Yeni əsrin inqilabları: pozitivlər və neqativlər - TƏHLİL
04 iyul 2013 15:25 (UTC +04:00)

Yeni əsrin inqilabları: pozitivlər və neqativlər - TƏHLİL

0

İnqilabçılar gələcəyə pərəstiş edir, lakin keçmişlə yaşayırlar.

Nikolay Berdyayev

 

Bəşər tarixinə nəzər saldıqda, insan psixologiyasının mü­hüm özünüifadə meyllərindən birini təşkil edən siyasi üstünlük və hakimiyyət ehtirasının mahiyyətinin dəyişmə­di­yi­nin şahidi oluruq. Dəyişən bu ehtirasın realizə formaları, metod və vasitələridir. Bu gün beynəlxalq münasibətlərin əsas subyektləri olan milli dövlətlər də məhz insanların siyasi üstün­lük, hakimiyyət və özünümüdafiə instinktinin nəticəsi kimi meydana gəlmişdir. İnsanlar siyasi üstünlük və hakimiyyət məqsədlərinə fərdi şəkildə çata bilmədikdə, kollektiv güc aləti kimi gördükləri dövlət mexanizmlərinə müraciət edirlər. Dövlətlər hesabına nail ola bilmədikdə isə öz hədəflərinə yaratdıqları beynəlxalq alyanslar və təşkilatlar sayəsində yetişməyə can atırlar.

Müasir dünyamızda mübarizə üsulları və hədəflərə nail olma vasitələri dəyişib. «Qloballaşma epoxasının imperia­liz­mi» mahiyyəti üzrə klassik imperializm anlayışından çox da fərqlənmir – «imperializm iddiasında olan dövlət hər iki halda hədəf digər dövlətlər, xalqlar və resurslar hesabına öz təsir dairəsini genişləndirməyə və yeni-yeni imkanlara yiyələnməyə çalışır». Dəyişən bu məqsədə nail olmaq üçün istifadə edilən vasitələr, imperializmin təzahür formalarıdır. Bu gün artıq silahlar deyil, demokratiya, insan hüquqları, plüralizm kimi şüarlar bəzi dövlətlər üçün digərlərinin daxili işlərinə müdaxilə, suverenliyinin təhdid edilməsi alətinə çevrilmişdir. Qlobal media resursları hesabına öz xalqına düşmən olan dövlət başçısı və hakim elita obrazı yarıdılır. Və müxtəlif təzyiq vasitələri, humanitar intervensiya adı altında bu rejimin devrilməsi kampaniyasına başlanılır. Əksər hallarda intervensiya subyektlərinin məqsədi - «rejim deyil, rejimin hakim olduğu coğrafiya» olur.

Demok­ra­ti­ya, insan hüquqları, plüralizm kimi məfhumlar «rəngli inqi­lab­lar»/«ərəb baharı» və ya bizim de­yi­mi­miz­lə - «YENİ ƏSRİN İNQ­İ­LAB­LARI» adı ilə tanınan və son illər uğurla sınaqdan çıxarılmış layihələr çər­çi­və­sin­də tətbiq olunaraq geo­si­yasi məqsədlərə çatma vasitəsi kimi çıxış edir. Bu halda «inqilabın səbəbi» real «inqilab şəraiti»ndən fərqlənərək, heç də bütünlüklə ölkədəki ümumi sosial və siyasi mühitlə şərtlənmir.

«Yeni əsrin inqilabları» - bəşəriyyətin inqilablar tarixində texnoloji yeniliklər, siyasət texnoloqları və media industriyanın imkanlarının inqilab məqsədləri baxımından vahid sintez formasında çıxış etdiyi ən qabaqcıl nümunə hesab oluna bilər. Bu mənada, «Ərəb baharı» dalğası daha xarakterikdir. Qərbin peşəkar siyasi texnoloqlarının cəmiyyətlərin inqilaba həssas məqamları və kütlələrin mənəvi-psixoloji yanaşmasının müəyyənləşdirilməsi məqsədilə uğurla həyata keçirdiyi monitorinq-analiz fəaliyyəti, mobil rabitə, internet, «Twitter» «Facebook» kimi sosial şəbəkələr vasitəsilə etirazçı kütlələrin daim səfərbər saxlanılması, beynəlxalq mətbuatın lokomotivləri vasitəsilə «inqilab mənzərəsi»nin arzuolunan təbliği - «Yeni əsrin inqilabları»nın «Ərəb baharı» dalğasının ilkin uğurunun mühüm səbəb faktorları qismində çıxış etdi. Bir-sıra dövlətlərin «təəssübkeş»liyinin, bu cəmiyyətlərdə sülh, ədalət, insan hüquqları və digər demokratik dəyərlərin təmininə xidmət edən «təmənnasız səyləri»nin təbliğinə tamaşa edirik. Qeyri-iradi olaraq belə bir təəssürat oyanyırdı ki, «Təbliğat sanki real situasi­yanın deyil, arzu olunan mənzərənin ətrafında qurulmuşdur».

 

İnqilab və milli iradə

 

İnqilablar tarixdə birmənalı qalmır. İnqilabın tarixi əhəmiyyətini və hansı «məna» şərhində qalacağını yalnız zamanla qiymətləndirmək olur. İnqilab milli iradənin məhsulu olmalıdır. Söhbət əsl milli iradədən gedir, Sovet dönəminin tarix kitabları, və ya müasir dövrümüzdə «BBC», «CNN» kimi telekanalların xəbərlər bülleteni vasitəsilə təbliğ edilən milli iradədən deyil. Yanlış anlamayın, biz nə tariximizin sovet dövrünün inkarını tələb edərək psevdo-vətənpərlik nümunəsi göstərməyə çalışır, nə anti-qlobalistlər kimi «BBC», «CNN» telekanallarının fəaliyyətinə qarşı çıxır, nə də «Təhrir» meydanında Hüsnü Mübarəkə «əlvida» deyənlərin xalqın iradəsini ifadə etməsinə şübhə ilə yanaşırıq. Məqsədimiz sadəcə oxucuların diqqətini həssas bir məqama yönəltməkdir - nə səbəbdən xalq inqilabla hakimiyyətə gətirdiyi şəxsləri qısa zaman keçməsinə baxmayaraq istefaya çağırır? Bu əslində üzərindən müəyyən zaman keçdikdən sonra «yeni əsrin inqilabı» fenomenini yaşamış əksər cəmiyyətlərin üzləşdiyi həssas bir sualdır (Son Misir hadisələri bunu əyani surətdə göstərdi). Çalışaq, buna cavab tapaq.

 Xalq öz «qəhrəmanı»nı özü seçməli, özü yaratmalı və təmsilçilik hüququ ilə səlahiyyətləndirməlidir. «Qəhrəman» dövriyyəyə süni şəkildə, kənardan, mövcud cəmiyyətə yad olan subyektlər tərəfindən daxil edilməməli, «idarə olunan xaos» stretgiyasının funksioneri olmamalıdır. «Qəhrəman» xalq hərəkatının önündə olmalı, yaşadığı cəmiyyətin bütün ehtiyac və potensial nüanslarına agah olmalıdır. Bu cür «qəhrəmanı» xalq qəbul edər, yeri gələrsə, səhvlərini bağışlayar və ona təmsilçilik hüququnu etibar edər. Bu cür «qəhrəman» zamanı gələndə öz dövrünü başa vurar və ya təmsilçilik hüququnu təhvil verər, lakin onun xalqın gözündəki etimad legitimliyi heç bir zaman tükənməz - Mustafa Kamal Atatürk, Şarl de Qol, Camal Əbdül Nasir, Vatslav Havel kimi.

Əsl milli iradənin məhsulu olan inqilabların gətirdiyi yeniliklər tarixdə hər zaman yaşayır və əbədilik hüququ qazanır. Çünki milli iradənin məhsulu olan inqilab cəmiyyətin obyektiv maraqlarına köklənir, legitim olur. İnqilabın faciəsi onun süniliyində, kənardan diktə edilməsindədir. Kənardan diktə olunan inqilabların belə ilkin mərhələdə kütlələr tərəfindən dəstəklənməsi mümkündür. Adətən lokal xarakter daşıyan, qısa müddətli effektə bu cür dəstək ya daxildə artıq arxaikləşmiş, cəmiyyətdən aralı düşmüş və onun real maraqlarını təmsilçilik iqtidarından məhrum siyasi elitanın hakimiyyətindən təngə gəlmiş xalq kütlələrinin obyektiv xilaskar axtarışı instinktin­dən (Misir, Liviya, Tunis «inqilabları» buna aid edilə bilər), ya da günümüzün reallıqlarında mühüm təsir imkanına malik media industriyanın «xidmətləri» sayəsində müvafiq görüntünün yaranmasından irəli gəlir.

«Ərəb baharı»nın əhatə etdiyi ölkələrin nümunəsində biz bunun bir daha şahidi olduq. Adətən, kütlə şüuru spontan olur. Kütlə şüurunun bu həssaslığından istifadə edən bəzi şəxslər sürətlə «qəhraman» statusuna yiyələnir (və ya yiyələndirilir), inqilabın uğuru təqdirində ha­kimiy­­yət təmsilçiliyi ilə mükafatlandırılırlar. Etiraf etməliyik ki, bu çevik mövqe transformasiyası həm də «qəh­rə­man»ın qabiliyyəti və nailiyyəti kimi qiymətləndirilməlidir. Lakin əsl qabiliyyət və nailiyyət imtahanı bundan sonra başlayır. Kütlələrin inqilabi hissləri yatışdıqdan, qələbə eyforiyası tədricən aradan qalxdıqdan sonra cəmiyyəti normal funksio­nallıq mərhələsinə daxil etmək, ictimai maraqlara xidmət edən dövlət aparatını formalaşdırmaq, sabitlik və səmərəli iqtisadi münasibətlər sistemini təmin etmək - bütün bunlar «qəh­ra­man»ın əsl hakimiyyət sınağını təşkil edir. Kütlələrin inqilabı başa çatır, «qəhrəman»ın intellekt və iradə inqilabının zamanı yetişir. Kütlələrin dəstəyi ilə inqilab dal­ğa­sın­dan uğurla çıxan «qəhrəman», imtahanın bu mərhələsində artıq meydanda tək qalır, kütlələr onun yanında olmur. Çünki bu dəfə imtahanı kütlələrin özü götürür. İmtahanın bu mərhələsini kütləvi nümayişlər, mitinqlər, alovlu çıxışlar və ya insanların inqilabi hisslərinə hesablanmış şüarlarla vermək olmur. «Qəhrəman»ın qəhrəmanlıq ölçüsü gözlə qaş ara­sın­dakı məsafəyə bərabər olur. Çünki onu bir andaca «qəhrəman» edən spontan şüur, həmin çevikliklə milli nifrət obyektinə çevirə bilər. Bunun adı kütlə psixologiyasıdır. İmtahandan uğurla çıxa bilməyən «qəh­rəman»ın yanlış addımları bir-birini əvəzləyər. «Qəh­rə­man» ondan gözləniləni verə bilməsə, sosial təzyiq artır və eti­raz­lar dalğası yenidən baş qaldırmağa başlayır. Nəticə – sonu görünməyən xaos…

Dövlət idarəçiliyi bir sənətdir. Dövlət meydanlarda idarə olun­mur. Dövlət formaca kiçik kabinetlərdə, mahiyyətcə isə iqti­sadi məkanda, maliyyə bazarlarında, beynəlxalq təşkilat­larda, qlobal ikitərəfli və çoxtərəfli münasibətlər siste­min­də, ən nəhayət ictimai şüurda idarə olunur. Dövlət idarə­çi­liyi bəşər övladının yaratdığı bəlkə də ən mürəkkəb bir sənət­dir. Hər kəs ora can atır, hakimiyyət kürsüsü hər kəs də maraq oyadır. Lakin o yer maraqlı deyil ki, sənə maraqlı görünür, o yer maraqlıdır ki, sən orada maraqlı görünürsən...

 

Seçki və ya İnqilab: təkamül, yoxsa xaos

 

Qeyd etdiyimiz kimi, inqilab dövlət hakimiyyətinin, siyasi rejimin və ya siyasi elitanın dəyişdirilməsinin tarixi formalarından biri qismində çıxış edir. Müvafiq dəyişikliklərə digər vasitələrlə də nail olmaq mümkündür. Cəmiyyət-ha­kimiy­yət münasibətlərini tənzimləyən, onlar arasında əlaqələrin fundamental fəlsəfəsini, əsas prinsiplərini ehtiva etdirən ən klassik və mütərəqqi idarəetmə forması kimi demokratiya qəbul olunur. Uinston Çörçilin təbirincə ifadə etsək - «malik olduğumuz ən optimal idarəetmə forması olan demokratiya» hakimiyyət dəyişikliyinin seçki metodikasını əsas olaraq qəbul edir. «Azad, bərabər və mütəmadi seçki» - həm də demokratiyanın anlayışı və fəlsəfəsini izah edən başlıca məfhum qismində çıxış edir.

Fikrimizcə, demokratik seçkinin ən mühüm sosial funksiyası inkişafı stimullaşdırmaq və ictimai münasibətlər sistemini təlatümlü ziqzaqlardan qorumaqdan ibarətdir. Bu mənada, demokratik seçki məhz cəmiyyəti sabitsizlik və xaosa sürükləyə biləcək hakimiyyət dəyişikliyi formalarına qarşı bir növ çarə kimi də nəzərdən keçirilə bilər.

Siyasi münasibətlər müstəvisində fəlsəfənin məşhur «inkarı inkar qanunu»nun cəmiyyətin maraqları baxımından ən ideal ifadə formasını məhz seçki təşkil edir. «Azad, bərabər və mütəmadi seçki» insanın ən təbii fiziki ehtiyacı - özünümüdafiə instinktinin təminatı qismində olan ictimai-siyasi sabitliyin mühüm sığortası qismində də çıxış edir. Əslində, diktatura üsul-idarəsinə malik olan bir-sıra cəmiy­yətlərdə insanların kütləvi siyasi etiraza tərəddüd etməsinin əsasında da əksər hallarda müvafiq rejimin daşıyıcısı olan hakimiyyət elitasının mərkəzdənqaçma meyllərinə və yad fikirliliyə qarşı sərt davranış mexanizmləri ilə ictimai-siyasi sabitliyə nail olması dayanır. Başqa sözlə, insanlar özün­ümü­dafiə instinktinin diktəsi ilə hüquqlarını fiziki təhlükə­siz­liklərinə qurban verirlər.

Hakimiyyət dəyişikliyinin demokratik seçki forması cəmiy­yətin normal inkişaf dinamikasına neqativ müdaxilə xarakteri daşımır. İnkişaf dinamikası normal olmadıqda seçkinin mütəmadiliyi, yəni dövrülüyü cəmiyyətin təmsilçilik hüququ ilə səlahiyyətləndirdiyi şəxsi bu ali məqamdan məhrumetmə mexanizmini təmin edir. Yəni dörd, beş və ya yeddi illik müddətə hakimiyyət məqamına gətirilmiş şəxs bu dövr ərzində cəmiyyətin obyektiv maraqlarını ifadə edə və həyata keçirə bilməzsə, növbəti seçkidə o bu kürsüsünü rəqibinə təhvil vermək məcburiyyətində qalacaq (Fransanın keçmiş prezidenti Nikola Sarkozinin nümunəsində olduğu kimi). Seçkinin dövrülüyü cəmiyyəti təlatümlərdən qoruyan əsas mexanizm kimi insanları siyasi radikalizm, ifrat mərkəzdənqaçma meylləri, çarəsizlikdən irəli gələn kütləvi psixoloji gərginlik kimi məfhumlardan yayındıran mühüm amil rolunu oynayır. Seçki cəmiyyətə alternativlər təqdim edir.

Bir məqamın üzərində xüsusi dayanmağı lazım bilirik. Müasir dünyamızda demokratiyanın seçki və digər atributları ümumi şəkildə «Qərb dəyərləri» adı ilə təbliğ olunur. Bu təbliğat sanki qeyri-qərb cəmiyyətlərinin sosial şüurunda «Qərb həyat tərzi» və «Qərb sivilizasiyası»nın mütləq üstünlüyünə dair «şübhə predmeti» təşkil etməyən təsəvvürlərin formalaşmasına xidmət edir. Məqsəd sanki qeyri-qərb cəmiyyətlərinin timsalında 2-ci, 3-cü və daha aşağı sinif kateqoriyalarına malik toplumlar barədə təsəvvürlərin bərqərar edilməsidir – «hər şeyin ən yaxşısı Qərbdədir». Demokratiyanın bir Qərb institutu olması faktdır. Qərb cəmiyyətlərinə xas həyat tərzinin bir-sıra cəhətlərinin digər toplumlar üçün örnək təşkil edə biləcəyi ilə bağlı fikirlərə də etiraz etmirik. Demək istədiyimiz odur ki, bir sıra hallarda Qərb dövlətlərinin özlərinin demokratiya məfhumu ilə eyniləşən «Qərb dəyərləri»nin layiqli daşıyıcıları olması şübhə doğurur? Bu məqamı xüsusən Qərb dövlətlərinin digər dövlətlərə, cəmiyyətlərə, mədəniyyətlərə və dinlərə münasibətində müşahidə edirik. Əgər söhbət demokratiyadan gedirsə, toleranlıq prioritetlər siyahısında ən üst mövqedə dayanmalıdır. Tolerantlıq dövlətin yalnız təmsil etdiyi cəmiyyətə münasibəti və ya eyni cəmiyyətdə yaşayan insanların bir-birinə münasibətdə davranış və hərəkət kodeksi ilə məhdudlaşmamalıdır. Bu institut özünü həm də «digərləri»nə münasibətdə büruzə verməlidir. İslam dini və bu dinin dəyərlərinə ögey, hətta təhqiryüklü münasibət, digər cəmiyyətlərin nümayəndələrinin, xüsusən də Asiya, Yaxın Şərq və Afrikadan olan miqrantların Avropa cəmiyyətlərində «4-cü kasta» münasibəti ilə üzləşməsi artıq labüd hal almış reallıqdır ki, bütün bunların «demokratiya» və «dəyər» anlayışlarına nə səviyyədə uyğun olmasının (daha doğrusu olmamasının) əlavə şərhə ehtiyacı yoxdur. 

Hakimiyyət dəyişikliyinin digər bir mexanizmini inqilab təşkil edir. İnqilab – hakimiyyət dəyişikliyinin fərqli, özündə cə­miyyətin kütləvi təzyiq, fiziki təsir və təhrik kimi davranış for­malarını ehtiva etdirən növ müxtəlifliyidir. İnqilab cəmiy­yətin mövcud siyasi elita və onun təqdim etdiyi idarəetmə for­masından etiraz növü kimi meydana gəlir və onu yetişdirən şəraitlə izah olunur.

Yazının bu bölməsinin əvvəlində demokratiya məf­hu­mu­na diqqət yönəltməmiz, yalnız hakimiyyət dəyişikliyinin seçki və inqilab formalarının müqayisəsi məqsədini daşımırdı. Çün­ki demokratiya anlayışı əslində «yeni əsr inqilabları»na xas səbəb ssenarilərinin ən mühüm izah elementi qismində çıxış edir. İnsanları inqilaba sürükləyən məhz demokratiya an­la­yı­şı­nın mahiyyətindən irəli gələn hüquq və azadlıqlarının təmininə nail olma istəyi idi. Hər bir halda kütləvi etiraz aksiyaları ilə baş­layan inqilabların əsas hədəfi artıq cəmiyyətin real maraq­ları­nın təmsilçisi qismində çıxış etmək potensialından məhrum olmuş hakim komandadan ibarət idi. İnqi­lablar və ya «yeni əsrin inqilabları» insanların onları ən ümdə demokratik haqları olan seçki hüququndan məhrum edən­lərə qarşı üsyanı idi. Hallandırılan digər amilləri bir kənara qoysaq, həqiqətən də «yeni əsr inqilabları»nın baş verdiyi cəmiyyətlərdə kütləvi xalq etirazlarını doğuran ob­yektiv şərait yetişmişdi.

Qələbə eyforiyası və triumf - siyasi elitanı tarixə qovuşduran xalq kütlələrinin keçirdiyi təbii hisslərdir. Zəfər eyforiyası insanlara bir müddətlik öz gündəlik qayğılarını, iqtisadi problemlərini, sosial ehtiyaclarını unutdurur. İnsanlar eyforiyanın bəxş etdiyi mənəvi həzz hissi ilə qidalanırlar. Lakin qarşıda onları – xalq kütlələrini real həyat gözləyir. İnqilab edən insan inqilabı yetişdirən şəraitə qarşı mübarizə aparır. Ümumi kontekstdə bu şəraitin komponentlərini iki kateqoriyada - siyasi və iqtisadi səbəblər kateqoriyasında qruplaşdırmaq olar. İnsanların hakimiyyəti formalaşdırmaq, siyasi təmsilçilik, dövlət siyasətinə müdaxilə imkanlarından məhrum olması, maddi rifah halının aşağı olması, sosial statussuzluq, malik olduqları təhlükəsizlik hissinin şərti xarakter daşıması və sair bu kimi səbəblər tarixən və «yeni əsr inqilabları»nın mühüm şərait komponentlərini təşkil edir. Bu səbəbdən də qələbə eyforiyası başa çatdıqdan sonra insanlar gözlədikləri dəyişikliklərin təminatına çalışırlar.

İnqilablar xalq kütlələri­nin önündə gedən liderlər üçün müəyyən qədər uğurlu oldu. Xalq küt­lələrinin mövqeyi ba­xımın­dan isə vəziyyətin baş­qa cür cərəyan etdiyinin şahidi oluruq. Hər bir məf­hu­mun mahiyyəti müqayisəli təhlil vasitəsilə daha yaxşı anlaşılır. Bu mənada, inqilabın xalq küt­lə­ləri­nə nə bəxş etdiyinin an­laşıl­ması üçün inqilabdan əvvəlki dövrün post-inqilab epoxası ilə müqayisəsinin aparılması məqsədəmüvafiq hesab oluna bilər. Bəli insanlar bu və ya digər səviyyədə demokratik siyasi hüquqlar - azad seçki, sərbəst toplaşmaq, daha açıq cəmiyyət imkanları ilə təmin edildilər. Lakin yaxın keçmişimizdə inqilaba liderlik edib, qələbədən sonra azad seçki ilə seçilmiş elitanın sonradan hakimiyyəti özünüküləş­dirmə siyasəti nəticəsində yenidən kütləvi etirazlar vasitəsilə bu səlahiyyətlərdən məhrum edilməsinin də şahidi olmuşuq.

«Yeni əsr inqilabları»nın, xüsusən «ərəb baharı» dalğası kateqoriyasına daxil olan cəmiyyətlərin post-inqilab mər­hələsində üzləşdiyi ən mühüm problem bu ölkələrin bir qismində milli təhlükəsizliyə ciddi təhdidlərin meydana gəlməsidir. Bu təhdidin əsasında inqilabın önündə olan qruplaşmaların zəfərin nəticə­lərinin bölüşdürülməsində ciddi problemlərlə üzləşməsi dayanır. Onlar arasında baş qaldırmış qarşılıqlı intriqa, silahlı mübarizə və kompromissiz mövqe savaşı nəinki inqilabi şəraiti yetişdirən amillərin aradan qaldırılmasına və xalq kütlələrinin gözləntilərinin qarşılan­masına maneə törədir, hətta bu dövlətlərin öz gələcəyi və bütövlüyünə ciddi təhdidlər yaradır. Bu dövlətlərdə vətəndaş müharibəsi təhlükə­sinin real əlamətləri müşahidə edil­məkdədir. Görünən mənzərə ondan ibarətdir ki, post-in­qilab mərhələsi nə vaxtsa normal fazaya daxil olsa belə, bu cəmiy­yət­lərdə vətəndaş müharibəsi təhlükəsinin yaratdığı milli ədavət his­sinin nəticələrinin aradan qaldırılması yaxın perspektivdə mümkün olmayacaq. Bu ədavət hissi latent səviyyədə qalsa belə, yaxın perspektivdə öz aktuallığını itirmə­yə­cəkdir. Vəziyyəti daha da mürəkkəbləşdirən məqam milli ədavət hissinin bir sıra hallarda dini və etnik kaloritlərlə müşayiət olunmasıdır. Bu məqam xüsusən «ərəb baharı» dalğası ölkələri üçün səciyyəvidir. İctimai-siyasi sabitlik pozulduqda, cəmiyyətdə şiddət, zorakılıq halları artıqda və nəzarət mexanizmləri zəiflədikdə bu ziddiyətlər kəskin kon­frontasiya mərhələsinə keçir. Nəticə - özündə ifrat zorakılıq elementlərini daşıyan düşmənçilik və dö­züm­süz­lüklük mühitinin meydana gəlməsində ehtiva olunur.

Bu gün «rəngli inqilab» mər­hə­lə­sin­dən keçmiş və ya bu pro­sesi yaşamaqda olan cəmiy­yətlərə nəzər saldıqda müvafiq mən­zərənin əyani nümunə­sinin şahid oluruq. Şübhəsiz ki, fərq­liliklər mövcuddur. Yəni, post-inqilab mərhələsi labüd olaraq ayrılıqda bu fenomeni yaşamış hər bir cəmiyyətdə öz lokal xü­su­siy­yət­lərinə ma­lik­dir. La­kin ümumi olan cəhət bu cə­miy­yətlərin hər biri üçün xas olan ic­timai-siyasi sabitsizlik şəraitidir ki, bunun təsirlərinin yaxın perspektivdə aktual qalacağı daha real görünür. Sıravi insanlar bu vəziyyətdən ən çox əziyyət çəkən əhali qruplarını təşkil edirlər. Çünki onların maddi ehtiyaclarının təmini, bilik və bacarıqlarının realizasiya imkanları olduqca məhdud səviyyəyə enir. Sosial statussuzluğa sürüklənən insanı hətta bir zamanlar uğrunda mübarizə apardığı siyasi hüquqları belə az maraqlandırır. İnsanın ən təbii ehtiyaclarını - fiziki təhlü­kəsizliyi və maddi təminatı təşkil edir. Bunların olmadığı bir şəraitdə digər təminatlar yalnız təfərrüat rolunu oynayır.

Daha bir həyati vacib məqamın üzərində dayanmaq is­tər­dik – gənc nəslin tərbiyəsi. Post-inqilab mərhələsində olan və ya bu mərhələyə hələ yetişməyən «ərəb baharı» dalğası öl­kə­lərin­də hazırkı xaos, nəzarətsizlik, ictimai və vətəndaş kon­fron­tasiyası şəraitində yetişən gənc nəsil hansı perspektivləri vəd edə bilər? Ümumiyyətlə, bu ölkələrdə gənc nəslin müasir sivilizasiyanın tələbləri səviyyəsində yetişməsi üçün mövcud olan «şəraitsizlik şəraiti» müsəlman gəncliyinin perspektivinə hansı izləri qoyacaq? Biz də müsəlman cəmiyyətinə məxsusuq. Labüd olaraq bizimlə oxşar dəyərləri paylaşan cəmiy­yət­lər üçün təəssüb hissindən yan keçə bilmirik. Ümumi sayı mil­yardı keçən dünya müsəlmanlarının qlobal idarəçilik me­xanizmlərində adekvat şəkildə təmsil olunmaması bizi dərindən narahat edir. Beynəlxalq təşkilatların idarəetmə strukturlarında, xüsusən rəhbər eşelonlarında müsəlmanların təmsilçiliyinin yox səviyyəsində olması bizi düşündürməyə bilməz. Nə səbəbdən bəşər tarixinə görkəmli simalar bəxş etmiş müsəlman cəmiyyətləri bu gün ali səviyyələrdə təmsilçilik imkanlarından məhrumdurlar? Nə səbəbdən insan resursları və təbii ehtiyatlarla zəngin olan müsəlman dövlətləri dünyanın inkişaf etmiş intellektual cəmiyyətləri səviyyəsinə yüksələ bilmirlər? «İslam Konfransı Təşkilatı», «Ərəb Dövlətləri Liqası» kimi təşkilatların beynəlxalq forum statusundan irəli gedə bilməməsinin əsasında hansı amillər dayanır?

 

Xəlil Xəlilov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1067

Oxşar yazılar