Azərbaycan diaspor təşkilatları Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı dünyanın müxtəlif ölkələrində tədbirlər, aksiyalar keçirib, müraciətlər ünvanlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Avropa Azərbaycanlıları Konqresi Xocalı soyqırımının ildönümü ilə bağlı Almaniya Bundestaqına müraciət edib.
Müraciətdə daha sonra qeyd olunur ki, 21 il bundan əvvəl erməni silahlı qüvvələri sovet ordusunun 366–cı motoatıcı diviziyasının dəstəyi ilə Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırım aktı həyata keçiriblər. Buna baxmayaraq, Xocalı qətliamını həyata keçirən cinayətkarlar indiyədək məsuliyyətə cəlb olunmayıb və beynəlxalq məhkəmə qarşısında cavab verməyiblər. Müraciətdə vurğulanır ki, Xocalı soyqırımı cəzası verilməmiş bir cinayətdir və bu səbəbdən Xocalı hava limanının açılması Azərbaycan vətəndaşlarının ağrısıdır. Avropa Azərbaycanlıları Konqresi Avropa ictimaiyyətini bu məsələdə Azərbaycan xalqı ilə həmrəy olmağa çağırır.
Xocalı soyqırımının 21-ci ildönümü Avstraliyanın Sidney şəhərində anılıb. Avstraliya-Azərbaycan-Türk Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Türk Dayanışma Dərnəyində (Turkish House) təşkil olunmuş tədbirdə Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsi ilə bağlı hazırlanaraq yerli diaspora göndərilən videomateriallar nümayiş olunub, kitablar və broşürlər paylanıb. Avstraliya-Azərbaycan-Türk Dostluq Cəmiyyətinin təşəbbüsü ilə ölkənin ən böyük məscidi olan Gelibolu Camisində də 3000-dək insanın iştirak etdiyi cümə namazından öncə Xocalı soyqırımı barədə məlumat verilib, Xocalı qurbanlarının ruhuna “Yasin” oxunub və dualar edilib. Sidney şəhərində fəaliyyət göstərən “Azərbaycanın Səsi” (Voice of Azerbaijan) radiosu soyqırım ilə əlaqədar xüsusi veriliş hazırlayıb. Veriliş fevralın 25-də yerli vaxtla saat 22:00-da radioproqramın rəhbəri Gülzar Qasımovanın təqdimatında yayımlanacaq.
Fevralın 23-də İsveç Parlament binasının qarşısında – Mynttorget meydanında etiraz aksiyası keçirilmişdir. Stokholmda yaşayan azərbaycanlıların Aksiya Komitəsinin təşkilatçılığı baş tutan və 2 saat davam edən aksiya Azərbaycanın dövlət himni və Xocalı şəhidlərinin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib. Mitinqə qatılan 200-dən çox insanın arasında Azərbaycan icmaları ilə yanaşı, İraq Türkmənləri Federasiyası, Türk İşçi Dərnəkləri Federasiyası, İsveç-Uyğur Maarifləndirmə Cəmiyyəti və digər icmaların nümayəndələri də olub. Mitinqdə Ermənistanın hərbi təcavüz və vəhşilik faktlarını əks etdirən trakt, disk və broşürlar paylanıb, yerli əhalinin diqqətini cəlb etmiş foto-sərginin qarşısında Xocalı şəhidlərinin ruhuna şamlar yandırılıb.
Danimarkada yaşayan azərbaycanlılar Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar fevralın 23-də Kopenhagenin mərkəzi meydanı “Radhuspladsda” etiraz mitinqi keçiriblər. Aksiyada azərbaycanlılara dəstək olaraq türk və türkmən cəmiyyətləri də iştirak edib. Fevralın 23-də Almaniyanın Maqdeburq şəhərində də Azərbaycanın bu ölkədəki səfirliyinin, Odlar Yurdu Təşkilatının, Almaniyanın Zaxhsen-Anhalt əyalətində fəaliyyət göstərən Alman-Azərbaycan mədəniyyət cəmiyyətinin dəstəyi və təşkilatçılığı ilə Xocalı faciəsinin 21-ci ildönümünə həsr edilmiş anım tədbirləri keçirilmişdir. Mərasimdə alman, rus, bolqar, polyak və başqa icmaların nümayəndələri iştirak ediblər. Əvvəlcə 35 avtomobildən ibarət karvan iki marşrut üzrə Maqdeburq şəhərinin mərkəzi küçələrində yürüş həyata keçirib. Bundan sonra anım mərasiminin ikinci hissəsi - toplantı olmuşdur. Yığıncağı giriş sözü ilə açan Zaxhsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan mədəniyyət cəmiyyətinin sədri Yaşar Niftəliyev Qarabağ, Xocalı faciəsini törədən erməni silahlı qüvvələrinin dinc əhaliyə başına gətirdiyi müsibətlər, vəhşiliklər haqqında iştirakçılara məlumat verib. Tədbirin sonunda Xocalı faciəsinə həsr edilmiş film nümayiş etdirilib.
Almaniyadakı Türk-Azərbaycan Birliyinin təşkilatçılığı və Almaniyadakı Azərbaycan Səfirliyinin dəstəyi ilə Xocalı Soyqırımının 21-ci ildönümü fevralın 22-də Berlində yad olunub. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) və Berlin-Brandenburg Atatürkçü Düşüncə Dərnəyinin (ADD) birgə əməkdaşlığı ilə baş tutan mərasim Berlindəki Türk Evində keçirilib. Azərbaycan Respublikasının Almaniyadakı səfiri Pərviz Şahbazov çıxışında mühüm tədbirlərin Türk Evində türk icması ilə birgə keçirilməsinin artıq ənənə halını aldığını bildirib və bunu sevindirici hal kimi dəyərləndirib. Türkiyə Cümhuriyyətinin Berlindəki baş konsulu Ahmet Başar Şen Xocalı soyqırımının baş verməsinin türk və Azərbaycan xalqı üçün acı bir örnək olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan xalqına qarşı edilən haqsızlıq türk xalqını da kədərləndirir. Konsul deyib ki, bu səbəbdən Türkiyə bu acı və üzüntüləri Azərbaycanla paylaşır və Türkiyə Azərbaycanı hər zaman dəstəkləyəcək. Çıxışlardan sonra Qarabağın tarixinə və Qarabağ müharibəsinə həsr olunmuş “Xocalı Qətliamı” adlı tarixi-sənədli film nümayiş etdirilmişdir.
Şimali Kipr Azərbaycan Kültür Mərkəzi, Qazetecilər və Yazarlar birliyi, Rauf Denktaş Düşüncələrini Yaşatma Dərnəyi və YDU Azərbaycanlı Tələbələr Birliklərinin təşkil etdiyi yürüşdə Kipr Milli Məclisindən, Azərbaycanda, Türkiyədə və Kiprdə fəaliyyətdə olan bir neçə dərnəklərdən, Kipr universitetlərindən tələbələr iştirak edib. Xocalı həqiqətlərini dünyaya tanıtmaq məqsədilə keçirilən yürüşdən sonra Türk Şəhidləri abidəsi önündə anım mərasimi baş tutub. Tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni və Türkiyə istiqlal marşı səslənib. Tədbir daha sonra iştirakçıların çıxışları ilə davam edib. Rauf Denktaş Düşüncələrini Yaşatma Dərnəyinin təmsilçisi Xədicə Şahin, Şəhid Ailələri və Malul Qazilər Dərnəyi prezidenti Ertan Ersan, YDU Azərbaycanlı Tələbələr Birliyinin nümayəndələri Rizvan Abdullayev və Vüsal Mürsəlzadə, YDU müəllimi, professor Həbib Dərzinəvəsi və Şimali Kipr Azərbaycan Kültür Mərkəzi prezidenti, professor Fəxrəddin Sadıqoğlu çıxışlarında Xocalı həqiqətlərindən rus və erməni ordusunun əliyalın on min insanın başına gətirdiyi müsibətlərdən danışıblar. Sonda isə Şəhidlər abidəsi önünə qərənfil qoyulub, xatirə şəkli çəkilib.
Fevralın 24-də Niderlandın üçüncü böyük şəhəri və hökumətin iqamətgahının yerləşdiyi Haaqa şəhərində Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Niderlandda fəaliyyət göstərən "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin, Hollandiya Azərbaycan Türk Mədəniyyət Mərkəzinin və Hollandiya Azərbaycan Gənclər Cəmiyyətinin, o cümlədən Azərbaycanın hollandiyalı dostu Gert Van Damın birgə hazırladığı Xocalı heykəli önündə təşkil edilən tədbirdə Azərbaycanın Hollandiyadakı səfiri M.Əfəndiyev və səfirliyin əməkdaşları, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Firudin Sadıqov, Hollandiyanin siyasətciləri, mətbuat nümayəndələri, Türk cəmiyyətləri və yerli əhali də iştirak edib. Tədbirdə şəhidlərin ruhuna dualar oxunub, çıxışlar olub. Mərasimdə çıxış edənlər Hollandiya ictimaiyyətini bu qətliamı tanımağa çağırıblar. Sonda iştirakçılara Xocalı faciəsini əks etdirən CD-lər, broşürlar paylanıb. Fevralın 26-da isə Haaqadakı Ədalət Məhkəməsinin önündən Ermənistan səfirliyinə doğru yürüş keçiriləcək. Yürüş zamanı yerli sakinlərə Xocalı faciəsi haqqında vərəqələr və kitabçalar paylanacaq.
Fevralın 24-də İsveçrənin Baden şəhərində “Azərbaycanın dostarı” Birliyi və Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyinin dəstəyi Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar xatirə gecəsi keçirilib. Gecə Xocalı və bütün Qarabağ şəhidlərinin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Vahid Mustafayevin Xocalı soyqırımdan bəhs edən “Xoca” filmi nümayiş olunub. Nümayişdən sonra filmi müzakirə edən izləyicilər Xocalı hadisələrinə öz münasibətlərini bildiriblər.
Ukraynanın Xarkov şəhərində təhsil alan azərbaycanlı tələbələr və “Dostluq” Mərkəzinin yetirmələrinin iştirakı ilə Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbiri açan Xarkov Dostluq Cəmiyyətinin sədri Murad Ömərov gəncləri Azərbaycan xalqının başına gətirilən faciələri heç vaxt unutmamağa çağırıb. İştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə çıxış edənlər Xocalı faciəsini XX əsrin görünməmiş dəhşətli soyqırımı, ermənilərin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə adlandırıb, Xocalı soyqırımına dünya ictimaiyyətinin siyasi və hüquqi qiymət verməsinin vaxtının gəlib çatdığını vurğulayıblar.