“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin smart kart sayğacı olan abunəçiləri evdən çıxmadan kart balansını artıra biləcək.
Qurumdan Lent.az-a verilən məlumata görə, bu istiqamətdə işlər yekunlaşıb, bütün texniki məslələr həll edilib. Qeyd olunub ki, ölkənin kommunal sektorunda ilk dəfə “Azərişıq” belə bir innovativ və günün tələblərinə uyğun yeniliyə imza atıb.
"Azərişıq" mobil əlavəsi istifadəçiləri smart kart balanslarını evdən çıxmadan smartfonları vasitəsiylə artıra biləcəklər. Mobil uyğulamanı Play marketlərdən rahatlıqla əldə etmək olar.
Vurğulanıb ki, COVİD-19 virusunun yayılmasının qarşısının alınması tədbirləri həyata keçirildiyi bir dövrdə abonentlərin evdən çıxmadan bir sıra əməliyyatları “Azərişıq”ın rəsmi saytı və ya xüsusi mobil əlavələr vasitəsilə həyata keçirməsi təmin edilib.
Bu tipli layihələr texnoloji imkanlardan daha çox sosial xarakter daşıdığından hazırki karantin dövründə əhalinin ümumi təyinatlı terminallar, nağd ödəniş vasitələri və s. daha az təmasda olması vacib şərtlərdəndir.
Layihənin prioritet şərtlərindən biri də cihazın və mobil tətbiqin abonentlər tərəfindən istifadə sadəliyi və asanlığı idi ki, buna da nail olunub.
İlkin mərhələdə istifadəçi smartfona qoşulan kart oxuyucunu əldə etməlidir ki, smart kartının balansını evdən çıxmadan artıra bilsin. İstifadəsi cox rahat olmaqla yanaşı, heç bir əlavə proqram açmadan kart oxuyucu smartfona qoşulur, Azərişıq mobil tətbiqi açılır və smart kart oxuyucuya daxil edilərək menyudaki “OXU” düyməsi sıxılaraq kart məlumatları oxunur daha sonra altdakı səkmədən məbləğ daxil edilir və “ÖDƏ” düyməsi sıxılır açılan pəncərədə ödəniş kartı məlumatları daxil edilir və “OK” düyməsi sıxılır.
Bir neçə saniyə ərzində ödənilən məbləğ smart karta yazılır. Smart kartı sayğaça daxil edilməklə balans artırılır.