Dünyanı ilk dəfə təəccübləndirən Beynəlxalq Araşdırmaçı Jurnalistlər Təşkilatı (BAJT)) buna qədər bizim ölkənin ictimai rəyini artıq bir neçə dəfə silkələməyə macal tapıb. Amma gəlin hər şeyi ardıcıllıqla danışaq.
Bəs Britaniya Virgin adalarındakı (BVİ) 120 min offşor şirkətə aid 2,5 milyona yaxın yazışmanı, bank hesabı sənədlərini, elə həmin bu şirkətlərin öz müştəriləri ilə elektron yazışmalarını, təsis sənədlərini tamamilə təsadüfən ələ keçirən bu təşkilat dünyanı necə, nə ilə təəccübləndirib?
Bu tipli sənədlərin açıqlanması informativ eksklüziv sayılır. Onları jurnalistlərə ya offşor şirkətlərin sahiblərinin özləri, ya da dünyanın aparıcı xüsusi xidmət orqanları verə bilər.
Vikiliks - pis unudulmuş keçmişdir
BAJT özü informasiyanın mənbəyi barədə danışmaqdan imtina edib. Təşkilatın (bu təşkilatın özünə hələ qayıdarıq) öz mənbələrini ələ verəcəyini düşünmək axmaqlıq olardı. Lakin indi bir şey dəqiq məlumdur - informasiyanın mənbəyi offşor şirkətlərin sahibləri deyil. İnformasiyanın əsl mənbəyinin kim olduğunu anlamaq üçün dəmir məntiqə və ya deduktiv təfəkkürə malik olmağa ehtiyac yoxdur. Hansı offşor şirkət özünü müflis etmək, indiki və gələcək müştərilərini qaçırmaq üçün özünün bütün müştəriləri haqda məlumat yayar? Bu ki, istənilən biznesmen və ya bankir üçün intihar etmək deməkdir! Təsadüfilik versiyasına yalnız o halda inanmaq olardı ki, jurnalistlərin əlinə Rusiya baş nazirinin müavini Şuvalovun və ya monqol məmurlarının dosyesi düşəydi. Halbuki burada söhbət bütün offşor şirkətlərin sahiblərinin adının açıqlanmasından gedir. Belə şeyləri etmək isə yalnız dünyanın ən güclü adamlarının imkanı və səlahiyyəti daxilindədir.
Vikiliks kartı oynanandan sonra hətta Hondurasdakı siyasi obıvatelə də bəlli oldu ki, İsveç ədalət məhkəməsi tərəfindən təqib olunması imitasiyası yaradılan (amerikalılar bütün dünyanın ictimai rəyini bu məsələdə bir neçə ay barmaqlarına dolaya bildilər) Assanc Amerika xüsusi xidmət orqanlarının işləyib hazırladığı layihədir. Assancdan sonra Vaşinqtona Amerikanın planlarının həyata keçməsində bu və ya digər dərəcədə mane olan liderlər və ya biznesmenlərlə bağlı informasiyaların sızdırılması üçün yeni layihə lazım idi.
Fikir verin: BAJT-in siyahısında kimlərin adı keçir? Putinin dostları, həmçinin Vaşinqtonun gündəmində olan başlıca məsələlərdən birinin “Maqnitski işi” üzrə sənədlər, sonra Əliyevin qızları, Gürcüstanda amerikalıların kefinə bir az soğan doğramış baş nazir İvanişvili, amerikalıların Ukraynadakı planlarını dəyişdirən Yanukoviçin sahibkar dostu Dmitri Firtaş, Venesuelanın ən əsas antiamerikan şəxsi, Uqo Çavesin müttəfiqi Xose Qutyerres, həddən artıq sol mövqe tutan və amerikalıları bu gün çox məsələdə qane etməyən Fransua Olland və digərləri... Başqa sözlə, fikir verin, araşdırmaçı jurnalistlərə yalnız amerikalılarla bu və ya digər zamanlarda fikir ayrılığı və ya problemi yaranan siyasi xadimlərlə bağlı informasiyaları ötürüblər.
Əlbəttə, siyahıda amerikalıların və britaniyalıların özlərinin də adı var. Lakin adi diş həkimlərinin, həkimlərin və xırda biznes nümayəndələrinin adları əslində heç nəyi ifadə və həll etmir. Məşhur adlara gəlincə isə bunlar Obama administrasiyasının sevmədiyi adamlardır. Məsələn, britaniyalı Neyl Heytel kimi. Amerikalılar onu İranla əməkdaşlıqda ittiham etmişdilər.
Vaşinqtondan olan konsorsium
Diqqətli oxucular bunu xatırlamalıdır: 2009-cu il iqtisadi böhranının ən qızğın vaxtında amerikalıların İsveçrə bankları məsələsi ilə bağlı qalmaqal yaranandan və bu qalmaqal nəhəng UBS bankı ilə ABŞ Federal Vergi Xidməti arasında qarşıdurmaya çevriləndən dərhal sonra Obama administrasiyası offşor vadilərlə mübarizənin faktiki olaraq anonsunu vermişdi. Amerikalılar İsveçrəni öz ərazisində “vergi vahələrini” becərmək hesabına “natəmiz rəqabət”də ittiham edirdilər. ABŞ İsveçrədən amerikalılara məxsus 52 min bank hesabını geri verməyi tələb edirdi. Bu əhvalatdan sonra Ağ Ev birmənalı şəkildə bəyan etdi ki, offşor şirkətlər məsələsinə əl bulayacaq. Özü də çox yaxın zamanlarda...
Yəni amerikalılar bir güllə ilə iki dovşan vurdular: həm nəhəng məbləğdəki kapitalın heç bir vergi ödənilmədən geri, öz iqtisadiyyatlarına qayıtmasını təmin etdilər, həm də öz siyasi rəqiblərini gözdən salmaq yolu ilə bütün dünyadakı “vergi vahələri”nə etimadı öldürdülər. ABŞ xüsusi xidmət orqanlarının bu çox parlaq əl işinə söz ola bilməzdi...
Və Vaşinqtonun bu xüsusi əməliyyatı Beynəlxalq Araşdırmaçı Jurnalistlər Təşkilatının köməyi ilə həyata keçirilmişdi. Yeri gəlmişkən, BAJT özü də amerikalılar tərəfindən yaradılıb və maliyyələşdirilir. Qeyd etmək yerinə düşər ki, prezident İlham Əliyevin qohumlarının biznesinin “əsas araşdırıcısı” olan jurnalist Xədicə İsmayılova da məhz bu təşkilatın sıralarındadır. ABŞ xüsusi xidmət orqanlarının yeni xüsusi əməliyyatına qədər də İsmayılovanın əlinə digər offşor zonalarla bağlı çox maraqlı sənədlər düşürdü. X.İsmayılovaya bu işdə BAJT-nin digər üzvü, ABŞ-ın digər təşkilatının - Mütəşəkkil Cinayətkarlıqla və Korrupsiya ilə Mübarizənin İşıqlandırılması Təşkilatının (OCCRP) yaradıcılarından biri və məsləhətçi redaktoru olan Dryu Sallivan çox yaxından kömək edirdi. İ.Əliyevin bütün yaxın-uzaq qohumlarının bütün offşor zonalardakı şirkətlərinin “iyini alan” həmin bu D.Sallivanın sözlərinə görə, ABŞ-ın dövlət və özəl mənbələri 2010-cu ildə bütün dünyada mətbuatın inkişafı üçün yarım milyard dollar vəsait ayırıb və bu pulların 12 faizi jurnalist araşdırmalarının dəstəklənməsinə sərf olunub. “Sponsorlar jurnalist araşdırmalarının aparılmasında maraqlıdırlar” - deyə D.Sallivan 2013-cü il, yanvarın 16-da Vaşinqtonda keçirilən Jurnalist Araşdırmaları Forumundakı çıxışında bildirirdi.
BAJT deyilən konsorsiumu da elə həmin bu SPONSOR yaradıb. Əsası 1997-ci ildə Vaşinqtondakı Beynəlxalq KİV-ə Amerika Yardım Mərkəzinin nəzdində qoyulan BAJT ABŞ və Britaniya fondları, o cümlədən Soros Fondu, Pakkard Fondu, Vaterloo Fondu və digərləri tərəfindən maliyyələşdirilirdi. Ən maraqlısı odur ki, BAJT jurnalistləri Virgin adaları əhvalatına qədər İraq və Əfqanıstanda araşdırmalarla, “Ümumdünya daşqını və iqlim dəyişiklikləri” mövzusundakı məşhur fiksiya ilə, Meksikanın tütün şirkətlərinin və cinayətkar sindikatlarının qaçaqmalçılığı mövzusu ilə məşğul olublar. Başqa sözlə, BAJT-nin vəzifəsi yalnız Amerikanın maraqları zonasına daxil olan yerlərdə işləmək, “araşdırma aparmaq”dır. BAJT-nin direktoru isə heç bir xüsusi qabiliyyəti ilə seçilməyən Cerard Rayldır. Miçiqan Universitetinin adi elmi işçisi olan C.Rayl əvvəllər Avstraliya və İrlandiya qəzetlərində çalışıb. O, Britaniya Virgin adaları məsələsi kimi böyük qəniməti əldə edəcək qədər qeyri-adi qabiliyyətlər, analitik ağıl sahibi deyil və karyerasında hansısa hay-küylü jurnalist araşdırması olmayıb.
Okeanda salınma ada var
Bəs nə üçün məhz Britaniya Virgin adaları? Qərbdə hələ də davam edən iqtisadi böhranla daha səmərəli mübarizə üçün başlıca offşor zonadakı nəhəng kapitalı geri qaytarmağı qərar aldılar. Dünya Bankının 2012-ci ilə olan məlumatına görə, bütün dünyada qeydə alınmış offşor şirkətlərin 40-50 faizə qədəri məhz Virgin adalarının payına düşür. Orada yarım milyondan çox aktiv offşor şirkət fəaliyyət göstərir. Bu adalarda offşor şirkətlərin çiçəklənməsi orada çox yumşaq qanunların olması ilə izah edilir. Yerli hakimiyyət orqanları adada qeydiyyata alınan şirkətlərin sahibləri haqında demək olar ki, heç bir informasiya tələb etmirlər. Yəni bir şirkəti, yaxud trast və ya bank hesabını qeydiyyata almaq üçün offşor şirkətləri qeydiyyata alan Sinqapurun “Portcullis TrustNet” və yerli “Commonwealth Trust Limited” şirkətlərinə müraciət etmək kifayətdir. Dünyanın hər yerindən olan yüz minlərlə biznesmen və sahibkar bu iki şirkətin xidmətlərindən istifadə ediblər. BAJT-nin əlinə də məhz bu iki qeydiyyat şirkətinin sənədləri keçib. Özü də çox qəribə şəkildə...
İsmayılovanın “sensasiyası”
Azərbaycan jurnalisti Xədicə İsmayılova sirri açılıb BAJT jurnalistlərinin sərəncamına verilmiş sənədlər qovluğunda prezident İ.Əliyevi də “ifşa edən” bir sıra sənədləri “tapa bilib”. Halbuki İsmayılova həmin sənədləri yaymazdan hələ iki gün əvvəl BAJT milyonlarla məxfi sənədin meydana çıxacağının anonsunu vermiş və diqqəti nəyə görəsə daha çox Rusiya, Azərbaycan və Monqolustan hakimiyyətlərindən olan şəxslərə yönəltmişdi. Başqa sözlə, BAJT dünya oxucusunun nəzərlərini qəsdən məhz Putinin dostlarına və Əliyevin qohumlarına tərəf döndərmiş, vurğunu bunların üzərinə salmışdı. Bəs niyə Ollanda, yaxud Almaniyanın maliyyə nəhəngi “Deutche Bank”a yox? Sonradan aydın olduğu kimi, Qərb isteblişmenti təsisatları nümayəndələrinin dosyeləri də ABŞ xüsusi xidmət orqanlarının qovluğundan “yoxa çıxıb”. Lakin ABŞ kütləvi informasiya vasitələri Avropa liderləri haqda nədənsə heç nə danışmadılar. Onlar öz ekranlarında elə hey prezident Əliyevi və Rusiya baş nazirinin müavini Şuvalovu göstərirdilər. Sanasan pərdə arxasındakı hansısa görünməz əl ictimai rəyin diqqətini yalnız məhz İlham Əliyevin personasına cəlb etməklə məşğul idi. Bunun əsl səbəbinə sonra qayıdarıq. İndi isə Virgin işinin azərbaycanlı jurnalistin dilindən çıxan sensasion izahına baxaq.
X.İsmayılova bunu xüsusi və dönə-dönə vurğulayır ki, Virgin adalarında offşor şirkətlərin qeydə alınması qanunsuzluqdur. Prezidentin qohumları, hətta özü offşor biznesinə qoşulmaqla guya qanunu tapdayıblar. X.İsmayılovanın “araşdırmaları”ndan belə təəssürat yaranır ki, söhbət sanki oğurlanmış pullardan gedir. Ola bilər ki, xanım İsmayılova obıvateli aldada bilib. Amma iqtisadiyyat elminin əsaslarından uzaq olanlar da bilir ki, Xədicə bu məsələdə sadəcə olaraq yalan danışır. Offşor nədir? İsmayılovanın və digər diletantların nəzərinə...
Offşor nədir?
X.İsmayılovanın və BAJT-nin digər nümayəndələrinin iddialarının əksinə olaraq, offşor biznesmenlərin və ya şirkətlərin qeyri-leqal bizneslə məşğul olduğu kriminal fəaliyyət zonası deyil. X.İsmayılova yazır: “Prezident və onun ailə üzvləri gizli offşor şirkətlər qeydiyyata aldırıblar”.
Amma intellektə iddialı olan jurnalist heç olmasa iqtisadçı-ekspertdən məsləhət ala bilərdi. Ekspert də bu jurnalistə izah edərdi ki, iqtisadiyyatda “gizli offşor şirkət” anlayışı yoxdur! Adam sizin savadsızlığınızdan utanır, xanım İsmayılova!
“Offşor” sözü ingilis dilindən tərcümə ediləndə “sərhəddən kənar”, yaxud “sahillərdən kənar” mənasını verir. Offşor - müxtəlif güzəştlər, o cümlədən vergi güzəştləri vermək yolu ilə xarici kapitalı cəlb edən maliyyə mərkəzidir. Offşorlar müxtəlif ərazilərdə və müxtəlif ölkələrdə yerləşə bilərlər. Dünyada hətta ayrıca offşor-ölkələr də var. Yəni offşor ya bir ölkənin özü, ya da bir ölkənin müəyyən hissəsidir. Burada qeydiyyatdan keçən firmalar əlavə vergilərdən azad edilirlər, yalnız bu ölkədəki fəaliyyətlərinə görə vergi ödəyirlər. Bu zonalarda qeydiyyatdan keçən firmalara offşor şirkətlər deyilir. Onların fəaliyyəti qanunlar və beynəlxalq hüquq əsasında həyata keçirilir.
Xədicə İsmayılovanın məntiqi
Jurnalist “Amerika buraxılışlı” sənədlərə əsaslanaraq bildirir ki, “İntersun” holdinqinin sahibi Abdulbari Gözəlin kiçik qardaşı Həsən Gözəl 2008-ci ildə Virgin adalarında prezidentin qızları Leyla Əliyeva və Arzu Əliyevanın adına offşor şirkətlər təsis edib. Amma Leyla Əliyevanın 2008-ci ildə Əliyevlər ailəsinə artıq heç bir aidiyyəti yox idi axı. X.İsmayılovanın nəzərinə çatdıraq ki, o, hələ 2006-cı ildə Rusiyanın ən varlı adamlarından birinin oğlu olan Emin Ağalarova ərə gedib. Leyla Əliyevanın qayınatası Araz Ağalarovun sərvəti isə ABŞ-ın “Forbes” jurnalının məlumatına görə, haradasa 2 milyard dollardır. Şəxsi həyata müdaxilə hallarına tez-tez etirazını bildirən və bunca azadlıqsevər insan olan Xədicə İsmayılova bəs Leyla Əliyevanın və onun ərinin atasından və Azərbaycandan kənarda öz həyatını yaşamaq, öz biznesini qurmaq hüquqlarını nədən inkar edir? Burada məntiq hanı bəs? Əgər insan prezidentin ailəsində doğulubsa, o, ömrünün sonuna qədər güclü və müqtədir atasının kölgəsində, asılı vəziyyətdə qalmalıdırmı? Öz həyatı haqda düşünməməlidirmi? “Bir gün gələr Xədicə İsmayılovanın paparatsiləri bu biznesi birdən mənim prezident atamın adı ilə bağlayar” düşüncəsinə qapılaraq öz iş-gücünü, biznesini qurmamalıdırmı?
Bu fakt “Azadlıq” radiosunun əməkdaşına məlumdurmu ki, Leyla Əliyevanın qayınatası Araz Ağalarovun Azərbaycan iqtisadiyyatına yatırdığı sərmayənin həcmi yüz milyonlarla hesablanır? Özü də o, təkcə Azərbaycan iqtisadiyyatına yox, həm də rus iqtisadiyyatına sərmayə qoyur. Məsələn, Rusiyada həyata keçirdiyi son meqa-layihələrə inanılmaz məbləğlərdə investisiya yatırıb. X.İsmayılova Leyla Əliyevanı niyə İlham Əliyevlə eyniləşdirir, onunla əlaqələndirir, belə deyək ki, Emin Ağalarovla yox?
Eyni arqumenti prezidentin kiçik qızı Arzu Əliyeva ilə bağlı da gətirmək olar. Arzu Əliyeva isə Rusiyanın digər çox zəngin biznesmeni və mesenatı Aydın Qurbanovun gəlini, yəni oğlunun həyat yoldaşıdır. Dünyanın ən varlı adamlarından birinin gəlini olan Arzu Əliyevanın “Arbor İnvestments” şirkətini təsis etmək və leqal bizneslə məşğul olmaq hüququ niyə yoxdur, niyə olmamalıdır? Arzu Əliyeva bununla Azərbaycan, Rusiya və ya Britaniya qanunlarının hansı maddəsini, hansı bəndini pozub? X.İsmayılova özünün “sensasion” məqaləsində bu barədə heç bir məlumat vermir.
Prezidentin qızları müstəqil adamlardır. Onlar dövlət məmuru deyillər. Onlar ölkənin parlamentində və ya icra strukturlarında da təmsil olunmurlar deyə ictimaiyyət qarşısında öz biznes fəaliyyətləri və ya gələcək planları barədə hesabat verməyə də borclu deyillər.
Prezident İlham Əliyevin özünə və xanımı Mehriban Əliyevaya gəlincə isə onlar doğrudan da “Rosamund İnternational” şirkətinə sahib olublar. Bu şirkət 2003-cü il, yanvarın 14-də, yəni İlham Əliyevin prezident kürsüsünə əyləşməsindən də, Mehriban Əliyevanın 2005-ci il parlament seçkilərində iştirak etməsindən də xeyli əvvəl qeydiyyatdan keçib. 2003-cü il, yanvarın 14-də İlham Əliyev hələ Dövlət Neft Şirkətinin vitse-prezidenti və Milli Məclisin deputatı idi.
Əliyev heyrətləndirir
Yeri gəlmişkən, prezidentin tənqidçiləri üçün nə qədər paradoksal olsa da X.İsmayılovanın diqqətinə çatdıraq ki, “Rosamund İnternational” şirkətinin həmin dövrdə qanuna görə bizneslə məşğul olmaq hüququna malik olan İ.Əliyevin özünün adına qeydiyyatdan keçirilməsi onun fəaliyyətinin açıqlığını və şəffaflığını göstərir. Səbəbini deyək.
Offşor şirkətlərin fəaliyyəti və quruluşu barədə hətta səthi məlumatlara malik olan tədqiqatçılar da bilir ki, offşor zonalarda heç kim öz şirkətini adətən öz adına qeydiyyatdan keçirmir. Bu şirkətlər bir qayda olaraq yerli sakinlərdən birinin adına sənədləşdirilir. Yəni bir yerli sakin bir qayda olaraq 5-10 min idarəçi şirkətə sahib olur. O, eyni bir kabinetdə həm direktor, həm də mühasib kimi oturur. Pulların offşor banklarda olması da heç də vacib deyil. Ən sadə hesablamalara görə, Azərbaycan vətəndaşları belə zonalarda 200 minədək offşor şirkətə malikdir. Yaxşı, bəs həmin vətəndaşlardan biri - atası həmin vaxt prezident olan Əliyev soyadlı bir vətəndaş offşor adada öz şirkətini qurmaq hüququna niyə malik olmamalı idi? Məntiq hanı? Üstəlik X.İsmayılova özü də yazır ki, “bu şirkətin fəaliyyəti İlham Əliyev prezident olandan sonra, 2004-cü ildə dayandırılıb”. Deməli, İ.Əliyev qanunun tələbinə əməl edib, prezident olan kimi öz şirkətini dərhal bağlayıb. “Nyu-York Tayms” qəzetinin aparıcı müəllifi Endryu Hiqqinsin də qeyd etdiyi kimi, “pulların offşor zonalarda saxlanması qanunla qadağan edilmir”.
Gözəl Halliburtonun tərəfdaşıdır
Jurnalist X.İsmayılova öz məqaləsində bildirir ki, prezidentin qızları Leyla və Arzu Əliyevalar “İntersun” holdinqinin sahibləri olan Gözəl qardaşları ilə, o cümlədən Abdulbari Gözəlin özü ilə işləyirlər. X.İsmayılovanın bu yazısını oxuyandan sonra oxucuda belə bir haqlı sual yarana bilər: bu qüdrətli adam, Abdulbari Gözəl kimdir axı? O, bəlkə dövlət məmurudur, nazirdir, hakimiyyət adamıdırmı ki, “Azadlıq” radiosunun araşdırmaçısı yeni Bakıda həyata keçirilən nəhəng layihələrin günahını onun boynuna yükləyir?
Abdulbari Gözəl əslən İranın Maku şəhərindədir. 70-ci illərin ortalarında İrandan Türkiyəyə köçüb. Türkiyə vətəndaşlığını qəbul edib, burada böyük bizneslə məşğul olub. A.Gözəl öz “İntersun” şirkətini Azərbaycanda yox, məhz Türkiyədə yaradıb. Bu şirkət sonradan nəhəng holdinqə çevrilib, Dubayda, Rusiyada, sonra isə Azərbaycanda ayrı-ayrı törəmə qurumları yaranıb. A.Gözəl özünün digər məşhur şirkətini - “Edson” şirkətini də yaradıb. A.Gözəlin digər müəssisəsi “Teksun” isə İranla müştərək yaradılıb, o, burada 45 faiz paya malikdir.
A.Gözəl İraqda da çox fəal və nüfuzludur. Yeri gəlmişkən, A.Gözəl təkcə A.Ağalarovun gəlini Leyla Əliyeva ilə biznes tərəfdaşlığı etmir. O, neft-qaz hasilatı sənayesinə servis xidmətləri göstərən məşhur ABŞ şirkəti “Halliburton”la da biznes tərəfdaşıdır. X.İsmayılovanın və onun BAJT-dəki həmkarlarının nəzərinə: “Halliburton” ABŞ-ın vitse-prezidenti Dik Çeyninin maraq dairəsinə daxil idi.
BAJT isə X.İsmayılovanın əli və qələmi ilə məsələni elə təqdim etməyə çalışdı ki, Gözəl qardaşlarının bu biznes nəhəngi sanki Əliyevlər ailəsinin maliyyə imperiyasının bir növ “hamamı və ya camaşırxanası” rolunda çıxış edir və yalnız prezidentin qızlarının kapitalını leqallaşdırmaqla məşğul olur.
Bəs Kipr?
Virgin adaları ətrafındakı qeybət və böhtanlarla paralel olaraq bəzi Qərb və Azərbaycan KİV-ləri İlham Əliyevin bu dəfə qızlarının yox, özünün Kiprdəki offşor hesabları barədəki informasiyaları yaymağa tələsdilər. Amma bu anonsdan sonra həmin informasiyanı təsdiq edən heç bir sənəd-sübut təqdim edilmədi. İ.Əliyev bu yunan adasında çətin ki, hansısa bir fəaliyyətlə məşğul olaydı. Çünki Kipr hakimiyyəti ilə kəskin qarşıdurma və Əliyev hakimiyyətinin “Kipr problemi” ilə bağlı birmənalı mövqeyi üzündən Azərbaycanı Kiprlə heç nə bağlamır. Öz kapitalını bu ada offşorunda yuyan Rusiyadan və ya Ukraynadan fərqli olaraq Azərbaycanın Kiprlə heç ikiqat vergidən yayınmaq haqda da müvafiq müqaviləsi yoxdur. Bu iki ölkə arasında heç siyasi əlaqələr də yoxdur. Serj Sərkisyana qucaq açaraq qabağına qaçan və erməni diktatorunu hakimiyyəti növbəti dəfə qəsb etməsi ilə bağlı birincilər sırasında təbrik etməyə tələsən Türkiyə prezidenti Abdulla Güldən fərqli olaraq İlham Əliyev Kiprin siyasi rəhbərliyi ilə öz arasında məsafə saxlamaqda davam edir. Özü də A.Gülün S.Sərkisyanı qələbə münasibətilə təbrik etdiyi günlərdə - fevralın 28-də demokrat Nikos Anastasiadis yunan Kiprinin prezidenti seçildi. Amma İlham Əliyev qardaş Türkiyə ilə qarşıdurma vəziyyətində olan bu ölkənin prezidentini təbrik etməkdən nümayişkaranə şəkildə imtina etdi. İ.Əliyev kimi ehtiyatlı siyasətçi yunan Kipri ilə belə mürəkkəb münasibətlərdə ola-ola bu yunan adasında doğrudanmı hansısa bizneslə məşğul olardı? Bu, nə dərəcədə ağlabatandır?
Bir az dərindən qurdalayanda Kipr offşorlarında Ermənistan prezidenti Serj Sərkisyana və onun kürəkəninə, qüdrətli erməni oliqarxı Mikael Minasyana məxsus olan yüzlərlə şirkət tapmaq olar. Minasyan son seçkilərə qədər Ermənistan Prezident Aparatı rəhbərinin müavini olub, indi isə Vatikanda səfirdir. Bir az da dərindən qurdalasaq, Virgin adalarında Sərkisyanla Minasyanın onlarla şirkətini aşkara çıxarmaq olar. Bu şirkətlərin siyahısı da BAJT adlı konsorsiumun elə həmin qovluğundadır. Amma araşdırmaçı-jurnalistlər Ermənistan prezidentinin və qayınatasının xüsusi tapşırıqlarını Qərbdə həyata keçirən Minasyanın bu şirkətlərinin adını açıqlamağa nədənsə tələsmirlər. Halbuki Sərksiyan ailəsinin sərvətini offşor zonalarda məhz Minasyan idarə edir, prezident ailəsinin adına İtaliyada, Fransada, Bolqarıstanda və digər ölkələrdə əmlak, mal-mülk alıb sənədləşdirir. Amma BAJT konsorsiumu və Qərb susurlar. 3 il əvvəl olduğu kimi bu gün də digər prezidentlə - İlham Əliyevlə bağlı sifariş var. Çünki Əliyev özünün müstəqil siyasəti ilə Vaşinqtonu qıcıqlandırmaqda davam edir.
Vaşinqtonun offtopları
Offtop - Amerika elitasının siyasi leksikonuna təzəcə daxil olmuş yeni sözdür, neologizmdir. Bu söz Şəbəkədə həm internet ictimaiyyətinin, həm də əksər insanların əməl etdiyi davranış qaydalarına, ənənə və mədəniyyətə riayət olunmasını ifadə edir. Məncə, Vaşinqton elitasındakı bu və ya digər qruplaşma bu yazılmamış offtopları Amerika-Azərbaycan tərəfdaşlığının İlham Əliyevin hakimiyyətdə olduğu dövrə aid tarixi ərzində artıq üçüncü dəfədir ki, pozur.
Vaşinqtonla qarşılıqlı münasibətlərdə ilk və başlıca böhran məhz 2005-ci ildə yarandı. O zaman Amerika siyasi isteblişmentinin bir sıra təsisatları qarşılarına “Amerikanın offşor neft şirkətinin əlverişli olmayan idarəçisi” olub Ağ Evin göstərişlərini lazımi səviyyədə yerinə yetirməyən İ.Əliyevi devirmək məqsədi qoymuşdular. İ.Əliyev isə amerikalı siyasi kahinlərin gözləntilərinin əksinə olaraq “lazımi geosiyasi xətti yürütməyə hazır olan sözəbaxan, itaətkar oğlan” olmadı. Əliyev prezident seçildiyi (yeri gəlmişkən, bu seçim Vaşinqton tərəfindən də dəstəklənmişdi) gündən etibarən onun hadisələrə öz baxışı olub. Bu isə neoimperialist dairələrin balaca, əlaltı dövlətin başçısı obrazı barədəki artıq daşlaşmış təsəvvürləri ilə daban-dabana zidd idi. Azərbaycan kimi strateji cəhətdən vacib bir ölkədə belə bir prezidentin olması Vaşinqtonun maraqların uyğun deyildi. 2005-ci ilin oktyabrında onu devirmək qərarı verdilər. Özü də çox qaba, kobud, eybəcər şəkildə, ölkənin daxili işlərinə açıq müdaxilə etdiklərini nümayiş etdirə-etdirə... İlham Əliyevin daha müti və “öz Əliyevləri” olan Fərhad Əliyevlə əvəzlənməsi cəhdi tam fəlakətlə, üstəlik Amerikanın səfiri Rino Harnişin ifşa və ölkədən sürgün edilməsi ilə başa çatdı. Sonralar amerikalı ekspertlər Azərbaycan hakimiyyəti nümayəndələrini uzun-uzadı inandırmağa çalışırdılar ki, həyata keçməyən bu çevriliş cəhdinin arxasında siyasi bomond yox, guya kəşfiyyat elitası, daha doğrusu, xüsusi xidmətlərin nəzarətdən çıxmış hansısa qolu dayanırmış. Bu qüdrətli dövlətlə münasibətlərinin normallaşmasında həddən artıq maraqlı olan Azərbaycan hakimiyyəti kovboy-prezidentin əvvəlki administrasiyasının səmimiyyətinə hər halda inanmağa məcbur oldu.
Münasibətlər səmimi tərəfdaşlıq məcrasına yenicə daxil olmuşdu ki, yenə böhran yarandı. Şübhəsiz ki, parlaq və fenomenal şəxsiyyət olan yeni prezident Obama erməni diasporu qarşısında götürdüyü öhdəliklərə bağlı idi. O, erməni-türk sərhədlərini açmağa çalışmaqla bu öhdəliklərini yerinə yetirməyə cəhd edirdi. Türk hökumətini sındırdılar - ona vaiz Fətullah Gülənin “beşinci kolonu” vasitəsilə güclü təzyiq göstərildi. Erməniləri də yola gətirdilər. Yalnız yeganə bir məhək daşı qalırdı. Bu, heç cür ram olmayan İ.Əliyev idi. O, “bərk qoz” çıxdı. Onu heç cür sındıra bilmədilər. O, son ana qədər müqavimət göstərdi. Çünki gözəl başa düşürdü ki, sərhədlərin açılması, Ermənistanın təcrid vəziyyətindən qurtulması Azərbaycanın siyasi-diplomatik məğlubiyyətinin başlanğıcı olacaq. Azərbaycan xeyli zəifləyən və acından ölən Ermənistanı məhz oğul Əliyevin hakimiyyəti dövründə küncə sıxışdırıb. Müstəqil Azərbaycanın və müstəqil Ermənistanın mövcud olduğu bütün bu 20 il ərzində biz hələ indiki kimi güclü, ermənilər isə zəif olmayıb. Bu, o qədər aydındır ki, mübahisə doğurmur. Təcrid vəziyyətindən çıxmaq halsız Ermənistandan ötrü “oksigen yastığı” demək olar, ona iqtisadi cəhətdən güclənmək və ayaqda qalmaq üçün son imkanları verərdi. İ.Əliyev məhz buna icazə və yol vermədi. O, çox böyük riskə gedib dünya siyasətinin lideri Barak Obamaya iki dəfə rədd cavabı verdi. Amerika prezidentinə, elə Rusiya prezidentinə də “yox” demək inanılmaz riskə getmək, təkcə özünün yox, həm də ölkənin taleyini oyun masasına qoymaq kimi bir şeydir. İ.Əliyev isə bu oyunu oynadı və uddu.
Ona elə məhz bunu bağışlamadılar. Həmin gündən etibarən Qərb KİV-ində Əliyevi gözdən salmaq üçün böyük bir kampaniya başladı. Əliyev bu zərbələrin ona haradan və niyə gəldiyini də bilirdi. O, bu ildırımsürətli hücumlara ləyaqətlə dözdü. Dünyanın ən nəhəng və qüdrətli dövləti ilə qarşıdurmanın zərbələrini öz üzərinə götürməyi hər prezident bacarmazdı.
Sonra Vaşinqtonla münasibətlərdə yeni mərhələ - siyasi mülayimləşmə dövrü başladı. Görünür, amerikalı müdriklər də bu həqiqəti başa düşmüşdülər ki, istənilən ölkədə hakimiyyət üçün yeganə təhlükə mənbəyi həmin ölkənin öz xalqıdır. Bu xalq isə Əliyev hakimiyyətinə münasibətdə aqressiv deyil və ona qarşı kütləvi narazılıq bildirmir. Dünya mətbuatının çirkab selinə baxmayaraq Vaşinqton Bakı ilə münasibətləri yaxşılaşdırmalı, ən azı öz enerji və hərbi-siyasi maraqları naminə əməkdaşlığı davam etdirməli oldu. Axı Əfqanıstana getmək üçün ABŞ-a hava dəhlizini Əliyevdən başqa heç kim verməyib. Axı Əliyevdən başqa heç kim bir tərəfdən Rusiya, digər tərəfdən isə İranla üz-üzə dayanmayıb.
Amerikalılar əməkdaşlığı davam etdirirdilər. Amma amerikalı kahinlərin planlarını həm 2005, həm də 2009-cu illərdə pozan Əliyevin o vaxtkı kəskin və sərt addımlarını da unutmamışdılar. Amerikalılar belə şeyləri bağışlamır. Heç kimə! Və budur, Vaşinqton zahirən normal, hətta dostyana münasibətlərlə paralel olaraq Azərbaycandakı vəziyyəti daxildən qurdalamağa başlayır. Görüntü naminə səfir-energetik Morninqstarı bura elçi göndərir. Bununla da demək istəyir ki, bizi burada yalnız enerji məsələsi və iqtisadiyyat maraqlandırır. O biri tərəfdən isə inqilablar üzrə mütəxəssis Aleks Qriqoryevsi göndərirlər (bu barədə əvvəlki yazılarımızda bəhs etmişik). Qarmaqarışıq vəziyyətlər yaratmaq üzrə bu mütəxəssis isə ölkəni az qala inqilab ərəfəsi aqoniya səviyyəsinə gətirib çıxaracaqdı. Mən Vaşinqtonun burada hakimiyyəti A.Qriqoryevslə birgə dəyişməyi planlaşdırdığını düşünəcək qədər də sadəlövh deyiləm. Yox, hələ bunun vaxtı deyil. “Şahdəniz-2” və yeni qaz kəmərinin çəkilməsi layihələrinin icrası ərəfəsində peşəkar Əliyevlə işləmək daha yaxşıdır. Çünki bu ölkədə başqa peşəkarlar yoxdur.
Sadəcə amerikalılar bu “ipə-sapa yatmayan” prezidenti zəiflətməyi, Qərbin iradəsindən asılı liderə çevirməyi çox arzulayırdılar. Amma bundan da bir şey çıxmadı. Odur ki, yeni qlobal “Vikiliks-2” layihəsi çərçivəsində prezidentə qarşı “kompromatlar” püskürdülər. Onun qızlarının bank hesabları, özünün prezidentliyə qədərki dövrdə sahibkarlıq fəaliyyətinə dair arxiv, bu sənədlərin dünyanın aparıcı KİV-ində tirajlanması şəklində... Amerikalılar 2010-cu il modelini yenə sınaqdan çıxarmağa qərar verdilər. Yeri gəlmişkən, “Dubay mülkləri” və amerikalı diplomatlarla söhbətlər məsələsi də seçkilərdən az öncə açıqlanıb ortaya atılmışdı. Amma onda da alınmamışdı. Əliyevlə offtop məsələsi keçmir. Bu offtoplar offşorlardan atəş açsalar da... Qüdrətli dövlət olan ABŞ belə siyasətlə yalnız Azərbaycan hakimiyyəti ilə öz arasındakı uçurumu dərinləşdirir və özünün dünyanın bu geostrateji nöqtəsindəki maraqlarına zərbə vurur. Onlar bunu indiyə qədər doğrudanmı başa düşməyiblər?
Mənsə onları başa düşməkdən artıq imtina edirəm!