Millət vəkili ailədə seksual zorakılıq məsələsindən danışdı
23 noyabr 2012 19:02 (UTC +04:00)

Millət vəkili ailədə seksual zorakılıq məsələsindən danışdı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, parlamentin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində AŞPA-nın Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak edib.

Lent.az-ın verdiyi məlumata görə, Sevinc Fətəliyeva tədbirdə “Ailədə seksual zorakılıq məsələsi” mövzusunda çıxış edib.
Sevinc Fətəliyeva isə bildirib ki, bu, əslində müzakirə üçün xoşagəlməz mövzudur: “Uşaqlar üzərində kənar şəxslər tərəfindən seksual zorakılığın törədilməsi barədə məsələni müzakirə etdikdə biz ən azı hər hansı birmənalı mənfi izahat tapa bilərik. Lakin zorakılıq ailənin hər hansı bir üzvü tərəfindən törədildikdə, bu, artıq heç cür izah edilmir. Bunlara baxmayaraq, bu cür problemlər mövcuddur və biz buna nə qədər çox göz yumsaq da, bir o dərəcədə də vəziyyət ağırlaşır. Digər tərəfdən, bu problemin nəticəsi bəlli deyil. Ümid edirik ki, problemin KİV-də tez-tez işıqlandırılması bir tərəfdən cəmiyyətin bu məsələni müzakirə etməyə və addım atmağa hazır olduğunun müsbət işarəsidir. Lakin digər tərəfdən, uşaqlar üzərində seksual zorakılıq hallarının tez-tez və miqyaslı şəkildə işıqlandırılması kütlənin bu cür məlumatlara tədricən öyrəşməsinə gətirib çıxara və bu, həyat üçün adi hal ola bilər”.
Millət vəkili qeyd edib ki, məsələnin həll edilməsi olduqca mürəkkəbdir, seksual zorakılığın qurbanı olmuş uşağa təhlükəsizlik, müdafiə və ixtisaslaşdırılmış psixoloji yardım lazımdır: “Yəni burada faktın aşkara çıxarılması, uşağın vəziyyətini başa düşmək və digərlərinə çatdırmaq bacarığı, valideynlərin reaksiyası və davranışı, digər yaxın qohumların, nənə, baba, xala, dayılar və başqalarının reaksiyası, münasibəti və davranışı, sosial xidmətlər və işçilərin işinin mövcudluğu və səmərəliyi, hüquq mühafizə orqanlarının işinin səmərəliyi və həssaslığı, uşağın gələcək taleyi və psixoloji reabilitasiyası problemləri ortaya çıxır. Nə edək? İlk növbədə ağlımıza maarifləndirici işlər gəlir. Ancaq gəlin açıq danışaq, ölkənin bütün əhalisini əhatə etmək mümkün deyil. Hansı resurslara malik olmağımızdan asılı olmayaraq, biz, hər yerdə elan vura, və ya bütün ailələri, uşaqlara seksual obyekt kimi baxmağın yolverilməz olduğunu izah edərək ziyarət edə bilmərik. Müxtəlif təşkilatların fəaliyyəti arasında dövlət səviyyəsinə müvafiq aydın koordinasiyanın işlənib hazırlanması zəruridir. Vahid mübarizə sisteminin yaradılmasına ehtiyac var. Bura uşaq psixoloqlarının ixtisasının artırılması , reabilitasiya mərkəzlərinin yaradılması, sosial işçilərin işinin keyfiyyətinin yaxşılaşdırılması və qanunvericiliyin sərtləşdirilməsi daxildir. Hər bir ölkənin mentalitetinin fərqli olması olduqca önəmli məsələdir. Sözsüz ki, nə qədər insan varsa, bir o qədər fikir, nə qədər ölkə varsa, bir o qədər də problemin həlli üsulları mövcuddur. Buna görə də, hesab edirəm ki, hər bir ölkə özü üçün vəziyyətdən daha uyğun çıxış yolu işləyib hazırlamalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2196

Oxşar yazılar