Türkiyəli millət vəkili: “Bu insanlar özlərini çox yaxşı gizləyə bilirdilər” - MÜSAHİBƏ
01 avqust 2016 23:02 (UTC +04:00)

Türkiyəli millət vəkili: “Bu insanlar özlərini çox yaxşı gizləyə bilirdilər” - MÜSAHİBƏ

Türkiyə Böyük Millət Məclisi insan haqlarını araşdırma komissiyası sədrinin birinci müavini, Ədalət və İnkişaf Partiyasının (Ak Parti) İstanbul millət vəkili Fatma Benlinin APA-ya müsahibəsi

 

- FETÖ-nün 15 iyuldakı hərbi çevriliş cəhdindən sonra Türkiyədə konsensus durumu meydana çıxıb: prezident Ərdoğan məclisdəki partiya liderlərini qəbul edib, baş nazir Yıldırım qanun dəyişikliklərini müxalifətlə müzakirə edir. Prezident Ərdoğan  və ana müxalifət lideri Kılıçdaroğlu bütün məhkəmə iddialarını geri çəkdilər. Bu durumu “Yeni Türkiyə”nin ilk mənzərələri kimi xarakterizə edə bilərikmi?

 

- 15 iyul Türkiyə üçün çox ağır tarix idi. Bir gecədə 237 şəhid verdik. F-16-ların bomba atdığı bir polis idarəsindən 50  şəhidimizin meyiti çıxdı. G-3 gülləsinə tuş gəlib xəstəxanalarda müalicə edilən 2191  yaralımız var. 15 iyulda Türkiyənin qarşılaşdığı risk çox ciddi idi. İnsanlar tankların altında əzildi, F-16-ların bombaladığı yerlərin altında qaldı, helikopterlər dinc əhalini güllə-baran etdi. Bu durum  siyasi fikir ayrılığına baxılmadan bütün insanların bir araya gəlməsinə səbəb oldu. O gecə prezidentimizin müraciəti ilə meydanlara çıxan insanlar - 70 yaşındakı xalalar, 15 yaşındakı uşaqlar - 9  dəfə bombalanan Məclisimizdə hər partiyadan olan  millət vəkillərimiz heç ayrı-seçkilik qoymadan mövqelərini qorumağa davam etdilər. Daha sonra davam edən “demokratiya növbələri”ndə- Van, Ağrı, Batman, Manisa, İzmirdə- Türkiyənin çox fərqli xüsusiyyətlərini daşıyan müxtəlif vilayətlərində - 10 minlərlə insan sabah namazlarına qədər yerindən tərpənmədi. Tanklardan, ağır silahlardan, F-16-lardan istifadə edənlərin rəhmsizliyi Türkiyə cəmiyyətinin  bir  gerçəyi daha yaxşı anlamasına səbəb oldu: bu ölkə hamımızındır. Türkiyənin 78 milyon əhalisinin  getməyə  başqa yeri yoxdur. Bu ölkə mülki  üsuli-idarəsini heç kimə təhvil verə bilməz. Ona görə də Türkiyənin bir yerdə olması lazımdır. Düşmənimizin bizə  qurduğu tələlər qarşısında parçalanmağımız ağıl işi deyil. 15 iyul bunun nə qədər yaxın bir təhdid və təhlükə olduğunu, bizim fərqli cəhətlərimizə fikir vermədən birlik və bərabərlik içində olmağımızın lüzumunu göstərdi. Çünki qazi  olan 2191 yaralımız fərqli dünyagörüşünə malik insanlardır, hamısının ürəyi bu ölkə üçün vurmaqdadır. ”Demokratiya növbələri”nin davam etdiyi vaxtda atmosferin daha da yumşalması üçün prezidentimiz ona edilən təhqirlərə görə şikayətlərini geri çəkdi. Mən müxtəlif rayonlardakı “Demokratiya növbələri”nə gedəndə CHP-dən, MHP-dən olan millət vəkillərinə, Səadət Partiyasından, Hüda-pardan  olan insanlarımıza təşəkkür edirəm. Çünki bu, vətən uğrunda mübarizədir, siyasi partiyalarımıza görə dəyişə biləcək bir şey deyil. Bu durum Türkiyədə yeni bir paradiqmanın əldə edildiyini, insanların birlik və bərabərliyi ilə bağlı çox gözəl addımların atıldığını göstərir. Çevrilişçilərin niyyəti Türkiyədə vətəndaş müharibəsi yaratmaq idi, ona görə çox rəhmsiz hərəkət etdilər. Ancaq bunu etmək istəyərkən anaların öz qucaqlarındakı 3 yaşlı övladlarını vətən üçün şəhid verə biləcəkləri bir atmosferin yaranmasına səbəb oldular.

 

- Binali Yıldırımın 22 mayda baş nazir vəzifəsinə təyin edilməsindən sonra Türkiyə İsrail və Rusiya ilə münasibətlərini düzəltmə yoluna getdi. 15 iyul Türkiyənin “qabağını kəsmə əməliyyatı” kimi dəyərləndirilə bilərmi?

 

- Türkiyə təkcə özünü təmsil edən bir ölkə deyil. Biz humanitar yardım məsələsində dünyada üçüncü yerdəyik. İqtisadiyyatımızın həcminə görə dünyada 17-ci yerdəyik. Dünyanın ən böyük aeroportunu, ən böyük körpülərini tikəndə daha çox hücumlara məruz qaldığımızı görürük. Türkiyənin yaşadığı problemlər sadəcə Türkiyənin özündən irəli gəlmir. Türkiyə “Dünya beşdən böyükdür”- deyəndə yer kürəsindəki bütün məzlumlara gün doğduğunu bəyan etmiş olur. Bu da, xüsusilə iqtisadi baxımdan bir çox ölkəni narahat edir. Təəssüf ki, o ölkələr təkcə siyasi və diplomatik yollardan deyil, anti-humanitar yollardan da Türkiyəyə ziyan vurmağa çalışırlar. Amma Türkiyə buna qarşılıq verə biləcək qədər güclü ölkədir. Baş nazirimizin də dediyi kimi, “biz düşmənlərimizi azaldacağıq, dostlarımızı artıracağıq”. Biz özümüz inkişaf  edərkən müxtəlif ölkələrlə əməkdaşlıq edəcəyik. Çünki hər ölkənin sülh və rifah içində olmasını istəyirik. Hər hansı ölkədə xaos yaranmasının bizə faydası olacağını düşünmürük, ona görə də bütün ölkələrin stabil inkişaf etməsini istəyirik. Türkiyənin bu yanaşma tərzi imperialist iddiada olan və varlıqlarını başqa ölkələri istismar etmək üzərində quran ölkələrin mənafeyinə uyğun gəlmədiyinə görə, liderlik mövqeyinə yüksəlməyimiz bəzi ölkələri narahat edir. Amma həqiqət bundan ibarətdir ki, haqq yolunda mübarizə aparsanız, düşmənləriniz nə qədər güclü və xain olsalar da əsla və qətiyyən uğur qazana bilməzlər. Dünyanın o başındakı insanın əli suya-çörəyə çatmırsa, bunun günahının Türkiyənin boynuna düşdüyünə inanırıq, onlara yardım etmə məcburiyyətimiz var. Bəlkə Türkiyənin başqa ölkələrdən ana paradiqma fərqi elə budur. Biz bilirik ki, yerə yıxılan insanın əlindən tutub qaldırmasaq, ayaq üstündə olan insanlar da əvvəl-axır yıxılacaqlar. Bizim ayaq üstündə olmağımız başqalarının da ayaq üstündə olub bizə güc verməsinə bağlıdır. Ona görə biz bütün ölkələrlə əməkdaşlığa hazırıq. Türkiyə son vaxtlarda xarici siyasətində həyata keçirdiyi  dəyişikliklə bunu nümayiş etdirir.

 

- Türkiyədəki hərbi çevriliş cəhdindən sonra bəzi ölkələrdə də Fətullah Gülənə yaxın quruluşlar bağlandı. Bəziləri isə bunu etməkdən imtina etdiklərini açıq ifadə etdilər...

 

- Biz heç bir ölkənin Türkiyə kimi acı bir çevriliş cəhdinə şahid olmasını istəmirik. Ona görə də digər ölkələri xəbərdar etmək bizim borcumuzdur. Biz gecənin birində tankların küçələrə çıxaraq dinc əhalini güllə-baran etməsinin, F-16-ların  dinc əhalinin başı üzərindən uçaraq təhdid saçmasının, Məclisi bombalamasının heç bir ölkədə baş verməsini arzu etmirik, ona görə başqa ölkələrə xəbərdarlıq edirik. Çünki FETÖ-nün ən önəmli xüsusiyyəti-özünü gizlədə bilməsidir. 30 ildə heç bir açıq vermədən, gerçək niyyətlərini heç kimə bəlli etmədən, sadəcə yeganə işlərinin insanlara yardım edib onlara təhsil verməkdən ibarət olduğunu xalqa aşılayaraq əsl qayələrini gizləmiş və dövlətin bütün mexanizmlərini sarmışlar. Paralel dövlət strukturu yaratdıqları üçün bunlar çox təhlükəlidirlər. Yaxınlarımdan birinin verdiyi örnək bu baxımdan çox ibrətamizdir: əqrəb həmişə əjdahadan təhlükəli və təsirlidir. Çünki əjdaha nə qədər güclü olsa da özünü açığa vurar və düşmən olduğunu bildiyinizə görə, ona uyğun şəkildə mübarizə apararsınız. Əqrəb isə kiçik olduğuna görə, onu nəzərə almaz və sizi nə vaxt sancacağını bilməzsiniz. FETÖ əqrəbi bu gün Türkiyəni sancdı. Sabah Azərbaycanı, ertəsi gün Qırğızıstanı, daha sonra başqa bir ölkəni sancmayacağına heç kim təminat verə bilməz. Çünki qardaşın qardaşı tanımadığı, qıraqdan gələn əmrlərə uyğun hərəkət edilən və insanların özlərini tamamilə gizlədiyi və təəssüf ki, vicdanlarını və ağıllarını tamamilə kirayəyə verərək  rəhmsiz hala gələn bir təşkilatdan bəhs edirik. Xəstəxanalara gedəndə bunu görəcəksiniz. Bizim şəhidlərimizin hamısı alınlarından, kürəklərindən  ya da ürəklərindən vuruldular. O insanlar G-3 gülləsindən tamamilə öldürmək məqsədiylə istifadə ediblər. Düşmən əsgəri olsaydı, bunu bizə əcnəbilər etsəydi, ürəyimiz bu qədər yanmazdı. Öz əsgərlərimiz əlində heç bir şey olmayan qadınlara, uşaqlara G-3 güllələriylə hücum etdilər. O insanlarla 1 gün əvvəl danışaydınız, çox normal münasibət yarada bilərdiniz. Çünki onlar özlərini gizləyə bilirlər. FETÖ-nün ən təhlükəli davranış tərzi budur: onlar özlərini gizləyə bilirlər. Və gizlənəndən sonra o qədər rəhmsiz hərəkət edə bilirlər ki... Hər hansı ölkəyə hakim  ola biləcəkləri gücü əllərinə keçirdikləri anda heç kimin gözünün yaşına baxmazlar. Biz vaxtında bu həqiqəti fərq edə bilmədik, çünki bu insanlar özlərini çox yaxşı gizləyə bilirdilər. 17-25 dekabr 2013 çevriliş təşəbbüsündən sonra belə bu qədər rəhmsiz olduqlarını bilmirdik. Lazımi tədbirləri görməmək- başqa ölkələrin eyni zülmə məruz qalmalarına səbəb olacaq. Prezidentimiz o gecə təyyarəyə minib İstanbula gəlməsəydi, prezidentimizin müraciətinə reaksiya verib 10 minlərlə insan küçə və meydanlara çıxmasaydı, o qədər ölümə rəğmən insanlar küçələrdən çəkilməsəydi, bu gün Türkiyədə vətəndaş müharibəsi olacaqdı. Bu qədər açıq və yaxın təhlükə. Bu təhlükə başqa ölkələr üçün də keçərlidir. O ölkələri FETÖ-yə qarşı əvvəlcədən tədbir görməyə çağırıram. Çünki FETÖ-nün kadrları dövlətin bütün mexanizmlərinə sıza bilir, insanlara imtahan suallarını verib onları mühüm vəzifələrə gətirirlər. Ciddi şəkildə araşdırılmadığı müddətcə bunu fərq etmək mümkün olmur. Ona görə heç bir ölkənin eyni sıxıntını yaşamaması üçün son dərəcə təsirli tədbirlər görmək lazımdır.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 224
avatar

Oxşar yazılar