Dövlət abituriyentin qarşısına şərt qoyacaq
05 mart 2010 16:30 (UTC +04:00)

Dövlət abituriyentin qarşısına şərt qoyacaq

Dövlət hesabına ali təhsil alan gənclər müqavilə əsasında hökumətin göndərdiyi iş yerində çalışmalıdır


“Ali təhsildə adambaşına maliyyələşmənin tətbiqindən sonra qəbul qaydaları da təkmilləşəcək. Ola bilsin ki, hansısa yeniliklər də olacaq. Amma biz çalışmışıq ki, builki qəbul qaydalarında – həm bakalavr pilləsi, həm də magistraturada elə də çox dəyişikliklər olmasın”.

Lent.az-ın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında belə deyib. Bununla belə, komissiya sədri deyib ki, fərmanın icrası ilə əlaqədar olan zəruri dəyişikliklər həyata keçiriləcək. Onun sözlərinə görə, hazırda bakalavr və magistraturada təhsil almaq istəyənlərin bir çoxunun istəyi real əmək bazarında olan vəziyyəti əks etdirmir: “Gənclərin istəyinin nə olduğunu daha çox biz bilirik. Çoxsaylı gənclər hüquqşünas, beynəlxalq hüquq ixtisaslarına daxil olmaq istəyir. Amma indi elə bir vəziyyət yaranıb ki, əmək bazarında həmin ixtisaslı gənclər özlərinə iş tapa bilmir”.


Məleykə Abbaszadə onu da bildirib ki, bəzi ixtisaslara Azərbaycanda tələbat yüksəkdir. O, belə ixtisaslar arasında informatika sahəsini xüsusilə qeyd edib. Onun sözlərinə görə, indi əmək bazarında təkcə informasiya-kommunikasiya texnologiyalarını istifadəçi səviyyəsində mənimsəyən şəxslər yox, bu texnologiyaların təhlükəsizliyini təmin edən, şəbəkələrlə işləməyi bacaran mütəxəssislərə böyük ehtiyac var.


“İndi Azərbaycanda bu sahəni yaxşı bilən 4-5 mütəxəssis var. Ona görə də bu sahədə nə qədər çox mütəxəssis olsa, yenə də onlar üçün iş yerləri olacaq. Amma biz gənclərin bu sahəyə çox istəyinin olduğunu görmürük. Belə sahələr çoxdur, yeni müəssisələr açılır, ora müəyyən sahələr üzrə çox ciddi mütəxəssislər, texnoloqlar, mühəndislər lazımdır. Amma belə mütəxəssislər hələ ki, bizim əmək bazarında yoxdur. Gənclər isə həmin sahələrə çox da maraq göstərmir” – deyə, TQDK sədri vurğulayıb.


Bununla belə, Məleykə Abbaszadə ali təhsildə adambaşına maliyyələşmənin tam tətbiqindən sonra gənclərin marağının güclənəcəyi qənaətindədir. Onun sözlərinə görə, yeni sistem tam gücü ilə işləyəndən sonra gənclər ixtisas seçimində real faktlara əsaslanacaq.


Məleykə Abbaszadə deyib ki, dövlətin maliyyəsi hesabına təhsil alan gənclər müqavilə əsasında müəyyən dövr ərzində dövlətin lazım bildiyi yerlərdə işləyəcək. Yəni dövlət belə gəncləri təyinatla işləmək üçün hara göndərsə, gedib işləməlidir. Bunun üçün isə əvvəlcədən həmin gənclərlə müqavilələr imzalanacaq: “Yəqin ki, yaxın vaxtlarda müqavilə forması da bizə təqdim olunacaq. Tutaq ki, Bakıda müəllimlər kifayət qədər çox olduğundan özlərinə iş tapa bilmir. Rayonlarda, ucqar kəndlərdə isə əksinə, müəllim çatışmazlığı var. Dövlət sifarişi ilə müəyyən pedaqoji ixtisaslarda təhsil alan gənc dövlətlə müqavilə bağlamalı olacaq və o, ali məktəbi bitirəndən sonra hara göndərsələr, gedib orada işləməlidir. Bu tələb müəyyən ixtisaslarda şərt olaraq qoyulacaq”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 404

Oxşar yazılar