəhətdən bu müharibə, bu müqavimət fayda verəcək, nəticəyə gəlmək mümkün olacaq, ya yox. Dinimizdə hər adam danışmaq icazəsi verilməyib. Peyğəmbərimiz buyurub ki, kim bilməyə-bilməyə “Quran”dan bir fikir desə, hətta düz desə də, səhv etmiş kimi sayılır. Çünki bu məsələni alimlərin öhdəsinə buraxmaq lazımdır. Lakin bu cür radikal qruplar böyük alimlərlə əlaqələri kəsiblər. Radikalları dindirsəniz, əsl alimləri alim saymır, satqın hesab edirlər. Amma sözsüz ki, fətvanı böyük alimlər verməlidir. Təəssüf ki, bu məfhum hazırda müsəlmanlar, xüsusən cavanlar arasında zəifdir. Hətta deyirlər ki, alim lazım deyil, özün oxu, “Quran” tərcümə olunub, hədislər var...

Qurban Yaquboğlu:

- Siz islamdan elə möhkəm dəlillər gətirə, sadalaya bilərsinizmi ki, bu tip intihar aksiyalarını tam inkar etsin.

Qamət Süleyman:

- İslamda bu məsələ birmənalıdır. Nisə surəsinin 29-cu ayəsini qeyd etdik. Ümumiyyətlə, cihadın tarixi 4 mərhələdən keçib. Birinci mərhələ Məkkə dövrüdür. “Quran”da “Fəth” surəsi 52-ci ayədə Allah buyurur ki, “onlarla böyük cihad apar”. Cihad yalnız döyüş mənasında deyil. Dəvət, təbliğat özü də cihaddır. Məkkədə də döyüş yox idi. Amma elə ki, Mədinə mərhələsi gəldi, dövlət quruldu, Allah buyurdu ki, kim sizinlə döyüşür, onlarla döyüşün, kim sizinlə döyüşmür, onlarla döyüşməyin. Bu, artıq başqa mərhələdir. Daha sonra əmr olunur ki, döyüşə bilərsiniz, ona icazə verilir. Dördüncü mərhələdə deyilir ki, artıq dini yaya bilərsiniz. Məhz bu ayələrlə cavanları çaşdırırlar. Ayəyə əməl etmək üçün onun şərtləri lazımdır. “Quran” bir saat ərzində enməyib, 23 ildə nazil olub. Ayələr də vəziyyətə görə nazil olub. Elə bilməyin ki, cihadı hər adam edə bilər. Buna alim də, hakim də razı olmalıdır.

Nahid Məmmədov:

- “Quran”da buyurulur ki, sizinlə əhd-peyman bağlamış kafirləri öldürməyin.

Qamət Süleyman:

- Dinimiz kafirləri 4 qismə bölüb. Birincisi, döyüşən kafirdir, şəriətimiz onları döyüşdə öldürməyi savab görür. İkincisi, aman istəmiş, əhd-peyman bağlamış qeyri-müsəlmanlardı, onlara toxunmaq olmaz. Üçüncüsü, müsəlmanlar arasında yaşayanlardı ki, onlar da toxunulmazdır. Nəhayət, dördüncüsü, müsəlman ölkəsinə ticarətə, qonaq və ya dövlət nümayəndəsi kimi gələn qeyri-müsəlmanlardır. Onlara da təbii ki, heç kəsin xətər yetirmək ixtiyarı yoxdur. Ona görə də peyğəmbərimiz buyurub ki, kim bu üç cür qeyri-müsəlmanı öldürsə, qiyamət günü o, cənnətin iyini almayacaq. Halbuki cənnətin qoxusu 40 illik yoldan gəlir. Bu baxımdan dinc yerdə, metroda, küçədə olan insanlara toxunmaq düzgün deyil. Lakin problem onların dini cəhətdən savadsız olmalarındadır. İnsanları hazırlaşdırırlar, deyirlər ki, bu, ən böyük şəhadətdir, sən cənnətə gedəcəksən. Hətta Moskva metrosundakı partlayışda qadınlardan biri hamilə olub, rus kəşfiyyatı onların telefon danışıqlarını yazıb, efirdə də səsləndirdilər. İntiharçı qadınlardan ikincisi onları göndərən, hazırlayan qıza deyir ki, mən hamiləyəm. Qız da deyir ki, sübhan-Allah, nə gözəl, sən cənnətə tək yox, öz uşağınla gedirsən. Həmin anda qadın tərəddüd edirdi, lakin onu yönəldən təbliğat apararaq öz məqsədinə çatdırdı.

Qurban Yaquboğlu:

- Bu yaxınlarda Türkiyənin Mardin şəhərində dünyanın 20 müsəlman ölkəsindən gəlmiş alimlərin iştirakı ilə İbn Teymiyyənin 700 il əvvəl verdiyi fətvası müzakirə olundu. Həmin fətvanın aradan qaldırılması fikirləri də səsləndi. Yəni dövrümüzün aktual məsələlərindən biri də müsəlmanlarla qeyri-müsəlmanların münasibətləridir...

Qamət Süleyman:

- Ümumiyyətlə, İbn Teymiyyənin 700 cilddən çox kitabı var, bəzilərini oxumuşam. Onun bu kimi məsələlərdə yolu aydındır və bu cür radikallığın əleyhinədir. Hətta əhli-kitabla, qeyri-müsəlmanlarla, kafirlərlə münasibəti də qeyd edir. Sadəcə, İbn Teymiyyə düzgün təbliğ olunmur, onu başqa cür çatdırırlar. Qeyri-müsəlmanlara münasibətlə bağlı peyğəmbərimizin həyatına baxa bilərik. Onun dövlət qurduğu Mədinədə qeyri-müsəlmanlar da yaşayırdılar. Onlara münasibət normal idi. Bir gün peyğəmbərin zövcələrindən birinin bütpərəst anası qonaq gəlir. Peyğəmbər xəbər göndərir ki, qoyun evə gəlsin, onunla yaxşı davranın, hörmətini tutun. Peyğəmbərimizin qonşusu yəhudi idi, xəstələndiyini eşitdikdə onu ziyarət etmişdi. Peyğəmbərimiz əhli-kitabdan borc alır, borc verirdi, onlarla ticarət edirdi. Yəni dinimiz bu sayaq münasibətə normal baxır. Sadəcə, dost-düşmən məsələsini, kafirlərə münasibəti bəzi radikal cavanlar düzgün başa düşmürlər. Dinimiz kafirlərin dinini, etiqadını sevməməyi məsləhət görür. Amma bu o demək deyil ki, ümumən insanın özünü də sevmə. “Quran” bizə əhli-kitabdan olan qadınla evlənməyə icazə verir. Təbii ki, insan öz həyat yoldaşını sevəcək. Peyğəmbərimiz buyurur ki, valideynlərin səni Allaha qarşı çıxmağa məcbur etsələr, onlara bu məsələdə tabe olma, amma onlarla yaxşı davran. Hətta dinimiz heyvanlara da yaxşı münasibət bəsləməyi, əziyyət verməməyi zəruri sayır. Bəzi hədislərdə bir qadının cəhənnəmə düşməyinin səbəbi pişiyi həbs etməsi göstərilir. İslam tarixindəki döyüşlərə də fikir verin. Hücuma hazırlananda döyüş başçısı nə deyirdi? Qadınlara, uşaqlara toxunmamaq tapşırılırdı.

Qurban Yaquboğlu:

- İslamda döyüş meydanında davranış qaydası varmı?

Qamət Süleyman:

- Qocalara, əsirlərə, keşişlərə, onların ibadət etdikləri yerlərə toxunmamaq, bitkiləri sındırmamaq, heyvanları öldürməmək tapşırılırdı. Əgər islam hücum vaxtı bu cür məsələləri nəzərə alırsa, təsəvvür edin ki, müharibə getməyən yerdə necə olmalıdır.


İNTİHAR ƏSRİ

Nahid Məmmədov:

- Hələ 20-ci əsrin ortalarında Avropa alimlərindən biri iddia edirdi ki, 21-ci əsr intihar əsri olacaq. 2000-2001-ci illərin statistikası sübut etdi ki, həqiqətən də 21-ci əsrin başlanğıcından intihar hadisələri çoxalmağa başladı. Bu da dünyada gedən proseslərin nəticəsidir. Bəlkə də informasiya müharibəsi ilə, yaxud digər amillərlə bağlıdır. Azərbaycan da dünyanın tərkib hissəsi olduğu üçün artan intiharlar bu amillərlə əlaqəlidir. Fətvaya gəlincə, fətva vermək hüququ böyük məsələlərdə müctəhidlərə məxsusdur. Birincisi, onlar “Quran”da hökmlə bağlı mövcud olan bütün ayələri, ərəb dilini mükəmməl şəkildə bilməlidirlər. Ərəb dilinin spesfik xüsusiyyətləri var, bir söz müxtəlif mənalar ifadə edir. Eyni zamanda sünnədə olan bütün hədisləri bilməlidir. Hökm verilən zaman hər şey ölçülüb-biçilməli və sonra bunlara istinad edərək nəticə çıxarılmalıdır. Təəssüf ki, bu gün bir sıra hallarda buna fikir verilmir, sadəcə, “Quran”ı oxuyub, oradan nəticə çıxarırlar.

Qurban Yaquboğlu:

- Azərbaycanda ümumi durum necədir?

Nahid Məmmədov:

- Azərbaycanda baş verən intiharlarda din amili rol oynamır. Hacı Qamət Səddam Hüseyn məsələsini qeyd etdi, o da din amiliylə əlaqədar deyildi. İnanmıram ki, Azərbaycanda kimsə Səddam Hüseyn fanatı olduğu üçün intihar etsin.

Qamət Süleyman:

- Belə hal olub. Ancaq bunun dinlə əlaqəsi yoxdur.

Nahid Məmmədov:

- Razıyam, dinlə əlaqəsi yoxdur. Azərbaycanda bu cəhətdən maarifləndirmə işləri çox ciddi şəkildə aparılır. İstər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, istər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, digər dövlət orqanları, eyni zamanda ictimai təşkilatlar da bu məsələ ilə bağlı mütəmadi tədbirlər həyata keçirirlər. Təkcə onu qeyd edə bilərəm ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin aprel ayında 20-yə yaxın seminar-treninqləri nəzərdə tutulub. Bunların əksəriyyəti orta məktəblərdə məhz bu kimi problemlərə həsr olunub. Gənclər arasında son dövrlər yaranmış bəzi mənfi tendensiyalar, eyni zamanda intiharların artmasının qarşısını almaq üçün profilaktik tədbirlər görülür.


BOŞANMALAR VARDI, İNTİHAR YOX


Niyaz Qaraöynəli:

- İslamda xristianlıqda və yəhudilikdə olduğu kimi daşlaşmış klerikal struktur yoxdur ki, nəyin mümkün olub-olmaması ilə bağlı qərar verilsin. İstər əhli-sünnə, istər əhli-şiənin içərisində fətva verə bilən alim, ayətullah, höcətül-islam kim ola bilər? Bu sualın cavabı sonradan ayrı-ayrı ictihadlar, yozumlar hesabına müəyyənləşib. Bu da ona gətirib çıxarıb ki, ayrı-ayrı gənclər sosial mühitdən narazılığın məhsulu olaraq özlərinin də qərar vermək haqqı olduğu iddiasına düşürlər. Dini avtoritetlərin hörmətdən düşməsi axtarışlara səbəb olur. Tomas Fridman məsələsinə də qayıtmaq istəyirəm. 2001-ci ildən sonrakı mərhələdə də, ondan qabaq da israrlar var idi, müsəlman ölkələrində, xüsusən, Səudiyyə Ərəbistanın tədris proqramında sərt dəyişikliklər edilsin. ABŞ bunu daim Səudiyyə Ərəbistanı qarşısında qoyur ki, tədris proqramından cihad və digər məsələlər çıxarılsın. Bu məsələlərin özü də dini avtoritetlər arasında bölünməyə gətirir. Bəziləri bunu mümkün, bəziləri qeyri-mümkün sayırlar. Bu da qarşılıqlı ittihamlar doğurur.

Qamət Süleyman:

- Sizinlə razıyam ki, xarici təsirin nəticəsində çox şey yaranır. Lakin biz birinci bilməliyik ki, dövlətlə alimin münasibəti necə olmalıdır. Cavanlar eşidirlər ki, filan müsəlman ölkəsində döyüş gedir, fikirləşirlər ki, nə üçün bizim hakim bizi ora yollamır. Elə tələblər irəli sürülür ki, hazırda onları etmək mümkün deyil. Çünki bunu edən ölkə özünə problemlər yaradacaq. Nəticədə nə olur? Cavanlar alimləri susmaqda ittiham edirlər. Əslində alimlər nəinki dövlətə qarşı çıxa bilməz, həmçinin dini cəhətdən də hər yerdə və necə gəldi cihad etmək olmaz. Namaz kimi cihadın da şərtləri var. Cihad kəlməsindən qorxmaq lazım deyil, sadəcə, onu camaata düzgün anlatmaq vacibdir. Bizim məscidə hücum, terror hadisəsi oldu. Səhv fikirli insanlar qıraqdan gəldilər.
Xatirə Səfərova:

- Əbu-Bəkir məscidində islam elmi baxımından gözəl dərs keçirildiyi haqda eşitmişdim. Lakin insanların həmin bilikləri, əqidəni hansı dərəcədə qavramaq prinsipi ilə yanaşsaq, ən ağır problemlər də məhz Əbu-Bəkir məscidində baş verib. O məscidə gedənlər arasında boşanmalar çox olurdu, başsız uşaqların sayı artırdı. Bizim təşkilatımıza o məscidlə əlaqədar bir çox problemli insanlar gəlirdilər.

Qamət Süleyman:

- Əbu-Bəkir məscidinə gələnlərin sayı çox idi. Elə məscid var, 10 nəfər gəlir, problem də olmur. Ümumiyyətlə, boşanma problemi hazırda ölkədə geniş yayılıb. Əbu-Bəkir məscidinə gələnlər də o cəmiyyətin insanlarıdır.

Qurban Yaquboğlu:

- Xatirə xanım maraqlı problemə toxundu, amma mövzumuzdan kənardır. Yeri gəlmişkən, sizin məscidinizə gələnlər içərisində intihar hadisəsi olubmu?

Qamət Süleyman:

- Yox.

Nahid Məmmədov:

- Etiraf etmək lazımdır ki, Hacı Qamətin radikallığa qarşı fəaliyyəti danılmazdır. Sadəcə, Əbu-Bəkir məscidi elə bir cameə idi ki, ora müxtəlif fikirli insanlar gəlirdi. Bizdə də faktlar var ki, müxtəlif vaxtlarda təsirə düşmüş insanların doğru yola istiqamətləndirilməsində böyük rolları olub. Özünü sələfi elan edən, əslində bəlkə də bilmədən başqa ideologiyaların, təriqətlərin məqsədlərinə xidmət edən qruplar təsirinə düşmüş insanlar çox olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1426

Oxşar yazılar