İlqar Əlfi: “Kişi kimi yaşadım, amma adam kimi yaşaya bilmədim” - MÜSAHİBƏ
09 yanvar 2009 16:55 (UTC +04:00)

İlqar Əlfi: “Kişi kimi yaşadım, amma adam kimi yaşaya bilmədim” - MÜSAHİBƏ

Lent.az-ın “Sən haradasan” rubrikasının bu dəfəki qonağı İlqar Əlfidir. Onu geniş oxucu kütləsinə təqdim etməyə ehtiyac yoxdur. 90-cı illərin əvvəlində yeganə milli televiziyamız olan Az.TV-dən “Dalğa” verilişi ilə evimizə gəlib çoxlarımızın düşüncələrini dalğalandırdı. Bu dalğanın ləpələri bəzilərinin üzünə çox sərt şəkildə çırpılır, bəzilərinin isə yanan ürəyinə sərinlik gətirirdi. 1991-ci ildən sonra dövlət televiziyasından getdi. Uzun müddət ortalarda olmadı. 1998-ci ildə yenə gündəmdə idi. Son dəfə milyonların qarşısına 2005-ci ildə “Azadlıq” televiziyası ilə çıxdı. Onun bu fəaliyyətini dalğa yox, hətta fırtına ilə müqayisə edənlər oldu. Amma bitdi. İndi fırtınadan sonrakı sakitlikdir, desək, yanılmarıq. Onun harada və nə işlə məşğul olduğunu öyrənmək istədik. Beləliklə, həmişəki ilk sualımız: “Sən haradasan?”

- Mənim yerim indiki qədər heç vaxt konkret olmayıb. İki işlə məşğulam. Biri, ixtisasıma uyğun olaraq, tərcümədir. Hazırda bir neçə kitab üzərində işləyirəm. İkinci işim isə çoxdandır mənim maraq dairəmdə idi. Nanotexnologiyalar deyilən bir sahə var, elmin ən yeni sahələrindəndir. Bu istiqamətdə müəyyən işlər görürük, uğurlarımız da var. Ümumiyyətlə, alimlər nanotexnologiyaları dünyanın gələcəyi hesab edirlər. Bir çox dövlətlər artıq böyük vəsaitlər qoyaraq, nanotexnologiyanı inkişaf etdirirlər.

- Maraqlı işlə məşğulsunuz, amma daha maraqlı işlərlə məşğul olduğunuz illər olub...

- Təbii. İnsan öz marağını tapmalıdır. Cəmiyyətə maraqlı gələn, sənə şəxsən maraqlı gəlməyə bilər. Və ya əksinə. Hesab edirəm ki, həmişə maraqlı işlə məşğul olmuşam. Bayaq dediyim ki, böyük maraqlı işlərin hamısının yiyəsi var. Bir şey ki, gündəlik işlənir, onun mütləq yiyəsi var. Arada bir-iki dənə yiyəsiz nəsə tapmaq olar. Bunlara xeyli adam yiyələnmək istəyir. Mən də bu yiyəsiz şeylərin ən xırdasından yapışıram. İndi bu xırda şeyləri görənə qədər xeyli vaxt keçəcək. Bəlkə də bu müddətdə biz artıq xeyli iş görəcəyik. Azərbaycanda hazırda həyatın bir sahəsində böyük irəliləyişlər var. Bu həyatın görünən tərəfidir. Bu irəliləyişlər zamanı söz etdiyim texnologiyaların inkişafına da diqqət yetirmək yaxşı olardı. Onu da deyim ki, diqqət var. Bildiyiniz kimi, bu yaxınlarda Muğam evi istifadəyə verildi, onun nano örtüyünü bizim yoldaşlar etdilər. Və bu bina başqa binalardan fərqli olaraq çirklənməyəcək. Bakı şəraitində də bu çox vacib məsələdir, çünki şəhərimizi dünyanın ən çirkli şəhəri elan ediblər.

- Jurnalistikadan tamamilə uzaqlaşdınız?

- Jurnalistika müəyyən vaxtda mənim üçün çox böyük maraq kəsb edib. İnsan öz sözünü deməyə ehtiyac duyurdu. O zaman insanlarda da bu sözləri eşitməyə maraq var idi. Amma indiki dövr fərqlidir. Bilirsiniz, indi jurnalistika nəyə bənzəyir? Su dəyirmanının bol sulu çayın üstündə çarxı olur. Çarx isə dəyirman daşını fırladır. Daşlardan biri durur, ikincisi hərəkət edir. Bunların arasına buğda tökülür, onu una çevirirlər. Amma buğdanı tökməyəndə bu iki daş başlayır bir-birini üyütməyə. Jurnalistika indi bu vəziyyətdədir. Hamı özü çalır, özü oynayır. Bir-birinin kitabını oxuyan yoxdur. Şərti olaraq oxucuları iki qütbə bölək. İndi bu tərəflərin oxucularını vəzifəsi məcbur etməsə, o biri tərəfin yazısını oxumur. Ancaq vəzifə borcu tələb edəndə oxuyurlar. Məsələn, Prezident Aparatında oxuyub maraqlanırlar ki, görək müxalifət nə deyir. Amma ümumi camaat üçün nə bu tərəfin, nə də o biri tərəfin yazdığı qətiyyən maraqlı deyil. İnsanları tamam başqa şeylər düşündürür. Mən də jurnalistikada olanda gücümü onda sınadım ki, görüm bu iki tərəfin ortasından qaçıb çıxa bilərəmmi? Sən demə, qaçmaq da olurmuş. Mən demirəm ki, bütün problemlər həll edilib, cəmiyyət düzəlib. Yox. Sadəcə, yaşımın elə vaxtıdır ki, eybəcərlikləri görmək istəmirəm. Sadəcə gözümü yumuram. Amma bu o demək deyil ki, mən problemlər barədə ümumiyyətlə, susuram. Yox. Ayda bir-iki dəfə emosiya gəlir və dost-tanışların arasında odlu-alovlu danışıram. Belə deyək də, mən odlu-alovlu danışmağı artıq çoxdandır ki, iş saymıram.

- Ortada ciddi fərq var. Siz indiki sözlərinizi çox məhdud auditoriya eşidir. Bir zamanlar isə respublika miqyasında danışırdınız. Bu auditoriya sizi qane edirmi?

- Gəlin açıq danışaq. Mənim sözlərimi milyonlar eşidirdi. Amma mən onları onsuz da görmürdüm. Sadəcə, operatoru görürdüm, sözlərimi də operatora deyirdim. İnanın ki, o sözləri söyləyəndə hər dəqiqə o milyonları hiss etsə bəlkə də o cür danışa bilməz. Sizə bir söz deyim. Mən həmişə həqiqəti danışmışam, amma məsuliyyətsiz çıxış etmişəm. Dediklərimdə heç vaxt bir kəlmə yalan olmayıb. Amma elə bir nəfərə baxıb danışdığıma görə məsuliyyətsiz danışmışam. Danışdığım zamanın hər anında fikirləşsəydim ki, buna milyonlar qulaq asacaq və bu həqiqətləri hərə bir cür qəbul edəcək və bunun müxtəlif nəticələri olacaq... Mən danışdığım sözlərin hamısının arxasında indi də dayanıram. Çünki bunların hamısı həqiqətdir. Amma elə həqiqətlər var ki, onları bəlli dönəmdə deməsən, daha yaxşı olur.

- Amma dediyiniz bu məsuliyyətsizlik həm də populyarlığınıza səbəb olmuşdu...

- Təbii.

- Onda bu məsuliyyətsizliyinizə çox şey borclusuz...

- Populyarlıq məsuliyyətsizliyin birbaşa bəhrəsidir. Şou-biznesə fikir verin. Kim çıxıb məsuliyyətsiz, ağzına gələni danışa bilirsə, onlar populyardır. Elə siyasətdə də vəziyyət belədir. Populyarlığın başqa yolu yoxdur. Kim həyasızcasına ağa qara deyə bilirsə, daha populyardır. Oturuşmuş demokratik ənənələri olan ölkələrdə parlamentarilərin bir populyarlıq reytinqləri var, bir də faydalılıq reytinqləri. Hansı mənsəbə qulluq etməsindən asılı olmayaraq, adətən, populyar adamlar faydalılıq reytinqində sonuncu yerlərdə olurlar. Faydalı insanların əksəriyyəti də populyar olmur. İnkişaf etmiş ölkələrdə yaxşı deputat ona deyirlər ki, onda faydalılıq və populyarlıq əllinin-əlliyə olsun.

- Sizi müxtəlif məkanlarda gördük. Əvvəl dövlət televiziyasında, sonra “Azadlıq” televiziyasında - hökumətə müxalif olan bir orqan. Bu ziddiyyətdir, yoxsa təkamül?

- Az.TV-də işləyəndə Azərbaycanda bir dənə televiziya var idi. Bütün cəmiyyətin məhdud modeli bir televiziyada təmsil olunmuşdu. Mən hesab edirəm ki, “Dalğa” verilişindəki çıxışım qədər müxalif mövqe heç vaxt deyilməyib. Yəni dövlətdən məvacib ala-ala ona müxalif nəsə deyə bilirsənsə, bu, dövlətin böyüklüyüdür. İndi bir adam dövlətdən bir manat pul alsa, onun əleyhinə heç nə deyə bilməz.

O ki qaldı “Azadlıq” televiziyasındakı fəaliyyətimə, bu, mənim tərcümeyi-halımda çox maraqlı məqamdır. Mən bu fəaliyyətimlə fəxr edirəm. “Azadlıq” televiziyası Azərbaycan tarixində silinməz bir səhifədir. Çünki bizim müxalifətçilər hələ əllərində köhnə hökumətdən qalan pulları, imkanları olanda belə deyirdilər ki, televiziya həddən artıq vəsait tələb edən şeydir və dövlət yardımı olmadan bunu etmək mümkün deyil. Mən sizi inandırım ki, biz bu televiziyanı iki nəfər 20 gündə açmışıq. Bu gün start verildi, 20 gündən sonra efirdəydik. Və heç bir vəsait olmadan. Biz göstərdik ki, bunu etmək o qədər də çətin deyil. Sadəcə, çənəyə güc vermək yox, iş görmək lazımdır. İstənilən televiziya strukturu qısa bir müddət ərzində öz-özünü saxlamaq gücündədir. Hətta özünü saxlaya bilməsə belə, ideyalı insanların hesabına çox cüzi vəsait tələb olunur. Əgər bizdə xeyli sayda olan müxalifət partiyaları üçün bu problemə çevrilibsə, onda gedib özlərinə başqa peşə tapsınlar, mənim kimi nanotexnologiyadan və ya hər hansı biri işin ətəyindən tutsunlar. Tutaq ki, heç bir ölkə sənə ərazisində televiziya açmağa icazə vermir, sən yəni köhnə bir balaca gəmini icarəyə götürüb neytral sularda bir generator qoyub, efirə çıxa bilmirsən? İndi texnikanın gücü buna imkan verir. Həmin sularda efirə çıxmaq üçün heç kimdən icazə almaq lazım deyil. Xəzərdə bunu etmək mümkün deyil. Göl adlandırıldığı üçün sektorlara bölünüb. Amma dünya okeanında sahildən 30-40 km-dən sonra neytral sulardır. Heç bir hüquqi əngəl yoxdur, yetər ki, insan bunu istəsin. İstəmirlər, sonra da deyirlər ki, televiziya üçün 8 milyon lazımdır, axı niyə yalan danışırlar? Mən desəm ki, televiziya üçün nə qədər pul xərclənmişdi, gülməyin gələcək, ona görə də demirəm. Biz bunu edib, camaata göstərdik ki, istəyən oğul edər, digər tərəfdən müxalifətə bildirdik ki, əgər sən bu pulu da xərcləyə bilmirsənsə, onda bu işlərin nə mənası var? Eyni zamanda hökumətə də göstərdik ki, bunun qarşısını sıxmaqla deyil, istəyən edəcək. Sağ olsun hökuməti ki, bizi düzgün başa düşdü. Mən oradan gələndə bəziləri dedilər ki, getməsən yaxşıdır. Mən də dedim ki, axı burada nə var, orda danışdığımı burda danışmışam. Düzünü deyim ki, orda danışmaq mənim üçün bir az çətin idi. Mənə pis gələn o idi ki, indi uzaqdayam, bunların əli mənə çatmır, elə bil ki, bir qapıya oynanılan futbola oxşayırdı, ona görə də adama ləzzət etmirdi.

- Bəs jurnalist fəaliyyətinizlə bağlı indiyə kimi hər hansı təzyiqlərlə üzləşmisiz?

- Bəli.

- Bu hansı dönəmə təsadüf edib?

- Bu istənilən vaxt evdən gələn təzyiqlər olub. Məsələn, anam məndən küsüb, dostlar, yaxınlar təsir etməyə çalışıblar, inciyiblər. Bütün hökumətlərin vaxtında müxalifət olmuşam. Heydər Əliyev hələ Moskvaya getməzdən əvvəl işləmişəm. Ondan sonra Kamran Bağırov, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və s. gəldi. Hamısında da müxalif mövqedə çıxış etmişəm. Amma heç vaxt da hökumətin təzyiqi ilə üzləşməmişəm.

- Müxalifliyiniz xarakterinizdən irəli gəlir, yoxsa başqa səbəb var?

- Sadəcə, ziyalılığımdan irəli gəlir. Müxalifətçilik ziyalılığın birinci göstəricisidir. Mən müxalifət deyəndə siyasi partiyaları nəzərdə tutmuram, xahiş edirəm düzgün başa düşsünlər. Siyasətdən zəhləm gedir. Təkcə Azərbaycanda yox, bütün dünyada siyasətdə murdar qaydalar var.

- İndi elə bir televiziya verilişi varmı ki, ona oturub ləzzətlə baxasınız?

- Yox. Hərdən İctimai TV-də “Ovqat” verilişinə nəzər salıram. Baxıram yalnız xəbərlər proqramına. O da bizimkilərə, yox dünya xəbərlərinə. Yəni bizim televiziya verilişlərinə baxmağa bir az da hövsələm, sağlamlığım imkan vermir.

- Yaşınızı öyrənmək olar?

- Niyə olmur ki, bu il 54 yaşım olacaq.

- İstədiyiniz kimi yaşaya bildinizmi, məqsədlərinizə çatdınız?

- Mənim iki məqsədim var idi: həm kişi kimi, həm də adam kimi yaşamaq. Kişi kimi yaşadım, amma adam kimi yaşaya bilmədim. Kişi kimi yaşamaq minimum proqram olub, adam kimi yaşamaq isə maksimum idi...

Səbinə Əvəzqızı

# 4790
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar