Bankomatlar düşmən malıdır, yoxsa...
08 fevral 2010 11:00 (UTC +04:00)

Bankomatlar düşmən malıdır, yoxsa...

Bu mövzuda neçə dəfə yazmağa cəhd etsəm də son anda fikrimdən daşınmışam. Dünən Nizami metrosunda rast gəldiyim hadisədən sonra isə qəti olaraq yazmağa söz verdim.

Kartına gediş haqqı yükləyə bilməyən bir kişi yardım təklifimi rədd etdi və əvəzində “çek çap olunsun” düyməsini qəzəblə elə yumruqladı kim qurğu zərbənin təsiri ilə 45 dərəcə çevrildi. Divara yaxın olmasaydı tam aşacaqdı. “Ağsaqqal” yenə də bir şey alınmadığını görüb, Tağı Əhmədovun qarasına bir-iki xoş söz deyərək turniketə yaxınlaşdı. 20 qəpiklə keçid problemini həll etdi.

Hər ay pensiyalar verilən zaman bankomatların qarşısındakı kütləni (bu nizamsız topluma növbə demək düz çıxmır) respublikanın hər şəhərində görmək mümkündür. Hər kəsə məlum olan səbəbləri təkrar xatırlatmağa lüzum yoxdur.
Mənim diqqətimi çəkən insanların bankomatlardan istifadə qaydasıdır. Sovetin “qrubo, tyajelo, no nadyojno” prinsipini rəhbər tutan insanlar bankomatlardan istifadəsi də “güc var ağla gərək yoxdur” qaydasına uyğun gəlir. Beynəlxalq Bankın qurğuları bir-neçə ay ərzində istifadəçilərin xoş rəftarı nəticəsində bütün resursunu başa vurur. Bu gün bankomatı yumruqlayan, düymələrin üzərinə var qüvvəsi ilə basan, kartı tərsinə salan istifadəçilərin sayı hesabı yoxdur. Nədənsə çoxları özlərini texnikanın qol gücünə işlədiyinə inandırmaqda israrlıdır.
Eyni vəziyyət metroda gediş satan qurğulara da aiddir. Qurğular yerə bərkidilmədiyi üçün istifadəçilərin kobud rəftarı nəticəsində yerini addım adım dəyişir. “Yükləmə” düyməsini basan insanlar az qalır qurğunu aşırsınlar.
Maraqlı budur ki, bankomatlarla düşmən malı kimi davranma həm cahilə, həm də ziyalı hesab edilənlərə xasdır. Ali məktəbdə çalışan yaşlı həmkarlarımın əksəriyyətinin maaşını bankomatdan necə götürməsi “Polişinelin sirri”dir. Bu tiplərin tələbələrin gülüş hədəfinə çevrildiyinə də şahid olmuşuq. Hətta bir dəfə tələbə mənə belə bir sualla müraciət etdi: “Bankomatdan istifadə edə bilməyən professor bizə yeni nə is öyrədə bilərmi?” Cavabı bilsəm də sualdan yayındım.
Bir-neçə ay əvvəl rayonlardan birində bankın pensiya paylamaq işini nə üçün polisə həvalə etdiyini soruşduqda bank işçisinin cavabı qəribə oldu: “Pensiyaçıların özləri istifadə etdikdə bankomatlar heç bir ayın pensiyasını verməyə davam gətirmir”.
Qəribə burasıdır ki, bankomatdan istifadə edə bilməyənlərin əksəriyyəti həm də istifadəni öyrənməməkdə israrlıdırlar.
Görəsən qol gücünə əsaslanan bankomat və gediş satan qurğular istehsal edilirmi?

Vüqar Ələsgərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 679

Oxşar yazılar