Türkiyənin keçmiş elçisi danışdı: “Azərbaycan ürəyi qidalandıran damardır”
11 fevral 2013 23:55 (UTC +04:00)

Türkiyənin keçmiş elçisi danışdı: “Azərbaycan ürəyi qidalandıran damardır”

Bu il fevralın 6-7-də Qahirədə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XII zirvə toplantısında növbəti zirvə toplantısının Türkiyədə keçirilməsinə qərar verilib, həmçinin Azərbaycanla bağlı müzakirələr aparılıb.  APA-nın məlumatına görə, bu barədə Azərtac Dövlət Agentliyinə müsahibəsində Türkiyənin Azərbaycandakı sabiq səfiri, hazırda bu ölkənin Xarici İşlər Nazirliyinin Afrika ölkələri ilə əlaqələr departamentinin idarə rəisi, səfir Hulusi Kılıç məlumat verib.

 

H. Kılıç bildirib ki, Bakıdan qayıtdıqdan sonra o, Türkiyənin Xarici İşlər Nazirliyində Afrika ölkələri departamentində Saxarayanı ölkələrlə əlaqələr üzrə təyinat alıb: “Bu, Türkiyənin xarici siyasəti üçün çox mühüm coğrafiyadır, çünki ölkəmiz Afrika dövlətləri ilə əlaqələrin genişləndirilməsi istiqamətində siyasət həyata keçirməkdədir. Türkiyənin Səhraaltı Afrika ölkələri ilə əlaqələri son illərdə dinamik inkişaf edir. Belə ki, Səhraaltı Afrika ilə ticarət dövriyyəsi 2005-ci ildə 1 milyard ABŞ dollar idi, 2012-ci ildə isə 10 milyard ABŞ dollarına çatıb. Biz 2008-ci ildə xüsusi siyasi əhəmiyyət kəsb edən Türkiyə-Afrika Birliyi Sammitini keçirmişik. İkinci Sammit 2013-cü ilin oktyabrında Türkiyədə keçiriləcək. Afrika Türkiyə üçün çox mühüm qitədir və mən bu mühüm coğrafi ərazini əhatə edən fəaliyyətə rəhbərlik edir və bu çərçivədə Azərbaycanın maraqlarını müdafiə etməyə hazır olduğumu bildirirəm.
 

Sammitin yekunları ilə bağlı sualını cavablandıran diplomat deyib ki, İƏT sammiti islam dünyasını narahat edən bir sıra mühüm məsələləri nəzərdən keçirib: “ Ölkələrimiz üçün sammitin ən mühüm nəticəsi təşkilatın XIII zirvə toplantısının 2016-cı ildə Türkiyədə keçiriləcəyi haqqında qəbul olunmuş qərardır. Burada xüsusi qeyd etmək istərdim ki, Azərbaycan Türkiyənin həmin məsələyə dair namizədliyini dəstəkləyən birinci ölkələr sırasında olub. Biz öz tərəfimizdən İƏT-in növbəti zirvə toplantısının Azərbaycanda keçirilməsi üçün əlimizdən gələni edəcəyik. Şübhəsiz ki, rəsmi Ankara bu istiqamətdə səylərini əsirgəməyəcək. Yəni, Azərbaycan və Türkiyə arasında heç bir fərq qoymuruq və qardaş ölkə üçün mövcud imkanlardan istifadə etməyə hazırıq. Məsələn, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi məsələsində Türkiyə göstərdiyi dəstəyi bu dəfə də əsirgəməyəcək”.


“Bu zirvə toplantısında Azərbaycan tərəfi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın işğalı ilə bağlı məsələləri yenidən gündəmə gətirib. Bu məsələlər necə qarşılanıb?” sualını cavablandıran H.Kılıç vurğulayıb: “Bəli, həmin məsələlər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən haqlı olaraq qaldırılıb. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycana dəstək olaraq etdiyi çıxış zamanı bu münaqişənin dərhal həllinin, eləcə də Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının tezliklə azad edilməsinin vacibliyini vurğulayıb. Ə. Davudoğlu Azərbaycanın ərazi bütövlüyünün bərpasına çağırıb. Bu da mühüm məqamdır. Bununla yanaşı, “Xocalıya ədalət” kampaniyasına dəstək də sammitin Yekun Bəyannaməsində əksini tapıb. Bu da son dərəcədə əhəmiyyətlidir, çünki həmin bənddə İƏT-in üzvü olan ölkələr Xocalıda törədilmiş faciənin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səylərini artırmağa dəvət edilir. Yekun Bəyannamədə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, o cümlədən Şimali Kipr məsələsinə və digər problemlərə dair mühüm bəndlər əksini tapıb. Bundan əlavə, Malidə cərəyan edən vəziyyət və bu ölkədə hərbi əməliyyat müzakirə olunub”.


“Sammitin yekunları bütövlükdə qənaətbəxş hesab edilə bilərmi?” sualına isə diplomat belə cavab verib: “Fikrimcə, bu sammit həm Türkiyə, həm də Azərbaycan üçün çox səmərəli olub. Bir daha qeyd etmək istəyirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin və Xocalı soyqırımının sammitdə gündəmə gətirilməsi Azərbaycan üçün son dərəcədə mühüm məqam və Azərbaycan diplomatiyasının xarici siyasətindəki növbəti uğurudur”.


Diplomat Azərbaycanın işğal olunmuş ərazisi olan Xocalıda Ermənistanın hava limanını açması ilə əlaqədar mövqeyinə də münasibət bildirib: “Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü BMT Təhlükəsizlik Şurası səviyyəsində tanınıb Bu nüfuzlu beynəlxalq təşkilat dörd qətnamə qəbul edib. Bütün bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünə dəstək və Azərbaycan ərazilərinin işğal faktı açıq-aydın və birmənalı şəkildə qeyd edilib. Beləliklə, işğal olunmuş ərazilərin hava məkanı da Azərbaycana məxsusdur. Bununla belə, işğal olunmuş ərazilər üzərində mümkün uçuşların gerçəkləşdirilməsi mövcud vəziyyətin daha da gərginləşdirilməsi və münaqişənin sülh yolu ilə həlli prosesinə zərbə vurur. Bu ərazilər Azərbaycanın əzəli torpaqlarıdır. Bunu Türkiyə və Azərbaycanla yanaşı, BMT da təsdiqləyir. Yəni ki, həmin ərazilər üzərində hər hansı uçuşlar qeyri-qanuni və əsassızdır. Biz münaqişənin dinc vasitələrlə dərhal həllinin tərəfdarıyıq və gələcək nəsillərin sülh və əmin-amanlıqda yaşamasını istəyirik. Bu məqsədlə də hərtərəfli dəstək verməyə hazırıq. Biz həmçinin, arzu edirik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara biləcək hava uçuşlarının qarşısının alınması istiqamətində daha fəal addımlar atacaq. Ümid edirik ki, Ermənistan işğal olunmuş Azərbaycan ərazilərinə uçuşlar həyata keçirməyəcək. Biz Ermənistanın əleyhinə deyilik. Lakin Ermənistan həmin ərazilərdən dərhal çıxmalıdır”.


Sammit çərçivəsində keçirilmiş türkdilli ölkələrin xarici işlər nazirlərinin görüşündə hansı mövzuların müzakirə olunduğu barədə suala cavab verən H.Kılıç deyib: “Türkdilli ölkələrin xarici işlər nazirləri regionda inkişafın və əməkdaşlığın möhkəmləndirilməsi, o cümlədən Türkdilli ölkələr Şurasının bir sıra beynəlxalq təşkilatlarda müşahidəçi statusunun əldə edilməsi, habelə bu və ya digər məsələlər üzrə əlaqələndirmə məsələlərini müzakirə ediblər. Şəksiz ki, nazirlərin görüşü yetərincə məhsuldar olub”.

 

Diplomat Azərbaycanda keçirdiyi səfirlik dövrünü bir daha xatırlayaraq, daimi dəstək və diqqətinə görə, Azərbaycan Prezidenti İlham Əliyevə də minnətdarlığını bildirib: “Azərbaycanda çalışmaq hər kəs üçün şərəfdir. Bu dörd il yarım mənim üçün olduqca dolğun və səmərəli keçib. Azərbaycan mənim üçün ürəyi qidalandıran damardır, həmçinin, mənim vətənimdir”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 727
avatar

Oxşar yazılar