Bu gün millət vəkili Fazil Mustafa “facebook” sosial şəbəkəsindəki səhifəsində Emin Millinin Əbülfəz Elçibəylə bağlı açdığı son polemikaya münasibət bildirən yazısını yayımlayıb. Lent. az həmin yazını təqdim edir.
Hər yürüyən yolçudurmu?
Cəmiyyətin düşdüyü durğunluq halından çıxış üçün çözüm yolları axtaran adamlar ilk olaraq yanlış hesab etdikləri siyasi miflərin və qəhrəman obrazlarının üzərinə ardıcıl hücum yolunu seçirlər. Heç şübhəsiz ki, onlardan biri də bəndəniz olduğundan bu mövzuda müzakirə açmaq ilk dəfə bir çaya girmək mənasına gəlməyəcək.
Emin Millinin sosial şəbəkədə paylaşdığı Əbülfəz Elçibəyin 1975-ci ildə o zamankı Azərbaycan KQB-sinin sədrinə yazdığı bağışlanma məktubu əslində maraqlı bir müzakirə mövzusuna qayıtmağa imkan verdi. İrsə sadiqliyin çılğınca nümayişi gözləniləndir və təəssüf ki, hər bir müzakirə subyekti üçün bunu isbatlamaq, gerçəyi üzə çıxarmaqdan daha vacib amil sayılır. Necə olsa iddiaların isbatlanması söhbət mövzusu olanda insanlar burada öz siyasi kimliklərinin toxunulmazlığını, eləcə də “Doğru Yol” deyə xarakterizə etdikləri məfhumun müqəddəsliyini qorumaq üçün hər cür arqumenti qalxana çevirə bilirlər. Illərdir Rəsulzadə-Elçibəy yolu getdiyini cəmiyyətin eşidəcəyi səslə hayqıran siyasətçilər və tərəfdarlar indi çətin duruma düşüblər. Faktı təsdiqləsinlər, yoxsa inkar etsinlər? Yaxud “Bunun vaxtı çatmayıb, belə işlər perspektivsizdir” deyə məsləhət şablonlarını işə qoşsunlar? Və ya ittiham irəli sürənin nankorluğu və ya məsələni qaldırmağa haqqı çatıb-çatmadığını müzakirəyə çıxarsınlar? Ara-sıra bəndənizi də Elçibəy yolundan sapmaqda ittiham edən buddalar üçün nə gözəl meydan açılmış...
Bəlkə elə zamanıdır ki, kimin təklif etməsinin fərqinə varmadan müzakirə açaq. Bəlkə həqiqətən də dünənimizdə, bugünümüzdə yaşamış, millətimizə xidməti olmuş şəxsiyyətlərin adına pərçimlədiyimiz YOL məvhumunu ortadan qaldırma zamanı yetişmiş.
Müzakirəni kimin açmasının nə fərqi var& Əlbəttə, ürəyinizi sərinlətmək üçün iddianı ortaya atan şəxsin haqqı çatıb-çatmamasından başlamaq da olar. Bəri başdan deyim ki, hər kəsin gəlmiş-getmiş, indiki siyasi xadimlərin həyat yolunu etik çərçivədə dartışmaq haqqı var. Sadəcə? Emin Millinin belə bir məsələni ittiham formasında təqdimatı intellektual və ədalətli yanaşma sayılmamalıdır. Xüsusilə də “Biz niyə bu adamın dalınca getdik?”, “Bilsəydik, dövlət başçısı seçməzdik” deyə peşmançılıq duyğusu içərən ifadələrdə həqiqətən də bir anormallıq simptomları yer alır. Meydana yığışanda Nemətin dalınca getmədiyimiz kimi, dövlət quranda da Əbülfəz bəyin dalınca getməmişik. Sadəcə, hər situasiyanın bir öncülü olmalıydı, vəssalam. Doğrudur, kimsə siyasətdə örnək olaraq xatırlanırsa, söylədiyi fikirlər, sözlər xatırlanırsa, xarizması yaşayırsa, bu həmin şəxsiyyətlərin həyatında müsbət məqamların çoxluğuna dəlalət edir. Necə ki, Rəsulzadəyə, Elçibəyə sayğı nifrətdən həmişə daha çox olmuş və olacaq.
Hər cür beynəlxalq dəstəyin olduğu, nisbətən sivil metodların tətbiq olunduğu müasir həbsxana mühitində Məlik Məhəmmədin qardaşları kimi yandım-yaxıldım deyib bağıran, təhqir etdiyi şəxsin verdiyi əhvdən imtina etməyi bacarmayan, iqtidara nifrətini ədəbsiz və səviyyəsiz bir “eşşək” klipi ilə bildirən, konkret bir səfirliyin himayəsi altında siyasət yapan Emin və Adnan adlanan virtual qəhrəmanların hərəkətindəki primitivliyi dərhal üzə çıxarmaq olar. Ədəbsiz klipə görə saxta ittihamla tutulmuş şəxslərin bu hərəkətinə göz yumaraq, sadəcə “iqtidarı söyən, təhqir edən tərbiyəsiz olsalar da, dostlarımızdır” yanaşmasının iflasa uğramasına da burada işarə vurmaq olar.
Əksinə, Elçibəyin ittiham obyekti kimi seçilən addımını isə müdafiə etmək üçün kifayət qədər maraqlı əsaslar göstərmək çətinlik yaratmaz. Sovetlərin məlum dövründə bir tarixçi alimi qoruyan ATƏT, Almaniya, ABŞ səfirliyi yoxdu. Onun haqqını söyləyənin möмcudluğundan belə xəbəri olmayan iradəsiz bir cəmiyyət vardı. Rəsmi işdən çıxarılandan sonra yaşamaq üçün qrant almaq imkanı ağla gəlməzdi. Bir universitet müəllimi cəngavər olma davasına çıxmamışdı. Bildiyi həqiqətləri çatdırmaq üçün özünə kiçik bir çevrə cızmışdı. Böyük çevrəyə giriş üçün pul, qohum, dost, tələbə potensialı yetərli deyildi. Təcrid olunmamaq üçün cəmiyyətin içinə girməliydi, giriş üçün Kommunist Partiyasının formal biletinə ehtiyac vardı. Bu bilet universitet auditoriyasına yolu açıq saxlayırdı. Hər halda yəhudi koordinasiyası, ingilis həmrəyliyi yaratmaq imkanı ola bilməzdi. Heç Soljenitsinlərin, Saxarovların varlığına dəstək verən Qərbin bu insanın varlığından belə xəbəri yox idi. Vizyonunun yarıda kəsilməməsi üçün özünü güzəştlərə açıq saxlamışdı. Can qorxusu, qohumların, dostların sıxıntıya düşməsi kimi sırf bioloji faktorlar da bu addımı atmaqda rol oynaya bilərdi. Sovet dövrü bitmək üzrə olanda “Bəy” titulunu qəbul etdirmiş bu ənənəvi standartlara uyuşmayan alimə hamıdan daha çox ehtiyac duyuldu. Hərəkat zamanı da bizim önə çıxaracağımız elə bir tanınmış siyasi, ədəbi dissident kimliyimiz yox idi və içərisində nisbətən əqli-səlim düşünə bilən, demokratiya haqqında təsəvvürləri sağlam, insanları dinləmək bacarığı olan və ən başlıcası dünya malına biganəliyi ilə seçilən bir siyasi fiqur üzərində nisbi uzlaşma mümkün oldu. Əslində Əbülfəz bəy liderlik üçün çalışmayan, ancaq liderə dönüşdürülən bir şəxsiyyət idi. Həm də bu liderə dönüşdürülmədə Azərbaycan mühitindən daha çox Türkiyə ictimai rəyi mühüm rol oynamışdı. Türkiyə cəmiyyəti üçün də bu dövləti öz məmləkəti qədər sevən, üzünü ona tutan bir lider yaratmaq arzulanan bir haldı və bu da edildi. Üstəlik, hərəkatı mütləq adlarla simvollaşdırmaq lazım gəlirdi, bu da tarix boyu yaşanmış bir ənənə idi və Azərbaycanda da sürpriz ortaya çıxmamışdı.
Bizlər onun boynuna çox böyük yük qoyduq, o isə bacardığı yükü götürdü. Bu isə bizləri qane etmədi. Hakimiyyətdə məğlubiyyətə uğradı. Ermənilərlə savaşı qazana bilmədi. Əslində hakimiyyəti vermədi, yerdə qalmış hakimiyyəti Heydər Əliyev götürdü.
Vəssalam, nə kiməsə işləmək, nə kiməsə hakimiyyət vermək. İşləsəydi, elə özünə işləyərdi, hakimiyyəti niyə başqasına ötürürdü?
Bununla yanaşı, bir şeyi anlamaq olmur. Hər kəs yoluna sadiq olduğunu isbatlamağa çalışdığı şəxsiyyəti qorumaq üçün dərhal yalana baş vurur. Bu məktub saxtadır, belə bir şey ola bilməz, ağ parça ləkə götürməz və s. Babəkdən danışanda Ərəb mənbələrinin qərəzliliyi, Şah İsmayıldan danışanda Türk mənbələrinin yaramazlığı, Rəsulzadədən danışanda Sovet propoqandasının alçaqlığı, Əbülfəz bəydən danışanda mövcud rejimin iftiraları işimizə yarayır və cavablardan yayınmağa suni əsaslar tapırıq.
Əbülfəz bəyə səmimiyyətini kimsəyə sübuta ehtiyac duymayan bir insan kimi bildirirəm ki, bu məktub həqiqətən də onun tərəfindən yazılmış və nöqtəsinə, vergülünə qədər doğrudur. Lap evində Politbüro üzvü olan Heydər Əliyevin şəklini asmağı qədər, 1993-cü ildə onunla görüşüb öpüşməyi qədər, hakimiyyətə dəvət etməyi qədər doğrudur. Bu məktub “Azərbaycan” qəzetində 1993-cü ilin oktyabrında Əbülfəz Elçibəyə qarşı əks-arqument kimi mənfi rəy formalaşdırmaq üçün dərc olunmuşdu. Yəni mübahisə o zaman başladılmış və elə o zaman da qapadılmışdı.
Əsas sual budur ki, bu müzakirənin açılması konkret olaraq Elçıbəyə münasibəti dəyişdimi? İndi də bu məktubun təkrar yayılması ona olan münasibətdə köklü dəyişiklik yaradacaqmı? Əminliklə söyləyirəm ki, heç mübahisəyə girmədən, hamı kənara çəkilib müdafiə səngəri qazmasa belə Əbülfəz bəy faktorunun mənfi yöndə qiymətləndirilməsi baş verməyəcək. Çünki “Azərbaycanlı” deyilən statik birlik forması hər bir şəxsiyyətdə axtardığı mümkün obrazı tapan kimi məsələyə nöqtə qoymağı bacarır. Dəyərlərində sabitlik olmayan, iman anlayışında tərəddüd yaşayan “Azərbaycanlı” çoxluq üçün də ideal obrazlar yoxdur, bütün qəhrəmanlar tamamlanmamış, ikili mahiyyətdə, görmək istədikləri hüdudlarda və boylardadır. Beləsə, cəmiyyətin Elçibəydə axtardığı, dəyər verdiyi cəhət nəydi ki, uzun müddət aktuallığını saxlaya bildi? Onda cəngavərlik axtaran vardımı? Adamlar nədən dərhal unutdular bu məktubu?
Çünki cəmiyyətin sevdiyi Elçibəy əslində bir məzlum obrazıydı. Yaşamıyla, geyimiylə, danışığıyla, səmimiyyətiylə, sadəlövhlüyü ilə. Dövlət adamı hiyləgərliyi göstərə bilmədi, idarəetmə manevrləri ilə heyrətləndirməyə gücü yetmədi, təşkilatçılıq istedadı göstərmədi, kritik anların çözüm yollarını tapa bilmədi. İrreal hədəflərlə günlük siyasətin balansını yarada bilmədi. Ən əsası da itirdiyi siyasi posta yenidən qayıda bilmədi. O zaman bu sevgi nəydi?
Məncə, ona sayğını yaşadan əsas cəhət siyasi qisasçılıq duyğusunun olmaması və insana, Vətənə yönəlik bir niyyət təmizliyi idi. O buna cəmiyyəti inandıra bilmişdi...
İndi ki müzakirə açılırsa, istənilən tarixi şəxsiyyəti zamanının, insanların mühakiməsinə çıxarmaqdan çəkinməməliyik. Buyurun, dartışın Elçibəyi. Missiyası rəqabətə davamlısa, o peşmanlıq məktubu da, hakimiyyəti qoyub getməyi də, içki içməyi də, hansısa lətifəyə çevrilmiş davranışı da unudulacaq. Əminliklə söyləyirəm ki, Elçibəy hətta mömin bir Allah bəndəsi olaraq gününü ibadətlə keçirsəydi, o zaman da bizim “azərbaycanlı” çoxluq hansısa, təriqəti, məzhəbi yarlıq olaraq üzərinə yapışdıracaqdı...
İndi sadəcə olaraq bütün tarixi şəxsiyyətlərin, o cümlədən Əbülfəz bəyin üzərinə əlavə olunmuş hər şeyi götürmək, onun gerçək obrazınının təqdimatını keçirmək zamanıdır. Nə Atatürkün, nə Rəsulzadənin, nə Elçibəyin, eləcə də başqa sevdiklərinizin illər öncə söylədiyi sözlərin hamısının gerçəkləşəcəyi, faydalı olacağı deyə bir Qanun yox!!! Hansısa yanlış deyimlər, yanlış addımlar o tarixi şəraitin məhsuludur və bunun dilə gətirilməsi onların dəyərlərini qətiyyən azaltmaz. Müstəqilliyə qədərki dövrdə bizə yalandan da olsa qəhrəman uydurmaq zərurət kimi görünərdi, indi isə doğru Azərbaycan modelinin tapılmasına, qurulmasına, davam gətirməsinə, gələcəyin məntiqli yol xəritəsinin çəkilməsinə fayda verən qəhrəmanlara deyil, bilgə şəxsiyyətlərə ehtiyac var. Bu siyasi xadim də ola bilər, labaratoriyada çalışan elm adamı da, sənət adamı da, idmançı da ola bilər. Təki bu vətəni, onun insanını sevsin və niyyəti doğru olsun.
İllər öncə qərarımı verdim. Siyasətə, dövlətə, gələcəyə baxış üsul və üslubları fərqli görünən tarixi şəxsiyyətlərin adları ilə simvollaşdırılan yollara özümüzü bağlamağımız bizim düşüncə diopazonumuzu xeyli daraltmış və kortaltmış. Düşünən insan kimliyimizi itirib hamımız gözətçiyə, qoruyucuya çevrilmişik. Nə fərqi var, biri Əli yolunu, biri Babək yolunu qorusun, biri Şah İsmayıl, biri Nərimanov, biri Atatürk, biri Rəsulzadə-Elçibəy, biri Heydər Əliyev yolunuda fədakarlıq göstərsin... Çağımıza tabuları, çərçivələri aşaraq baxmalıyıq. Tariximizdə faydası, haqqı olan bütün şəxsiyyətlərə sayğımızı azaltmadan, özümüzü adlarla simvollaşan yollar içində dolaşığa salmamalıyıq. Çünki ideallaşdırdığınız hər bir tarixi şəxsiyyətdə yanlışlar tapıb, asanlıqla məyus ola bilərsiniz.
Dünya yaranandan sadəcə sabit olan bir yol var: Bu ALLAH YOLudur. Bu yolun yolçusu isə düşünən, quran insandır. Hər yürüyən insan hələ yolçu sayılmaz. Düşünərək, imanla yürümək lazım.
Azərbaycanı və azərbaycanlıları YOLa gətirməliyik. Həm də DOĞRU YOLa. Sadəcə təmiz niyyətlə çağırış olsa və təmiz niyyətli insanlar çağırsa, mütləq gələcəklər...