"Hazırda kafelərdə yeyib-içmək nə dərəcədə düzgündür?" - ŞƏRH
19 may 2020 13:22 (UTC +04:00)

"Hazırda kafelərdə yeyib-içmək nə dərəcədə düzgündür?" - ŞƏRH

Karantin dövründə iaşə obyektlərinin əksəriyyətinin və bəzi xidmət sahələrinin fəaliyyəti məhdudlaşdırılmışdı. Bu səbəbdən əhali daim üz tutduğu həmin obyektlərə gedə bilmədi. İnsanların kafe və restoranlara, geyim mağazalarına üz tutmaması bütün bunların əlavə xərclər olduğunu bir daha sübut etdi. Bir sözlə, karantin dövrü insanların hansı gündəlik tələbatlarla yaşayacağını da nümayiş etdirdi.

İqtisadçı ekspert Pərviz Heydərov Lent.az-a karantindən əvvəl insanların əlavə xərclər etməsindən söz açıb. O, karantin dövründə insanların kütləvi şəkildə marketlərə axın etmədiyini də vurğulayıb:

“Karantin dövründə əhalidə ərzaq ehtiyatı tədarük etmək istəyi qeydə alındı, bu da əlavə xərclərin həyata keçirilməsi ilə müşahidə olundu. Karantin tətbiqindən öncə insanlarda təşviş yaranmışdı, insanların çoxu marketlərə axın etdi. Sanki ərzaq qıtlığı olacağı xofu ilə gündəlik tələbatlarına uyğun olmayan ərzaq almağa başladılar. Nəticədə lazımsız ajiotaj müşahidə edildi. Lakin sonradan yaşananlar və hökumətin ərzaq qıtlığı olmayacağı barədə məlumatları əhalidə arxayınlıq yaratdı. Bundan sonra əhalinin marketlərə kütləvi axınına şahid olmadıq. Bu təkcə Azərbaycana xas olan xüsusiyyət deyildi. Avropanın da bir çox ölkələrində bu proseslər müşahidə olunmuşdu. Hətta bəzi Avropa ölkələrində bu vəziyyət daha kəskin özünü göstərmişdi. Həmin ölkələrdə marketlərin boş qalması halları da qeydə alınmışdı.

Azərbaycanda bunlar baş verməsə də, əhalidəki xof əlavə xərclərin yaranmasına səbəb oldu. Qalan günlərdə oxşar hadisələri görmədik. Yalnız tibbi ləvazimatların təminatında müəyyən çətinliklər oldu, dövlət bunun da qarşısını aldı. Ümumilikdə karantin dövründə əhali tərəfindən israfçılıq, əlavə xərclərin yaranması kimi ciddi fövqəladə hadisələr olmadı. Əksinə hökumət əhalinin sosial rifahının qayğısına qaldı. Özəl sektorda çalışan 600 mindən çox insanın maaşlarının ödənilməsinə dövlət yardım etdi. 600 min nəfərə 190 manat birdəfəlik ödəmə verildi. Kommunal xərclərlə bağlı güzəştlər də edildi. Bir sözlə, karantin dövründə dövlət əlavə xərclərə getdi, vətəndaşların əlavə xərcləri qeydə alınmadı”.

Sosioloq Zəminə Səfərova isə insanlara lazımsız xərclərdən uzaq durmağı, vacib olmayan səfərlərə çıxmamağı tövsiyə edib:

“Karantin dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan bəzi sahələrdə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edildi. Buna əhali çox sevindi. Ancaq bu o demək deyil ki, lazım oldu-olmadı, hamı həmin obyektlərə getsin. Oralar gəzmək və ya vaxt keçirmək yeri deyil. İnsanlar lazımsız gəzintiləri təxirə salmalıdır. Məsuliyyəti, mədəniyyəti olan və özünə hörmət edən insanlar bu qaydalara əməl edirlər və yenə də edəcəklər. Özünə dəyər verən insan, vaxtına da dəyər verməyi bacarmalıdır. Vaxtınızı lazımsız gəzintilərə sərf etmək, əlavə xərclər çəkmək sizə həm də maddi ziyan vurur. Bu həm də sağlamlığınızı təhlükə altına alır. Odur ki, işdən sonra evinizə, ailənizin yanına tələsin. Lazımsız səfərləri təxirə salın. Restoran, kafe və çay evlərində vaxtınızı keçirmək, israfçılıq etmək əvəzinə ailə ilə, doğmalarınızla bir süfrə ətrafında oturun. Bu sizin ailə büdcəsinə də xeyirlidir”.

Zəminə Səfərova karantin dövründə aparılan yardım kampaniyalarının əhəmiyyətindən də danışı:b 

“Əhalinin əksər hissəsinin maddi cəhətdən çox əziyyət çəkdiyinin də şahidi olduq. Ailələrin bəzilərinin çörək almağa belə imkanı olmadı. Xeyirxah insanlar və dövlətin dəstəyi ilə nə qədər ərzaq, maddi yardımlar göstərildi. Bütün bunların şahidi olduğunuz halda, sizin restoran, kafelərdə oturub yeyib- içməyiniz nə dərəcədə düzgün olar?! Yaxşı olar ki, həmin xərcin yarı faizi ilə imkansız ailələrə yardım etməyi düşünəsiniz. Qoyulan qaydalara əməl etmək isə yüksək mədəniyyət göstərməkdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4978
avatar

Mehman Nəbiyev

Oxşar yazılar