Şaitdin Əliyev: “Qarabağ problemi həll edilmədən Türkiyə Ermənistanla dost olacağına inanmıram” - MÜSAHİBƏ
08 aprel 2009 16:00 (UTC +04:00)

Şaitdin Əliyev: “Qarabağ problemi həll edilmədən Türkiyə Ermənistanla dost olacağına inanmıram” - MÜSAHİBƏ

“Hərəkat olmasaydı, müstəqillik əldə etməyimiz çətin məsələ idi”

Sabiq millət vəkili ad günündə Azərbaycanın müstəqilliyinə səs verib
Lent.az-ın “Sən haradasan” rubrikasının budəfəki qonağı sabiq millət vəkili, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının sabiq Komitə sədri Şaitdin Əliyevdir. Şaitdin Əliyev 3 çağırışda parlament üzvü olub. Onun aktiv deputatlıq fəaliyyətini yəqin ki, çoxları unutmayıb. Müstəqillik aktına imza atan deputatlarımız sırasındadır. Lakin son vaxtlar əvvəlki aktiv fəaliyyəti hiss olunmur. Odur ki, müsahibəni də “Sən haradasan” deyə başladıq:

- Mən hazırda Milli Məclisdə böyük məsləhətçi işləyirəm. Belə deyək, bu iş mənim qanunvericilik sahəsində fəaliyyətimin davamıdır.

- Uzun illər parlament üzvü olubsunuz, bu illər ərzindəki fəaliyyətiniz özünüzü qane edirdi?

- Mən ilk dəfə Ali Sovetin deputatı olmuşam. O zaman bizə xalq deputatı deyirdilər. Milli Şura təsis olunanda da həmin şuraya düşən ilk deputatlardan biri mən oldum. Uzun illər aktiv ictimai-siyasi fəaliyyətlə məşğul olmuşam. Bu da elə deputatlıq fəaliyyətimə bir təkan olub. Orta məktəbi qurtarandan sonra həmişə ictimai-siyasi həyatda oldum. Əvvəllər komsomol, sonra partiya işləri. 90-cı illərdə Azərbaycanda vəziyyət olduqca ağır idi. Müstəqillik uğrunda mübarizədə xalq ayağa qalxmışdı. Belə bir dövrdə parlamenti formalaşdırmaq, onun işində aktiv iştirak etməyin özü də böyük bir məsuliyyət idi. Düzdür, deputatlıq fəaliyyətimin ilk vaxtlarında bir qədər sakit qalıb hələ parlamentin havasını qəbul edirdim, amma sonra istər qanunvericilik sahəsində, istərsə də ictimai-siyasi proseslərdə aktivlik göstərməyə başladım. Mən adımı adi deputatlar sırasına yazdırmadım. 3 çağırış ərzində komissiya sədri və sədr müavini oldum. Milli Məclisi beynəlxalq təşkilatlarda təmsil edirdim. Ən əsası isə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Komitə sədri olmuşam. Hələ bu günə kimi yeganə azərbaycanlıyam ki, bu Assambleyada komitə sədri seçilmişəm. Orada seçki əsasında sədr seçirlər və olduqca çətin bir prosesdir. Orada adətən böyük dövlətlərin nümayəndələrini seçirdilər. Lakin fəaliyyətimə görə məni komitə sədri seçdilər. Mənim oradakı fəaliyyətim hətta oradan ayrıldıqdan, deputat olmadıqdan sonra da yüksək qiymətləndirildi. Keçən il mənə Parlament Assambleyasının böyük mükafatı, diplomu təqdim olundu. Bizim parlamentdə də bütün qanunların hazırlanmasında onların müzakirəsində yaxından iştirak edirdim. Elə qanun olmazdı ki, onu oxumamış Milli Məclisə addım atım. Bəzən deyirdilər ki, Şaitdin müəllim parlamentdə çox danışır. Təbii ki, qanun layihələrini axıracan, dərindən oxuyanda deməyə də sözün çox olur. Mən fikirlərimi bildirməyi özümə borc bilirdim.

- Hər dəfə eyni rayondan deputat seçildiniz?

- Bəli, hər üçündə də Əzizbəyov rayonunda deputat seçildim. Seçicilərimlə sözün əsl mənasında yaxından əlaqədə olurdum. İllər keçdikcə insan özünə sual verir ki, mən nəyi etdim, nələr qaldı? Hər bir insanın fəaliyyətində tamamlaya bilmədiyi işlər tapmaq mümkündür. Bunları dərindən dərk edirəm. Amma bununla yanaşı, bir daha söyləyirəm ki, adi deputatlardan deyil, işlək deputatlardan olmuşam. Bu gün də istəyərdim ki, Milli Məclisin üzvləri işlərinə can yandırsınlar, digər fəaliyyət növü ilə məşğul olmasınlar.

- Nədən yenə işləmək üçün Milli Məclisi seçdiniz?

- Uzun illər fəaliyyətimi orada qurmuşam. Qanunvericilik sahəsində böyük təcrübəm var. Bunun üçün də istəyirəm ki, orada faydalı olum. Bu, məni şərəfləndirir.

- Siz eyni zamanda müstəqillik aktına imza atan deputatlardan olubsunuz. Belə bir tarixi anı yaşamaq şansı hər deputata nəsib olmur. Bu imza həyatınızda hər hansı bir rol oynayıbmı?

- Həmin vaxt sovetlərin hər yerində xalq hərəkatı başlamışdı. Bizdə də proseslər gedirdi və hətta müstəqillik uğrunda neçə-neçə vətəndaşımızı qurban verdik. Proseslərə dərindən yanaşanda, onların nə qədər böyük insan olduqlarını anlayır və qarşılarında baş əyirik. Allah hamısına rəhmət eləsin. Bəziləri deyirlər ki, onsuz da proses başlamışdı bütün respublikalar müstəqillik qazanacaqdılar. Xeyr. Hərəkat olmasaydı, müstəqillik əldə etməyimiz çətin məsələ idi. Müstəqillik aktı qəbul edilən zaman Ali Sovetdə tribunaya qalxıb ilk sözünü deyən mən olmuşam. 18 oktyabr həm də mənim ad günümdür, ona görə aktın məhz həmin gün imzalanması mənim üçün ikiqat sevincli idi. Bunu elə o zaman çıxışımda da dedim. Müstəqilliyi qoruyub saxlamaq üçün də çox çətinliklərimiz olub. Həmin vaxt ölkədə hakimiyyət uğrunda mübarizə gedirdi. Bir tərəfdən də xarici qüvvələr Azərbaycanın müstəqilliyinə kölgə salmağa çalışırdılar. Ermənilərin torpaqlarımızı işğal etməsi də həmin ərəfəyə düşürdü. Belə bir zamanda Azərbaycanın müstəqil dövlət kimi yaşaması, hakimiyyətin qollarının sərbəst fəaliyyəti məsuliyyətli iş idi. Mən tarixi yenidən danışmaq istəmirəm. Hamı hər şeyi yaxşı bilir. Bu gündən baxanda da inanıram ki, o vaxt ümummilli lider Heydər Əliyev hakimiyyət başına gəlməsəydi, müstəqilliyimizi bugünkü formada qoruyub saxlamada çox çətinlik çəkərdik. Təsəvvür edin ki, bu gün torpaqlarımızın 20 faizi yox, daha çox hissəsi işğal altında olardı və ölkə bugünkü kimi inkişaf etməzdi. Bütün bunlara görə ulu öndərimizə minnətdarıq.

- Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının fəaliyyətini izləyirsinizmi? O zaman bu təşkilat daxilində Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasından söz açılsa da bunu reallaşdırmırdılar. Amma indi belə məlum olur ki, sərhədlər açılacaq. Bu barədə fikrilərinizi öyrənmək olarmı?

- Dünyada çox böyük proseslər başlayıb. Türkiyə Ermənistanla bağlı bəzi addımlar atmağa başlayıb. Eyni zamanda, Qarabağ probleminin həlli istiqamətində canlanma hiss olunur. Bu gün qətiyyətlə onu vurğulamalıyıq ki, bizim əsas müttəfiqimiz, dostumuz birmənalı olaraq Türkiyədir. Türkiyədə yaşayanlar da bu reallığı başa düşür. Mən inanmıram ki, Türkiyə Ermənistanla münasibətləri yalnız öz mövqeyini düşünərək, yəni Azərbaycanın mövqeyin unudaraq qursun. Yenə də inanmıram ki, Qarabağ problemi həll edilmədən Türkiyə Ermənistanla birtərəfli şəkildə dost ölkəyə çevrilsin. Türkiyə xalqı da buna yol verməz. Türkiyə siyasətçiləri bunu dərindən dərk edib, məsələyə başqa cür yanaşacaqlar. Elə başa düşürəm ki, yalnız Qarabağ problemi həll edildikdən sonra sərhədlərin açılması məsələsi gündəmə gələ bilər.

- Bu günlərdə mətbuatda bələdiyyə torpaqlarının satılması ilə bağlı maraqlı təkliflə çıxış etmisiniz. Nədən hesab edirsiniz ki, hərrac-müsabiqə komissiyalarının yaradılmasında problemlər olacaq?

- İndi torpaqların satılması qaydalarında bəzi dəyişikliklər etdilər. Amma dəyişiklikdən əvvəl də müvafiq qanun icazə verdiyi halda bu günə qədər heç bir bələdiyyə hərrac yaxud müsabiqə yolu ilə torpaq satmayıb, nə də icarəyə verməyib. Biz qanunlara ona görə dəyişiklik etdik ki, bələdiyyə sədrləri təkbaşına qərar qəbul etməsinlər. Digər tərəfdən, bələdiyyə torpaqlarının satılması ilə bağlı aşkarlıq yoxdur. Əgər bu gün bələdiyyə üzvləri bilmirsə ki, hansı torpaqları sata, yaxud icarəyə verə bilər, deməli, əhali ümumiyyətlə, bundan xəbərsizdir. Ona görə də əhali gəlir bələdiyyənin üstünə ki, mənə filan yerdən torpaq sat. Bələdiyyələrə düşən torpaqların tam cizgisi olmasa, hərrac və müsabiqə bu problemi həll edə bilməyəcək. Çünki bu gün bələdiyyələrin əksəriyyətinin öz torpaqlarının hansı olması haqda dəqiq məlumatları yoxdur. Bu, xüsusilə şəhər bələdiyyələrinə aiddir. Bakının mərkəzindəki şəhər bələdiyyələrinin əksəriyyətinin torpaqları dəqiqləşdirilməyib hələ. Eləcə də Bakıdan kənardakı rayonlar. Bələdiyyələr bu dəqiqə o torpaqları satırlar ki, heç bilmirlər onlarındı, ya dövlətin. Hərrac qaydaları ilə bərabər, ilk növbədə bu məsələ dəqiqləşdirilməlidir. Məni narahat edən daha bir məsələ bələdiyyə mülkiyyətində olan torpaqların ancaq satışı ilə bağlıdır. İcarədən, istifadədən çox az hallarda söhbət gedir. Ona görə qaydalar hazırlananda bu kimi məsələlər də mütləq nəzərə alınmalıdır. Hərrac-müsabiqə komissiyalarının yaradılması ilə bağlı problemlər mövcuddur. Hər bələdiyyə komissiya yaradası olsa, bu komissiyalarda təmsil olunmaq üçün kadr problemi yaranar. Komissiyaların tərkibində hökmən yerli vətəndaşlar iştirak etməlidir. Hətta mən deyərdim ki, məhəllələr nəzərə alınmalıdır. Hərracda güzəşt məsələsi də ciddi məsələlərdən biridir və bu da hələ ki, tam həllini tapmayıb. Bələdiyyə torpaqlarının hərrac vasitəsilə satışı, icarəsi qaydaları hazırlanarkən kimlərə güzəşt ediləcəyi mütləq nəzərdə tutulmalıdır.

- Gələcək planlarınız barədə nə danışa bilərdiniz?

- Təbii ki, bir çox planlar var. Onu deyim ki, həyatımın 20 ili parlamentlə bağlı olub. Bu az müddət deyil. Bundan sonra da öz fəaliyyətimi ancaq bu sahədə qurmaq istəyirəm. Gələn parlament seçkilərində namizədliyimi irəli sürə bilərəm. Amma bunu seçki ərəfəsində bir daha fikirləşəcəyəm. Seçicilərimlə görüşən zaman onlar mənə deyirlər ki, Saitdin müəllim, biz sizi yenə deputatımız kimi görmək istəyirik. Bir sözlə, mən qanunvericilik sahəsində fəaliyyətimi gücüm, ömrüm çatdığım qədər davam etdirmək fikrindəyəm.

Mən Azərbaycanın xoşbəxt gələcəyini görürəm. Çünki indi atılan addımlar bir daha göstərir ki, ölkə sürətlə inkişaf edir. Bu gün Azərbaycana rəhbərlik edən şəxs dünya miqyasında tanınır. Ən çox ona sevinirik ki, nəinki prezident, hətta onun ailəsi – hörmətli Mehriban Əliyeva və qızları Leyla xanım ölkənin inkişafı üçün çox böyük işlər görürlər.

Səbinə Əvəzqızı

# 809
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar