Ziyafət Əsgərov: “Qanun layihəsini küçələri süpürmək səviyyəsinə salmaq olmaz”
13 iyun 2013 14:31 (UTC +04:00)

Ziyafət Əsgərov: “Qanun layihəsini küçələri süpürmək səviyyəsinə salmaq olmaz”

"İctimai iştirakçılıq haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul olunub


Bu gün Milli Məlisdə "İctimai iştirakçılıq haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Lent.az-ın verdiyi məlumata görə, qanun layihəsi barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev məlumat verib.

Millət vəkili Qüdrət Həsənquliyev deyib ki, qanun layihəsinin məqsədinin dövlətin idarə olunmasında ictimai iştirakçılıq üçün əsaslar yaratmaq olduğu yazılıb: “Məqsəd qanunların icra olunmasına ictimai nəzarəti təmin etməkdir. Yazılır ki, məqsədlərdən biri dövlət siyasətini müəyyənləşdirməkdir. İctimai iştirakçılıq dövlət siyasətini müəyyənləşdirə bilməz”.

Qüdrət Həsənquliyev bələdiyyələr yanında ictimai şuraların yaradılmasının düzgün olmadığını bildirib. Onun sözlərinə görə, bələdiyyələr özləri ictimai qurumlardır. Qüdrət Həsənquliyev ictimai şuraların nazirliklərdə, yerli icra orqanları yanında yaradılmalı olduğunu qanunda açıq əksini tapmalı olduğunu vurğulayıb: “İctimai Şura ekspert qrupu yaradacaq, nə edəcək… Sanki yeni bürokratik qurum yaradılır. Bu, sadəcə, nazirliklərin fəaliyyətinə mane olacaq. Nazirlər də məcbur olacaqlar ki, İctimai Şura üzvləri ilə dil tapsınlar. Məsələ ictimai nəzarət olmayacaq, fərqli məcraya yönələcək”.

Millət vəkili İlyas İsmayılov ötən çıxışından sonra “ictimai şuraların hüquqları” ifadəsinin “ictimai şuranın səlahiyyətləri” ilə əvəzləndiyini bildirib: “Ancaq da bu düzgün çıxış yolu deyil. Səlahiyyət hüquq sözünün sinonimidir”.


Millət vəkili Muxtar Babayev qərarların qəbulu üçün İctimai Şura üzvlərinin sayının tək sayda olmasını zəruri sayıb.

Millət vəkili Fazil Mustafa da qanun layihəsini dəstəkləyib. Onun sözlərinə görə, qanun layihəsi müzakirəyə çıxarılmazdan əvvəl QHT-lərin, millət vəkillərinin iştirakı ilə müzakirə olunub və bu, çox yaxşı haldır: İctimai dinləmələrdə və komitədə müzakirələr zamanı xeyli təkliflər vermişik. Ancaq bu, işləyən qanunlar sırasına daxil olmayacaq. Məsələn, qanun layihəsində ictimai ekspertizadan söhbət gedir. Yəni mərkəzi və yerli icra orqanlarının qərarlarının ictimai ekspertlər tərəfindən ekspertizasından. Bu, nə dərəcədə mümkün olacaq? İctimai Şuraya bu qədər səlahiyyət verərək, onu bu qədər aciz vəziyyətə salmaq olmaz. Heç biz millət vəkilləri qanunların qəbuluna təsir edə bilmirik, ictimai şuralar nə edəcək?! İctimai Şuraya verilən vəzifələr bir az yüngülləşdirilməlidir. İctimai şuralar icra qurumlarının pulları hara xərcləməsinə nəzarət edə bilməyəcəklər, bu, çıxarılmalıdır. Küçələrin təmizlənməsi, yaşıllıqların salınması, yəni gücü çatan işlərə ictimai nəzarətlə məşğul olsunlar”.

Vitse-spiker Ziyafət Əsgərov isə deyib ki, qanun layihəsini küçələri süpürmək səviyyəsinə salmaq olmaz: “Biz ciddi adamlarıq, xahiş edirəm ki, ciddi məsələlər barədə danışaq”.

Millət vəkili Rəfael Cəbrayılov qanun layihəsinin işləklik əmsalı yüksək olmayacağını söyləyib: “İctimai Şura hər 40 min nəfərin irəli sürəcəyi qanun layihəsinin müzakirəsində iştirak etmirsə, onun işləklik əmsalı da yüksək olmayacaq. Bu qanunu qəbul etmək qanunvericilik sistemimizdə demokratik baxımdan keyfiyyətcə yeni addım olacaq”.

Millət vəkili Məlahət İbrahimqızı qanun layihəsinin yetərincə müzakirə olunduğunu dilə gətirib: “İctimai Şuranın seçilməsi və səlahiyyəti ilə bağlı maddədə gender bərabərliyi əksini tapmalıdır”.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı qeyd edib ki, cəmiyyətin demokratikləşməsi baxımından bu qanunun böyük əhəmiyyəti var.
 

Təklif və iradlara münasibət bildirən Azay Quliyev irad bildirən millət vəkilləri ilə məsələni az qala 10 dəfə müzakirə etdiklərini bildirib: “Məsələn, söhbət dövlət siyasətinin formalaşdırılmasında vətəndaşların rəy və təkliflərinin nəzərə alınmasından gedir, dövlət siyasətinin formalaşdırılmasından yox. Ədliyyə Nazirliyində İctimai Şura var, İqtisadi İnkişaf Nazirliyində də belə Şura yaradılacaq. Bizdə çox uğurlu təcrübə var və bu təcrübə qanunvericilikdə əksini tapmalıdır. İctimai dinləmələrlə ictimai iştirakçılıq arasında incə fərq var. Zahirən bir-birinə oxşasalar da, mahiyyətcə fərqlidirlər”.

Azay Quliyev qanun qəbul olunmamış işləməyəcəyini söylənilməsini düzgün saymayıb.

Ziyafət Əsgərov bəzi millət vəkillərində bu qanunun vətəndaşların dövləti idarə etməsi təəssüratı yaratdığını qeyd edib: “Bu, təəssürat səhvdir. Sadəcə, vətəndaşlar bu və ya digər qanun layihələrinin müzakirəsində iştirak edirlər, icra orqanlarının qərarları ilə bağlı rəy verirlər. Söhbət burada dövlətin idarə edilməsindən yox, iştirakçılıqdan gedir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 659
avatar

Oxşar yazılar