Zəfərin formulu:   Qətiyyətli lider, güclü ordu
24 iyun 2021 17:47 (UTC +04:00)

Zəfərin formulu: Qətiyyətli lider, güclü ordu

Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olub. Müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası, müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ali Baş Komandan, Prezident İlham Əliyev də çıxışlarının birində demişdi ki, müasir mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olub. 

Hadisələrin sonrakı inkişafının sübut etdi ki, 1993-cü ilin 15 iyununda Ulu öndər Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra ölkəmizdə bütün sahələr kimi ordu quruculuğu prosesi də sürətlə inkişaf etməyə başladı. Məhz Heydər Əliyevin rəhbərliyi ilə peşəkar ordunun formalaşdırılması, silahlı birləşmələrin vahid komandanlıq altında səfərbər olunması, Füzuli-Horadiz istiqamətində uğurlu döyüş əməliyyatlarının aparılması düşməni atəşkəs sazişini imzalamağa məcbur etdi. 

Atəşkəs dövründə peşəkar ordu quruculuğu, eyni zamanda, diplomatik cəbhədə qazanılmış uğurlar və ölkəmizin iqtisadi cəhətdən inkişafı Azərbaycanın mövqelərini günbəgün möhkəmləndirdi. Bunu da xüsusi vurğulamağa ehtiyac yoxdur ki, son 18 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti nəticəsində ordumuzun inkişafında əsaslı dəyişikliklər oldu. Müasir ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Təsadüfi deyil ki, Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasına daxil edilib. Cənab İlham Əliyevin komandanlığı altında Azərbaycan ordusu 44 günə BMT-nin 4 qətnaməsini  başına həyata keçirdi. Azərbaycan ordusu canı və qanı bahasına tarixi torpaqlarımızı azad etdi. 2020-ci il sentyabrın 27-dən davam edən hərbi əməliyyatlar dövründə Azərbaycan Ordusu təqribən 300 yaşayış məntəqəsini, o cümlədən 5 şəhəri və 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri azad etdi. Noyabrın 8-də 28 illik həsrətdən sonra Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Azərbaycanın mədəniyyət incisi – Şuşa şəhəri azad ediləndən cəmi bir neçə saat sonra döyüşçülərimiz 72 yaşayış məntəqəsini və 9 strateji yüksəkliyi öz nəzarəti altına almağa nail oldu. Bu, şübhəsiz, Ermənistanın rəhbərliyini çıxılmaz vəziyyətə saldı. Azərbaycan Ordusu şəhidlərimizin axıdılmış qanına görə qisas aldı. Azərbaycan xalqı 30 ildir işğal altındakı torpaqlarını xilas etmək arzusunda idi. Xalq-Ali Baş Komandan, xalq-ordu birliyi üzərində qurulan zəfər yürüşü ilə Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasının bir qismini də uğurla icra etdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. 

Ali Baş Komandan İlham Əliyev tərəfindən ordu quruculuğu sahəsində həyata keçirilən siyasət, ordunun döyüş ruhunun artırılması və texniki təminat baxımından gücləndirilməsi sahəsində atılan addımlar, xalqın dövlətə, ölkə başçısına olan inamı əks-hücum əməliyyat ilə başlayan Vətən müharibəsinin qələbə ilə bitməsinə gətirdi . Azərbaycan ordusu bizi qələbəyə çatdırdı. 

Bu arada bir məqama da diqqət yetirək; 2003-cü ildə Azərbaycanın hərbi  xərcləri cəmi 160  milyon ABŞ dolları təşkil edirdi. 2006-cı ildə Azərbaycan hərbi xərclərdə daha böyük artım etdi, bu məqsədlə dövlət büdcəsindən 750 milyon ABŞ dolları ayrıldı. 2007-ci ildə isə hərbi xərclər 1 milyard dollara yaxınlaşdı. Nəhayət, 2010-cu ildə bu xərclər 2  milyard 150 milyon dollara çataraq Ermənistanın ümumi dövlət büdcəsinin xərclərini ötdü. Bu, Ermənistan üçün psixoloji baryerin keçilməsi idi və Azərbaycan ərazilərini işğal altında saxlayan tərəf onunla hərbi potensial baxımından rəqabətə girməyin qeyri-mümkünlüyünü anladı. Azərbaycan hərbi xərclərinin artımını bununla dayandırmadı.

Azərbaycanda 2020-ci ilin dövlət büdcəsi xərclərinin 3 milyard 853,6 milyon manatı müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə yönəltdi. Bu da o deməkdir ki, 2020-ci ildə orduya ayrılan xərclər 2019-cu ilə nisbətən 666 milyon manat və ya 20,9 faiz çox oldu. Başqa bir məqam; hazırda Azərbaycanın müdafiə sənayesi Müdafiə Nazirliyinin bir neçə növdə silah-sursata tələbatını tam ödəmək gücündədir. Bu da Silahlı Qüvvələrin təchizatında xarici mənbələrdən asılılığı aradan qaldırmağa imkan verir. Prezidentin sərəncamı ilə 16 il bundan əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə indi 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur.
Bütün bunlar Azərbaycan Prezident İlham Əliyevin güclü ordu quruculuğu siyasətinin nəticəsidir.

# 2091
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar