****
16.44
Milli Şuranın sədri, kinodramaturq Rüstəm İbrahimbəyov sentyabrın 14-də APA-ya verdiyi müsahibədə səsləndirdiyi bəzi fikirlərin düzgün başa düşülmədiyini bildirib.
APA-nın xəbərinə görə, R. İbrahimbəyov “Yeni Müsavat” qəzetinə açıqlamasında aşağıdakıları bildirib: “Mən azərbaycanca müsahibə vermişəm. Onlar tərcümə edəndə ya qəsdən, ya da rus dilini guya pis bildiklərindən başqa ifadə işlədiblər. Mən demişəm ki, mən vahid namizədliyi məcburi şəkildə qəbul etdim, bu missiyanı öz öhdəmə götürdüm. Onlar isə bunu tərcümə ediblər ki, məni məcbur etdilər – “menya zastavili”. “Zastavili i vınudili” - bunlar ayrı-ayrı şeylərdir”.
APA İnformasiya Agentliyi olaraq məsələyə aydınlıq gətirilməsi məqsədilə bəyan edirik ki, R. İbrahimbəyovun müsahibəsində heç bir təhrifə yol verilməyib. Bunu müsahibənin lent yazısı da sübut edir.
Rüstəm İbrahimbəyov müsahibəsində vahid namizədliklə bağlı bunları deyib: “Amma mən sizə bir şey deyim. İş ondadır ki, mənim heç fikrimdə də deyildi axı, mən vahid namizəd olum. Mən, deməli... Məni məcbur elədilər. Milli Şuranın yaradılmasında mənim rolum məlumdu də, bu mənim təşəbbüsüm idi. Fevraldan iki-üç ay çəkdi. İyunda məqsədimizə çatdıq və orda məni Milli Şuranın sədri seçdilər. Və mən dedim ki, mənim rolum bu olmalıdır. Lakin dedilər yox, sən vahid namizəd olmalısan. Olmasan... Gördüm ki, bunlar biri-biri ilə dil tapa bilməyəcəklər”.
Müsahibənin rus dilinə tərcüməsində də hər hansı yanlışlığa yol verilməyib. “Məni məcbur elədilər” cümləsi “Menya vinudili” kimi tərcümə olunub ki, burada da hər hansı yanlışlıq yoxdur.