Qazaxıstan da TAKM-a üzv olmaq istəyir
20 fevral 2013 15:07 (UTC +04:00)

Qazaxıstan da TAKM-a üzv olmaq istəyir

Qazaxıstanın yaxın vaxtlarda təşkilata üzv olması gözlənilir, Özbəkistan, Əfqanıstan və Gürcüstan da TAKM-a marağını ifadə edib

 

 

 Bu il yanvarın 25-də Bakıda Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan tərəfindən təşkil olunmuş, TAKM adlanan Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının yaxın perspektivdə yeni ölkələr hesabına coğrafiyasının genişlənəcəyi proqnozlaşdırılır. APA-nın əldə etdiyi məlumatlara görə, TAKM-ın üzvləri tərəfindən imzalanmış təsis sənədlərində təşkilatın üzvlüyə maraqlı olan bütün dövlətlər üçün açıq olduğu vurğulanıb.

 

Təsis toplantısından sonra sədr ölkə olan Türkiyənin Jandarma Qüvvələri Baş Komandanlığı vurğulayıb ki, TAKM Avrasiya bölgəsində yerləşən və təşkilatda təmsil olunan ölkələrin hərbi statuslu hüquq-mühafizə təşkilatları arasında əməkdaşlığı gücləndirmək məqsədi ilə təsis olunub, heç bir dövlətə və təşkilata qarşı deyil.

 

Asiyada FİEP modeli

 

Avropa və Aralıq Dənizi Jandarma və Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatı – FİEP modeli əsas götürülərək yaradılan TAKM öz missiyasını da məhz bu model əsasında müəyyənləşdirib. Hazırda TAKM-ın təsisçilərindən və aparıcı qüvvələrindən olan Türkiyə Jandarma Qüvvələri 1998-ci ildən FİEP-in üzvüdür.

 

Məlumat üçün bildirək ki, TAKM-ın emblemində türkdilli xalqların mifologiyası və ədəbiyyatında ən çox müraciət olunan at simvolu və iştirakçıların sayını əhatə edən 4 ədəd ulduz əksini tapıb.

 

FİEP-də olduğu kimi, TAKM-da daimi qərargah nəzərdə tutulmayıb. Təşkilatın katibliyi və sədrliyi rotasiya əsasında hər il bir dövlətdə olacaq. Təşkilatın ali orqanı Komandanlar Şurasıdır. 2014-cü ilin may ayınadək TAKM-a sədrlik və katiblik Türkiyə Jandarma Baş Komandanlığındadır.

 

TAKM-ın əsas funksiyası üzv ölkələrin Daxili Qoşunları və Jandarma Komandanlıqlarını əlaqələndirmək, inteqrasiyanı təmin etmək, terrorizm və digər təhdidlərə qarşı mübarizəni gücləndirmək məqsədilə qüvvələr arasında koordinasiyanın təşkili, islahatlara yardım, təcrübə mübadiləsi aparmaqdır.

 

Bu kontekstdə müvafiq qurumlar arasında qarşılıqlı səfərlərin təşkili, inteqrasiya prosesində üzv ölkələrə ehtiyac duyulan yardımların göstərilməsi, ortaq standartların hazırlanması nəzərdə tutulur. TAKM çərçivəsində üzvlər bir-birinə kadrların hazırlanması, təlimlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması, habelə texniki yardımlar göstərəcəklər. Bundan başqa, gələcəkdə TAKM çərçivəsində üzv təşkilatların müvafiq bölmələrinin iştirakı ilə birgə təlimlərin keçirilməsi planlaşdırılır. Artıq tərəflər arasında bu mövzuda ilkin razılığın mövcud olduğu və bir müddət əvvəl Azərbaycanın Türkiyədəki hərbi attaşesinə birgə təlim üçün memorandumu imzalamaq səlahiyyətinin verildiyi bildirilir.

 

Genişlənmə olacaq

 

APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, yaxın perspektivdə TAKM-ın təsis toplantısına qatıla bilməyən Qazaxıstanın da bu təşkilatın üzvlüyünə qoşulması gözlənilir. Bununla yanaşı, Özbəkistan, Əfqanıstan və Gürcüstan da TAKM-a marağını ifadə edib.

 

Təsisçilərin fikrincə, hərbi blok funksiyası daşımayan, heç bir təşkilata və dövlətə qarşı yönəlməyən, yalnız əlaqələndirici rola malik TAKM-ın Avrasiya regionunda genişlənməsi üçün ciddi maneə gözlənilmir. 

 

Aparıcı qüvvə – Türkiyə

 

TAKM-ın əsas təsisçilərindən və ideya müəlliflərindən olan Türkiyə həm üzv dövlətlərin, həm də yaxın perspektivdə üzvlər sırasına daxil olması gözlənilən digər adıçəkilən ölkələrin ordu quruculuğunda mühüm rol oynayır. 2005-ci ildən etibarən adıçəkilən dövlətlərin silahlı qüvvələrinin müasirləşdirilməsində Türkiyənin rolu daha da artıb. Beynəlxalq təşkilatların və mərkəzlərin hesabatlarında yer alan məlumatlara görə, TAKM-a üzv olan və üzv olmağa hazırlaşan keçmiş postsovet ölkələri son illər texniki yenilənmədə Türkiyə istehsalı olan müdafiə təyinatlı məmulatlara, silah və hərbi texnikalara, rabitə vasitələrinə, optik sistemlərə önəm verməkdədir. Hazırda hərbi və hərbi sənaye sahələrində Türkiyə Azərbaycan, Qazaxıstan, Türkmənistan və Qırğızıstanla birgə proqramlar reallaşdırır. Bu kontekstdə Türkiyə təkcə Azərbaycana 300 milyon dollara yaxın hərbi yardım göstərib. 1997-ci ildə Türkiyə Jandarma Baş Komandanlığı ilə Azərbaycan DİN Daxili Qoşunları arasında imzalanmış protokola uyğun olaraq, Jandarma Baş Komandanlığı tərəfindən Daxili Qoşunlara müxtəlif sahələrdə - kadrlarının hazırlanması, texniki təchizat, Qala Tədris Mərkəzinin yaradılması və s. olmaqla yardımlar göstərilib. Hazırda Daxili Qoşunlar komandanının müşavirlərindən biri Türkiyə Jandarma Baş Komandanlığının zabitidir. Türk zabitləri hazırda Qala Tədris Mərkəzində və digər strukturlarda xidmətlərini davam etdirirlər.

 

Türkiyə Qırğızıstan Silahlı Qüvvələrinin, o cümlədən Daxili Qoşunlarının təchizatında da yaxından iştirak edir. Son dəfə 2011-ci ildə Qırğızıstan Silahlı Qüvvələrinə və Daxili Qoşunlarına Türkiyə Müdafiə Nazirliyi tərəfindən təmənnasız hərbi texnika və əşya əmlakı bağışlanıb. 2010-cu ildə Qırğızıstan Türkiyə jandarma təhsil müəssisələrində təhsil alan zabitlərin sayının artırılması üçün müraciət edib. Hazırda Qırğızıstan Daxili Qoşunlarının strukturunda məsləhətçi qismində türk zabitləri xidmət etməkdədirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 963
avatar

Oxşar yazılar