APA-nın məlumatına görə, bunu ALP sədri Lalə Şövkət deyib.
Lalə Şövkət əsərin tənqid deyil, tərəfdaşlıq mövqeyindən yazıldığını bildirib: “Öz millətini tənqid etmək olar, lazımdır da, bunu bizim böyük mütəfəkkirlərimiz zaman-zaman ediblər, Mirzə Ələkbər Sabir də, Mirzə Cəlil də. Bunu digər millətlərdə də böyük ədib və filosoflar ediblər, Çaadayev, Saltıkov-Şedrin, Qoqol də. Lakin tənqidlə bərabər öz millətinə sevgi və onun gələcəyinə ümid onların əsərlərində qırmızı xətt kimi müşahidə olunur. “Daş yuxular” əsərində isə mən bunu görə bilmədim. Bu əsərdə açıq-aşkar erməni xalqına bəraət, subyektivlik və böyük tarixi təhriflər mövcuddur. Bu artıq tolerantlıq deyil, tərəfdaşlıqdır”.
L. Şövkət qeyd edib ki, romanın ruhuna hopmuş milli özünüaşağılama heç bir halda barışıq vasitəsi ola bilməz: “Mən yazıçının ifadə azadlığına böyük hörmətlə yanaşıram, amma Azərbaycanın indiki durumunda, yəni Azərbaycanın 20 faiz torpağının ermənilər tərəfindən işğal altında olduğu halda, 1 milyon qaçqınımız olan halda, ermənilərin dünyada bizim haqqımızda barbar millət kimi təbliğat aparması halında, qondarma erməni soyqırımının yüzilliyi ərəfəsində dünya erməni lobbisinin propaqanda maşınının sürətlə işləməsi halında Azərbaycan yazıçısının belə bir əsəri ermənilərin əlinə böyük bir “kozır” verir və onlar birmənalı olaraq bizə qarşı bu əsərdən çox məharətlə istifadə edəcəklər”.
ALP lideri xatırladıb ki, azərbaycanlılar bir millət olaraq tarixən heç vaxt etnik mənsubiyyətə görə heç kimə qarşı olmayıblar: “Bu gün də belədir. Belə olmasaydı, Azərbaycanda indi də 30 min etnik erməni rahat yaşamazdı. O halda ki, Ermənistanda bir azərbaycanlı da qalmayıb. Bu fakt özü xalqımızın böyük tolerantlığından xəbər verir.Və belə bir halda əsərin tənqidə məruz qalması başa düşüləndir”.
L. Şövkət eyni zamanda Əkrəm Əylisliyə qarşı təhqir kampaniyalarının yolverilməz, səmərəsiz və qəbuledilməz olduğunu da qeyd edib.