“Başa çatmaqda olan bu ildə Azərbaycan xalqı əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi kursun davamına birmənalı dəstəyini növbəti dəfə ifadə etdi”.
Bunu APA-ya müsahibəsində Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov 2013-cü ilin yekunlarını dəyərləndirərkən deyib.
Ə. Həsənovun sözlərinə görə, bu il keçirilmiş prezident seçkisi bir daha təsdiq edib ki, Azərbaycan cəmiyyətində ölkənin gələcəyi və strateji inkişaf kursu ilə bağlı ciddi fikir ayrılığı yoxdur: “Hələ seçkidən xeyli əvvəl ekspertlər, politoloqlar Prezident İlham Əliyevin şəksiz lider olduğunu bəyan edir, bütün sosioloji sorğuların nəticələri dövlətimizin başçısının növbəti dəfə parlaq qələbə qazanacağını təsdiqləyirdi. Məsələn, Avropa İttifaqının “Avropa Qonşuluq Barometri” çərçivəsində keçirilmiş sorğu göstərdi ki, Azərbaycanda əhalinin 92 faizi öz hökumətinə inanır. Bu, o deməkdir ki, əhalinin mütləq əksəriyyəti İlham Əliyevin gördüyü işləri bəyənir və Azərbaycan Prezidentinə növbəti dəfə etimad göstərməyə hazırdır. Bütün obyektiv rəy sorğuları xalqla cənab İlham Əliyevin sıx birliyini əyani şəkildə nümayiş etdirdi. Təsadüfi deyil ki, dünyanın 100-ə yaxın ölkəsini təmsil edən 1200-dən artıq müşahidəçi, nüfuzlu beynəlxalq qurumlar da daxil olmaqla 50-yə yaxın təşkilat seçkilərin tam demokratik, şəffaf, ədalətli keçirildiyini və cənab İlham Əliyevin layiqli qələbə qazandığını bəyan etdilər”.
Ə. Həsənov yola saldığımız ildə prezident seçkilərinin xalq və milli dövlətçilik üçün ən mühüm hadisə olduğunu deyib.
Şöbə müdiri 2013-cü ildə qarşıya qoyulmuş vəzifələrin uğurla icra olunduğunu bildirib: “Bu il iqtisadi artım 6 faizə yaxın olub, iqtisadiyyatın qeyri-neft sektoru isə 10 faiz çoxalıb”.
2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunduğunu xatırladan PA rəsmisi bu ilin fevralında Azərbaycanın ilk süni peykinin orbitə çıxarılmasını da mühüm tarixi nailiyyət adlandırıb: “Yola saldığımız ilin 9 ayında regionlarda 260 sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb, 90 minə yaxın yeni iş yeri açılıb. Artıq Prezident İlham Əliyev növbəti illər üçün yeni dövlət proqramlarının həyata keçiriləcəyini bildirib”.
Ə. Həsənov deyib ki, prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşının layiqli həyat şəraitini təmin etməkdir: “Əvvəlki illərdə olduğu kimi, bu il də Azərbaycanda əmək haqları, təqaüdlər artırılıb. Bu, öz növbəsində özəl sektorda da çalışanların gəlirlərinin yüksəlməsini stimullaşdırıb. Nəticə etibarilə hər il əhalinin gəlirləri artaraq inflyasiyanın səviyyəsini dəfələrlə üstələyib. Məsələn, cari ildə inflyasiya cəmi 2,3 faiz təşkil etdiyi halda, əhalinin gəlirləri 7,6 faiz çoxalıb.
Hər il 20 mindən çox məcburi köçkün yeni müasir mənzillərlə təmin olunur. Dövlət heç bir yerdən yardım almadan, öz hesabına təbii fəlakətlərin ağır nəticələrini aradan qaldırır, ziyan çəkmiş ailələrə yeni mənzillər verir, dağılmış infrastrukturu bərpa edir”.
Ə. Həsənov bildirib ki, iqtisadiyyata yatırılan investisiyalar, yaradılan yeni iş yerləri, sənaye istehsalının artımı və yeni istiqamətlərin müəyyənləşdirilməsi, xüsusilə innovasiyaların tətbiqi neft sənayesi ilə yanaşı qeyri-neft sektorunun da sürətli inkişafını təmin edir.
Şöbə müdirinin sözlərinə görə, qarşıda duran strateji hədəf enerji amilindən istifadə etməklə güclü qeyri-neft sektorunun yaradılmasına, iqtisadiyyatın neft amilindən asılılığının azaldılmasına və tamamilə aradan qaldırılmasına nail olmaqdır: “ Hazırda həyata keçirilən tədbirlər və əldə edilən real nəticələr göstərir ki, Azərbaycan yaxın gələcəkdə bu məqsədə də nail olacaq. Çünki son illər ərzində qəbul olunmuş bir sıra mühüm qərarlar, Azərbaycanın beynəlxalq tərəfdaşları ilə imzaladığı sazişlər, xüsusilə “Şahdəniz-2” layihəsinin sanksiyalaşdırılması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın neft strategiyasına yeni nəfəs verib, iqtisadi sahədə qarşımızda duran strateji hədəfə çatmaq üçün imkanlarımızı daha da genişləndirib”.
O bildirib ki, “Şahdəniz-2” layihəsinin sanksiyalaşdırılması, hasil olunacaq qazın nəqli ilə bağlı müxtəlif layihələr təqdim edilsə də, sonda Azərbaycanın mövqeyi həlledici olub: “Bu məsələdə Prezident İlham Əliyev prinsipial mövqe nümayiş etdirib, böyük Azərbaycan qazının Avropaya nəqli məsələsində başlıca şərt kimi Azərbaycanın milli maraqları əsas götürülüb. Beləliklə, 2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandumun, 2012-ci ildə Türkiyə ilə TANAP-a dair sazişin imzalanması, 2013-cü ildə isə TAP layihəsinin əsas ixrac marşrutu kimi seçilməsi, bu il dekabrın 17-də “Şahdəniz-2” layihəsinə dair yekun investisiya qərarının qəbul edilməsinə şərait yaradıb”.
Ə. Həsənov bildirib ki, “Şahdəniz-2” layihəsi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində yeni vəziyyətin yaranmasına səbəb olacaq: “Bu, tarixə XXI əsrin layihəsi kimi düşəcək”.