Onunla bu mövzuda söhbət etmək üçün görüşümüz iki aya yaxın idi ki, alınmırdı. Səbəbi daha çox məndən asılı olmasına rəğmən buna çox dilxor olurdum. Amma elə ki, uzun zəngləşmədən sonra bu barədə görüşüb və müsahibəyə başladıq, aşkarlanan bir məqamla görüşümüzün baş tutduğu zamanın üzə çıxardığı bir təsadüf bu dilxorçuluğu mənə unutdurdu...
Bu təsadüfün də qəribəliyi ondadır ki, indidən - yazıya giriş etmədən söyləmək olmur, gərək, başa çatdırım...
“Əsgər gündəliyi” layihəsinin növbəti qonağı Azərbaycan Milli Məclisinin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafadır.
Fazil Qəzənfər oğlu Mustafayev 1982-ci ildə Naxçıvan şəhərində orta məktəbi bitirdikdən sonra iki il dalbadal ali məktəbə sənəd versə də konkursa düşür. 1984-cü ilin yaz-aprel çağırışında valideynlərinə bildirmədən çağırış vərəqəsini imzalayaraq, Sovet Ordusunda hərbi xidmətə yollanır.
Ukraynanın Çerniqov şəhərində SSRİ Daxili Qoşunlarının 7429 nömrəli hərbi hissəsinə gənc Mustafayevlə bərabər azərbaycanlılardan ibarət xeyli gənc düşsə də, o zaman orada köhnə əsgərlər arasında artıq azərbaycanlı olmur.
“Kommunist partiyasının üzvü olmağım məni sığortaladı...”
Fazil müəllim deyir ki, düşdüyü hərbi hissədə ciddi hərbi nizam-intizama olub və Sovet Ordusunun xidmətinin çətinlikləri özünü göstərib. Xüsusilə onlara qədər həmyerlilərimizdən olan köhnə əsgərlərin xidməti başa vurub getməsi və onların gedənə qədər digər millətlərdən olan əsgərlərlə problemləri yeni gəlmiş həmyerliləri üçün çətinliklər yaratmağa başlayıb. Onlar gedən köhnə azərbaycanlı əsgərlərin heyfini bir növ yeni gəlmiş həmyerlilərindən almağa çalışıblar: “Amma mənim gənc həmyerlilərimdən fərqim o idi ki, həm rus dilini əsgərliyə qədər bilirdim, həm də ən əsası artıq partiyaya keçmişdim. Yəni əsgərlikdən qabaq fəhlə işlədiyim müddətdə namizədliyim verilmişdi və partiyaya daxil olmuşdum. Bunun da əslində xüsusi səbəbi vardı: o vaxt bizim Əbülfəz Elçibəylə bilavasitə əlaqəli olan gizli anti-sovet təşkilatımız vardı. Arif Rəhimov, Asəf Kələntərli, Kazım Teymurlu, Sülhəddin Əkbər və sair bu təşkilatın aparıcı simaları idi. Onlarla birgə gizli məşvərətdə qərara aldıq ki, mən rus dilini bildiyimə və sair arqumentlərə görə məqsədli şəkildə partiyaya keçim.
Beləliklə də artıq hərbi xidmətə gedərkən Kommunist Partiyasının üzvü olmağım mənə dvident gətirdi. Bir növ partiya üzvü olmağım məni “molodoy”luğun çətinliklərindən sığortaladı, başqa əsgərlərdən fərqli olaraq mənə ehtiyatla yanaşırdılar. Rus dilini bilməyim də məni mənimlə gedən gənc əsgərlərdən fərqləndirən cəhət idi”.
Həmsöhbətim deyir iki aydan sonra onu qulluq etdiyi hərbi hissənin ən elitar bölüyünə - məhkəmə bölüyünə göndərirlər: “Ən əsası da məni bu bölüyə ona görə məsləhət gördülər ki, orada partiyalılığı olan əsgər yox idi və mən orada partiya özəyi yaratmalı idim. Bu da getdiyim təzə bölükdə mənə kifayət qədər üstünlük verdi. Bundan başqa, yaxşı şahmat və futbol oynamağım da zabitlərin diqqətindən yayınmadı. Hətta futbolda o qədər məndən razı qalırdılar ki, elə vaxt olurdu komandirim hansısa futbol yarışı zamanı məni postdan yarımçıq düşürərək oyuna salırdı. Ümumiyyətlə xidmət növümüz imkan verirdi ki, idmana daha çox vaxt ayıraq”.
Keçmiş əsgər bildirir ki, əsgərliyinin əsas hissəsini idmana və mütaliəyə sərf edib. Bu keyfiyyətləri rəhbərliyin nəzərində o qədər diqqət cəlb edib ki, ona komsomol katibi və rütbə təklif ediblər, amma bütün bunlardan imtina edib.
“Komandir məni uyğun olmayan yerə iş dalınca göndərmək istəyirdi ki...”
Fazil müəllim deyir ki, xidmət etdiyi hərbi hissədə azərbaycanlı köhnə əsgərlər olmasa da, qafqazlılar olub, özü də hissənin avtoritetləri elə onlar olub: “Bunlar çeçenlər və dağıstanlılar idilər. Onların bizdən əvvəlki köhnə azərbaycanlı əsgərlərlə problemləri olsa da, biz gələndən sonra mən münasibəti bərpa elədim. Demək olar ki bizim onlarla birləşməyimiz gücümüzə güc qatdı və qeyri-müsəlman olan əsgərlər artıq bizi toxunulmaz hesab edirdilər. Mən ümumiyyətlə, çox fəal idim, məsələn, avtomatı ən sürətli yığıb-sökən mən idim”.
Ümumiyyətlə, onların hərbi hissəsində digər sovet hərbi hissələrindən fərqli olaraq kütləvi davalar, etnik qarşıdurmalar az yaşanıb. Deyir, səbəb də o idi ki, xidmətləri dustaqlarla iş olduğu üçün nizam-intizam güclü olub: “Yerdə qalan boşluqdan da ancaq çeçenlər istifadə edə bilirdilər, əsgərlər arasında yeganə söz sahibi onlardı. Onlar daim Qafqazdan olan müsəlman əsgərlərə-bizə dəstək olublar. Bir dəfə sırada ikən heç nəyin üstdə tağım komandirimiz mənimlə tərs düşdü, sanki gözü məni götürmürdü. Xırda bir şeyi bəhanə edib, elə sıradan mənim bir başa uyğun olmayan iş dalınca getməyimi əmr elədi. Təbii ki, mən dərhal buna etiraz elədim və belə bir əmrin düzgün olmadığını ona xatırlatmağa çalışdım. O, dərhal əmrdən belə çıxmağıma qəzəbləndi və üstümə yeriyib “ustav”la məni uyğun olmayan yerə iş dalınca göndərməyə çalışırdı ki, sıranın o biri tərəfindən bizimlə dostluq edən köhnə çeçen əsgər icazəsiz sıradan çıxıb komandirin üstünə yeridi. Yaxasından tutub başa saldı ki, “bu “ustav” deyil, ədalətsizlikdir, o əsgəri elə iş dalınca göndərmək olmaz! Komandir dərhal sakitləşdi. Bax onlar həm güclərinə, həm də cəsarətlərinə görə üstünlüyə malik idilər”.
“Ona qədər azərbaycanlıları “saçok” kimi tanıyırdılar”
Keçmiş əsgər deyir ki, onun köhnə əsgərlər arasında hörmətinin artmasına səbəblər olub: “Məsələn, bir dəfə milliyətcə qazax olan əsgərlər, hansı ki, o, məndən bir il əvvəlin əsgəri idi, əlbəyaxa davam düşdü. Səbəb də o idi ki, o, köhnə olmasından istifadə edərək, yeməkxananı mənə təmizlətmək istəyirdi. Mən də bütün əsgərlər kimi bu işi görməyəcəyimi bildirərək, onun bu yersiz tələbinə qarşı çıxdım. Bərk davamız oldu. O, məndən güclü idi və o qədər dalaşdıq ki, üst-başımız al-qana qərq oldu. Məni bu halda görən zabitlər dərhal sıra düzülüşü verdilər və bildirdilər ki, partiya üzvü olan əsgərin belə döyülməsi ciddi qanunsuzluqdur. Onlar sonra sıradaca məndən bunu kimin elədiyini soruşdular. Təbii ki, mən yıxıldığımı və heç kimin eləmədiyini bildirdim, komandir buna inanmadı. Nə qədər sıxışdırsa da, ad çəkmədim... Bu mənim köhnə əsgərlər arasında nüfuzumu artırdı”.
Təşkilati işlərdə fəaliyyətim, eyni zamanda qeyd elədiyim hadisələrdən uğurla sınaqdan çıxmağım mənim fonumda azərbaycanlıların da başqa millətdən olan əsgərlər arasında nüfuzunu artırırdı. Ona qədər azərbaycanlıları xidmətdən yayınan, özünü xəstəliyə vuran, yalan danışan - bir sözlə “saçok” kimi tanıyırdılar. Yavaş-yavaş bu sindromu aradan qaldıra bildik”.
“Əsgər olmama baxmayaraq, siyasi dustaqlarla...”
Həmsöhbətim nəql edir ki, xidmətlərinin çətinliyi ilə yanaşı özəlliyi də elə dustaqlar üzərində olmaları olub. Hansı ki, xidmət elədiyi ölkədən və mühitdən asılı olaraq həssas bir xidmətdən söhbət gedir: “Onlarla ünsiyyət qadağan olsa da, aralarında eləsi var idi ki, onlarla maraqlanmamaq olmurdu. Daha çox yerli ukraynalılardan olan dustaqlardan söhbət gedir. Baxmayaraq ki, bütün Sovet həbsxanalarında olduğu kimi orada da müxtəlif millətlərdən həbsə gələn vardı, amma onların arasında macarlar və yerli ukraynalılardan olanlar məhkəmə zallarında daha çox millətçi çıxışlar edirdilər. Xüsusən, Qərbi Ukraynadan daha çox Sovet əleyhinə, millətçi çıxışlarına görə tutulanlar çox idi. Onlara siyasi dustaqlar deyirdilər. Açıq-aşkar məhkəmə zalında sovet hakimlərinə üsyan edirdilər ki, “siz bizi istismar edirsiniz, biz İttifaqı istəmirik” və sair. Onları daha çox “Azadlıq” radiosu ilə əlaqədə ittiham edirdilər...
Mən daha çox məhkəməyə dustaqların gətirilməsi və onların harasa köçürülməsi üzrə xidmət edirdim. Bu anlarda əsgər olmama baxmayaraq onların adlandırdığı siyasi dustaqlarla çox rəğbətlə davranırdım, çünki onların millətçi baxışları artıq mənə tanış idi. Bəzən özüm bir yol tapıb növbəmi o məhkəmələrin iclaslarına salırdım ki, orada həmin siyasi dustaqların mühakiməsi gedirdi. O məhkəmələrdəki dustaqların çıxışlarından zövq alırdım. Ümumiyyətlə, hərbi xidmətim Ukrayna xalqını mənim yaddaşımda çox proqressiv xalq kimi saxladı”.
“Fikrim ora düşüb, oradan da xarici ölkəyə qaçmaq idi...”
Deyir, əsgərlər arasında da onun kimi millətçi, anti-sovet fikirli bir nəfər olub ki, onunla bu mövzuda xeyli söhbət aparıb: “Bu, Nakas soyadlı bir latış idi, qəti sevmirdi, Sovet İttifaqını. Onunla və bir də çeçenlərlə o qədər bu mövzuda müzakirələr aparmışıq ki...”
Keçmiş Sovet əsgəri deyir ki, partiya üzvü, nümunəvi Qızıl Ordu əsgəri olmasına baxmayaraq, daim ürəyində bir məqsəd daşıyırmış. Əsgərlikdə belə onu həyata keçirmək üçün daim fürsət axtarıb: “Bunun üçün yeganə variant Sovet əsgəri kimi məlum Əfqanıstan döyüşlərinə düşməyim idi, buna çox cəhd elədim alınmadı. Məqsədim o idi ki, Əfqanıstana yollanım və oradan da qarşı tərəfə - kapitalist ölkələrdən birinə gedim. Təki Sovet İttifaqından çıxım. Yəni qəti fikrim o idi ki, ora düşüb, oradan da xarici ölkəyə qaçım. Çünki inanmırdım ki, Sovet İttifaqı bu tezliklə dağılacaq. Təəssüf ki, Əfqanıstan əməliyyatlarına düşə bilmədim və bu arzum ürəyimdə qaldı”.
“Dedilər, 1 ildən çox xidmət edən əsgər bura qız gətirə bilər...”
Əsgərliyin, xüsusilə Sovet əsgərliyinin məlum romantik duyğularından bəhs edən keçmiş əsgər Mustafayev deyir ki, onların əsgərlik həyatında bu məsələ artıq romantiklikdən o yana keçibmiş: “Çünki hərbi xidmət etdiyimiz hissənin yaxınlığında 5 mindən çox yerli qızın işlədiyi fabrik vardı. Hərbi hissədə az qala hər əsgərin o fabrikdən qız dostu vardı, özü də tez-tez hissənin “qonağı” olurdular...
Hissədəki əsgər zalımız hər gecə qızlarla dolu idi, xüsusilə mətbəxdə hər gecə yeyib-içməkdə idilər. Birinci dəfə hissədə gecələrin birində bu səs-küyü eşidib ora daxil oldum, gördüm açıq formada əsgərlər qızlara qarışıblar. İstədim, mən də qoşulum, dedilər sənin vaxtın düşmür, bura bir ildən çox xidmət edən əsgər qız gətirə bilər, az xidmət edənlər özləri qızların fabrikində ola bilərlər”.
Deyir, buna baxmayaraq, vaxt keçdikdən sonra onun da oradakı qızlar arasında yaxın dostu olur: “Açığı indi onu tam xatırlamaq sərf eləmir, ona görə çox danışmaq istəmirəm” (gülür).
Həmsöhbətim deyir, hətta əsgərlikdən xeyli, 20 il sonra Kiyevə yolu düşəndə onu axtarıb tapmağa çalışıb: “Amma təəssüf ki, tapa bilmədim, artıq xeyli vaxt keçmişdi, ünvan dəyişmişdi”.
Fazil müəllim bildirir ki, hərbi xidməti başa çatana yaxın məlum Çernobil qəzasına görə onları tərxis olmasını ləngidirlər. O zaman artıq Kiyevin özündə olurlar. Səbəb də o olur ki, Çernobil qəzasının fəsadlarının aradan qaldırılması zamanı çoxlu əsgəri qüvvəyə ehtiyac olub. Ona görə də onları gec, özü də növbə ilə tərxis eləməyə başlayırlar: “Bu zaman Kiyev hərbi dairəsinin hissələri arasında futbol yarışı gedirdi. Maraqlı yarışların birində həlledici qolların müəllifi oldum və buna mükafat olaraq rəhbərlik mənim tərxis olunmamı təşkil elədi”.
“Tərtərdə olarkən generallar belə mənimlə ehtiyatlı davranırdılar...”
Fazil müəllim hərbi xidmətdən sonra 1991-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirir, onun bitirdiyi dövrdə hərbi kafedra olduğu üçün hamı kimi o da leytenant hərbi rütbəsini alır. Qaydalara görə, ali məktəbi rütbə ilə bitirənlər dərhal zabit kimi 1 il 6 ay Azərbaycan Ordusunda xidmətdən keçməlidirlər. Təbii ki, ilk illərdə dövlət qulluğunda olduğu üçün bu, Fazil müəllimə şamil olunmur. Amma sonrakı uzun illərdə heç bir dövlət qulluğunda olmamasına baxmayaraq, həmin vaxt yox, 2001-ci ildə zabit kimi xidmətə çağırılır. Beləliklə, ikinci dəfə - Azərbaycan Milli Ordusunda da xidmət keçməli olur. O, uzun fasilədən sonra qəflətən hərbi xidmətə çağırılmasını belə izah edir: “O zaman mən artıq siyasi səhnədə tam ciddi formada ortaya çıxdığım üçün, bu addım da məni siyasətdən uzaqlaşdırmaq üçün atılmışdı. Bunu düşünənlər elə fikirləşirdilər ki, xidmətdən imtina edəcəyəm. Amma etmədim, baxmayaraq, 35 yaşa kimi hərbi xidmətə çağırış olmalı idi, o vaxt 38 yaşımda çağırıldım və getdim. Getdim ona görə ki, həm Vətənə xidmət mənim üçün imtina yeri deyildi, həm də onlara sübut elədim ki, ordu cəza yeri deyil...”.
Həmsöhbətim deyir, ikinci xidmətinin çətinliyi ancaq onda olub ki, o zaman artıq gənc ailəli olub və zabit kimi xidmət etdiyi bölgədə - Tərtər rayonunda ailəsini də kirayə ev tutub yerləşdirib. Bir zabit ailəsi kimi çətinliklər yaşamalı olurlar, amma bununla belə heç vaxt bir zabit kimi əsgərlər arasında bunu büruzə vermir, əksinə nikbin olduğunu deyir: “Eyni zamanda o vaxta kimi artıq tanınmağım məndən yüksək rütbəli zabitlərin, generalların belə mənimlə münasibətində özünü göstərirdi. Onlar mənimlə çox ehtiyatlı idilər...”
Həmsöhbətim deyir ki, ikinci xidmətin əvvəlkindən fərqi o idi ki, öz Vətənində öz Ordusunda xidmət edirdi: “Şablon da səslənsə, bu, həqiqətən mənə qürur verirdi. Bəlkə də buna görə idi ki, yaşımın çox olmasına baxmayaraq, əsgərlərlə birgə bütün təlim və fiziki hazırlıqlarda iştirak edirdim”.
Amma o Sovet Ordusunda xidmətinə görə də peşman deyil: “Yeniyetmə yaşımda o orduda xidmət mənə çox şey öyrətdi. Dözümlülük, dünya görüşü, müxtəlif millətlərlə tanışlıq və sair mənə o ordudan tanışdır. Ən əsası isə ukraynalılar kimi xalqla tanış oldum, hansı ki onların hər davranışında azadlıq çağırışı hiss olunur. Ən əsası isə Kiyev kimi şəhərdə hərbi xidmətdə oldum...”.
P.S. Söhbətimizin əvvəlində Fazil Mustafa ilə bu söhbətin maraqlı təsadüfdən ibarət bir fərqində danışmışdım. Bu təsadüf ondan ibarətdir ki, onunla söhbəti Bakıda eləsəm də, yazını onun xidmət elədiyi Kiyev vilayətində başlayıb, elə orada da bitirdim, bəhs etdiyi xalqla tanış ola-ola...
Bakı-Kiyev