İşğal altındakı abidələrimizə dəyən zərərin qiymətləndirilməsi başa çatır
02 sentyabr 2013 11:23 (UTC +04:00)

İşğal altındakı abidələrimizə dəyən zərərin qiymətləndirilməsi başa çatır

İşğal olunmuş ərazilərdə qalan tarix və mədəniyyət abidələrinə dəyən zərərlərin qiymətləndirilməsi işləri yekunlaşmaq üzrədir.

 

Azərbaycan Respublikasının Qiymətləndiricilər Cəmiyyətinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan böyük itki və tələfatlara məruz qalıb.

 

Ölkə prezidentinin göstərişinə uyğun olaraq, Azərbaycana vurulan zərər və mənəvi itkilər təsnifatı üzrə hesablanır. Dağlıq Qarabağ ətrafındakı bir çox rayonların işğal gününün qeyd edildiyi bir vaxtda Azərbaycanın işğal altında olan ərazilərinin tarixi və mədəniyyəti ermənilər tərəfindən məqsədli şəkildə məhv edilir, qanunsuz arxoloji qazıntılar aparılır, qazıntı nəticəsində aşkar edilən məişət əşyaları, müxtəlif alətlər və mədəni irsimizə aid digər nümunələr mənimsənilərək ölkədən çıxarılır.  Bu barədə beynəlxalq təşkilatlar və super dövlətlər ya susur, ya da ikili standartlarla yanaşırlar.

 

Milli-Məclisin deputatı Xanhüseyin Kazımlının rəhbərliyi ilə işçi qrupu və Azərbaycan Respublikasının Qiymətləndiricilər Cəmiyyətinin əməkdaşlarının apardıqları tədqiqat zamanı məlum olub ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin bir qismi, islam dini abidələri, yəni məscidlər, inanc yerləri, pirlər, qəbüstü abidələr və qəbiristanlıqlar ermənilər tərəfindən dağıdılsa da, digər qisim abidələr - qaya təsvirləri, mağaralar, sujet xarakterli oymalar,  kurqanlar, istehkamlar, qalalar və xristianlıq dövrü memarlıq abidələri hələ də öz mövcudluqlqrını qoruyub saxlayırlar. Bu barədə  Ermənistanın “Radi Doma” saytı, 29 avqust 2013-cü ildə isə Rusiyanın “Reqnum” agentliyi Ermənistan rəsmilərinin məlumatlarına əsasən bildirirlər ki, 2011-ci ildə Dağlıq Qarabağda 120 istiqamət üzrə aparılan tədqiqat zamanı bu ərazilərdə 4000 min tarix və mədəniyyət abidəsi qeydə alınıb. Erməni tarixçisi Şagen Mkrtçyanın 2006-cı ildə İrəvanda nəşr etdirdiyi “Qarabağın memarlıq abidələri”  adlı kitabda Qarabağdakı abidələrin adları və mövcud olduqları yerlər dəqiq göstərilib.

 

Qeyd edək ki, bu göstəricilər müəyyən qədər azaltmalarla şərh edilsə də, Cəmiyyətin əlində olan statistik məlumatlarla uyğunluq təşkil edir. Məlumdur ki, SSRİ dövründə Azərbaycan ərazilərində daşınmaz tarix və mədəniyyət abidələrinin qeydiyyata alınması və mühafizəsi işlərinin səthi aparılması Dağlıq Qarabağ və ətraf ərazilərdə xeyli sayda tarix və mədəniyyət abidələrinin dövlət  qeydiyyatından kənarda qalmasına səbəb olub. Bu isə Azərbaycanın işğal altında qalan ərazilərindəki abidələrin yenidən qeydiyyata alınmasında və bu istiqamətdə işğal dövrü ermənilər tərəfindən dəyən zərərlərin hesablanmasında böyük çətinliklər yaradır.  Qarabağda Ermənistan tərəfindən aparılan bu siyahıya alma zamanı məlum olur ki, onlar işğal altında saxladıqları ərazilərdə islam dini abidələrini qeydiyyata almayıblar. Ekspertlər bundan belə bir nəticəyə gəlirlər ki, işğal ərazilərində islam dini abidələri də hesablanarsa, orada olan abidələrimizin sayı 5000 ədəddən də artıq olar. Bütün bunların dəyəri Beynəlxalq Qiymətləndirmə Standartlarına əsaslanaraq və müvafiq sertifikatı olan beynəlxalq ekspertlərin iştirakı ilə aparılmaqdadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 993
avatar

Oxşar yazılar