Manisada “Şiir ikindileri”nin 52-ci festivalının açılışı olub.
Lent.az-ın məlumatına görə, Türkiyədə səfərdə olan millət vəkili Qənirə Paşayeva tədbirdəki çıxışında Türk dünyası aydınları, yazar, şair, araşdırmaçı və jurnalistlərinə üz tutaraq Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb.
Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib.
Q. Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından da danışaraq bildirib ki, hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır: “Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq”.
Bu məsələdə aydınlar, yazar, şair, araşdırmacı və jurnalistlərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili onları daha fəal olmağa çağırıb.
O, Manisanın mərkəzi parklarından birinə Xocalı, Salihlinin mərkəzi parklarından birinə Qarabağ adının, Manisanın mərkəzi küçələrindən birinə Şuşa, Salihlinin mərkəzi küçələrindən birinə Azərbaycan adının verilməsi ilə bağlı təkliflərini hər iki bələdiyyə başqanı və vali tərəfindən dəstəkləndiyini deyərək bu cür addımların önəmindən də danışıb.
Q.Paşayeva açılış iştirakçılarına Azərbaycan həqiqətlərinə dair materialları və özünün həmmüəllifi olduğu “Hocalı Soykırımı:tanıkların dilinden”, “Karabağ hikayeleri” və digər kitablarını hədiyyə edib.