Qüdrət Həsənquliyev: “...bizə kimsə dəstək vermir” - MÜSAHİBƏ
03 may 2013 15:23 (UTC +04:00)

Qüdrət Həsənquliyev: “...bizə kimsə dəstək vermir” - MÜSAHİBƏ

“Dağlıq Qarabağ məsələsində Avropadan dəstək gözləməyimizə dəyməz”

 

NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi

 

- Qüdrət bəy, ötən ayın sonlarında Gürcüstan paytaxtında NATO PA-nın növbəti seminarı keçirildi və sizin də iştirak etdiyiniz bu toplantı ciddi diskussiyalarla yadda qaldı.

 

- Bu, NATO PA-nın 83-cü “Rouz-Ross” seminarı idi. Azərbaycan nümayəndə heyəti iki nəfərdən ibarət idi - deputat Məlahət İbrahimqızı və mən. Seminarın mövzusu Cənubi Qafqazda təhlükəsizlik, regionda demokratik vəziyyət, vətəndaş institutlarının inkişafı, regional iqtisadi inkişaf və ən əsası, Cənubi Qafqazın avroatlantik məkana inteqrasiyası idi.

 

- Erməni tərəfi iştirak edirdimi?

 

- Edirdilər. Hətta onların müdafiə nazirinin müavini də qatılmışdı. Amma onlardan fərqli olaraq, bizdən rəsmi şəxs yox idi, yalnız biz deputatlar idik.

 

- Seminarın ilk günü deyəsən Tomas de Vall ilə mübahisəniz olub. Bu barədə məlumat verə bilərsinizmi? Axı Tomas de Vall adətən Azərbaycanın mövqeyini müdafiə edən şəxs kimi tanınır...

 

- Xeyr. Onu ermənilər azərbaycanlıların mövqeyini müdafiə edən şəxs kimi təqdim edirlər. Bu, ermənilərin taktikasıdır. Çünki kim nə vaxtsa bir balaca obyektiv mövqe nümayiş etdirirsə, ermənilər dərhal onu şantaj edirlər, azərbaycanlıların mövqeyini müdafiə etməkdə ittiham edirlər və nail olurlar ki, həmin adam azacıq da olsa obyektiv mövqe nümayiş elətdirə bilməsin.

 

Tomas de Vallın seminardakı məruzəsi kifayət qədər qeyri-obyektiv idi. Təsəvvür edin ki, Cənubi Qafqazdan, Azərbaycan-Ermənistan münaqişəsindən danışır, amma məruzəsində bir kəlmə də Rusiyanın burada oynadığı roldan, Ermənistana himayəçilik etməsindən və BMT-nin 4 qətnaməsinin yerinə yetirilməməsindən danışmır. Bu necə ola bilər ki, münaqişə haqqında danışasan, amma bu problemə dair BMT-nin yerinə yetirilməyən 4 qətnaməsi haqqında danışmayasan?... Tomas de Vall münaqişəni belə təqdim eləməyə çalışırdı ki, bu, sadəcə Azərbaycanla Ermənistan arasında olan konfliktdir. Mən də buna kəskin etiraz elədim ki, əvvəla, Ermənistan müstəqil dövlət deyil, amma siz çalışırsınız ki, onu müstəqil dövlət kimi təqdim edəsiniz. İkincisi, məruzədə Azərbaycanın işğal olunmuş rayonları barədə məsələnin üzərindən tam sükutla keçilir. Burada Ermənistanın Avropa Şurasının, Avropa Parlamentinin, digər beynəlxalq təşkilatların qərarlarını icra etməməsi barədə danışılmır. O da bütün bu iradlarıma absurd və gülməli bir cavab verərək bildirdi ki, Ermənistan necə müstəqil deyil ki, prezident Serj Sarkisyan Gürcüstan prezidenti Mixail Saakaşviliyə medal verdi, təbrik etdi... Sonra da absurdluğa davam etdi ki, “deyirsiniz, Ermənistan Rusiyanın forpostudur. Amma sizin prezidentin də Dmitri Medvedev ilə yaxşı əlaqələri var”. Bir sözlə, çox anormal və gülünc cavablar verirdi. Mən ona deyirəm ki, Ermənistanda Rusiyanın böyük hərbi bazası yerləşir, bu ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və buna görə sərhədlərini Rusiya qoruyur və sair. Cavab verdi ki, Rusiya sizə də silah satır. Mən bəyan etdim ki, biz bunu normal və qanuni ticarət yolu ilə alırıq, Ermənistana isə satılmır, hədiyyə edilir. Əgər bunu görmürsünüzsə, yaxud görmək istəmirsinizsə, bu, tamam başqa məsələdir...

 

Ermənistan müdafiə nazirinin müavininə də kəskin suallar ünvanladım ki, siz faktiki surətdə Dağlıq Qarabağda yaşayan erməni əsilli 120 min Azərbaycan vətəndaşını girova çevirmisiniz, özünüz pis yaşamırsınız, amma gedin Dağlıq Qarabağda yaşayan ermənilərin vəziyyətinə baxın. Bildirdim ki, siz bu konfliktdən istifadə edərək öz hakimiyyətinizi qorumağa çalışırsınız. Sarkisyan və Köçəryan da vaxtilə hərbi səhra komandirləri olublar və Rusiya baş hərbi kəşfiyyatına bağlı adam olublar. Ona sual verdim ki, izah edə bilərsinizmi, 1999-cu ildə Ermənistan parlamentinin iclasında Karen Dəmirçiyan və Vazgen Sarkisyan niyə güllələndilər? Çünki onlar bu problemi Rusiyanın monopoliyasından çıxarmaq istəyirdilər, qonşu xalqlarla mehriban münasibət istəyirdilər və Ermənistanın bu mənasız işğalçılıq siyasətinə son qoymaq istəyirdilər. Bundan başqa, siz fikir yaradırsınız ki, biz azərbaycanlılar ermənilərlə birgə yaşaya bilmərik. Halbuki münaqişə başlayana qədər bir çox qonşu xalqlar azərbaycanlılar və ermənilərin birgə yaşayışına və dostluğuna qibtə edirdilər. Bu konflikt başlayana qədər 30 mindən çox erməni qızı azərbaycanlıya ərə gedib və münaqişə başladıqdan sonra bunların çoxu Azərbaycanı tərk edib. Əgər bu qədər azərbaycanlı bu qədər erməni ilə evlənirdisə, görün münasibətlər nə qədər yüksək səviyyədə olub və sair...

 

Bir erməni deputat cavab verdi ki, “bu, doğru informasiya deyil, mən özüm bir dəfə Bakıda oldum, dedim gətirin mənə burada o dediyiniz ermənilərdən göstərin, amma göstərə bilmədilər”. Daha sonra erməni deputat Aleksandr İskəndəryan ortaya belə bir fikir atdı ki, “siz bizi başa düşün, biz 18-ci əsrin insanlarıyıq, bizdən 21-ci əsr insanlarının davranışlarını gözləməyin”. Mən bildirdim ki, siz bunu ermənilərə aid edə bilərsiniz, Azərbaycan haqqında belə bir fikir söyləmək düzgün deyil, heç inanmıram ki, sizin bu fikrinizi ermənilər də qəbul eləsin. Sadəcə, Ermənistanda əhali qorxu altında saxlanılır. Eyni zamanda ermənilərin bir hissəsi - millətçilər “Böyük Ermənistan” yaratmaq xəstəliyinə yoluxublar, Rusiya bundan çox gözəl faydalanır və beləliklə də bölgədə öz maraqları üçün fürsət əldə edir. Ona irad tutdum ki, deyirsiniz guya Türkiyə də ikinci bir Azərbaycan deməkdir və guya iki Azərbaycan arasında qalmısınız. Amma sizin prezident Sarkisyan balaca məktəblilərlə görüşündə deyir ki, “Qarabağı biz azad elədik, Qərbi Ermənistanı, yəni Türkiyənin şərqini də azad eləmək sizin boynunuza düşür”. Onlara onu da irad tutdum ki, Türkiyə ilə münasibətlərə gələndə islam faktorunu ortaya atırsınız, İranla az qala Rusiya səviyyəsində müttəfiqə çevrilmisiniz, lakin bu barədə heç danışmırsınız. Sadəcə, deyirsiniz ki, İran-ABŞ münasibətləri gərgindir deyə biz İranla münasibətləri inkişaf etdirə bilmirik. Daha hansı səviyyədə inkişaf elətdirəcəksiniz ki? Əksinə, İranın Ermənistanla hərbi, iqtisadi, mədəni, ümumiyyətlə, bütün sahədə əlaqələri yüksək səviyyəyə çatıb.

 

Bütün bu iradlara rəğmən, seminarda bir xristian həmrəyliyi müşahidə olunurdu. Ümumiyyətlə, Türkiyəni çıxmaq şərtilə NATO bir xristian klubudur və həmişə də bu, müşahidə olunur. NATO-nun bu seminarında olduğu kimi, həmişə burada Türkiyədən olan deputatların varlığı hiss olunmur. Mən 7 ildir NATO PA-nın müxtəlif seminarlarında iştirak edirəm, həmişə Türkiyədən olan deputatların lal-dinməz iştirakını görmüşəm. Hətta Türkiyənin özünə toxunan məsələlərdə də susurlar. Elə bu seminarda da ermənilər Türkiyənin əleyhinə iddialar səsləndirsələr də, türklər dinmədilər. Digər xristian nümayəndələrə gəldikdə isə, bizim söylədiklərimiz tək erməniləri yox, elə onları da qıcıqlandırırdı. Ona görə də bir çox hallarda mənim çıxışımı kəsirdilər. İclasa sədrlik edən Natali Qule hər dəfə mənim çıxışımı yarıda qoyurdu. O, daha çox çalışırdı bizim deputatımız Məlahət İbrahimqızını inandırsın ki, seminarda Məlahət xanım belə bir təkliflə çıxış etsin ki, “ermənilər imkan versinlər biz azərbaycanlılar işğal altında olan yaxınlarımızın qəbirlərini ziyarət edək” və s... Biz də onu başa salırdıq ki, axı biz ora getsək ermənilər də bizdən Azərbaycanda onlara məxsus qəbirləri ziyarət etmələrinə şərait yaradılmasını istəyəcəklər. Elə ermənilər də istəyirlər ki, indiki “status-kvo” şəraitində gediş-gəliş olsun, işğal unudulsun, sərhədlər açılsın, ticari əlaqələr qurulsun və sair. Ermənilər elə bu seminar boyunca çalışırdılar ki, sərhədlərin açılması gündəmə gəlsin. Keçən ayın 18-də Strasburqda Avronest PA-nın Büro iclasında da eyni fikirlər, təkliflər onlar tərəfindən səslənirdi. Bu fikir Avropa tərəfindən dəstəklənir. Orda da, burda da onların bu absurd fikrinə qəti etiraz edərək bildirdim ki, necə olar, qonşu dövlətin 20 faiz torpağını işğal altında saxlayan Ermənistana təsir göstərilmir, amma zərərçəkən olan bizə təklif olunur ki, işğalçı ilə iqtisadi əlaqələr qurun, əməkdaşlıq edin.

 

Seminarda erməni deputat Aleksandr İskəndəryan açıq şəkildə bəyan etdi ki, bu problem ona görə öz həllini tapa bilməz ki, Azərbaycan Dağlıq Qarabağa yalnız konfliktə qədər olan statusu vermək fikrindədir. Orada erməni deputatın bu fikrinə cavab olaraq özünü konfliktin araşdırmaçısı kimi təqdim edən və QHT rəhbəri olan erməni xanıma bildirdim ki, konfliktə qədər Dağlıq Qarabağın köhnə statusu muxtar respublika idi və Konstitusiyası yox idi, əsasnamə ilə tənzimlənirdi. Amma biz hazırda Dağlıq Qarabağa dünyada ən yüksək səlahiyyətlərə malik olan muxtar respublika statusu verməyə hazırıq. Beynəlxalq zəmanətlə, Ermənistanın zəmanəti ilə və sair. Bu şərtlə iqtisadi, siyasi və sair əlaqələrin qurulmasında maraqlıyıq və buna qarşı deyilik. Erməni xanımdan soruşdum ki, siz bu konfliktlə məşğulsunuz və bizim bu fikrimizi Ermənistan ictimaiyyətinə çatdırırsınızmı ki, Azərbaycan nə təklif edir? Yoxsa Arzumanyan kimi, İskəndəryan kimi erməniləri aldadırsınız? Təəssüf ki, bu məqamda yenə Natali Qule mənim sözümü yarımçıq kəsdi və iradlarımıza reaksiya verilmədi.

 

Ümumiyyətlə, bütün bunları ona görə deyirəm ki, üzdə dostluqlarını bizə bildirsələr də, belə prinsipial məsələlərdə öz mövqelərini ortaya qoymaq əvəzinə, bizə bu mövzuda danışmağa imkan vermirlər. Hər yerdə belə edirlər. Ona görə də deməyim odur ki, bizim bu məsələdə Avropadan dəstək gözləməyimizə dəyməz. Düzdür, orada İtaliyadan və Polşadan olan deputatlar mənim fikirlərimdən sonra çıxış edərək bildirdilər ki, bəlkə həqiqətən bu konfliktin həlli üçün Ermənistanla yox, Rusiya ilə oturub danışmaq lazımdır? Ona görə də demək olmaz ki, NATO PA-da hamı vicdanını itirib. İtirməyənlər də var. Amma əksəriyyət söylədiyim kimi, erməni simpatiyası nümayiş etdirir, erməni diasporları ilə alış-verişləri var və s...

 

Həm NATO PA-da, həm də digər Avropa təşkilatlarında bu məsələlərin eyni formada gündəmə gəlməsi göstərir ki, bütün bunlar eyni mərkəzdən idarə olunur, konkret tapşırıqdır. Sözsüz ki Ermənistanın marağından çıxış olunan bir ideyadır. Çünki həmin qüvvələr bir dəfə də olsa belə seminarlarda ermənilərin çıxışlarını bizimki kimi kəsmirlər. Ona görə də bu tipli tədbirlərdən sonra əmin oluram ki, yeganə yolumuz güclü və böyük dövlət qurmaqdır. Çünki bu seminar da göstərdi ki, bizə kimsə dəstək vermir.

 

Hətta seminarda məni dəhşətə gətirən o oldu ki, gürcü deputatlar da ermənilərə öz simpatiyalarını gizlətmirdilər. Çox maraqlı idi ki, bütün nümayəndə heyətlərinin mənsub olduqları dövlətlərin səfirləri, səfirlik nümayəndələri bu tədbirdə iştirak etdiyi halda, bizim masada səfirimiz üçün ayrılan masa boş idi. Hansı ki orada qeyd elədiklərim kimi Azərbaycan üçün əhəmiyyətli diskussiyalar gedirdi...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 613
avatar

Oxşar yazılar