O, təkcə sağaltmır, həm də öldürür – ARAŞDIRMA
23 avqust 2010 12:05 (UTC +04:00)

O, təkcə sağaltmır, həm də öldürür – ARAŞDIRMA

Statistik məlumatlara görə, müasir cəmiyyət il ərzində milyon tonlarla müxtəlif kimyəvi dərman preparatları qəbul edir. Məsələn, ABŞ-da əhalinin gün ərzində qəbul etdiyi aspirinin çəkisi 20-30 tonlarla ölçülür. Ancaq dərmanların qəbulu heç də həmişə effekt vermir. Misal göstərdiyimiz elə bu ölkədə dərmanlar hər il 125 min insanı öldürür. Dərman zəhərlənmələrinə, eləcə də bu zəhərlənmələr nəticəsində baş verən ölüm hadisələrinə dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda da rast gəlinir.

Hansı dərmanlardan zəhərlənmələr necə baş verir?

Yuxu dərmanları ilə zəhərlənmə hallarına tez-tez təsadüf edilir. Yuxu dərmanının böyük dozada qəbul edilməsindən 30-60 dəqiqə keçdikdən sonra yuxuculluq, zəiflik, nitqin pozulması baş verir, bəbəklər daralır. Sonra dərin yuxu və koma halı başlanır. Bunun üçün təxirəsalınmaz tədbirlər kimi mədə yoğun zondla yuyulur, qarın işlədici duzlar verilir, təmizləyici imalə qoyulur. Tənəffüsün pozulması ilə birlikdə koma baş verdiyi zaman süni tənəffüs edilir. Sorulmuş zəhərin kənar edilməsi üçün sürətləndirilmiş diurez tətbiq edilir. Tərkibində tropin olan dərman preparatları və bitkilərlə (xanımotu, batabat, dəlibəng ilə) zəhərlənmə zamanı bəbəklərin genəlməsi və görmə pozğunluğu, ağızda bərk quruluq, ürək döyünməsi, üzün hiperemiyası, səs xırıltısı, psixi pozğunluqlar, yuxu ilə növbələşən həyəcanlılıq hallüsinasiya (xəyali görmə), sayıqlama müşahidə olunur. Ağır zəhərlənmə baş verdikdə xəstə koma halına düşərək tənəffüsün və qan dövranının pozulması nəticəsində ölə bilər.
Neyroleptiklər-aminazin, triftazin, levomepromazin (tizersin) və s. kimi dərmanların toksik dozalarının qəbul edilməsi nəticəsində zəiflik, yuxuculuq, başgicəllənməsi əmələ gəlir, sifət maska şəkli alır, çox keçmədən başlayan yuxu bir sutkadan artıq davam edir. Bəbəklər daralır, bəzən əzələnin dalbadal dartılması müşahidə edilir. Ağır zəhərlənmələr zamanı komatoz hal inkişaf edir, tənəffüs pozulur və bütün bunlar ölümə gətirib çıxarır.

Antihistamin preparatlar - dimedrol, diprazin (pipolfen), suprastin və s. ilə zəhərlənmə simptomları onlar qəbul edildikdən təxminən 10-30 dəqiqə sonra təzahür edir. Bu dərmanlardan baş verən zəhərlənmənin simptomları əzginlik, yuxuculluq, səmtirləmə, dolaşıq nitqdir. Qulaq batması, hərəki və psixi həyəcanlılıq hallüsinasiya ilə əvəz oluna bilər, sonra xəstə yuxuya gedərək 10-12 saat yatır. Sifətin və bədənin qızarması, dəridə və görünən selikli qişalarda qurululuq müşahidə olunur, tənəffüs və nəbz vurması sıxlaşır. Ağır zəhərlənmə halları komaya səbəb olur.

Trankvilizatorlar — xlordiazepoksid (elenium), diazepam (seduksen), oksazepam (tazepam) kimi dərmanların toksik dozasının qəbul edilməsindən 1-1,5 saat keçdikdən sonra getdikcə artan əzələ zəifliyi, yuxuculluq, başgicəllənməsi, yerişin, nitqin pozulması baş verir. Ağır hallarda koma inkişaf edir və o, ölüm təhlükəsi törədir.

Dərmanlarla zəhərlənmə zamanı, ilk növbədə xəstənin hansı dozada və nə vaxt qəbul edildiyi müəyyənləşməlidir. Bu informasiya toksikoloq üçün çox əhəmiyyətli olur. Əgər dərmanı qəbul edən xəstə hələ özündədirsə, ona təcili olaraq, 1 litrədək ilıq duzlu su vermək və qusdurmaq, bundan sonra isə ona hər 10 kq üçün 0,5-1 qram hesabı ilə aktivləşdirilmiş kömür vermək lazımdır.
Huşun itirilməsi zamanı zərərçəkənin düzgün nəfəs almasına imkan yaratmaq üçün onu düz istiqamətdə uzatmaq gərəkdir. Hər 1-2 dəqiqədən bir xəstənin nəfəs alıb-almamasını yoxlamaq, ehtiyac olarsa, ona süni nəfəs verməyə başlamaq lazımdır.

Azərbaycanda dərman zəhərlənmələri daha çox xəstələrin məsuliyyətsizliyindən baş verir

Dərman zəhərlənmələrinin kökü heç də həmişə sui-qəsd xarakterli olmur. Təxminən 60 faiz hallarda insanlar təsadüfən və bilməyərəkdən dərmanla zəhərlənirlər. Belə ki, artıq yaddaşı zəifləməyə doğru gedən yaşlı insanlar unudaraq dərmanı təkrar qəbul edə bilər. Amma zəhərlənmələrdən zərərçəkənlər arasında gənclər da kifayət qədərdir ki, əksər halda onların zəhərlənmələrinə özünü müalicə səbəb olur. Vaxt azlığını və daim məşğul olmasını əsas gətirən gənclər daha effektiv və təcili müalicə almaq ümidi ilə güclü təsirə malik dərmanların ikiqat dozasını içirlər. Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov APA-ya bildirib ki, Azərbaycanda dərman zəhərlənmələri dərmanların keyfiyyətsizliyindən deyil, xəstənin məsuliyyətsizliyindən baş verir. Onun sözlərinə görə, təmsil etdiyi quruma indiyədək hər hansı şəxsin keyfiyyətsiz və saxta dərmandan zəhərlənməsi ilə bağlı məlumat daxil olmayıb. Nazirlik rəsmisi deyir ki, zəhərlənmələr, əsasən resept əsasında buraxılan dərmanlardan baş verir. Amma reseptsiz dərmanlardan da zəhərlənmələr baş verə bilər. Bu o halda olur ki, xəstə belə dərmanlardan külli miqdarda istifadə etsin: “Zəhərlənmələri araşdıranda görürük ki, bu hallar dərman vasitələrindən düzgün istifadə etmədikdə baş verir. Belə zəhərlənmələr dərman vasitələrinin keyfiyyətsiz olduğunu göstərmir. Dərman vasitələri yalnız həkimin göstərişi və onun yazdığı doza əsasında istifadə olunmalıdır. Əgər həkimin göstərişi olmadan və yüksək dozada qəbul edilirsə, təbii ki, dərman vasitələrindən zəhərlənmələr baş verəcək”.

P. Əzizbəyovun sözlərinə görə, zəhərlənmənin baş verməsi xəstənin dərmandan günün saatında və hansı dozada qəbul edilməyindən də asılıdır. Ona görə də xəstə dərmanı həkimin məsləhət gördüyü dozada qəbul etməlidir: “Bəzən xəstə özünü müalicə məqsədi ilə aptekə girir, hansısa dərmanı alır, həkimin göstərişi olmadan onu qəbul edir. Bəzi dərman vasitələrinin də belə bir xüsusiyyəti var ki, onu qəbul etdikdə allergiya yarana bilər. Orqanizmin xüsusiyyətlərindən asılı olaraq, eyni dərman vasitələri müxtəlif xəstələrə müxtəlif cür təsir edir. Elə antibiotiklər var ki, onları qəbul etməzdən əvvəl həssaslıq yoxlanılmalıdır. Amma bəzi xəstələr bu tip dərmanları özbaşına qəbul edilər. Belə dərmanların içlik vərəqlərində də göstərilir ki, onun hansı əlavə təsirləri ola bilər”.
Zəhərlənmələrin keyfiyyətsiz dərmanların qəbulundan yaranması fikrini qəbul etməyən nazirlik səlahiyyətlisi hesab edir ki, respublikaya idxal zamanı laboratoriya yoxlamalarından keçməyən dərmanlar bu gün Azərbaycanın dərman bazarında çox cüzi yer tutur. P. Əzizbəyovun fikrincə, istifadə müddəti bitən dərmanların hamısı əczaçılıq bazarından yığışdırılır. Bunun da nəticəsində belə dərmanların sayı hətta 3-5 il əvvəlki göstəricidən çox fərqlənir.

Tibbi yardım briqadaları da çox zaman dərman zəhərlənməsi ilə dərmanın əlavə təsirlərini səhv salır

Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya bildirib ki, çox vaxt tibbi yardım briqadaları dərmanın əlavə təsirlərini dərman zəhərlənməsi adı ilə xəstəxanalara gətirirlər, amma bu da çox zaman təsdiqlənmir. Belə hallarda xəstənin vəziyyəti pisliyə doğru dəyişsə də, müayinə zamanı dərman zəhərlənməsinin əlamətləri müşahidə edilmir. Xəstə dərmanın əlavə təsirlərinə məruz qaldığı üçün tibbi yardımdan sonra evə buraxılır. Dərman zəhərlənməsi olduqda isə xəstə mütləq xəstəxana rejimində müalicə edilməlidir. A. Maqsudov deyir ki, dərmanın əlavə təsirləri ilə dərman zəhərlənməsi arasında fərq var. Dərmanın əlavə təsirləri allergik reaksiya kimi özünü büruzə verir. Bu zaman dəridə qızarma olur, baş gicəllənmə yaranır: “Ümumi əlamətləri dərman zəhərlənməsinə oxşayır, amma bu əlamətlər dərman zəhərlənməsi deyil. Dərman zəhərlənməsi laboratoriyada qanın toksiki-kimyəvi analizi vasitəsilə ilə müəyyən olunur. Bu analizin müayinəsi zamanı dərman zəhərlənməsinin baş verib-vermədiyini və hansı tip dərmandan baş verdiyini təsdiqlənir”.

Azərbaycanda dərmanlardan zəhərlənənlərin əksəriyyəti qadınlardır

Bakı Baş Səhiyyə İdarəsinin baş toksikoloqu İsmayıl Əfəndiyevin APA-ya bildirdiyinə görə, 2009-cu ildə 1834 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub. Onların 763 nəfəri, yəni 42%-i dərmanlardan zəhərlənib. Dərmanlardan zəhərlənənlər arasında qadınlar, xüsusilə 20-40 yaşlı qadınlar çoxluq təşkil edir. Zəhərlənmələr 2008-ci ilə müqayisədə bir qədər artıb. Zəhərlənmələr daha çox əsəbə qarşı dərmanların qəbulundan sonra baş verib.

Qeyd edək ki, dərmanlardan baş verən zəhərlənmələrin sayı ilə bağlı Azərbaycanda qruplaşdırılmış şəkildə statistik məlumatlar toplanılmır. Elə bu səbəbdən yazı hazırlanarkən bu ilin statistikası ilə bağlı Daxili İşlər Nazirliyinə istinadən yayılan faktlara əsaslanmaq məcburiyyətində qaldıq. Həmin məlumatlara əsasən, yalnız aprel-iyun ayları ərzində 24 nəfər dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanalara gətirilib. Onlardan 7-i dünyasını dəyişib. Həmin xəstələrdən biri - 10 yaşlı Zəhra Quluzadə isə “Azərsutikinti” xəstəxanasına tibbi müayinə üçün gətirilib və elə orada ona vurulan iynənin təsirindən ölüb.

Avropalılar özünə qəsd üçün parasetamolu, azərbaycanlılar isə xlor, sirkəni seçir

Dünyadakı toksikoloqları dərman zəhərlənmələrinə görə narahat edən əsas preparat özünü müalicə üçün çox geniş istifadə edilən parasetamol və həmin qrupdan olan panadol, paulenol, efferalqandır. “Ştern” jurnalınıln məlumatına görə, hər il Böyük Britaniyada parasetamolun doza yüksəkliyindən təxminən 30 min insanın böyrəklərində xroniki xəstəlik yaranır, 100 insan dünyasını dəyişir. İ. Əfəndiyev də təsdiqləyir ki, reseptsiz verilən parasetamol Avropada da çox təhlükəli dərman hesab edilir. Baş toksikoloqun sözlərinə görə, Avropada parasetamol yeganə dərmandır ki, həm böyüklərə, həm də uşaqlara çox geniş şəkildə təyin olunur: “Hər bir avropalının evində böyük dozada olan parasetamol var. Bu ölkələrdə özünə qəsd etmək istəyənlər parasetamoldan istifadə edir. Onlarda bu dərmandan zəhərlənmə problemi həddindən artıq yüksəkdir. Azərbaycanda isə bu problem yoxdur. Ölkəmizdə parasetamoldan zəhərlənmə çox nadir hallarda qeydə alınır. Azərbaycanda parasetamoldan zəhərlənmə Avropa ölkələri ilə müqayisədə 10 dəfədən çox az qeydə alınır”.

Ümumilikdə, hər bir dərmanın bədən üçün zərərli olduğunu deyən İ. Əfəndiyevin sözlərinə görə, müqayisəli götürülsə, analgin parasetamoldan daha ziyanlıdır. Buna baxmayaraq, Azərbaycanda analgindən, eyni zamanda tərkibi analgin olan baralgin, spazmalqondan geniş istifadə edilir. Analgin insan orqanizminə parasetamoldan qat-qat çox ziyan vurduğu üçün Avropada, ABŞ-da bu dərmanların istifadəsi hətta qadağan edilib. İ. Əfəndiyev bildirib ki, Avropada özlərinə qəsd etmək istəyənlər parasetamol, Azərbaycanda isə xlor, sirkə turşusu və digər yandırıcı məhlullar içir. Baş toksikoloqun sözlərinə görə, Azərbaycanda kimyəvi, yandırıcı məhlullarla zəhərlənmə Avropa ölkələrindən daha çoxdur.

Yandırıcı məhlullarla yanaşı, Azərbaycanda dəm qazından zəhərlənmələr də artıb. İ. Əfəndiyev deyir ki, müəyyən tədbirlərin görülməsinə, Fövqəladə Hallar Nazirliyi tərəfindən cihazların yoxlanmasına baxmayaraq, Azərbaycanda dəm qazı ilə zəhərlənmə halları sayı artır. 2009-cu ildə 238 nəfər dəm qazından zəhərlənib ki, bu da 2008-ci ilə müqayisədə 30% çoxdur. Toksikoloq hesab edir ki, xarici ölkələrdə dəm qazından zəhərlənmələrin sayının az olması profilaktik tədbirlərin görülməsindən irəli gəlir: “Avropa ölkələrində bu zəhərlənməyə qarşı profilaktika üçün hər bir aptekdə dəm qazının sitortip analizotorları satılır. İnsanlar onu evdə quraşdırırlar. Evdə havada dəm qazının miqdarı normanı keçəndə o, siqnal verməyə başlayır. Bununla da zəhərlənmənin qarşısı alınır”.

Dərman zəhərlənməsində günahkar olanlara hansı cəzanın veriləcəyini məhkəmə müəyyənləşdirir

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev APA-ya bildirib ki, “Dərman vasitələri haqqında” qanunda dərman vasitələrinin saxlanılması, keyfiyyətsiz dərmanların idxalı, satışa buraxılması, dərman vasitələrinin öz dozalarına uyğun apteklərdən düzgün buraxılmaması ilə bağlı məsuliyyətlər nəzərdə tutulur. Bu məsuliyyətlər yalnız inzibati xarakterli deyil. Qanunda cinayət xarakterli məsuliyyət də nəzərdə tutulur: “Apteklərdə keyfiyyətsiz, vaxtı ötən dərmanların satışına, düzgün dozalanmayan dərmanların Azərbaycana gətirilib satışa çıxarılmasına görə məsuliyyəti həm topdansatış, həm də pərakəndə aptek şəbəkələrinin məsul şəxsləri məsuliyyət daşıyırlar. Amma bu hallarda hansı cəzanın nəzərdə tutulması məsələsi məhkəmənin predmetidir. Buna görə cavabdeh şəxslər cərimələnə, onların əczaçılıq fəaliyyətinin göstərilməsi müəyyən müddətə qadağan edilə, yaxud da həbs qətimkan tədbiri seçilə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15690

Oxşar yazılar