Moskvada Rusiya vətəndaşı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Orxan Zeynalovun kobud şəkildə həbs edilməsi və bir şəxsin qətlə yetirilməsi ilə bir sıra məsələlərin gündəmə gəlməsi müxtəlif sualları ortaya qoydu.
Belə ki, Rusiya KİV-i və hüquq-mühafizə orqanlarının məhkəmə qərarı olmadan Zeynalova qatil damğası vurması və onun Şəmkirin Seyfəli kəndində yaşayan valideynlərini hətta yerli KİV-dən tez taparaq oğullarının qətl törətməsinə görə bütün Rusiyadan üzr istəməyə məcbur etməsi maraq doğuran məsələdir. Çünki baş verənlərdə qərəz, birtərəflilik, beynəlxalq konvensiyaların, dövlətlərarası münasibətlərin və beynəlxalq hüquqların etikasına və fəlsəfəsinə zidd olan məqamlar olduqca çoxdur.
Bunu ssenari və siyasi texnologiya olduğuna dair rəylər var. Onlara həssas yanaşmaq lazım gəlir. Çünki hadisənin baş verdiyi ölkədə: 1. daxili problemlərdən siyasi mübarizədən cəmiyyəti yayındırmaq; 2. xalqa problemlərin səbəbkarı kimi “gəlmələr”i göstərmək; 3. müxalifətin güclənməsinin qarşısını almaq və s. məqsədlərlə adi məişət xarakterli cinayətdən "siyasi şou düzəldilməsi" başqa cür izah edilə bilməz.
Orxan Zeynalovun qətl törətməsini hələ məhkəmə sübut etməlidir. Bütün normal ölkələrin qanunvericiliyində olduğu kimi, Rusiya qanunlarında da, elə Rusiyanın da qoşulduğu beynəlxalq konvensiyalarda da “təqsirsizlik prezumpsiyası” deyilən bir müddəa var. Və həmin müddəa cinayəti məhkəmə tərəfindən sübut edilməyən şəxsə “cinayətkar” demək haqqı vermir. Rusiya mətbuatı və Rusiyanın rəsmiləri indiki halda beynəlxalq hüququn bu mühüm müddəasını ayaqlar altına atırlar.
Orxan Zeynalovun həbs olunması qanunidir. Ortada ölüm faktı var, cinayəti törətməkdə şübhəli bilinən şəxs var və o, həbs edilib. Normal istintaq aparılmalı, günahı sübut edilərsə, qanuni cəza almalıdır! Bu aksiomdur, tamamilə normaldır! Deməli, bu qətlə milli rəng vermək, bu faciədən şou düzəltmək kimlərəsə lazımdır. Ən dəhşətlisi isə odur ki, Rusiya KİV-in bu mövzuda ritorikasına Rusiyanın rəsmi dairələri səxavətlə rəvac verir və bəlkə də bu ritorikanı bir az da alovlandırırlar. Və bu ritorika Rusiyada yaşayan azərbaycanlılara, bütövlükdə qafqazlılara qarşı təhqir və təzyiqlərə yol açır.
Nəticə isə özünü çox gözlətmir. Moskvada 27 yaşlı Azərbaycan vətəndaşı Ruslan Qaraxanlı vəhşicəsinə qətlə yetirilir... Qəribədir ki, bu hadisələrin baş verdiyi ərəfədə Moskva yaxınlığında daha bir ölüm faktı qeydə alınıb.
Miqrantlar: statistika
Rusiya dövləti miqrantların sayına görə Avropada 1-ci, dünyada 2-ci yer tutur. Bu ölkədə 12 milyondan 14 milyona qədər xarici gəlmə yaşayır. Onların 8,8 milyonunun leqal statusu yoxdur. Miqrantlar Rusiyaya ziyanmı gətirir, yoxsa xeyir verir?
Gəlin rəsmi məlumata baxaq: Rusiyada miqrasiya idarəsinin rəisi Viktor Solodovnikov deyir ki, miqrant əməyi Rusiya üçün iqtisadi baxımdan çox faydalıdır. Ekspertlərin hesablamalarına görə 1 miqrant rublu Rusiya iqtisadiyyatına 6 rubl mənfəət gətirir. Bu, hələ ola bilsin ki, tam dəqiq rəqəm deyil. Rusiya miqrantları deportasiya edə bilməz. Rusiya iqtisadiyyatı və cəmiyyəti miqrantlarsız yaşaya bilməz.
Son illər Rusiya hökuməti depopulyasiyanı kompensasiya etmək məqsədilə miqrasiya siyasəti və miqrant axını məsələlərində müsbətə doğru meyllənmişdir. O da qeyd edilir ki, Rusiyanın özünün 6 milyon vətəndaşı işsiz, 4 milyonu evsizdir.
Hər il paytaxt Moskvaya 2 milyon xarici vətəndaş gəlir. Onların 300 mini işə düzəlir. 2012-ci ilin kriminal statistikasına görə, Rusiya ərazisində 1 252 800 cinayət qeydə alınıbsa, 42 650-si xaricilər və gəlmə vətəndaşlar tərəfindən törədilib. Bu, 2011-ci illə müqayisədə 5 dəfə az göstəricidir.
"Rusiya Miqrantlar Federasiyası" təşkilatı dünyanın 40 ölkəsinin diaspor təmsilçilərini birləşdirir. Son zamanlar “etniklərin cinayətkarlığı” ətrafında çoxlu səs-küy qalxmaqdadır. Cinayətkarların milliyyətinə görə seçilməsi ən qərəzli və yolverilməz haldır. Ümumiyyətlə, son dövrdə miqrantlar və cinayətkarlıq mövzusunda olduqca ziddiyyətli və bir-birini təkzib edən məlumatlar Rusiya mətbuatında yer almaqdadır. Məsələn, Moskva prokuroru Sergey Kudeneyev cəmi 2 həftə əvvəl deyir ki, miqrant cinayətkarlığı 2008-ci ildə 16 min olubsa, 2012-ci ildə 8 minə düşüb, yəni iki dəfə azalıb. Bu gün isə o qeyd edir ki, bu şəhərdə hər ikinci cinayət şəhərin qonaqları tərəfindən törədilir. Moskvada miqrant cinayətkarlığı 2013-cü ilin birinci yarısında 60% artıb. Bütün hallarda real rəqəmlər və səmimiyyətin olmasına şübhələr yaranır.
İğtişaşların baş verdiyi Qərbi Biryulevo rayonunun sosial göstəricilərinə nəzər salaq: 2013-cü ilin I yarısında 6 aya 138 miqrant, oktyabr ayının 14-də bircə günə 1200 (!) miqrant aşkarlanıb! Bu nə deməkdir? Müvafiq təşkilatlar hara baxır?
İğtişaşların baş verdiyi rayon kriminogen baxımdan kifayət qədər normal hesab ediləcək, Rusiyanın bəlkə də ən sakit bölgələrindəndir - burada 87 348 əhali yaşayır. Bundan danışmaq lazımdır. 2013-cü ilin 1-ci yarısı üçün hər 10 000 nəfərə düşən cinayət hadisəsinin sayı 51,3-dür. 2012-ci ildən burada insanlarla hüquq-mühafizə orqanları arasında birbaşa xətt yaradılıb ki, gəlmələrin müvəqqəti sığınacaq kimi qaldığı yerlər haqda dərhal xəbər versinlər. İlk yarımildə 1602 müraciətdən cəmi 48 müraciətə baxılıb ki, bunlar da vergi qanunvericiliyi ilə bağlıdır. Hüquq-mühafizə orqanlarının son dərəcə passiv reaksiyasını da yazırlar.
Bu yaşayış bölgəsində özü də XXI əsrdə bir dənə də olsun kino teatr, muzey, konsert zalı yoxdur! Təsəvvür edirsinizmi? Biryulevo rayonunda normal marşrut, metro, əyləncə mərkəzi, park yoxdur. Bütün bunların günahını Orxan Zeynalovun üzərinə yıxmaq mümkün deyil.
Təməl prinsiplər, ilkin qənaətlər var və yekdilliklə qəbul edilib. Qətl hadisəsi məişət zəminində törədilib. Bunun nə ittiham edilən şəxsin, nə də zərərçəkən cinayət qurbanının milliyyətinə heç bir dəxli yoxdur! Onların taleyi əksinə də ola bilərdi və buna milyonlarla misal çəkmək olar: cinayətkar rus, qurban azərbaycanlı, özbək, tacik, erməni və s. ola bilərdi və dəfələrlə olub. Necə ola bilər ki, bu hadisə ajiotaja çevrilərək serial kimi izlənildi və hay-küy yaradıldı?
Azərbaycan dövləti, siyasi hakimiyyət vətəndaşının, soydaşının həmişə - istər fərəhli, istərsə də üzücü məqamlarında beynəlxalq hüququn verdiyi imkanlar çərçivəsində zəruri dəstəyini və siyasi iradəsini hər dəfə bəyan edib, ortaya qoyub. Yetər ki, baş verən bütün məsələlər hüquq və qanun müstəvisində həll olunsun. Bu hadisənin gedişində də harada olmasından asılı olmayaraq, Azərbaycan dövlətinin öz vətəndaşına sahib çıxması gözlənilən, təbii və labüd idi.
Konkret halda cinayət əməlindən söhbət gedirsə, sivil dünyanın hüquqi qaydaları, normaları və prinsipləri mövcuddur. "Təqsirsizlik prezumpsiyası" deyilən təməl insan hüquqları mövcuddur. Biz orta əsrlər də yaşamırıq ki.
- Bu hadisə başlanğıcından qanunsuzluqların olmasını üzə çıxarır. Bunlar göstərir ki, Rusiyanın miqrasiya ilə bağlı tənzimləməli olduğu ciddi problemlər var və onlar həll edilməlidir. Mövcud Rusiya qanunvericiliyinə görə, icazəsi olmayan gəlmə 10 gündən sonra deportasiya olunmalıdır. O zaman niyə bu edilməyib, qanun işləməyib? Bu cür halları ört-basdır etmək üçün şou düzəltmək lazım deyildi.
- Daha sonra qeyri-dəqiq, yalan məlumatlar verildi - Rusiyada 10 ildən çox yaşaması, Azərbaycanda qətlə görə axtarışda olması və s. və i.a. Halbuki sonradan deyilənlərin həqiqətə uyğun gəlməməsi aşkara çıxdı.
- Orxan Zeynalovun saxlanılması zamanı ona qarşı hüquq-mühafizə orqanlarının insanlığa sığmayan rəftarı, qəddarcasına döyülməsi, qollarının burulması, avtomobildə ayaq altına atılması, işgəncələrə məruz qalması, xüsusi helikopterlə daxili işlər nazirinin (!) hüzuruna gətirilməsi və s. kimi əməliyyat çəkilişlərinin telekanallarda nümayiş olunması nə üçün lazım idi? Mənim deputat həmkarım Yevda Abramovun haqlı olaraq dediyi kimi, məgər Azərbaycanda hər məişət cinayəti törədən adamın daxili işlər naziri Ramil Usubovun otağına gətirilməsini kimsə görübmü? Bunlar sağlam məntiq baxımından ağla gəlməyən hərəkətlərdir.
- Baş verən hüquqa zidd rəftar o dərəcədə etiraz doğurdu ki, hətta rus millətçisi də, alimi və professoru da, insan haqları müdafiəçiləri, vəkillər və ictimaiyyət nümayəndələri, bloggerlər bu şounu yersiz sayaraq tənqid etdi, hətta erməni yazıçısı da bunu hiddətlə qarşıladı. Onların ümumi rəyinin məzmunu belə səslənir: "Aydın deyil ki, əllərinə qandal keçirilmiş, yerə uzadılmış adamı kameraların qarşısında döymək nəyə lazımdır. Bu görüntüləri kameralara çəkmək və bütün dünyaya nümayiş etdirmək hüquq-mühafizə orqanlarının yersiz və gülünc hərəkətidir".
- Azərbaycanın hədəf kimi alınmasına gəldikdə isə, əvvəla, hadisə yerindən reportajlardan göründüyü kimi, orada Rusiya vilayətlərindən - Krasnodardan, Stavropoldan olan, məhsulları zay olan satıcıların naəlac, kədərli müsahibələrini yəqin ki, hamı izlədi. Şərhçilərin ən çox yekdilliklə istifadə etdiyi "bumeranq effekti" xüsusilə yadda qaldı və mənə elə gəlir ki, bu hadisələrdə səmimi olmayanlar, riyakarlığa xidmət edənlər hələ uzun müddət onun nəticələrinə qatlanmalı olacaqlar. Bu isə həmişə "özünüifşa" kimi qayıdır.
- Bunlar adi işlər deyil. Hər bir insan fundamental hüquqlara malikdir. Böyük Britaniyada dini radikallığı sübut edilən bir nəfəri deportasiya etmək üçün bu ölkə İnsan Haqları Konvensiyasından müvəqqəti çıxmaq yollarını araşdırır. Çünki beynəlxalq hüquq anlayışı var. Konvensiyanın 15-ci maddəsi buna imkan verir. Həmin maddədə deyilir ki, “hər hansı bir ölkə müharibə vaxtlarında və ya ölkə vətəndaşlarının həyatının təhlükə altında qaldığı fövqəladə hallarda Konvensiyanı tərk edə bilər”.
Bu hadisələrdə ibrət dərsləri var, xalqımızın, cəmiyyətimizin diqqətə alacağı mesajlar var. Onları dərindən təhlil etməliyik.
Biz daha ayıq, daha birlikdə olmalıyıq. Daha refleksiv həssas və güclü olmalıyıq. Milli gücü bir nöqtəyə yığanda qarşımızda heç nə dayana bilməz.
Azərbaycan xalqı yekdilliklə seçkidən sabitlik və qələbə ilə çıxdı. Azərbaycanın seçkini müvəffəqiyyətlə başa vurması qarşıdakı illərdə onun ancaq irəliləməsi deməkdir. Bu çoxlarını qıcıqlandırdı.
Mürəkkəb məqamlarda MİLLİ BİRLİYİN TƏNTƏNƏSİnin nəyə qadir olmasını xalqımız dəfələrlə görmüşdür. AZƏRBAYCAN artıq 90-CI İLLƏRİN ölkəsi deyil - QƏFİL MƏQAMLARDA TEZ TOPARLANMAĞI, YEKDİL ƏZM ORTAYA QOYMAĞI BACARIR. BELƏ XALQA ZAVAL YOXDUR. HƏM DƏ BUNU SİVİL VƏ HÜQUQ MÜSTƏVİSİNDƏ EDİR, HƏR KƏSİ DƏ BUNA DƏVƏT EDİR.
Dövlət-vətəndaş cəmiyyətinin birliyi
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirir ki, Moskva kimi bir meqapolisdə, yaxud da başqa meqapolislərdə belə hadisələr hər sutka baş verir: "Bu, nadir hadisə deyil. Polis üçün adi iş günüdür. Siz baxın, bunun ətrafında necə bir isteriya yaratdılar. Bütün bu əhvalat, mən deyərdim ki, isteriya KİV tərəfindən qızışdırılır. Yeqor Şerbakovun ölümü və hansısa tərəvəz bazası ilə bağlı hadisə fərqli-fərqli hadisələrdir”.
Azərbaycan parlamentarları isə hadisədə Zeynalovun ilk andan nümayişkaranə formada işgəncəyə məruz qalmasını, nazirin kabinetində təhqir olunmasını konvension hüquqların açıq şəkildə pozulması olduğu qənaətindədirlər.
İnanmaq istəməzdik ki, Azərbaycana siyasi təzyiqlər barədə deyilənlər düz olsun...