İyunun 1-də Rusiyanın ORT telekanalı ilə nümayiş etdirilən Andrey Malaxovla “Bu gün axşam” populyar veriliş tanınmış aktyor Aleksandr Abdulova həsr edilmişdi. Həmin verilişdə Abdulovun ailə üzvləri, sənət dostları, onu tanıyanlar öz təəssüratlarını bölüşür, keçmişi xatırlayırdılar. Abdulovun həyat yoldaşı Yuliya Abdulova bildirdi ki, həyat yoldaşının ölümündən sonra bir dəfə onu yuxuda görüb. Əri ona bildirib ki, yaxınlarından kiməsə nə isə olacaq. Bundan üç gün sonra onlar Anar Məmmədxanovun vəfat etdiyini eşidib və bu hadisəni Anarın həyat yoldaşı ilə bölüşüb. Verilişdə iştirak edən Rüstəm İbrahimbəyov isə sonluğun kədərli notlar üzərində qurulmasını istəmədiyini və qastronomik mövzu ilə auditoriyanın əhval-ruhiyyəsini dəyişmək niyyətində olduğunu bildirib. O, deyib ki “Mənim talismanım məni qoru” adlı filmin çəkilişi ilə bağlı Voldinə gedərək filmdə baş rolda olan Abdulovla görüşüb. Abdulov ona sürprizi olduğunu bildirib və İbrahimbəyovu donuz fermasına gətirib. Fermada Abdulov İbrahimbəyova donuz seçdiyini və onu kəsmək istədiyini deyib: “Donuz nəsə narahat oldu, insan, uşaq səsi ilə qışqırmağa başladı. Bir də gördüm ki, kimsə, nəsə mənim yanımdan səs sürəti ilə keçdi. Baxdım ki, Saşadı, hər şeyi rüsvayçı şəkildə atıb qaçır. Düzdür, sonra o donuzu bizə gətirdilər”.
Əslində, İbrahimbəyovun bu çıxışı yerinə düşmədi, heç gülməli də olmadı. Hər halda, onun intellekti reklam olunduğu kimidirsə, daha yaxşı bir hadisə barədə danışa bilərdi. Amma məsələnin başqa tərəfi də var. İbrahimbəyov, bildiyimiz qədərilə müsəlmandır, özü də prezidentliyə iddialı bir adamdır. Onun rəhbəri olduğu Milli Şurada da islamçılar var. İndi dindarlar bu donuz əhvalatını, rəhbərlərinin donuz əti yeməsini necə həzm edəcəklər, bax bu, müəmmalıdır. Hər halda, cəmiyyətin dindar kəsimi, Nardaran kəndinin camaatı və oradan Milli Şuraya gedən dindarlar üçün bu məsələ düşündürücüdür.