Sentyabrın 1-də və 15-də “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətin istismarında olan iki sərnişin avtobusunda baş verən yanğın ilə bağlı araşdırma aparılıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin mtəbuat katibi Mais Ağayev Lent.az-a danışarkən bildirib ki, mütəxəssislərin ilkin rəyinə əsasən, yanğının yüksək təzyiqli yağ borusunun pərçimdən qopması nəticəsində baş verdiyi ehtimal olunur.
O bildirib ki, hadisənin istehsal xətasından qaynaqlandığı ehtimal edildiyindən artıq Fransanın IVECO şirkəti ilə danışıqlar aparılır. Şirkətin ixtisaslı mütəxəssisləri Bakıya dəvət edilib.
“Məlumat üçün bildiririk ki, 2015-ci ilin sentyabrından müntəzəm sərnişindaşımalarına cəlb edilən “BakuBus” avtobuslara gündəlik və dövrü texniki qulluq, təmir və dezinfeksiya işləri aparılır. Bu işləri istehsalçı şirkətin təlim keçdiyi və sertifikatlaşdırılmış texniki personal yerinə yetirir.
Qeyd edək ki, eyni markalı avtobuslarda buna bənzər hadisələr 2018-ci ildə Fransada, 2019-cu ildə isə İtaliyada baş verib”, - o əlavə edib.