Böyük Atatürkün gözəl kəlamı var: “Tarixi yazmaq, onu yaratmaq qədər mühümdür. Yazan yaradana sadiq qalmazsa, dəyişməyən həqiqət, insanlığı çaşdıracaq mahiyyət alar”.
Həqiqi tarixçinin vəzifəsi kimisə mədh edib kimisə ləkələmək deyil, hadisələri zamanın şərtləri əsasında obyektiv qiymətləndirməkdir. Hər faydalı peşənin bir şərəfi var. Tarixçi vəzifəsinin də şərəfi budur.
Azərbaycan tarixinin ən şərəfli səhifələrindən olan Azərbaycan Cümhuriyyətinə və onun yaradıcılarına atılan iftiralar məni bu yazını yazmağa vadar etdi. Bu, mənim vicdanımın səsidir. Bəlkə də susmaq, görməzdən gəlmək mənim üçün, gələcək karyeram üçün daha “uyğun” olardı, amma vicdanım susmadı! Həzrət Əlinin dəyərli kəlamlarından birində deyildiyi kimi: “Haqsızlıq qarşısında susan dilsiz-ağızsız şeytandır!”
Mən opponentlərimə qarşı və özünə hörmət edən hər kəsə hər zaman hörmətlə yanaşıram. Vasif Qafarovun, əvvəl yazdıqlarının əksinə, indi tarixi prosesləri tam fərqli izah etməsi, dünən yazdıqlarının 180 dərəcə əksini iddia etməsi məni çox məyus etdi.
Vasif müəllim! Cümhuriyyətin görkəmli qurucuları ilə bağlı son günlər nümayiş etdirdiyin şoumenlik həqiqətən acı təəssüf doğurur. İddialarının əsassız olduğunu sübut etmək elə də çətin deyil. Çünki elə özünün bir neçə il əvvəl yazdığın məqalələr bugünkü iddialarının nə qədər çürük olduğunu sübut edir. Dünən yazdıqların, bu gün dediklərinlə ziddiyyət təşkil edir. Sual yaranır: Kim doğru yazır? Dünənki Vasif, yoxsa bugünkü Vasif?
Məqalələrində qürrələnərək iddia etdiyin məsələ ilə bağlı “ilk dəfə elmi dövriyyəyə daxil edilən Osmanlı arxiv sənədləri”nin çoxu türk tarixçiləri - Akdes Nimet Kurat (Türkiye ve Rusya. Ankara: Kültür Bakanlığı Yayınları, 1990.) və Enis Şahinin (“Türkiye’nin Kafkasya Politikalarında Ermeni Faktörü (1914-1918).” Sekizinci Askerî Tarih Bildirileri Semineri I, XIX. ve XX. Yüzyıllarda Türkiye ve Kafkaslar. Ankara: Genelkurmay Basım Evi, 2003. Şahin, Enis. Türkiye ve Maverâ-yı Kafkasya İlişkileri İçerisinde Trabzon ve Batum Konferansları ve Antlaşmaları (1917-1918). Ankara: Atatürk Kuültür, Dil, ve Tarih Yüksek Kurumu, 2002.) əsərlərində səndən daha əvvəl elmi dövriyyəyə gətirilib. Onların daha əvvəl yazılan əsərlərindəki məlumatlarla sənin məqalələrində verilən fikirlərin oxşarlığı da düşündürücüdür.
İndi isə Azərbaycan Cümhuriyyətinin görkəmli xadimlərinə atdığın iftiraların əsassız olduğunu özünün bir neçə il əvvəl yazdığın məqalələrə istinadla nəzərinə çatdırıram. İddialarından biri bu idi ki, “əvvəllər Prezident Aparatına müraciət etsəm də buna diqqət etmədilər.” Halbuki, 14 iyul 2016-cı ildə Prezidentin İşlər idarəsinin təsisçi olduğu “Respublika” qəzetində məsələ ilə bağlı böyük məqalən verilib. Bu məqalədə yer alan fikirlər indi dediklərinlə ziddiyyət təşkil edir. Bəlkə əvvəl yazdıqlarını unutmusan? Amma tarix heç nəyi unutmur axı. Bir zamanlar sovet işğalının Cümhuriyyəti və onun yaradıcılarını unutmadığı kimi. Yazdıqlarını yenidən oxu və cavab ver: Kim haqlıdır - dünənki Vasif, yoxsa bugünkü? Qeyd edilən məqalədən hissələri hər kəsin təqdirinə təqdim edirəm:
“1918-ci ilin Mart qırğınını törətməklə Bakıda hakimiyyəti ələ keçirən bolşevik-daşnak alyansı Azərbaycanın digər qəzalarında da türk-müsəlman əhalisinə qarşı bu qırğın əməllərini davam etdirməkdə idilər. Bununla paralel olaraq, Azərbaycanın Qarabağ, Naxçıvan və Zəngəzur bölgələrində də erməni quldur dəstələrinin müsəlmanlara qarşı törətdikləri qırğınlar, vəhşiliklər davam etməkdə idi. Çıxılmaz vəziyyətdə qalan müsəlman əhalisi erməni-bolşevik birləşmələrinin törətdikləri vəhşiliklərin qarşısını almaqda nicat yolunu Osmanlı dövlətinə kömək üçün müraciət etməkdə görürdü. Mövcud şərtlər daxilində Osmanlı dövlətindən başqa hər hansı bir dövlətin Azərbaycana yardım göstərməsi real deyildi. Osmanlı yardımı olmadan Azərbaycandakı anarxiyanın qarşısını almaq, xüsusilə də Bakını Sovet Rusiyasının qoruduğu Şaumyan rejimindən xilas etmək qeyri-mümkün idi. Bu səbəbdən Azərbaycan bütün ümidini Osmanlı yardımına bağlamışdı və Batumdakı Azərbaycan nümayəndələri də Türkiyənin ərazi və digər tələblərini qəbul etməyə bir növ məhkum idilər.
… Aleksandropol türklər tərəfindən tutulduqdan sonra ermənilərə siyasi mərkəz olaraq İrəvanın verilməsi məsələsi gündəmə gəlmişdi. Osmanlı siyasi dairələri İrəvanı güzəştə getmək istəməsələr də, ermənilər bu məsələ üzərində israrla dayanmışdılar. İndi türklər yeni yaradılmaqda olan erməni dövləti üçün siyasi mərkəz olaraq ya Aleksandropolu ermənilərə verməli və bu şəhərlə bağlı irəli sürdüyü tələbindən geri çəkilməli, ya da İrəvanı müsəlmanlardan alıb, onlara verməli idilər. Bu iki seçim qarşısında Aleksandropoldan imtina etmək fikrini belə qəbul etməyən türklər ikinci varianta üstünlük verdilər.
Osmanlı dövləti Batum konfransında irəli sürdüyü ərazi tələbləri üzərində israrla durmuşdu və heç bir güzəştə getmək fikrində deyildi. Belə olan təqdirdə, Xəlil bəy üçüncü bir yol seçdi ki, bu da Türkiyənin ermənilərdən aldığı torpaqların əvəzində azərbaycanlılara məxsus ərazilərin bir qismini onlardan alıb ermənilərə verməkdən ibarət idi.
…Xəlil bəy bu məsələ ilə əlaqədar M.Ə.Rəsulzadə və M.H.Hacınski ilə bir sıra danışıqlar apardı və nəticədə Osmanlı yardımına böyük ehtiyac duyan Azərbaycan nümayəndələrinin razılığını ala bildi. Xəlil bəy dərhal bu barədə İstanbula məlumat verdi, amma adı keçən təklifin guya Azərbaycan nümayəndələrindən ona gəldiyini önə çəkdi və bunu xüsusi vurğuladı.
…İrəvanı siyasi mərkəz kimi Ermənistana güzəştə getmək məcburiyyətində olan Azərbaycan nümayəndələri şəhəri bu şərtlə güzəştə getməyə razı oldular ki, ermənilər Yelizavetpol quberniyasının bir hissəsinə, yəni Qarabağın dağlıq hissəsinə olan iddialarından imtina etsinlər. Bundan başqa, ermənilərin türk-müsəlmanlara qarşı törətməkdə olduqları soyqırım aktlarının dayandırılması və yeni yaradılan erməni dövlətinin nəzarətində olacaq ərazilərdə yaşayan türk-müsəlmanların taleyi ilə bağlı Azərbaycan tərəfinin ortaya qoyduğu mövqe Osmanlı nümayəndəliyi tərəfindən dəstəkləndi.
…Xəlil bəyin rəhbərlik etdiyi Batumdakı türk heyəti Azərbaycan torpaqları hesabına ermənilərin lehinə bir sıra ərazi güzəştlərinə gedərək, İrəvan şəhərinin də daxil olduğu Yeni Bəyazid və Eçmiədzin bölgələrindən ibarət bir Ermənistan dövlətinin qurulmasını təsdiqlədi. (Amma şouda Xəlil bəyin günahsız olduğunu iddia edirsən - H.C.)
...Batumdan göndərilən direktiv əsasında Azərbaycan Milli Şurasının 1918-ci il mayın 29-da Həsən bəy Ağayevin sədrliyi ilə keçirilən iclasında İrəvanın Ermənistana güzəştə gedilməsi məsələsi müzakirə olundu. Baş nazir F.X.Xoyski Ermənistanla Azərbaycan arasında sərhəd məsələləri barədə Şuranın üzvləri ilə Ermənistan Milli Şurasının üzvləri arasında aparılmış danışıqlar haqqında məlumat verdi. Fətəli Xan öz məruzəsində ermənilərin özlərinin siyasi mərkəzlərini yaratmaq üçün Aleksandropol türklər tərəfindən tutulduqdan sonra İrəvanın Ermənistana güzəştə gedilməsinin qaçılmaz olduğunu bəyan etdi. Nəticədə 28 nəfər Şura üzvündən 16 nəfəri bu təklifin lehinə səs verdi. (Amma şouda Milli Şurada 20 nəfərin iştirak etdiyini və Şura rəhbərlərinin sənədi qəsdən saxtalaşdıraraq kvorum üçün 28 yazıldığı qənaətində olduğunu ifadə etdin. Halbuki Ermənistanın təşəkkülü və Irəvanın ermənilərə verilməsi məsələsi adlı məqaləndə məsələni belə izah etmisən: “səsvermədə iştirak edənlərin ümumi sayının 20 nəfər olduğu məlum olur. Çox güman ki, “28” rəqəmi protokola səhvən düşmüşdür, bu rəqəm “20” olmalıdır.” Qənaətini nə dəyişdirdi?! - H.C.)
...Qeyd etdiyimiz kimi, Bakının sovet Rusiyasının qoruduğu Şaumyan rejiminin əlində olması, bolşevik-daşnak alyansı tərəfindən Azərbaycanın bir çox qəzalarında müsəlman əhaliyə qarşı törədilən qırğın və talanlar və bununla bağlı ölkədə tüğyan edən anarxiya qarşısında Osmanlı dövlətinin hərbi yardımına böyük ehtiyac duyan Azərbaycan nümayəndələri bu yardımı təmin etmək üçün türklərin bütün tələblərini qəbul etməyə məcbur oldular. (Bu gün tam əksini - sanki Azərbaycanın könüllü olaraq verdiyini iddia edirsiniz - H.C.)
…Beləliklə, Batum konfransındakı türk heyəti kiçik bir ərazidə öz nəzarəti altında olacaq bir erməni dövləti yaratdı və Osmanlı dövləti onu de-fakto tanıyan ilk dövlət oldu. Bununla da Osmanlı dövləti bir tərəfdən “erməni məsələsi” ilə bağlı beynəlxalq aləmdə ona qarşı olan “qınağ”ı aradan qaldırmış olur, digər tərəfdən də İngiltərə, Fransa və Rusiya kimi dövlətlərin Şərqi Anadoluda yaratmaq istədikləri erməni dövlətini Cənubi Qafqazda yaratmaqla problemi bir növ özündən uzaqlaşdırmış olurdu”. (Vasif Qafarov, Respublika qəzeti, 14 iyul, 2014)
Məsələ ilə bağlı “Ermənistanın təşəkkülü və irəvanın ermənilərə verilməsi məsələsi” adlı məqaləndə də verdiyin məlumatlar bugünkü şoumenlik missiyandakı mövqe ilə ziddiyyət təşkil edir:
“Faktlarla sübut olunur ki, Osmanlı imperiyası Cənubi Qafqazda 9 min km2-lik bir ərazidə özünün nəzarətində olacaq bir erməni dövlətini yaratdı və Türkiyə (burada da səhv edirsiniz, əslində Osmanlı yazmalı idiniz - H.C.) onu de-fakto tanıyan ilk dövlət oldu. (Bəs sonralar işğalçı Ermənistanın ərazisi 28 min kv.km-ə çıxmasında kimdir günahkar? Cəsarətin çatırsa, onu da izah elə - H.C.)
... Qarabağa olan iddialardan imtina etmək müqabilində Azərbaycan tərəfi İrəvan şəhərini ermənilərə güzəştə getməyə deyil, “Aleksandropol quberniyası” hüdudlarında xüsusi erməni kantonunun təşkilinə razılıq vermişdi. Tələt paşa mayın 23-də Xəlil bəyə göndərdiyi teleqramında bu məsələ ilə bağlı aşağıdakı təlimatı verdi: “Ermənilərə gəlincə, onlar da İrəvanın kanton qismində təşəkkül edə bilərlər”. (Şouda iddia edirsən ki, Tələt paşa ermənilərə dövlət yaradılmasının əleyhinə idi. Cümhuriyyət rəhbərləri Tələt paşanın tövsiyəsinə əməl etmədi. Şoudakı fikrinlə yazdığın ziddiyyət təşkil edir - H.C.)
...Təsadüfi deyildi ki, Batum konfransındakı erməni nümayəndə heyətinin rəhbəri A.Xatisov Qafqazda erməni dövlətinin məhz Türkiyənin (burada da səhv edirsiniz, əslində Osmanlı yazmalı idiniz - H.C.) yardımı ilə yaradıldığını etiraf edərək qeyd edirdi ki, “Türkiyə, Ermənistanın dünyaya gəlməsində əbəlik (mamaçalıq – V.Q.) vəzifəsini ifa etdi”.
Gördüyün kimi, bugünkü şoumen Vasiflə dünənki gənc araşdırmaçı Vasifin mənbələr əsasında yazdığı məqalələr ziddiyyət təşkil edir. Kimin doğru, kimin yanlış olduğuna isə tarix qiymət verəcək. Dünən işğalçı Sovet rejiminin, onun nökərlərinin, bu gün işğalçı-terrorçu erməni dövlətinin baş naziri Paşinyanın və sənin iftiralarına məruz qalan Məhəmməd Əmin Rəsulzadə demişkən: “Şübhəsiz ki, bir gün həqiqət günəşi parlayacaqdır!”
Hafiz Cabbarov
Tarixçi